Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-bir ailə faciə yaşayır
Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı ev 1, m.24-də yaşayan
vətəndaş Qurbanov Aqil Əli oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov tərəfindən qarşılaşdıqları haqsızlıqlardan, təzyiqlərdən və nəticədə bir ailənin faciəsindən bəhs edir. Yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:
(“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşının qanunsuz hərəkətlərindən)
"Cənab Prezident!
Qardaşım oğlu Səbuhi Qurbanov dost və şəriki Mirəli ilə birgə 2013-cü ildə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Məhəmməd oğlu Hüseynovla birlikdə ticarət fəaliyyəti qurmuşlar. Ümumilikdə Məhəmməd Hüseynov oğlu Ayazın vasitəsi ilə bu işə 450.000 manat vəsait xərcləmişdir. Təxminən 1-1,5 il ərzində satılan mallardan 140,000 manat Ayaz Hüseynova qaytarılmışdır. Cəmisi 310,000 manat dəyərində qalıq qalmışdır.
Məlum olduğu kimi, manatın 1-ci devalivasiyası olanda Ayaz Hüseynov Səbuhiyə və 3-cü şəriki Mirəliyə demişdir ki, mənə pul lazımdır, mənim pulumu yəni, 310.000 manatı verin və birgə fəaliyyətimizə xitam verək, belə ki, mən Əhmədlidə yerləşən R.Quliyev küçəsində olan Neyrocərrahiyə xəstəxansının yanında, benzindoldurma stansiyası yaxınlığında 3 mərtəbəli şəxsi mülk tikdirirəm. Səbuhi və Mirəli bildirmişlər ki, əldə nəğd pul yoxdur, təxminən 30.000 manat texniki xərclərə: gömrük xərci, nəqliyyat xərci, servis xidməti xərci, işçilərə verilən əmək haqqlarına, icarə haqqlarına xərclənmişdir.
Qalan 280.000 min manat pulun təxminən 15.000 manata yaxın mallar xarab və yararsız haldadır, buna da xərc qoyulmalı, təmir edilməlidir. Yerdə qalan 265.000 manatlıq malların bir hissəsi anbarda, çox hissəsi isə nisyə mağazalara paylanmışdır.
Həmin dövrdən az sonra manatın 2-ci devolvasiyası oldu ki, alınan mallar dəyərindən də aşağı qiymətə satılırdı.
Ayaz demişdir ki, mən onda “AccessBankdan” 200.000 ABŞ dolları kredit götürürəm ki, həmin mülkə xərcləyim və Sizdən xahişim ondan ibarətdir ki, mallar satıldıqca mənə pulları ABŞ dolları ilə qaytararsınız ki, bankın kreditini dollarla ödəyim.
Ümumilikdə Ayaz Hüseynova 160.000 ABŞ dolları yəni ən azı manatla 280,000 manat pul ödənilmişdir.
2015-ci ilin oktyabr ayında Ayaz Səbuhiyə bildirmişdir ki, mənə məxsus olan mallara verilmiş 310.000 manat pula mənim xeyrim 50.000 manat pulu da əlavə edək, 360.000 manat pula notarius vasitəsi ilə rəsmiləşdirək. Məcburiyyət qarşısında qalaraq Səbuhi buna razılıq vermişdir. Beləliklə 2015-ci ilin oktyabr ayında 360.000 manat-342.000 ABŞ dolları ekvivalenti olaraq-borcun etirafı barəsində notariusda 5 (beş) illik müqavilə bağlanmışdır.
Yuxarıda qeyd etdiyim kimi və iqtisadi təhlildən məlum olduğu kimi, Ayaz Hüseynova Səbuhinin borcu yoxdur.
Ayaz Hüseynovun böhtançı olmasını ondan da məlum olur ki, Səbuhini şərləyərək 262.000 min ABŞ dolları yəni 445.000 min manatı məhkəmə vasitəsi ilə tələb edir və digər şərik Mirəli Süleymanovu da şərləmiş Bakı Baş Polis idarəsinə şikayət edərək bildirmişdir ki, güya Mirəli onu aldadaraq 135.000 ABŞ dolları almışdır. Xətai rayonu polis idarəsində bu işə baxılmış və bu işin şər və böhtan olduğu barədə qərar qəbul edilmişdir. (Həmin qərar şikayət ərizəsinə əlavə olunur)
O, Polis orqanlarına müraciət edərək qardaşım oğlunun respublika ərazisinə qayıtmasına əngəl törədir, onu həbs etdirəcəyi ilə hədələyir.
Bizi məcbur edir ki, Neyrocərrahiyyə institunun yaxınlığında tikdirdiyi 3 mərtəbəli villaya görə bankdan götürdüyü 200.000 ABŞ dolları krediti ödəyək. Bizim isə quru canımızdan başqa heç nəyimiz qalmayıb. Qorxmaz Hüseynovun qohumları isə bizi məhv etməyi davam etdirirlər. Artıq qardaşım və ailə üzvlərinin səhhətində ciddi problemlər yaranıb. Bilmirəm onların qayğsına qalım, yoxsa Qorxmaz Hüseynovun qohumlarının qəzəb və tamahından qorunum. Qorxmaz Hüseynova müraciət etsəm də, mənə formal cavablar verilir, məni qəbul etməkdən imtina edir. Hal-hazırda 7 nəfər üzvü olan ailənin faciəsi yaşanır, Qorxmaz Hüseynov isə öz qardaşı və qardaşı oğlunun bütün instansiyalarda qalib gəlməsi üçün çalışır.
Hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə şikayət vermişik. Ümüd edirik ki, Ali Məhkəmə əvvəlki instansiyalardan fərqli qərar qəbul edəcək.
(Nəzərinizə çatdırım ki, Məhəmməd Hüseynov xalqa məxsus olan qardaşının ona bəxşiş etdiyi pullarla düzgün rəftar etməyərək bizdən başqa bir nəfərlə 1 milyon manat, digər nəfərlə 700.000 manat pul çəkişməsindədir.)
Möhtərəm prezident, hazırki məktubu Sizə ünvanlamaqda məqsədim bir ailənin faciəsinin qarşısını almaqdır. Biz Sizin vətəndaşlara olan diqqət və qayğınızın həmişə, hər an şahidi oluruq. Əminik ki, bizi də Qorxmaz Hüseynovun və qohumlarının qanunsuz əməllərindən, tamahından və qəzəbindən qurtaracaqsınız.
Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynova məxsus “Sənaye Tikinti-M” MMC-nin fəaliyyəti ilə bağlı detalların araşdırılması barədə göstərişiniz, onun qardaşı ilə birgə “Azərsu” ASC-dən 22 milyon manatı köçürmə yolu ilə necə mənimsədiyinin aydınlığa çıxmasına səbəb olardı.
Möhtərəm prezident, Sizdən hazırki işin nəzarətə götürülməsini, bir ailənin faciəsinə göz yumulmamasını, qardaşım oğlunun ailəsi ilə birlikdə doğma vətəninə dönməsinə şərait yaradılmasını, qardaşımın 7 nəfərlik ailə üzvünün yeganə yaşayış yerinin əlindən alınmasına imkan verilməməsi və Ali Məhkəməyə verdiyimiz şikayətə ədalətlə baxılması barədə göstəriş verməyinizi xahiş edirəm".
Redaksiyadan: Qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırıq.