Hazırda Qırğızıstanda onun barəsində müsbət fikirdə olan kiməsə rast gəlmək çoz çətindir. Belələri olsa-olsa onun hansısa həbsxananın küncündə varlığını sürdürən keçmiş “silahdaşları” ola bilər.
Yenixeber.org: Qırğızıstanda doğulub böyüsə də, milliyətcə çeçen olan, ancaq düşmənlərinin də dediyi kimi, xarici görünüşünə görə çeçendən çox slavyan xalqlarının içkiyə qurşanan nümayəndələrini xatırladan Əziz Batukayev uzun müddət bu ölkənin kriminal taxt-tacının əsas sahibi olub.
Qırğızıstanın çeçen sahibi…
1966-cı ildə Qırğızıstanın Çuy vilayətinin Tokmak şəhərində anadan olan Batukayev artıq 90-cı illərin əvvəllərində böyük qardaşı Alauddinlə birlikdə ölkədəki ən iri və nüfuzlu kriminal qruplaşmanın rəhbərinə çevrilib. Bu, həmin dövrdür ki, SSRİ-nin dağılması səbəbilə nüfuz, hakimiyyət və iqtisadi güc bölgüsünün ən qızğın vaxtları idi. Bu bölgüdən oğurluq, reket, sifarişli qətllər, narkotik alveri və digər cinayətlərlə məşğul olan Batukayevin qruplaşmasına da böyük pay düşmüşdü.
Lakin Çuy vilayəti də daxil olmaqla, ölkənin böyük hissəsinə nəzarət edən qruplaşma “İsıkkulun sahibi” kimi tanınan, yəni məşhur İsıkkul gölü və onun ətrafındakı əraziləri nəzarətdə saxlayan daha bir nüfuzlu avtoritet, qırğız Rıspek Akmatbayevlə yola getmirdi. İkinci “qanuni oğru” olmasa da, kriminal dairələr də daxil olmaqla, bütün ölkədə böyük nüfuza sahib idi. Və Batukayevlə onun “başa düşdüyü dildə” danışa bilən yeganə şəxs sayılırdı.
Tərəflər arasında hələ 1990-cı illərin ortalarında başlayan qanlı qarşıdurma uzun müddət davam etdi. Əziz Batukayevin böyük qardaşı Alauddin 2002-ci ildə bu düşmənçiliyin qurbanı oldu – onu “razborkaya” gəldiyi şəkər zavodunun həyətində güllələdilər. Bundan əvvəl isə Əzizin özünün maşınını avtomat silahdan gülləbaran etmişdilər. Lakin Batukayev həmin avtomobildə olmayıb. Nəticədə, onun maşında olan ən yaxın 2 adamı və bir qız həyatları ilə vidalaşıblar. 2003-cü ildə isə Batukayevin kürəkənini də qətlə yetiriblər.
Qarşı tərəfin də itkiləri az olmayıb. R.Akmatbayevin bir neçə yaxın qohumu öldürüləndən sonra iki dəfə də özünə sui-qəsd edilmiş, hətta avtomobilinə qumbaraatandan atəş açılmışdı. Həmin sui-qəsdlərin birində yaralanan qırğız avtoritet qaçıb canını qurtara bilsə də, ən yaxın adamları killerlərin qurbanı olmuşdular. Nəhayət, 2006-cı ilin mayında R.Akmatbayev özü məsciddən çıxan zaman iki cangüdəni ilə birgə güllələnərək, qətlə yetirildi. Lakin o vaxta qədər artıq çox hadisələr baş vermişdi…
Batukayev qardaşları ilk dəfə hələ 1995-ci ildə həbsə girmişdi. “Banditizm” maddəsilə həbsə atılan Batukayevlərə qarşı gözlənilənlərin əksinə olaraq, daha yüngül maddə ilə hökm oxunmuşdu. Nəticədə, qardaşlar artıq 1999-cu ildə azadlığa çıxmışdılar. Onların əleyhinə ifadə verən biznesmen qurbanlarına isə “vergidən yayınma” maddəsilə cinayət işi açılmışdı. Bu da səbəbsiz deyildi. Təsəvvür edin ki, Batukayevin işini aparan birinci müstəntiq onların həbsindən qısa müddət sonra “qeyri-müəyyən şəraitdə” həlak olmuşdu. Daha sonra isə ittiham maddələri yüngüllərilə əvəz edilmişdi. Ancaq hər halda, qısa müddətə də olsa, qardaşlar həbsə göndərilmişdi.
Həbsxana, yoxsa sanatoriya?
Qırğızıstanda hələ də Batukayevin həbsxana həyatı barədə tam reallığa söykənən rəvayətlər gəzir. O dövr üçün ona həbsxanalarda görünməmiş şərait yaradılıbmış – televizor, xalçalar, hətta cangüdənlər. Təbii ki, bütün bunlarda hakimiyyətin korrupsiyalaşması və pulun bütün qapılara açar tapması əhəmiyyətli rol oynayırdı.
Maraqlıdır ki, postsovet kriminal aləminin başında duranların Batukayevə münasibəti heç də yaxşı olmayıb. Hətta “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankov onun yanına öz nümayəndəsini göndərərək, Batukayevi cəzalandırmağa çalışıb. Səbəb də o olub ki, “Yaponçik”in fikrincə, “Əziz” ləqəbli Batukayev özü özünə “qanuni oğru” adını verib. Lakin onu cəzalandırmaq cəhdi baş tutmayıb və nümayəndə geriyə əliboş qayıdıb.
1999-cu ildə həbsdən çıxandan sonra Batukayev yenidən ölkədəki əmlak və nüfuz bölgüsünə qoşulub. Yuxarıda qeyd etdiyimiz kimi, bu “təşəbbüs” böyük itkilər və qan bahasına başa gəlib. 2003-cü ildə qardaşı öldürüləndən sonra – 2004-cü ildə Ə.Batukayev yenidən həbsə atılıb. Artıq iki il axtarışda olan “qanuni oğru”ya qarşı “qanunsuz silah gəzdirmə” maddəsilə cinayət işi açılıb. Yenə də Batukayevin həbsxana həyatı az qala azadlıqdakı oliqarxların həyatından fərqlənməyib. Ona ayrıca iki mərtəbəli tikili verilib. Həmin binada o, həyat yoldaşı ilə birgə yaşayıb. Bundan başqa, avtoritetin mədəsində yara olduğu üçün həbsxananın həyətində xüsusi olaraq, bir sürü keçi saxlanılırmış. Sən demə, keçi südü onun mədəsinin müalicəsi üçün faydalı imiş. Onun “şəxsi kabinetini” isə Çeçenistan bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri bəzəyirmiş…
Deputat və iki məmur qətlə yetirilir…
Avtoritetin həbsxanadakı “sanatoriya həyatı” 2005-ci ilə qədər davam edib. Lakin həmin il ölkədə baş verən inqilabdan sonra yeni hakimiyyət həbsxanalarda qayda-qanun yaratmağa girişir və ədliyyə sistemindəki özbaşınalığa, korrupsiyaya qarşı mübarizəyə başlayır. 2005-ci ilin oktyabrında Batukayevin “yaşadığı” və paytaxt Bişkekin 2 kilometrliyində yerləşən həbsxanada məhbuslar iğtişaş törədərək, saxlanma şəraitindən narazılıqlarını ifadə edirlər. Bununla bağlı yaradılan xüsusi parlament komissiyası həbsxanaya göndərilir. Komissiyaya rəhbərlik isə Batukayevin qanlı düşməni olan Akmatbayevin deputat qardaşı Tınıçbek Akmatbayevə həvalə olunur. Lakin hadisə yerinə gələn və həbsxanada Batukayevin “ofisinə” də baş çəkmək istəyən komissiya üzvlərini “qanuni oğrunun” əlaltıları və cangüdənləri avtomat silahdan(!) atəşə tuturlar. Batukayevin “iyirmilik” ləqəbli cangüdəni deputat T.Akmatbayevi güllələyərək, qətlə yetirir. Həmin hadisədə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi və komissiyanın bir eksperti də öldürülür.
Bu hadisələrə etiraz əlaməti olaraq, qardaşı qətlə yetirilən R.Akmatbayev Bişkekdə böyük mitinq təşkil edir və baş nazir Feliks Kulovun istefasını tələb edir. Lakin hər şey onunla bitir ki, 2006-cı ildə keçirilən məhkəmə Batukayevə deputatın qətlilə bağlı bəraət verir. Əvvəldə qeyd etdiyimiz kimi, R.Akmatbayevin özü isə elə həmin il qətlə yetirilir. Ancaq buna baxmayaraq, qanunsuz silah və narkotik saxlama, eləcə də kütləvi iğtişaşların təşkili maddəsilə cinayət işi açılan avtoritetə 16 il iş verilir. Əgər həmin müddəti həbsxanada keçirsəydi, Batukayev bir də 2022-ci ildə azadlığa çıxmalı idi. Mətbuatda məlum hadisədən sonra Batukayevin həbsxana nəzarətçiləri tərəfindən möhkəm döyüldüyü və hətta bunun nəticəsində ağlını itirdiyi barədə məlumatlar yayılsa da, sonradan deyilənləri təsdiqləyən olmadı.
Azadlığın qiyməti – 1.5 milyon dollar?
Çoxlarının gözlədiyinin əksinə olaraq, müstəntiqin, deputatın və məmurların qətlində günahkar sayılan, ən səs-küylü cinayət işlərində adı keçən Ə.Batukayev 2013-cü il aprelin 10-da, yəni həbs müddətinin bitməsinə hələ 9 il qalmış azadlığa buraxılır. O vaxt heç kimin ağlına gəlməzdi ki, avtoritetin həbsdən azad edilməsi nə zamansa prezident Almazbek Atambayevə qarşı istintaqın irəli sürəcəyi ittihamların başında duracaq…
Məsələ ondadır ki, Batukayevin azadlığa buraxılması prosesi çox qısa vaxt ərzində həyata keçirilmişdi və onun azad edilməsinin rəsmi səbəbi kimi ağır xəstəliyinin olması göstərilirdi. Hələ bundan xeyli əvvəl isə onun 1.5 milyon dollar rüşvət qarşılığında azad ediləcəyinə dair söz-söhbətlər gəzirdi.
Qırğızıstanın ombudsmanı Tursunbek Akun həmin vaxt rəsmən elan etmişdi ki, Ə.Batukayev ölüm ayağındadır. Səhiyyə Nazirliyi onun serroz və leykozdan əziyyət çəkdiyini və qalan çox qısa ömrünün xarici xəstəxanalarda müalicə olunmaqla keçirəcəyini təsdiqləmişdi. Bir sözlə, Batukayevin guya həbsdən çıxıb, yaxınlarının yanında ölməsi üçün şərait yaradılmış, humanistlik göstərilmişdi. Hakimin qərarı da məhz Səhiyyə Nazirliyinin və Ombudsmanın rəylərinə əsaslanırdı.
Məhkəmə zalından birbaşa hava limanına yollanan Batukayevin ardınca Rusiyadan, daha dəqiq desək Çeçenistandan xüsusi təyyarə göndərilmişdi. Və Qırğızıstan cəmiyyəti ayılanda artıq gec idi. Batukayevə Qroznıya çatan kimi Rusiya vətəndaşlığı verilir. “Ölüm ayağında” olan “qanuni oğru” öz ata-baba vətəninə qədəm qoyandan qısa müddət sonra isə yetkinlik yaşına yeni çatmış bir qızla böyük bir toy edir. Nəticədə, Qırğızıstanda sağ-salamat və öz kefində olan Batukayevlə bağlı məsələ yenidən “qızışır”. Müxalifətin və bütövlükdə cəmiyyətin etirazlarından sonra parlament komissiyası yaradılır və komissiya müəyyən edir ki, avtoritet ağır xəstə-filan deyilmiş. Komissiya prokurorluğa tövsiyə edir ki, bu işdə əli olan hüquq-mühafizə orqanları təmsilçiləri, səhiyyə işçiləri, ombudsman və qərarı çıxaran hakimə qarşı cinayət işi açılsın.
Qırğızıstan hökuməti məsələnin böyük səs-küy yaratdığını görəndən sonra Rusiyadan Batukayevin geri qaytarılmasını xahiş edir. Lakin məlum olur ki, sən demə artıq ona qarşı Çeçenistanda “qanunsuz silah saxlama” maddəsilə cinayət işi açılıb və 3 il iş verilib. Bu isə avtoritetin başqa ölkəyə verilməsini mümkünsüz edir. Əslində isə həmin vaxt mətbuatda yayılan fotolardan göründüyü kimi, Batukayev həbsdə yox, azadlıqda öz işi ilə məşğul idi…
Çeçenistan rəhbərliyinin ümidləri puç oldu
Bəs nə idi onun “işi” və niyə Çeçenistan rəhbərliyi bu şəxsin vətəninə qaytarılması üçün əlindən gələni etmişdi? Məsələ ondadır ki, həmin vaxt çeçenlərlə Rusiyadakı nüfuzlu “qanuni oğrular” arasında ciddi qarşıdurma yaranmışdı. Moskvada iki nüfuzlu “qanuni oğrunu” döyən çeçenləri kriminal aləmin təmsilçiləri pis formada cəzalandırmışdılar. Hətta həmin oğrulara əl qaldıran bir çeçeni Moskva Dövlət Universitetinin qarşısında nümayişkəranə şəkildə beysbol ağacı ilə döyə-döyə öldürmüşdülər.
Digər tərəfdən Çeçenistan həbsxanalarında dini radikalizm getdikcə güclənməyə başlayırdı. Vəziyyətə nəzarət edəcək nüfuzlu çeçen avtoritet isə respublikada yox idi. 3-5 nəfər “qanuni oğru” olsa da, onların sözünə həbsxanalarda demək olar ki, heç kim baxmırdı. Rusiya mətbuatının yazdığına görə, respublika rəhbərliyinin Batukayevi Qırğızıstandan gətirməsi də məhz bu problemləri həll etmək, onun vasitəsilə kriminal aləmlə ilişkiləri qaydaya salmaq, vəziyyətə nəzarət etmək istəyilə bağlı idi.
Ancaq maraqlıdır ki, Batukayev ona tapşırılan “işin” öhdəsindən gələ bilmədi və sadəcə, respublıkadakı “qanuni oğrular”ın sayını çoxaltdı. Narkotiklərə həvəsi ucbatından nə həbsxanalardakı məhbuslar ona tabe oldu, nə də Rusiyanın nüfuzlu kriminal “generalları” onunla hesablaşdılar. Nəticədə, qazanan yalnız Batukayevin özü oldu. Həbsdən çıxdı və və vətəninə qayıdaraq, öz rahat həyatına qovuşdu…
Bu gün isə Qırğızıstanın yeni rəhbərliyinin tapşırığı ilə istintaq orqanları Batukayevin işini daha dərindən araşdırır. Artıq onun azad olunmasında birbaşa iştirakı olan sabiq baş prokuror Aida Salyanova, səhiyyə naziri Dinara Saqinbayeva, sabiq baş nazirin müavini Ş.Ataxanov və digər bir neçə yüksək rütbəli məmur həbs edilib.İstintaq həmçinin belə nəticəyə gəlib ki, “qanuni oğrunun” azad edilməsi göstərişi birbaşa o vaxtkı prezident A.Atambayevdən gəlib.
Və Atambayev indi bu kriminal avtoritetin “hoqqalarına” görə cavab vermək məcburiyyətində qalıb – nə məsələnin kökündə Rusiya və Çeçenistan rəhbərliyinin durduğunu rəsmən deyə, nə də özünə haqq qazandırmaq üçün arqument göstərə bilir – yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal…(azpolitika)
C.MƏMMƏDOV