Acun İlicalı ile ilgili görsel sonucu

Türkiyənin media kapitanı, televiziya sahibi və vergi rekordçusu Acun Ilıcalı 29 mayda dünyaya gəlib.

Yenixeber.org:36 yaşında vergi ölkənin vergi rekordçusu, 45 yaşında kanal sahibi olan Acunun məktəb və universitet həyatı dəcəllikləri ilə keçib. 1972-ci ildə Türkiyənin Ədirnə şəhərində anadan olan Acun məktəbdə idman və musiqi fənlərindən başqa bütün fənlərdən zəif nəticə göstərib, çoxundan iki alıb.

5-ci sinifdən artıq siqaret çəkməyə başlayıb, hər davaya girişib. Daha sonra anlayıb ki, məktəbi bitirməlidir, buna görə də, iti ağlına işə salıb və sinif yoldaşlarından köçürərək normal göstəricilərlə məktəbi bitirib, İstanbul universitetinin ingilis ədəbiyyatı fakültəsinə daxil olub. Universitet həyatı barədə danışan Acun universitetini elə ilk gündən sevmədiyi deyib: “Tədris ilinin ilk günü universitetə getdim, aksiya vardı, polislər tələbələri döyürdü. Ədəbiyyat fakültəsinə girdim ki, necə qaranlıq, boğucu yerdir. Həmin an anladım ki, mən burada oxuya bilmərəm”.

Acunun bütün sinif yoldaşları “Boğaziçi” Universitetinə daxil olmuşdu və hər gün dostları görüşmək üçün ora gedirdi: “Boğaziçi də çox işıqlı, gözəl binada idi, İstanbul boğazına baxırdı. Bufetdə ancaq gözəl qızlar vardı. Burada oxuyanlara paxıllığım tutdu”.

Bundan sonra Acun hər səhər universitetə getmək adı ilə evdən çıxıb, elə universitetə gedirdi, ancaq qəbul olduğu İstnabul universitetinə yox, Boğaziçinə: “Hər gün getdiyim üçün, hər kəs məni elə buranın tələbəsi zənn edirdi. 3 aydan sonra artıq Boğaziçinin futbol komandasında oynayırdım”.

1 semester universitetə heç getməyən Acun təbii ki, bütün fənlərdən kəsilmişdi. Semester imtahanları zamanı atası imtahan tarixini soruşub və o da milli bayram səbəbilə tətil olan bir tarixi deyib. Bundan sonra atası tətil günü imtahan olmayacağını anlayıb, universitetlə maraqlanıb, Acunun 6 aydır, universitetə ayaq basmadığını öyrənib:

“Bir gün atam dedi ki, “Bunu bizə necə edə bilərsən?” Mən də ailəmə 200 yalan danışmışam, bilmədim hansını deyir. Özümü ələ verməmək üçün guya utanmış kimi susdum. Atam məni danladı, anamın öyrənərsə çox pis olacağını dedi.  Amma hələ də, bilmirdim mövzu nədir, düşündüm ki, yəqin qonşu qızı ilə evimizdə görüşdüyümü öyəniblər. Nəhayət, atam soruşdu ki, “hər səhər saat 8-də oyanıb hara gedirsən? Mən də hər şeyi olduğu kimi danışdım”.

Məşhur biznesmen daha sonra universitetinə getməyə başlasa da, oranı 7 il ərzində bitirə bilməyib və məzun olmadan yarmçıq qoyub. Acun ingilis dilini yaxşı bildiyi üçün bəzi ixtisas fənlərinin imtahanlarını özü verirdi, ancaq marağında olmayan dərslərin imtahanına öz yerinə dostlarını göndərirmiş.

Acunu gənc yaşda qocaldan qəzalar

Acun İlicalı ile ilgili görsel sonucu

Acun Boğaziçinə getdiyi günlərdə könlünü Səda adında bir qıza da verib. Cütlük 19 yaşında evlənib, 1 ildən sonra Banu adında qızları dünyaya gəlib. Acunun ilk maaşı türk lirəsinin dollar qarşısında güclü olduğu vaxtda 100 dollar idi. Ailəsinə valideynlərinin köməyi ilə baxırdı. Onun nənə və babası avtomobil qəzasında dünyasını dəyişib. Bundan 1 il sonra isə atası, anası və 10 aylıq qızı Banu avtomobil qəzasına düşüb.

Xəbəri öyrənən kimi xəstəxanaya qaçan Acun həmin anın ağrı-acısını belə danışıb:“Xəstəxanada anamın adını soruşdum, dedilər ölüb. Atamın adını səsləndirdim, dedilər ölüb. Qızımı soruşmağa artıq taqətim qalmamışdı. Düşündüm ki, o da dünyasını dəyişib. Ancaq möcüzə olmuşdu, bu cür ağır qəzadan, qızım sağ çıxdı”.

Acunun bundan sonra çətin günləri başlayıb, depressiyaya girib. 1 il yarım evdən çıxmayıb. Ancaq ailəsindən qalanları maddi vəsaitlə yaşayıb. Uzun müddət yas saxladıqdan sonra özünə gəlməyə başlayıb, ancaq yenə qəza onun həyatının kabusunu çevrilib.

