Nurçular təhsili və elmi ələ salıblar:Azərbaycan Texnologiya Universitetində
Prorektor Səbuhi Yusifovun “müdafiə etdiyi elmi işi” özünün belə oxuduğu inandırıcı deyil
Yenixeber.org: Azərbaycan Texnologiya Universitetinin (ATU) tədris və elmi işləri də savadsız rəhbərlərin ucbatından can verir. Universitet təhsil müəssisəsidir. Eyni zamanda burada çalışanlar elmi işlə məşğul olurlar. Hər bir universitet təhsil və elmdə qazandığı uğurlarla tanınır. Bu gün ATU-da təhsil və elm adına geriləmə olsa da, onun əvəzində nurçuların sayının 100-ə çatdırılması və onların yüksək maaş alması ilə universitet Azərbaycanda ali məktəblər arasında birinci yerdədir. ATU-nun rəhbərləri özlərini yalandan professor və dosent adlandırmaqla, özləri dissertasiya yazmayan nurçuların prorektor, dekan və bu kimi mühüm vəzifələri tutmaqla ölkə universitetlərinin hamısını geridə qoymuşdur. Rüşvətxorluq və korrupsiyada olduğu kimi, nurçulara məxsus “üysük oynatma” üsulu ilə sərbəst, savadlı alimləri işdən çıxarmaq üçün yeni fakültə, kafedra yaratmaqda da ATU öndə gedir. Məhkəmədə baxılan cinayət və mülki işlərin sayına görə “vüqarlı” ATU ön sıradakı yerini möhkəm saxlayır. Bunlara görə universitetin rektoru Akif müəllimə, öz hesabına, “taxta medal” da vermək olar. Təəssüf ki, bütün bunlarla bağlı yenixeber.org-da silsilə yazılarla çıxış etsəm də heç nə dəyişmir ki, dəyişmir.
Prorektorun dosent sevgisi
Universitetin elmi işlər üzrə nurçu prorektoru i.f.d. Səbuhi Cəbrayıl oğlu Yusifov dosent elmi adı almaq üçün sənədlərini AAK-sına təqdim etmişdir. 25.01.2017-cı il tarixində universitetin Elmi Şurasının 5 saylı iclasında S.Yusifovun dosent elmi adı almaq üçün sənədlərinin müzakirəsi gündəliyə çıxarılmışdı. Bu zaman elmi adların verilməsi üçün tələb olunan bir çox şərtlərin pozulması müşahidə olunmuşdur. Universitetin elmi katibi S.Yusifovun dosent elmi adı almaq üçün ərizəsinin daxil olduğunu bildirdikdən sonra sənədlərin müzakirəsi aparılmadan gizli səsverməyə buraxılmışdır(?) İclasdakı digər məsələlərə baxıla-baxıla, bir-bir səsvermədə iştirakı ilə aparılan gizli səsvermədə şura üzvlərinin nəzarəti bilərəkdən məhdudlaşdırılmış və hesablama komissiyası üzvləri iddiaçının lehinə təbliğat apara bilmişlər. Bu səbəbdən universitet Elmi Şurasının 25.01.2017-ci il tarixli 5 saylı iclasının S.Yusifova dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılmasının məqsədəuyğunluğu barədə qərarı müvafiq əsasnamənin ciddi pozuntusu kimi dəyərləndirilə bilər.
Əgər S.Yusifovun sənədləri universitet Elmi Şurasında müzakirə olunsaydı məlum olardı ki, o, 6 avqust 2015-ci il tarixdə Azərbaycan Texnologiya Universitetində elmi işlər üzrə prorektor kimi işə başlayanda disseratasiya müdafiə etdiyi vaxtdan cəmi 3 il keçmişdi. O da məlum olardı ki, rektorun əmri ilə dosent vəzifəsinə təyin edilməzdən əvvəl onun sənədləri müəllim kimi işlədiyi “İnzibati idadəetmə” kafedrasında müzakirə olunmayıb. Belə olan halda rektorun onu dosent vəzifəsinə təyinetmə əmri əsassız sayılmalıdır. Şurada baxılmazdan əvvəl S.Yusifovun sənədləri onun dosent olacağı “İnzibati idadəetmə” kafedrasında müzakirəsi keçirilməli idi. Ola bilməz ki, kafedra üzrə dosent seçilməsindən kafedra işçilərinin xəbəri olmasın. Bu ən azı kafedra əməkdaşlarına sayğısızlıqdır.
