AMERİKALI GENERAL İRAQDA İRAN GENERALINI NİYƏ ÖLDÜRMƏDİ? –"O, Yaxın Şərqdə müstəsna imkanlara sahibdir"
Stenli MakKristal,
“Foreign Policy” 22.01.2019
Hərəkət etməmək qərarına gəlmək bəzən ən çətin məsələdir və həmişə doğru deyil.
2007-ci ildə İrandan Şimali İraqa bir sıra nəqliyyat vasitələrinin keçidini seyr edirdim. O vaxt mən dörd il idi ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (JSOC) rəhbəri vəzifəsini tuturdum, bölgəni məhv edən terrorizmə sipər çəkirdim və çətin seçimlər etməyə alışmışdım.
Yenixeber.org: Lakin o yanvar gecəsində seçim xüsusilə çətin idi: ABŞ-da CIA və JSOC-un birləşməsinə oxşar olan İranın elit “Qüds” qüvvələrinin rəhbəri Qasim Süleymaninin daxil olduğu konvoya hücum edib-etməmək?
Süleymanini aradan götürmək üçün tutarlı səbəb vardı. O dövrdə İran istehsallı, onun əmri ilə yol kənarlarında yerlşdirilən bombalar bütün İraqda ABŞ əsgərlərini havaya uçurub məhv edirdi. Ancaq hərbi toqquşma və mübahisəli siyasətdən yayınmaq qərarına gəldim: biz, sadəcə, karvana nəzarət etməliyik.
Karvan Ərbilə çatdıqdan sonra Süleymani qaranlıqda gözdə itdi.
İndi o, hələ də diqqət mərkəzindədir. Süleymani hərbi komandirdən kabus kukla ustasına çevrilib. İranın beynəlxalq təsirini gücləndirmək üçün o, sakitcə zəkasına və fəndgirliyinə güvənir.
Onun məharəti, effektivliyi və ölkəsinə sədaqəti müttəfiqləri tərəfindən belə təqdir olunur və tənqidçilər tərəfindən eyni dərəcədə pislənilir. Ancaq hamı bu ümumi fikrə gəlir ki, təvazökar liderin davamlı işləri onilliklər ərzində İranın xarici siyasətinə kömək göstərib və heç kim döyüş meydanında onun uğurlarını inkar etmir.
Süleymani yəqin ki, bu gün Yaxın Şərqdə ən güclü və təsirli aktyordur. Hətta ABŞ-ın müdafiə rəsmiləri Süleymaninin Suriyadakı vətəndaş müharibəsini (İranın yerli nümayəndələri vasitəsilə) idarə etdiyini bildirir.
Lal-dinməz Süleymaninin əldə etdiyi irəliləyiş, onun mənşəyi nəzərə alınmaqla, xüsusilə diqqəti çəkir. Şərqi İranın dağlıq ərazisində, yoxsulluq şəraitində dünyaya gələrək, o, erkən yaşlarından inadkarlığı ilə fərqlənib.
Atası borcu qaytara bilmədikdə, 13 yaşlı Süleymani qollarını çırmalayaraq borcu özü ödəməyə çalışıb. Asudə vaxtlarında ağırlıq qaldırmaqla məşğul olub, İranın mövcud ali lideri Ayətullah Əli Xamneyinin moizələrinə qatılıb.
O, İran inqilabına gənc çağlarından məftun olub. 1979-cu ildə 22 yaşlı Süleymani İranın Qərbi Azərbaycan əyalətində, cəmi altı həftəlik taktiki təlimdən sonra İran ordusunun tərkibində ilk dəfə döyüşə qatılıb. Amma o, həqiqətən növbəti il başlayan İran-İraq müharibəsinin övladıdır. O, qanlı münaqişədən qəhrəman kimi çıxıb, amma daha vacib budur ki, özünə güvənən, bacarığını sübut edən bir lider kimi təsdiqlənib.
Süleymani, sadəcə, əsgər deyil, o, yüz ölçüb-bir biçən praktik strateqdir. Ən amansız şəkildə və tələb olunan bütün vasitələrlə İranın bölgədəki mövqeyini gücləndirmək üçün davamlı əlaqələr qurub. Livanda şiə müttəfiqlərinin birləşdirilməsi və gücləndirilməsi baxımından başqa heç bir fərd onun qədər müvəffəq olmayıb. Suriya dövlət başçısı Bəşər Əsədin qəti müdafiəçisi kimi İŞİD və digər üsyançı qrupların irəliləyişini dayandırıb.
Əsəd hakimiyyətdə qalır və İrana möhkəm bir şəkildə bağlıdır.
Bəlkə də məhz Süleymaninin rəhbərliyi altında “Qüds” qüvvələri imkanlarını genişləndirib. Onun zərif praqmatizmi bu hərbi vahidi İranın sərhədləri xaricində ən təsirli kəşfiyyat, maliyyə və siyasi qüvvəyə döndərib.
Ancaq Süleymaninin müvəffəqiyyətini daha geniş geosiyasi kontekstdə öyrənməmək axmaqlıq olardı. O, 1979-cu il inqilabından sonra ölkənin dünyagörüşünün açıq məhsulu olan unikal İran lideridir. İranın maraqları və hüquqlarını geniş qiymətləndirməsi İran elitasının ümumi rəyi ilə birləşir.
ABŞ-ın Yaxın Şərqdəki iştirakına qarşı İranın müqaviməti birbaşa olaraq ABŞ-ın İraq-İraq müharibəsində iştirakının nəticəsidir və Süleymaninin dünyagörüşü bu zaman formalaşıb. Üstəlik, Süleymani İranın vətəndaşları və rəhbərliyinin can damarı olan coşqun milliyyətçidir.
Süleymaninin nailiyyətləri əsasən ölkəsinin xarici siyasətinə uzunmüddətli yanaşması ilə bağlıdır. Birləşmiş Ştatlar bir qayda olaraq beynəlxalq məsələlərə təpkidə spazma göstərərkən İran öz məqsəd və fəaliyyətlərində təəccüblü şəkildə ardıcıldır.
1998-ci ildən tutduğu “Qüds” qüvvələrinin komandiri vəzifəsinin müddəti bitdikdən sonra belə səlahiyyətlərinin uzadılması mühüm amildir. İranın mürəkkəb siyasi mühitinin məhsulu olan Süleymani bir çox ABŞ hərbi və kəşfiyyat mütəxəssislərinin qibtə etdiyi hərəkət azadlığından bəhrələnir. Liderin hakimiyyəti son nəticədə başqalarının gözü qarşısında olduqda və gələcəkdə iqtidar olma ehtimalnı artırsa, Süleymaniyə müvəqqəti oyunçu kimi baxılmamalıdır.
Bu mənada Süleymaninin müvəffəqiyyəti həm istedadı, həm də hakimiyyət mövqeyində davamlılığına bağlıdır. Belə bir lider ABŞ-da mövcud ola bilməz. Amerikalılar hərbi və ya başqa cür komandirlərin onillər boyu ən yüksək səviyyəli mövqelərdə qalmasına icazə vermirlər. Bunun səbəbi var – həm siyasi, həm də təcrübədən gələn.
Süleymaninin fəaliyyət azadlığına ilkin qısqanclığa baxmayaraq, dövlət qulluqçusunun kölgə təsiri yaratmasına məhdudiyyət ABŞ siyasi sisteminin güclü tərəfidir. Coşqun hərəkətə yönəldilmiş bir zehniyyətə nəzərət olmadıqda, həm xeyir, ancaq həm də yanlış maraqlara yönələ, nəticələr dəhşətli ola bilər. Süleymani inanılmaz dərəcədə təhlükəlidir. O, həmçinin Yaxın Şərqin gələcəyini formalaşdırmaq üçün müstəsna imkanlara sahibdir.
P.S. Təqaüdçü general Stenli MakKristal 2003-2008-ci illərdə Ortaq Xüsusi Əməliyyatlar Komandanlığına rəhbərlik edib, 2009-2010-cu illərdə Əfqanıstanda ABŞ və NATO qüvvələrinin komandiri vəzifəsini tututub.
Tərcümə: Strateq.az