İdarə etdiyi motorsiklet qəzaya uğrayıb, dostu dünyasını dəyişib, özünün isə qolu qırılıb və 36 tikiş vurulub.  Bütün bu uğursuzluqlardan sonra 24 yaşlı Acun həyat yoldaşı tərəfindən tərk edilib. Artıq 25 yaşına çatdıqda, valideynlərini itirmiş, boşanmış və bir uşaq atası olan, ancaq universiteti belə bitirməmiş Acun “həyatdan məzun olmuşam” deyə düşünüb.

Bəzən kiçik uğursuzluqlar yeni qapılar açır

Acun İlicalı ile ilgili görsel sonucu

Həyata yenidən atılmaq istəyən İlicalı paltar mağazası açır. Ancaq işləri pis getdiyi üçün müflis olur. Bundan sonra yəqin ki, öz işinin sahibi ola bilməyəcəyini düşünüb. Media dünyasının qapıları da Acunun üzünə elə telekanalların qapısını mühafizə etməklə başlayıb.

Türkiyə telekanallarının birinə mühafizəçi kimi işə düzəlib. Sonra elə həmin telekanalda idman müxbiri vəzifəsinə keçib. “Fənərbağça” komandasına azarkeşlik etsə də, onu “Beşiktaş” üzrə müxbir təyin ediblər.

Tezliklə çalışqanlığı, gülərüzü ilə özünü sevdirməyi bacarıb və “Televole” verilişində rubrikalar hazırlayıb. İngilis dili bildiyi üçün onu xarici ölkələrə reportaj hazırlamaq üçün göndəriblər. Acun rubrikaları öz zarafatları ilə maraqlı təqdimat etməyi bacardığı üçün izləyicilərin böyük marağına səbəb olub.

Kanal rəhbərliyi Acunun öz verilişini aparmasına qərar veriblər və o, “Acun firarda” adlı proqramla dünyanı gəzməyə başlayıb, 107 ölkəyə səfər edib. Çalışdığı kanalın rəhbərlərindən biri hər zaman Acun barəsində “Məndən başqa bu kanalın mətbəxini ən yaxşı Acun bilir” deyib. İlicalı bu tərifə bütün tapşırıqları vaxtında həyata keçirib, hətta öz vəzifə öhdəliklərindən daha çoxunu yerinə yetirməklə nail olub.

Ölkəmizdə də Acunun sevilməsinə səbəb isə “Var mısın, yok musun” verilişi olub. Xalqın içindən olan yarışmaçılarla birlikdə gecə yarılarına qədər həyəcanlı dəqiqələr, sevinclər, göz yaşları yayımlandığı dövrdə bu proqramı reytinq kralı edib. Türkiyə üçün əlçatmaz olan bir çox dünya ulduzu – Kristina Agilera, 50 sent, Adriana Lima bu verilişə qatılıb, xeyriyyə məqsədilə yarışdılar.

Özündən 22 yaş kiçik qıza görə dağıtdığı ailəsi

Acun İlicalı HD ile ilgili görsel sonucu

Acun 2005-ci ildə “Acun media” adlı prodakşn şirkəti açıb. “Baxılmaz” deyilən “Survivor” ilə bir daha hər kəsi ekran qarşısına toplayıb. Bir çox istedadlı həmyerlimizin də tanınmaq üçün üz tutduğu “O ses Türkiye” yarışması yayımlandığı günlər özünə rəqib tanımadı. 2013-cü ildə “TV8” telekanalını 70 milyon dollar qarşılığında satın alıb və bu dəfə rəsmi olaraq özü öz işinin müdiri olub.

Ancaq onun ailə həyatı yolunda getmirdi. Acun 2003-cü ildə Zeynəb İlicalı ilə evlənib və bu evlilikdən iki qızı dünyaya gəlib. 2010-cu ildə onun adı “Var mısın, yok musun” yarışmasında tanış olduğu model Şeyma Subaşı ilə çəkilməyə başlayıb.

Hər iki tərəf əvvəlcə bu xəbərləri təkzib etsə də, 2013-cü ildə cütlüyün Melisa adlı qızı dünyaya gəlib. Zeynəb İlicalının boşanmaqdan başqa yolu qalmayıb, ancaq Acunun var-dövlətinin böyük bir hissəsini almadan ondan əl çəkməyib. 2016-cı ildə yekunlaşan məhkəmədə Acunun keçmiş həyat yoldaşı və uzaqlarına ayda 150 min lirə aliment verməsi və bir neçə evini həyat yoldaşının adına keçirməsi şərti ilə boşandılar.

Rəsmi olaraq boşandıqdan sonra özündən 22 yaş gənc sevgilisi ilə nağıl kimi bir həyata başladılar. Adi bir universitet tələbəsi olan Şeyma bu illər ərzində festivallardan-festivallara qaçan əyləncə dolu dünyada yaşamağa başlayıb.

Yaxşı oxumayan, universiteti belə bitirə bilməyən Acun necə oldu birdən media kapitanına çevrildi? İlicalı öz uğurunu belə izah edir:

“Çalışqan ola bilərsiniz, ancaq bu uğurlu olacaqsınız demək deyil. Uğur üçün risk, risk üçün özünə inam və risk aldığın mövzuya güvənmək lazımdır. Çox çalışmalısınız, hər kəslə yaxşı münasibətlər qurmalısınız. Bunlar uzun zaman alacaq, yolunuzdan dönməyin. Uğur qazandıqdan sonra ayaqlarınızı uzadıb, bununla yetinməyin. Yeniliklər arxasınca qaçın. Bəzən də həyatınıza kənardan baxın, görün siz hardasınız?