Bakıda şirkətlərin birində mühəndis kimi çalışan 37 yaşlı Arif Rüstəmov 2012-ci ildə böyrək çatışmazlığı ilə üzləşir.

Yenixeber.org: O, BBC News Azərbaycancaya deyir ki, İranda, Türkiyədə, Fransada müalicə alsa da, orqan köçürülməsi qaçılmaz olub. O, əməliyyat üçün Azərbaycanı seçib.

“2016-ci ilin mayında əmim oğlu donor oldu və mənə böyrək köçürüldü, əməliyyat-tibbi analizlərlə birgə 15-16 min manat xərclədik”, – Arif Rüstəmov deyir.

O düşünür ki, xarici ölkələrə nisbətən Azərbaycanda böyrək köçürülməsi daha ucuzdur.

“Məsələn, maraqlandım ki, İranda 20 min, Türkiyədə 30 min dollar civarındadır, Almaniyada 50 min avrodur,”- Arif Rüstəmov danışır.

“Əməliyyatdan sonra orqan bədənə tam uyğunlaşana qədər həkim nəzarəti lazım olur və həmin müddətdə xaricə gedib-gəlmək də əlavə xərc istəyir. Buna görə də Azərbaycanda əməliyyat olunmaq mənə daha sərfəliydi.

“Azərbaycanda orqan nəqli qohum donor vastəsiylə aparılır”

Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzinin rəhbəri Mircəlal Kazimi BBC News Azərbaycancaya müsahibəsində deyir ki, bu günə qədər orqan köçürülən xəstələrin sayı 600-ü keçib.

Onun sözlərinə görə, orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.

Mircəlal Kazimi deyir ki, İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzi qohum donordan istifadə edərək orqan köçürülməsi əməliyyatını aparır.

“Azərbaycanda böyrək köçürülmüş xəstələrin sayı daha çoxdur, nəinki qaraciyər. Xəstələrlə donorlar qohumdurlar. Yaxın qohumlardan alınan orqanlar vasitəsiylə bu əməliyyatlar həyata keçirilir”- Mircəlal Kazimi əlavə edir.

Orqan köçürülməsinin statistikası

Rəsmi statistikaya görə, Azərbaycanda son 5 ildə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib.

Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir.

İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.

Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyinin nəqli tutur.

Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir ki, donor tapmaq asandır, uroloq Vasif İsmayıl BBC News Azərbaycancaya deyir. O əlavə edir ki, orqan köçürülən xəstələr ömrü boyu dərman qəbul etməlidirlər, orqandan asılı olaraq, onlar müxtəlif vaxtlarda həkim nəzarətindən keçməlidirlər.

Azərbaycanda orqan köçürülməsində fərqli qiymətlər

Mərkəzi Neftçilər Xəstəxanasından BBC News Azərbaycancaya verilən məlumata görə, qaraciyər və böyrəyin transplantasiyasının qiyməti 32 min manatdır.

Bundan əlavə, əməliyyat qabağı analizlərə də 5 min manata qədər pul lazımdır.

Ümumilikdə, böyrək və ya qaraciyər köçürülməsi pasiyentə təxminən 37 min manata başa gəlir.

İcbari sığorta orqan köçürülməsini nəzərdə tutmur

Azərbaycan İcbari Tibbi Sığorta Agentliyinin saytında yerləşdirilən sənəddə qaraciyər və böyrək köçürülməsi üçün fərqli qiymətlər göstərilib.

Pilot layihə kimi Mingəçevir ,Yevlax və Ağdaşda həyata keçirilən İcbari Tibbi Sığortada orqan köçürülməsi nəzərdə tutulmur, amma prezidentin fərmanı ilə həmin ərazilərdə icbari tibbi sığortanın baza zərfində əhatə olunmayan tibbi xidmətlər siyahısında orqan köçürülməsi üçün tariflər göstərilib.

Sənədə əsasən, qaraciyər transplantasiyası müalicə xərcləri ilə birgə 36 min manatdır.

Bu siyahıya görə, böyrək transplantasiyası isə təxminən 10 min, ürək köçürülməsi isə 18 min manat dəyərləndirilib.

“Orqan nəqli icbari tibbi sığortaya əlavə olunmalıdır”

“Diqqət edirsinizmi, donoru xəstə tapır. Amma əslində İcbari Tibbi Sığorta paketinə daxil olduqda artıq bir sistem qurulur və bu zaman bioloji ölüm keçirmiş, geriyə dönüş perspektivi olmayan gənc və praktiki sağlam adamlardan götürülmüş orqanların nəqli aparılmalıdır”, tibb elmləri doktoru Adil Qeybulla BBC News Azərbaycancaya deyir.

Həkimin fikrincə, sistem olduqda orqan nəqli siyahı üzrə müəyyənləşir.

“Məsələn, Lənkaranda hansısa bir orqanı əldə ediblər, deyirlər ki, buna Şəkidə ehtiyac var. Bu ehtiyac siyahıda görünür və onu dərhal ora xüsusi sistemlə, vertolyotla çatdırırlar”. Adil Qeybulla orqan nəqli siyahısını izah edir.

Onun fikrincə, yalnız belə şəbəkə yaratmaq kifayət etmir, bu sistem qurulandan sonra əhali ilə işləmək, orqan bağışlanması ilə bağlı maarifləndirmə işi aparmaq lazımdır.

“Orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər gözlənir”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, hazırda Azərbaycanda 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı üzrə insanlara böyrək köçürülməsi həyata keçirilir.

Onun sözlərinə görə, pasiyentlər dövlət hesabına maliyyələşən dializdə növbəyə dururlar. “Donoru özü tapmaq şərtiylə növbədə duranlara dövlət klinikasında böyrək köçürülməsi həyata keçirilir”, Musa Quliyev deyir.

O əlavə edir ki, dövlət proqramı 2020-ci ilə qədər nəzərdə tutulsa da, müddəti ya artırıla, ya forması dəyişdirilə, ya da icrası İcbari Tibbi sığortaya verilə bilər.

Musa Quliyev vurğulayr ki, hazırda Milli Məclisin səhiyyə komitəsi orqan köçürülməsi ilə bağlı qanuna dəyişiklər hazırlayır.

Onun sözlərinə görə, dəyişikliklərlə bağlı diqqəti çəkən məqam orqan köçürmə əməliyyatlarının icbari tibbi sığortanın hesabına həyata keçirilməsi təklifidir.

Milət vəkili deyir ki, “orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil, ancaq dövlət də bu yükü tam üzərinə götürə bilməz”.

Ona görə də səhiyyə komitəsinin sədr müavini Quliyev düşünür ki, dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir