İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-Analiz
Oyun N 1:
“İmperiyanın” (“SSRİ-nin”) bərpası
Yenixeber.org: Son dövrdə Azərbaycan iqtidarı və şəxsən prezident İlham Əliyevlə Rusiya və onun prezidenti Putun arasında kifayət qədər isti münasibətlərin olmasına baxmayaraq, Bakının siyasi, o cümlədən hakimiyyət kuluarlarında rusların hansısa bir anda Azərbaycanda dövlət çevrilişinə gedə biləcəyinə dair şayiələr kimlər tərəfindənsə sürətlə yayılır. Bildirilir ki, oxşar ssenarilər vaxtilə keçmiş SSRİ-nin tərkibində, indi isə müstəqil olan dövlətlərin əksəriyyəti üçün hazır saxlanılır. Səbəb bu müstəqil dövlətlərin siyasi elitasının heç də Rusiyaya qarşı olmalarında yox, Putinin ən yeni qeopolitik layihəsi olan “SSRİ-nin bərpası” planına mane sayılmalarıdır. Belə ki, nə qədər qəribə görünsə də, bu dövlətlərin avtoritar liderləri Rusiyaya çox şeyi güzəştə getməyə hazır olsalar da, hakimiyyətlərinin qarantı olan “müstəqil dövlətçilikdən” əl çəkməyə hazır görünmürlər və Belarusiyada Lukaşenkonun nümunəsində olduğu kimi bu məsələdə əməlli-başlı müqavimət göstərirlər. Öz dövlətlərində qeyri-məhdud hökmdarlığa alışan bu liderləri SSRİ-nin bərpasına qarşı müqavimətə sövq edən əsas səbəblərdən birinin, həm də onların korrupsiya və birbaşa talama və mənimsəmə yolu ilə ələ keçirdikləri sərvətlərinin qərb ölkələrindəki əmlaklarda və bank qurumlarında yerləşdirilməsidir. Bu amil onları nifrət etdikləri demokratik Qərbə qarşı müharibə həddinə qədər çıxmaqdan və qərbin geosiyasi təzyiqlərinə axıradak müqavimətdən çəkindirir. Odur ki, Moskvanın bu liderlərin yerinə SSRİ-nin bərpasına müqavimət göstərməyəcək, Qərbə münasibətdə yuxarıda göstərilən zəiflikləri, “açığı” olmayan, ambisiyasız və yerli dayaqlardan məhrum, bu planın qeydsiz-şərtsiz, birbaşa icraçıları rolu oynaya biləcək şəxslərin hakimiyyətə gətirilməsinin planlaşdırıldığı bildirilir. Bunun üçün keçmiş SSRİ məkanında idarəolunan (Moskvadan – “X” Analitik Qrupu) xaos situasiyası yaradılmasının lahiyələndirildiyi deyilir. Hətta Ermənistanda Paşinyan inqilabının bu projenin tərkib hissəsi olduğu və Azərbaycanda da oxşar proseslərin məhz Moskva tərəfindən başladıldığı deyilir və bəzi analitiklər son dövrlərdə müxalifətin fəallaşması və ya fəallaşdırılmasını bu layihə ilə əlaqələndirirlər. Söhbət mahiyyətcə anti-Rusiya mövqeyində olan Paşinyanın və Azərbaycandakı siyasi müxalifətin hakimiyyətə gətirilməsindən və ya hakimiyyətdə uzun müddət qalmasından yox, onların yerli avtoritar lider və rejimlərə qarşı və müstəqil dövlətçilik mühitinin “partladılması” üçün bir növ “torpedo” kimi istifadə edilməsindən gedir. Nəzərdə tutulur ki, bu zaman əmələ gələcək idarəolunan xaos keçmiş SSRİ tərkibində olmuş indiki müstəqil dövlətlərin xalqlarını, ictimai rəyini yaranacaq dəhşətli vəziyyətdən yeganə çıxış yolu kimi SSRİ-nin bərpasına hazırlayacaq.
Azərbaycanda bu çevriliş, daha yumşaq ifadə etsək, hakimiyyət dəyişikliyi üçün ən əlverişli fiqurlardan birinin Rusiya prezidentinin dostu kimi tanınan İlham Rəhimli olduğu göstərilir və məhz bu səbəbdən, onun son dövrlərdə hakimiyyətin hədəfinə gətirildiyi, zərərsizləşdirilməsini nəzərdə tutan ssenarilər qurulduğu bildirilir. Bununla əlaqədar diqqəti cəlb edən faktlardan biri də son dövrdə İlham Rəhimli-Eldar Həsənov-Abbas Abbasov-Namiq Abbasov-Rəsul Quliyev beşliyinin adlarının təhlillərdə yenidən bir yerdə hallandırılmasıdır. Bu zaman bəziləri İlham Rəhimovun keçmiş baş prokuror Eldar Həsənov kimi xaricdə biznesi və siyasi əlaqələri olan əksər azərbaycanlılardan fərqli olaraq, yalnız Azərbaycan vətəndaşlığını saxlamalarına diqqət çəkirlər.
Lakin bu məsələdə çox iri bir düyün var. Prof. İ.Rəhimov Azərbaycan vətənpərvəri olduğunu hər yerdə diqqətə çarpdırır və Azərbaycanın müstəqilliyinin, bütövlüyünün və Qarabağın işğaldan azad olunmasının açıq tərəfdarı kimi çıxış edir. Bunun rol, yoxsa gerçək olması məsələsində analitiklərin rəyləri haçalanır… Bu oyun icraya verilərsə, Azərbaycanda Rusiya xüsusi xidmət orqanlarının birbaşa agentləri olduğu məlum olan şəxslərə niyə üstünlük verilməsin?.. Türkiyə ilə regionun bölüşdürülməsi variantında keçmişi “cəbhəçi” olan Rusiya oliqarxlarının (oliqarxının) şans(lar)ı varmı?..
Oyun N 2:
Azərbaycanı kimlər idarə edəcək:
“Qərb-Şərq” koalisiyası, “Qərb(İsrail)lilər”, yoxsa “Rusiya(Türkiyə)lılar”?
Xeyli dərəcədə konspiroloji siyasi fantaziya təəssüratı yaradan yuxarıdakı ssenari ilə yanaşı, prof. İlham Rəhimovun adı Azərbaycanın cəlb olunduğu siyasi çərçivələrlə məhdudlaşmayan digər başqa bir süjetdə də oxşar funksiya kimi keçir.
Deyildiyi kimi, son günlərdə İlham Rəhimova qarşı iqtidaryönlü media və siyasətçilər tərəfindən, o cümlədən Azərbaycan parlamenti tribunasından açıq hücumlar əməlli-başlı intensivləşib. Eyni zamanda “XAQ”-ın (“X” Analitik Qrupu – Red.) ötən araşdırmasında hazırda Azərbaycan iqtidarı daxilində hakimiyyətdaxili qruplaşmalar və onlar arasında mübarizədə İlham Rəhimovun daha çox bu qruplaşmaların məhz konkret birinin nəzarəti altında olan media tərəfindən vurulduğuna diqqəti cəlb etmişdik. Odur ki,İlham Rəhimova bu münasibətin hakimiyyətdaxili qruplaşmaların birinin maraqları ilə bağlı olması versiyası daha ağlabatan hesab edilir.
