Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Vaxtsız ölən azərbaycanlı jurnalistlər- FOTOLAR

 

 

 

Azərbaycanda daha bir jurnalist vaxtsız əcəlin qurbanı oldu. “APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış telejurnalist Natiq Qədimov ötən axşam 41 yaşında vəfat edib. Yaxınlarının və ailə üzvərinin bildirdiyinə görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib

 

Yenixeber.org: Jurnalistin qəfil ölümü təkcə onun ailə üzvlərini deyil, dostlarını və Natiqi tanıyan hər kəsi sarsıdıb. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqlayıb. 

Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddətdir mətbuatda çalışırdı. İctimaiyyət onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişlərindən tanıyıb. Əsasən kriminal xəbər aparıcısı və müxbiri idi.

Natiq Qədimov vaxtsız ölümə ürcah olan ilk jurnalist deyil, amma kaş ki, hamımızı kədərə qərq edən bu hadisə sonuncu olaydı…

Təəssüf ki, son illər media sahəsində xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsılmışıq. 

Dünyasını dəyişən qələm sahibləri arasında xüsusilə gənc yaşlarında vəfat edənlərin, həyatdan erkən köçənlərin olması təəssüflə xatırlanır.

Bu ilin əvvəlində iki tanınmış yazarın (Zabil Müqabiloğlu, Mövlud Mövlud) da ölümü təkcə onların doğmalarını deyil, bütün həmkarlarını yandırıb-yaxır... Elə əvvəllər həyatdan tez köçənlər də həmçinin...


Modern.az saytı müxtəlif səbəblərdən həyatdan erkən yaşlarda köçən, haqq dünyasına vaxtından tez qovuşan media işçilərini bir daha xatırladır. Bu dünyaya erkən vida edən həmin jurnalistlər yəqin ki, yaxınları ilə yanaşı, həmkarlarının da yaddaşında əbədiyyən qalıb. 

2017-ci il martın 16-da media əhli səhəri bu dəhşətli xəbərlə açdı: gənc yazar, “Teleqraf.com” saytının redaktoru, ədəbi cameədə Mövlud Mövlud imzası ilə tanına Mövlud Abdullayev intihar edib. 26 yaşlı qələm sahibi özünü Binəqədi rayonu 7-ci mikrorayon, Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Və elə hadisə yerində dünyasını dəyişib. O, doğulduğu Qazax rayonunda torpağa tapşırılıb. Mərhumun bir azyaşlı oğlu qalıb.

26 fevral 2017-ci il tarixi də media əhlinə qanqaraçılıq gətirmişdi. Həmin gün tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi.

Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlmişdi. "525-ci qəzet", "Avropa", "Tərcüman",  "Yeni Müsavat" qəzetlərində çalışıb. Gunxeber.com saytının baş redaktoru olub. Ailəli idi, bir oğlu qalıb.

Rusdilli medianın tanınmış jurnalisti Namiq İbrahimov 4 yanvar 2017-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat edib.
1970-ci il təvəllüdlü N.İbrahimov Azərbaycanda "Zerkalo" və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə "Vesti.az" İnformasiya Agentliyində redaktor olub.

Qəfil ölüm “Lider” TV-nin müxbiri İlqar Qulusoyu 9 iyul 2016-cı ildə yaxaladı. Axşam saatlarında dostları ilə "Azərbaycan" Nəşriyyatının həyətindəki meydançada futbol oynayan İlqar qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib.  İlqar Qulusoy ürəktutmasından vəfat edib.

Onun cənazəsi doğulduğu Naxçıvan torpağında dəfn edilib.

İlqar Qulusoy 1980-ci ildə Naxçvan Muxtar Respublikasınının Kəngərli rayonunun Böyük Düz kəndində anadan olub. Əvvəllər Naxçvan Dövlət Televiziyasında işləyib. Son illər isə “Lider” televiziyasında çalışırdı… Ailəli idi.

 “Space” telekanalının əməkdaşı Gülər Məmmədova bir neçə il idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Gənc jurnalist 19 dekabr 2015-ci il tarixində dünyasını dəyişib. Həyatının son günlərini süni nəfəs aparatına qoşularaq keçirən Gülər Məmmədovanın ailəsi onun müalicəsi üçün evini sataraq, kirayəyə köçmüşdü. Uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən xanım jurnalist  iki dəfə Türkiyədə müalicə alsa da, sağalması mümkün olmadı. 

Gülər Məmmədova ANS TV-nin xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşıydı. Onların iki azyaşlı övladı var.

9 Avqust 2015 tarixi jurnalistlərin yaddaşında Rasim Əliyevin ölüm günü kimi qalıb. O Rasim Əliyev ki,  döyüləndən sonra yerləşdirildiyi xəstəxanada - 1 saylı Şəhər Kliniki Xəstəxanasında baxımsızlıqdan vəfat etdi. 

ANN.TV-nin əməkdaşı Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında döyülüb. Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovu “Facebook” səhifəsində tənqid etməsi olub. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Avqustun 9-na keçən gecə Rasim Əliyevin vəziyyəti pisləşib və cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib. Rasim Əliyev nişanlı idi...

2014-cü il sentyabrın 22-nə keçən gecə Bakı-Şamaxı yolunda baş verən ağır qəzada “Mercedes” və “KamAZ” markalı maşınlar toqquşmuşdu. Hadisə nəticəsində “Mercedes”in sürücüsü və 3 sərnişin aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişmişdilər. Qəza zamanı ölənlərdən biri “Türküstan” qəzetinin redaktoru, 1986-cı il təvəllüdlü Fuad Abdürrəhmanlı idi. Mərhum doğulduğu Şəki şəhərində dəfn olunub. 
Fuad Əbdürrəhmanlı bir sıra aparıcı gənclər təşkilatlarının fəal üzvü olmuş, DAK-ın Gənclər Təşkilatının rəhbərliyində təmsil olunmuşdu. O, yeni ailə qurmuşdu...

Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində ürək əməliyyatı keçirən gənc jurnalistin həyatını xilas etmək mümkün olmayıb. M.Nadirin cənazəsi Azərbaycana gətirlərək dəfn olunub.

2011-ci il avqustun 10-da jurnalust Ceyhun Nağı Azərbaycan mətbuatına daha bir itki oldu. Həmin gün o, səhər saatlarında evdən çıxarkən ürək ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilib. 

Ceyhun Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim Yol” qəzetlərində, anspress.com portalında çalışıb. Sonuncu iş yeri isə “Həftə içi” qəzeti idi. Orada redaktor vəzifəsində çalışırdı. Ceyhun Nağı doğulduğu Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn edilib. Onun bir qızı yadıgar qalıb.

2010-cu il martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu gənc yaşlarında vəfat edib. O, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı idi. Ondan əvvəl isə uzun müddət "Zerkalo" qəzetinin şərhçisi olub. 
Bakı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişərkən İ.Bayandurlunun qida borusunun venaları partlayıbmış. O, güclü qanaxma nəticəsində vəfat edib.

İ.Bayandurlu qara ciyərin serrozu, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.
İbrahim Bayandurlu Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi. 1972-ci il doğumlu jurnalist evli idi, bir qızı yadigar qalıb.

2010-nun aprelində istedadlı jurnalist, dövri mətbuatda dərc olunan siyasi məqalələri və BBC-nin rus xidmətində gedən reportajları ilə tanınan İlham Rzayev 31 yaşında vəfat edib. İlham Rzayev Sumqayıtda anadan olub və orada boya-başa çatıb. 2002-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Jurnalist karyerasına “Şərq” İnformasiya Agentliyində başlayıb. 2001-2004-cü illərdə “Exo” qəzetinin siyasət şöbəsində aparıcı müxbir işləyib. 2004-cü ildən 2007-ci ilə qədər BBC radiosunun rus xidmətində Qafqaz və Mərkəzi Asiya üzrə müxbir olub.

2007-ci ildə ABŞ Dövlət Departamentinin təhsil proqramı əsasında Solt-Leyk-Siti Şəhər Universitetində ixtisası üzrə magistraturada təhsil almağa gedib. 2009-cu ildə təhsilini başa vuraraq siyasi elmlər magistri dərəcəsinə yiyələnib. Elə həmin il eyni ixtisas üzrə həmin universitetin doktoranturasına daxil olub.

İlham Rzayev ailəli idi, onun da bir qız övladı var. Jurnalist ağır xəstəlikdən əziyyət çəkirdi. Son vaxtlar xəstəliyi daha da kəskinləşdiyindən İlham Rzayevin həyatını xilas etmək mümkün olmadı.

2010-cu ilin noyabr ayında jurnalist Şahin Ağabəyli avtomobil qəzası nəticəsində həlak olub. Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib. 
Şahin Ağabəyli evli idi. Bir azyaşlı oğlu yadigar qalıb.

2009-cu ilin dekabrında tanınmış jurnalist Elçin Səlcuq vəfat edib. İki il qaraciyər serrozundan əziyyət çəkən jurnalist 45 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Səlcuq jurnalistikaya "Azadlıq" qəzeti ilə ötən əsrin 90-cı illərində hay-küylü, cəsarətli yazıları ilə gəlib, məhşurlaşmışdı. O, müasir, azad jurnalistikanın ilk yazarlarından biri olub. 

"525-ci", "Detektiv" qəzetlərində də çalışıb. Son illərdə isə Elçin Səlcuq "Proloq" ədəbi dərgisində çalışırdı. Jurnalist Elçin Səlcuq Buzovna qəbirstanlığında dəfn olunub. Oğlu Səlcuq indi atasının yolunu davam etdirir.

Azərbaycanın ən məşhur jurnalistlərindən biri Məmməd Nazimoğlu 2008-ci ilin iyul ayında vəfat edib. Məmməd Nazimoğlu şəkər xəstəliyindən, hepatitdən əziyyət çəkirdi, O, Türkiyədə İstanbul Memorial Xəstəxanasında müalicə almışdı. Ağdaş rayonunun Qobuüstü kəndində dəfn olunub.

Məmməd Nazimoğlu Azərbaycanın ilk müstəqil nəşrlərindən olan "Aydınlıq" qəzetinin yaradıcılarından idi. "Xalq qəzeti"nin baş redaktor müavini, "Ulus" qəzetinin baş redaktoru, "Avropa", "Yeni Müsavat", "Azadlıq", "Şans" qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri idi. O, jurnalistika fəaliyyəti ilə yanaşı, Söz Azadlığı Müdafiə Fondunda icraçı direktor vəzifəsində də çalışıb.

Tanınmış jurnalist Adil Qaçayoğlu 2008-ci il may ayının 4-də Bakıda vəfat edib. Adil Qaçayoğlu vəfat edərkən 53 yaşında olub. Qəzetçilik ömründə o, “Şən həyat” (indiki “Balakən”),  “Azərbaycan gəncləri”, “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət”, “Panorama”, “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb.

Qarabağ mövzusunda silsilə yazılarına görə "Media açarı-2008"in təsisçilərinin xüsusi mükafatına - diplom və "Media açarı"na layiq görülüb. Elə 2008-ci ilin iyununda qələm dostlarının köməyi ilə nəşr olunmuş "Ağdam yuxuma girir..." kitabındakı yazılarının əksəriyyəti də Qarabağ mövzusundadır. İki övladı var.

2008-ci ilin mart ayında jurnalist Ağalar Mirzə vəfat edib. AzTV-də xalq flokloru ilə bağlı verilişləri ilə tanınan A.Mirzə həmin mart ayının 5-i axşam saat 22.00 radələrində ürək çatızmazlığından dünyasını dəyişib. Ağalar Mirzə Şabran rayonunda torpağa tapşırılıb.

Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Şabranda anadan olmuşdu. ADU-nun Jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980-1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986-1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994-1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999-?) vəzifələrində çalışıb. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olub. 

2000-ci illərin ortalarında daha iki gənc jurnalist erkən yaşda bu dünyaya əlvida demişdi. 

Əslən Qazaxdan olan jurnalist Vüqar Qocamanlı ağır xəstəlikdən vəfat edib. O, “Şərq” qəzetində, APA informasiya agentliyində çalışıb. Subay idi.

“Zerkalo” qəzetinin əməkdaşı, əslən Gürcüstandan olan  Elşad Qarabalov dənizdə çimərkən boğulub. Həyatını erkən yaşda itirən jurnalist ailə qurmamışdı.

 “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər. 

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Azərbaycan hüquq-mühafizə orqanları E.Hüseynovun ölümündən keçən 12 il ərzində hər iki Gürcüstan vətəndaşının istintaqa təhvil verilməsinə nail ola bilməyib. İstintaq işini 2015-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi aparırdı. 

Mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

 

 

Mərhum jurnalist, tanınmış publisist Hüseyn Əfəndinin ömürünün yarıda kəsilməsinə xəstəlik səbəb olub. 
1955-ci il doğumlu jurnalist 50 yaşında ürək xəstəliyindən vəfat edib. Hüseyn Əfəndinin ölüm tarixi 2005-ci ilin 22 dekabrıdır. 
Hüseyn Əfəndi “Xalq qəzeti”ndə, “Gənclik” jurnalında, “Ulus” və “Şans” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.

 
“Konsensus” qəzetinin baş redaktoru İbrahim Niyazov (İbiş) 1999-cu ilin avqustunda öldürülüb. O, Bakıdakı yataqxanaların birində boğulmuş vəziyyətdə tapılıb. Sonradan onun qatilinin öz iş yoldaşının olduğu bəyan edildi. Mərhum subay idi.

 1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olmuş Elmira Əmrahqızı da həyatdan erkən köçən jurnalistlərdəndir. Elmira Əmrahqızı 45 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.  1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib. 

“Bakı”, “Baku”, “Nezavisimaya qazeta” “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını” və digər qəzet və jurnallarında çalışıb. 
1989-1990-cı illərdə “Azadlıq” qəzetində işləyib. 

1990-cı ildə “Azadlıq” radiosu ilə əməkdaşlığa başlayır. 1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub. “Qızıl qələm”, “Həsən Bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülüb. 

Elmira Əmrahqızı 27 fevral 1998-ci ildə dünyasını dəyişib.

“Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 2004-cü ildə Nərimanov Rayonu Pasport Qeydiyyatı Şöbəsindəki bir mübahisənin sonunda insult keçirib. 2005-ci il iyunun 19-da dünyasını dəyişib. 

Balakəndə yerli DM.TV kanalının əməkdaşı Telman Dibirov isə 1999-cu ildə yerli hakimiyyət orqanlarının mənafelərinə zidd olacaq informasiyalar yaydığı üçün öldürülüb. 

1995-ci ildə Bakının mərkəzində “OMON”la hüquq- mühafizə orqanları arasında baş verən atışmada jurnalist Adil Bünyadov öldürülüb. Daha bir azərbaycanlı jurnalist Fərhad Kərimov isə Çeçenistanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. F.Kərimov “Röyters” və “Assoşieyted press”in telereportyorluğuna qədər yüksəlib. 

Qarabağ döyüşlərinin şiddətli vaxtlarında 90-cı illərin əvvəllərində AzTV-nin əməkdaşı Alı Mustafayev, dövlət televiziyasının operatoru Fəxrəddin Şahbazov, “Molodyoj Azerbaydjana”jurnalının əməkdaşı Salatın Əsgərova, məşhur telereportyor Çingiz Mustafayev, “Azərbaycan müəllimi” jurnalında çalışmış Kazımağa Kərimov həlak olub.

Müasir Azərbaycan jurnalistikasının əsasını qoyanlardan biri Nəcəf Nəcəfov da həyatla erkən vidalaşıb. 
Görkəmli jurnalist Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda doğulub.

80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. 

Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) N.Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov idi. Əsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra 44 yaşında vəfat edib.

 Allah rəhmət eləsin...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam