SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-Faiq Hüseynova şok ittihamlar
Yenixeber.org: Redaksiyamıza Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan İsmayılov Elnur Mənsur oğlunun cənab prezidentə, cənab I vitse-prezidentə və cənab baş prokurora ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsində baş verən korrupsiya faktlarından və şəxsən özünün qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Təəssüf ki, yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki çabalarımız nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti ixtisarla dərc edirik:
“Cənab Prezident!
Mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da müsbət nəticə əldə edə bilməmişəm.
Prokurorluq orqanalrı və məhkəmələr təkzibolunmaz faktların araşdırılmasının qarşısında aciz qalıb. Faiq Hüseynovun və qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sifarişlərini yerinə yetirirlər. Mən isə sifariş yerinə yetirən, nankor və Azərbaycan Respublikasının qanunlarını satan məmurların yarıtmaz fəaliyyəti ucbatından hüquqlarımı Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda axtarmaq məcburiyyətində qalmışam.
Bugünəcən aidiyyatı orqanlara 300-ə yaxın müraciət və şikayət ünvanlasam da, heç bir münasibət bildirilməmişdir.
Bildirirəm ki, mən ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı - Geofizika və Geologiya idarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunmuşam. Mənim işdən çıxarılmağıma əsil səbəb o olmuşdur ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirdiyim üçün, o, mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarmışdır. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum vardır, biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən təkcə mənəm.
Məni “ixtisara” salan Faiq Hüseynov özü və “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumları, qapısını tanımadıqları “Təfəkkür” Universitetinin “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb, dövlətin əmlakını talamaqda davam edirlər.
Belə ki, Faiq Hüseynov qohumları-dostları vasitəsi ilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyektlər (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib dost-qohumlamın adma sənədləşdirib icarəyə vermişdir. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə vermişdir. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirmişdir. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa sübuta yetirərəm.
Mən tutduğum vəzifədən qanunsuz olaraq çıxarılmağım və bunun əsil səbəbi barədə müvafiq orqanlara məlumat vermiş olsam da, mənim işə qaytarılmağım və Faiq Hüseynov barəsində heç bir tədbir görülməmişdir.
Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməmə baxmayaraq F.C.Hüseynov özünün təşkil etdirdiyi “ASTRA” MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları almışdır ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm.
№ | Qaimə №-si və tarixi | Avadanlıq və məhsulun adı | Sayı | Fakt alış qiyməti | Real təklif qiyməti | Yaranan fərq |
1 | 041243 10.2010 | Aries ram yaddaş qurğusu | 126 əd | 1.188.432azn | 630.000azn | 558.432azn |
2 | 117556 23.02.2011 | P/N060000-04 səyyari qazma qarğusu | 4 əd | 154.800azn | 40.000azn | 114.800azn |
3 | 489671 24.08.2011 | 1. Kod167271000 2 xətti modul aunit 2.Kod09011563540 kabel a/d unit qcmpstd 3. Chekmate geofon 4. DT-HP104 Geofon strinqi | 167əd 677 əd 4 əd 500 əd | 1.025.046azn 1.056.528azn 61.016azn 126.000azn | 324.147azn 334.167azn 17.876azn 60.000azn | 700.899azn 722.361azn 43.140azn 66.000azn |
4 | 041336 11.2011 | Aram Aries ram yaddaş qurğusu | 30 əd | 580.500azn | 150.000azn | 430.500azn |
5 | 490634 20.07.2012 | PGCN konvertional model | 6 əd | 91.500azn | 25.200azn | 66.300azn |
6 | 917049 01.10.2013 | 1.Aries 8x55MTZ dənizdibi telemetrik kabel 2.Aramaries 500mtz xətarası birləşdirici kabel | 65 əd 8 əd | 452.075azn 51.184azn | 91.000azn 14.400azn | 361.075azn 36.784azn |
7 | 491640 19.04.2013 | ASSYPELT Vipro kabeli | 3 əd | 10.008azn | 2.400azn | 7.608azn |
8 | 491641 19.04.2013 | PeltonVİB PRO Encoder sistembloku | 3 əd | 185.334azn | 30.000azn | 155.334azn |
9 | 616704 17.05.2013 | 1.BL-3 xət birləşdirici blok 2.Qida modulu 3.12 kanallı telemetrik kabel | 2 əd 2 əd 15 əd | 11.542azn 8.376azn 231.375azn | 2.200azn 1.400azn 37.500azn | 9.342azn 6.976azn 193.875azn |
10 | 31.05.2013 | SPW proqram kompleksi SPV3 2.SPV proqram kompleksi SPV2-nin SPV3-ə yenilənməsi | 2 əd 2 əd | 225.846azn 112.812azn | 60.000azn 20.000azn | 165.845azn 92.812azn |
11 | 616905 13.08.2013 | Transponder akustik sistem üçün | 70 əd | 146.230azn | 24.500azn | 121.730azn |
12 | 616954 13.08.2013 | 1.Aram Aries sürət modulu 2.Aram Aries ram 3.Aries Marine Kase-dəniz blok 4. Aram Aies RTU xətbirləşdirici 5.Aries Marine CASE üz qapağı | 1 əd 65 əd 105 əd 6 əd 10 əd | 7.773azn 1.235.325azn 436.800azn 188.142azn 47.160azn | 2.400azn 325.000azn 126.000azn 60.000azn 11.000azn | 5.373azn 910.325azn 310.800azn 128.142azn 36.160azn |
13 | 616955 13.08.2013 | 1.Aram Aries litium akumlyator 2.Aram Aries ram qutusunun üst qapağı P/M SEL | 80 əd 40 əd | 155.040azn 156.120azn | 44.000azn 34.000azn | 111.040azn 122.120azn |
14 | 616957 13.08.2013 | Aram Aries Seysmostansiya UPS qida bloku | 1 əd | 24.806azn | 4.000azn | 20.806azn |
15 | 617145 06.11.2013 | Hidrofon | 10 əd | 14.700azn | 4.500azn | 10.210azn |
16 | 617152 11.11.2013 | Avtomat Siemens | 3 əd | 972.0 azn | 150.0azn | 822.0azn |
17 | 617156 21.11.2013 | Yol kənarı lövhə | 2 əd | 960.0azn | 160.0azn | 800.0azn |
9.084.430,0azn | 2.476.000,0azn | 6.608.430azn |
Cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 (altı milyon altı yüz səkkiz min dörd yüz otuz) manat dövlət vəsaiti mənimsənilmişdir.
Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilmişdir. Və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir.
Bununla yanaşı F.C.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə Volvopenta tipli stasionar mühərriklə təchiz olunmuş qayığı öz adına FHN-də sənədləşdirib oğlu Fərhadın adını isə qayığa vermişdir. Sonradan isə həmin idarədən oğurlanmış qayığı Musayev Niaməddinin adı ilə fiziki şəxs kimi aylıq 15.000 (on beş min) manat qarşılığında GGİ-yə icarəyə vermişdi. Halbuki həmin dövrdə Musayev Niyaməddinin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olmamışdır.
GGİ-nin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub. Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür.
Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirmişdir. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə “Azərsu” ASC-də Qorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilmişdir. Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir. Bu günədək nə mənim qanunsuz işdən çıxarılmağıma, nə də dövlətin büdcəsindən oğurlanan milyonların qaytarılması üçün heç bir addım atılmamışdır.
Odur ki, əvvəlki müraciətlərimin və hazırki müraciətimin iştirakımla araşdırılması və Faiq Hüseynova qarşı tədbir görülməsi üçün aidiyyatlı orqanlara tapşırıq verməyinizi sizdən xahiş edirəm”.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.