Bu kontekstdə İlham Rəhimov və Rusiyada Azərbaycan Milli Konqresinin prezidenti akademik Fazil Qurbanovun arasında gərgin münasibət siyasi məna kəsb edir. Analitiklərdən bəziləri hətta yanlış olaraq İlham Rəhimovun hakimiyyətin klanlarından biri tərəfindən vurulmasının səbəblərindən birini, onunla azərbaycanlıların Moskva diaspor təşkilatının prezidenti Fazil Qurbanovun arasındakı gərgin münasibətlərlə əlaqələndirirlər. Ötən ilin sonlarında Azərbaycan mediası məhz Fazil Qurbanovun İlham Rəhimov haqqında kifayət qədər kobud müsahibəsini dərc etmişdi. Lakin bəzi analitiklər isə bildirirlər ki, bu münasibətlərin şəxsi müstəvidə gərginləşməsi üçün heç bir əsas yoxdur. Belə ki, Fazil Qurbanovun Azərbaycandakı hakimiyyətdaxili qruplaşmaların konkret birinə mənsub olması heç bir şübhə doğurmur. Məsələ burasındadır ki, Fazil Qurbanov prezident İlham Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanovun doğmaca əmisidir (Maraqlı cəhətlərdən biri budur ki, Səməd Qurbanovun atası biznesmen və messenat kimi tanınan Aydın Qurbanovdur. Onun 1990-cı illərdə o vaxt respublika baş prokuroru işləyən Eldar Həsənovla ciddi biznes əlaqələrinin olduğu və bu əlaqələrin taleyi barədə məlumatlar var.) Yəni İlham Rəhimovun iqtidarla münasibətlərinin pisləşməsinin Fazil Qurbanovla aralarındakı şəxsi incikliyə və ya rəqabətə dəxli yoxdur. Əksinə, onunla Fazil Qurbanov arasında münasibətlərinin gərginləşməsinin hakimiyyətdaxili qrupun maraqları ilə toqquşmadan qaynaqlandığı irəli sürülür.
Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti daxilindəki qruplaşmalar bütün digər əlamətləri ilə yanaşı, həm də qeopolitik məzmuna malikdir. Onlardan birinin geosiyasi oxunun Moskvaya, digərinin Amerikan-İsrail istiqamətinə doğru uzandığı görünür. Gizli deyil ki, daha çox Qərb istiqamətli hesab olunan qruplaşmanın tam və qəti qələbəsinin rəmzi olacaq vəzifə dəyişikliyinin ləngiməsini, həmin vəzifə dəyişikliyinə Moskvanın razılığının alına bilinməməsi ilə bağlayırlar və bu, o qədər də əsassız görünmür. Məlumatlar var ki, Rusiya siyasi elitasına birbaşa çıxışı olan prof. İlham Rəhimlinin gerçəkdə bu məsələdə rol alıb-almamasından asılı olmayaraq, hakimiyyətdaxili klanların birinin və həmin qruplaşmanın arxasındakı geosiyasi güclərin nəzərində günahkarlar siyahısındadır.
Bu məsələnin analizi Azərbaycandakı siyasi proseslərin və geopolitik oyunun geosiyasi yeni subyektlərindən birini üzə çıxarır. Azərbaycanda və onun ətrafında gedən geopolitik oyunda bu yeni aktorun dağ yəhudiləri klanı olduğu məlum olur.
…2018-ci ilin sonlarında Rusiya mətbuatında həmin ölkənin prezidenti Putinin dostu kimi tanınan Prof. İlham Rəhimovla onun biznes ortağı, dağ yəhudiləri klanının yeni parlayan ulduzu, milyarder Qod Semyonoviç Nisanov arasında münasibətlərin pozulması haqqında gedən yazılar nədənsə İlham Rəhimov mövzusunda ixtisaslaşmış və bu mövzuya aid hər xırda informasiyanı gözdən qaçırmayan Azərbaycan mediasının diqqətini “cəlb etmədi”…
..Bir neçə ildir ki, Qod Nisanov şəriki Zaxar İliiyevlə birlikdə Rusiya daşınmaz əmlak sahəsində ən yüksək gəlir əldə edənlərin siyahısına başçılıq edir. “Forbes” jurnalı onların 2018-ci ildə də daşınmaz əmlak kralları olaraq qaldıqlarını bəyan edib. 2018-ci ildə onların illik gəliri milyard yarım dollar olub ki, bu, ikinci yerdə olandan əhəmiyyətli dərəcədə fərqə malikdir. Qod Nisanovun və şərikinin sərvəti hər il milyardlıq sıçrayışlar edərək 5 milyard dolları ötüb…
…Məlumdur ki, Prof. İlham Rəhimovu son dövrə qədər Azərbaycan dağ yəhudilərinin Moskvada xaç atası hesab edən çoxsaylı materiallar dərc edilirdi. Bu da aydındır ki, Vladimir Putun Rusiya prezidenti olduqdan sonra geniş təsir imkanları əmələ gələn İlham Rəhimovun sayəsində Azərbaycanın Quba rayonunun “Qırmızı Sloboda” qəsəbəsində anadan olan Qod Nisanovun ulduzu parlamağa başladı. Məhz onun rəsmi və qeyri-rəsmi biznesinin ortağı İlham Rəhimlinin himayəsi, onların Rusiya daşınmaz əmlak biznesinin krallarına çevrilməsində həlledici rol oynadı.
Lakin 2018-ci ildə birdən-birə qopmaz görünən bu işbirliyində gözlənilməz hallar müşahidə olunmağa başlayır… Rus mətbuatı xəbər verir ki, 2018-ci ilin dekabrında Qod Semyonoviç Nisanovun biznes fəaliyyəti birdən-birə Rusiya gömrük, vergi və maliyyə, habelə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə başladı. Onun tez bir zamanda əvvəlki Rusiya oliqarxlarının taleyini təkrar edərək həbs olunacağı və ya İsrailə qaçacağı haqqında söz-söhbətlər gedir. Hətta Qod Nisanovun Rusiya vətəndaşı olmadığı “aşkara” çıxdı. Doğrudur, Qod Nisanovun ətrafından belə fikirlər də yayılır ki, bu, onun xüsusilə, İsrail-Azərbaycan münasibətlərində Azərbaycan lobbisti kimi fəaliyyəti ilə bağlıdır və bu fəaliyyəti onu Rusiya və dünya erməni lobbisinin hədəfinə gətirib. Lakin daha çox təhlilçilər məsələnin erməni lobbisinin intriqaları ilə bağlı olduğunu ciddi saymır və Qod Nisanovun problemlərinin səbəbinin pal- paltar bazarından gətirilib milyarder edilmiş bu adamın uğurlarının əsasında dayanan hamisi, “siyasi krışası” ilə, yəni prof. İlham Rəhimovla münasibətlərinin korlanmasının əlaməti kimi baxırlar.
Lakin nədən?..
Qod Nisanovun problemlərinin onun şəxsi keyfiyyətləri, digər həmyerlilərindən fərqli olaraq onda yaranmış ifrat ambisiyalarla, siyasətə bulaşması ilə bağlı olduğu irəli sürülür. Hələ bir neçə il əvvəl Qod Nisanovun İlham Rəhimovun başı üstündən Putunlə birbaşa əlaqələr qurmaq cəhdi ilə bağı söz-söhbət yayılmağa başlamışdı. Qod Nisanovun ətrafı fəxrlə və lovğalıqla artıq qüdrətli Qodun Putinlə istədiyi vaxt görüşə bildiyi və İlhama Rəhimova ehtiyacının qalmadığını qürur və həvəslə danışırlar. Həmin dövrdə Qod Nisanovun Putin tərəfindən ordenlə təltif edilməsini və bəzi obyektlərin açılışında Putinin şəxsən iştirakını bu cür yozurdular. Lakin tezliklə bunun belə olmadığı barədə yarı-rəsmi açıqlamalar mətbuata sızdırıldı. Rusiyanın Prezident administrasiyası əməkdaşları səviyyəsində bildirdilər ki, Putindən audensiya istəyən Qod Nisanova deyilib ki, “sözü varsa İlxam Mamedqasanoviçə desin”. Bundan sonra o, bu istiqamətdə ambisiyalarını bir qədər azaldıb. Lakin bu, əlbəttə, münasibətlərdə izsiz keçməyib…
İlham Rəhimov və Qod Nisanov arasında yaranan gərginliyin digər səbəbi kimi axırıncının yenə İlham Rəhimovun başı üstündən bu dəfə Azərbaycan rəhbərliyi ilə münasibətlər yaratdığı göstərilir. Putundən fərqli olaraq bu istiqamətdə Qod Nisanovun xeyli uğur qazandığı deyilir və bu, faktdır… Məlumdur ki, Qod Nisanov 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən medal və ordenlərlə təltif olundu. Azərbaycan hakimiyyət koridorlarına buraxılmayan Prof.İlham Rəhimovdan fərqli olaraq Qod Nisanovun üzünə ən yüksəkdəki ikilik də daxil olmaqla, Bakıda bütün kabinetlərin taybatay açıq olduğu bildirilir. Bu münasibətlərin yaradılmasında əsas rollardan birinin yuxarıda adı çəkilən, Azərbaycan prezidentinin qohumu, Ümumrusiya azərbaycanlıları konqresinin prezidenti Fazil Qurbanovun oynadığı deyilir. Belə ki, Qod Nisanov həmin təşkilatda vitse-prezident vəzifəsini tutur. Fazil Qurbanovun Azərbaycanda hansı hakimiyyət qruplaşmasına aid olduğu nəzərə alınsa, yenə geopolitika zühur edir. Qod Nisanovun Azərbaycan hakimiyyəti ilə münasibətlərində Moskvada diaspor fəaliyyətindən daha artıq onun Azərbaycan-İsrail əlaqələrindəki roluna daha çox diqqət verilir.
Yazıya haşiyə:
…Bu il İsrail Müdafiə naziri, İsraildə əsas Azərbaycan lobbistlərindən biri kimi qələmə verdikləri Aviqdor Libermanın Bakıya səfəri zamanı ,o, deyilənə görə Qod Nizanovun atasının yas mərasimi üçün onunla birlikdə Qubaya gedib. Bu səfərdə A.Libermanı Azərbaycanın iki qüdrətli naziri, DİN general polkovniki Ramil Usubov və Müdafiə naziri, general polkovnik Zakir Həsənov müşayiət eedib. Səfər zamanı hər iki nazir, hətta Qod Nisanov və A.Libermanla birlikdə Qubada dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədəki sinaqoqu da ziyarət ediblər. Bu zaman Azərbaycanın Müdafiə və Daxili İşlər nazirlərinin sinaqoqda yəhudi dini mərasim atributu “kipa” ilə görüntülənmələri sosial şəbəkələrdə və yalnız sosial şəbəkələrdə deyil, geniş müzakirələrə səbəb oldu. Maraqlıdır ki, həmin şəkildəki 4 şəxsdən biri Qod Nisanovdur.
Azərbaycan nazirlərinin başına “kipa” geydirilməsinin hansısa gizli ayinlərlə bağlayanlar da tapıldı. Hətta sinaqoqun ravvini buna izahat verərək şərh etdi ki, “kipa” sinaqoqu ziyarət edən hər bir şəxsin başına adət olaraq qoyulur. Lakin şəkildə diqqəti cəlb edən odur ki, nə Libermanın, nə də sinaqoqdakı şəxslərin bir çoxunun başında “kipa” yoxdur…
Oyun N 3:
Putinin ətrafında sionistlərin və rus millətçilərinin böyük savaşı
Burada biz təhlilin ən maraqlı və yuxarıda deyilənlərdən fərqli olan ən sensasion səviyyəsinə gəlirik. Mənbələr bildirir ki və “XAQ”-ın gəldiyi nəticə ondan ibarətdir ki, İlham Rəhimov və Qod Nisanov münasibətlərinin gərginləşməsinin arxasında daha böyük və ciddi geoplitik oyun durur. Və azərbaycanlı professor daha iri masştablı geopolitik oyun burulğanına düşüb. Materialların analizi belə nəticəyə gətirir ki, söhbət Rusiya Prezidenti Putinin ətrafındakı, Rusiyadakı hakimiyyət qruplaşmaları arasında mübarizə ilə bağlıdır. Bu, şərti olaraq Putinin ətrafında yəhudu qruplaşması və slavyan (avrasiyaçı) qruplaşması arasındakı mübarizə ilə bağlı ola bilər. Prof. İlham Rəhimovun elmi və biznes fəaliyyəti ilə bağlı tədbirlərin coğrafiyası və iştirakçılar tərkibinin araşdırılması, onun Qarabağ məsələsi barədə açıqlamalarının məzmunu məsələnin daha dərin olduğundan xəbər verir… Yaxın dönəmdə Azərbaycanın da daxil olduğu siyasi coğrafiyada proseslərin qədəri dəyişə bilər. Habelə İlham Rəhimovun özünün taleyi bu savaşın kimin xeyrinə bitəcəyindən çox asılıdır.(xural)
“X” Analitik Qrupu