Elmi Şurada müzakirə olunsaydı bunlardan əlavə o da üzə çıxardı ki, S.Yusifovun prorektor kimi Təhsil Nazirliyi ilə aralarında bağlanmış 1 illik əmək müqaviləsinin müddəti 6 avqust 2016-cı ildə bitib. O tarixdən sonra tərəflər arasında yeni müqavilə bağlanmayıb və o, hal-hazırda əmək müqaviləsi olmadan prorektor vəzifəsini qoruyur(?!).
Daha sonra bilinərdi ki, S.Yusifov universitetdə işlədiyi bir il yarım müddətində “Müştəriyə yönəlmə proqramı”nın (MYP) rəhbəri olduğunu bildirmiş, bu adla işə başladığı 2015-ci ilin 6 avqustundan 25 gün sonra, yəni 31 avqustda, rektorun 223 saylı əmri ilə özünə 2494 manat, dostlarına isə yüksək əlavə əmək haqqı verilməsini təminat altına almışdır. İndi, mündəricatı tərtib edə bilməyən, cədvəli sxem sayan Vüqar abi kimi (bax. dissertasiyasının səh. 2 və səh. 14), Səbuhi abinin maaşı 4 min manatdan çoxdur. (Yazıq universitet gör sənə kimlər rəhbərlik edir).
Bu günə qədər Universitet Elmi Şurasında “Müştəriyə yönəlmə proqramı” nın maliyyə hesabatının verilməməsi proqramın pul yemək üçün bir vasitə olduğunu ortaya qoyur. Universitetdə işlədiyi müddətdə elmi işlər üzrə prorektor S.Yusifov özünü sözügedən proqramla işləyir kimi göstərmək üçün hər həftə kafedra müdirlərini yığıb iclas keçirib. Universitetə işlədiyi müddətdə tanışlıqla, yalvar-yaxarla gətirilmiş cəmi 2-3 min manat heç özünün bir aylıq əmək haqqını ödəmir. Amma prorektor və onun dostlarının hər birinin MYP adı ilə aldıqları əmək haqqı bir ildə 20 -50 min manat civarındadır.
S.Yusifovun sənədləri Elmi Şurada müzakirə olunsaydı ortaya çıxardı ki, elmi işlər üzrə prorektor kimi, artıq 2 dəfə apardığı doktoronturaya qəbul prosesi çoxsaylı pozuntularla aparılıb:
- qəbul prosesində imtahanlar formal götürülüb;
- imtahanlara elmlər doktorları – mütəxəssislər salınmayıb, qeyri-ixtisasçı dosentlər bilmədikləri ixtisaslardan imtahan götürüblər.
Hətta məlum olardı ki, əyani doktoranturaya qəbul olanların bir çoxu universitetə, kafedraya ümumiyyətlə gəlmir ya da bir neçə ştatda işlədilir. Bu fakt da S.Yusifovun elmi işlərdən bixəbər və yalana meyilli rəhbər olduğunu göstərir. Bundan əlavə üzə çıxardı ki, S.Yusifovun baş redaktorun müavini olduğu universitetin “Elmi xəbərlər” jurnalının redaksiya heyətində texnoloq elmlər doktoru olmadığından bilən yoxdur ki, orada dərc olunan məqalələrdən çoxu köçürmədir. Jurnalın AAK-ın tələblərinə uyğun formalaşdırılmaması elmi işlər üzrə prorektor kimi S.Yusifovun elmi işdən uzaq olduğunu göstərir. Bu da universitetdə təkcə tədrisə deyil, elmi işlərə də ciddi münasibət göstərilmədiyindən irəli gəlir.
Nurçu S.Yusifov daha da qabağa gedərək, möhtərəm Heydər Əliyevə (dolayı yolla həmçinin, prezidentimiz cənab İlham Əliyevə) sayqısızlıq göstərib, universitetdəki Heydər Əliyev Muzeyində 5 dekabr 2016-cı il tarixdə tədris prorektoru, nurçu dostu V.İsmayılovla, ondan əvvəl isə digər dostlarına süfrə açıb, ad günü şənlikləri keçirmiş və o, həmişə də masanın başında oturmuşdur.
Bu qədər faktları bilən rektor A.Süleymanovun əmək müqaviləsi olmadan işlətdiyi prorektor S.Yusifova müsbət xasiyyətnamə verməsi düzgün hal sayıla bilməz və eyni yolun yolçuları olduğunu göstərməkdədir..
S.Yusifov da tədris işləri üzrə prorektor V.İsmayılov kimi Qafqaz Universitetindən Azərbaycan Texnologiya Universitetinə gətirilməsinin pərdəarxasında universiteti nurçulaşdırmaq olduğu, onun və gətirdikləri nurçu dostlarının fəaliyyəti ilə təsdiqlənir. S.Yusifovun Ağdaş Türk Liseyində “abi”lik etməsi də məlumdur və çox şey deyir.
2015-2016-cı tədris ilində FETÖ-çuların Türkiyədə 15 iyul Dövlət çevrilişinə cəhdinə qədər ATU-dakı nurçular dəfələrlə qardaş ölkədə qrup halında ezamiyyətdə olublar. Rektor A.Süleymanov, onun nurçu ətrafı- prorektorlar V.İsmayılov, S.Yusifov və başqaları ayrı-ayrı qruplarda Yıldız Texniki Universitetində, İstanbul Universitetində, Orta Doğu Texniki Universitetində, Yıldırım Bəyazid Universitetində, Bilikənt Universitetində, Hacəttəpə Universitetində rəsmi işgüzar görüşlər keçiriblər. Hal-hazırda bu universitetlərdən onlarla FETÖ-çu xaric olunub, həbs olunanların olduğu Türkiyə KİV-dən məlumdur.
Hələ 14 noyabr 2015-ci il tarixdə universitetin 45 illiyinə həsr edilmiş konfransa dəvət olunanlar arasında Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Fətullah Gülənə aid Gürcüstan Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniçin xüsusi ilə diqqət mərkəzində olması çox şey deyirdi.
Ən mühümü S.Yusifovun da elmdən uzaq olması, “müdafiə etdiyi” dissertasiya işinə aid ixtisas üzrə dərs deyə bilməməsi, imkanı olduğu halda “İqtisadiyyat” fakültəsində olan 3 kafedranın birində işləməyi tərcih etməməsi, onun “dissertasiya işinin” araşdırılmasını gündəliyə gətirdi.
Elmi işlər üzrə prorektor S.Yusifov bu vəzifəyə təyin ediləndə Qafqaz Universitetində çalışıb. 2000-ci ildə Qafqaz Universitetində “Dövlət və Bələdiyyə idarə edilməsi” ixtisası üzrə bakalavr, 2002-ci ildə eyni universitetdə bakalavr pilləsdində aldığı ixtisas üzrə magistraturanı bitirib. 2012-ci ilin may ayının 30-da “Dissertasiya işini müdafiə edərək” 08.00.05-“Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)” ixtisasından iqtisad üzrə fəlsəfə doktoru “elmi dərəcəsini” alıb.
Maraqlıdır ki, “Dövlət və Bələdiyyə idarə edilməsi” ixtisası üzrə mütəxəsis olan S.Yusifov Qafqaz Universitetində təhsil alıb və orada ixtisası üzrə çalışıb. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Yerli idarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda dissertasiya işini yerinə yetirib və AMEA-nın İqtisadiyyat İnstitutunda müdafiə edib.
Sual olunur. Birincisi, təhsil almadığı ixtisas üzrə doktoranturaya imtahanı, o, necə və hansı biliklə verib? İkincisi, ayrı ixtisas üzrə təhsil alan S.Yusifov “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)” ixtisası üzrə dissertasiyanı Qafqaz Universitetində necə yazdı? Bəs o, təhsil almadığı ixtisas üzrə minimum imtahanını necə və hansı biliklə verdi? S.Yusifovun da ixtisas hazırlığı ardıçıllığını izləyəndə görünür ki, o, dissertasiyanı özü yaza bilməzdi və yazmayıb da. Nə doktoranturaya qəbul zamanı, nə də müdafiədən qabaq bələdiyyəçi S.Yusifovun oxumadığı və bilmədiyi iqtisadiyyat ixtisasından özünün sərbəst imtahan verməsi absurddur. Əgər onun həqiqətən iqtisadiyyat üzrə elementar biliyi olsaydı ATU-da mövcud olan 3 iqtisadiyyat kafedrasının birində işləyərdi.
S.Yusifovun dissertasiya işini oxuyanda da aydın görünür ki, onun dissertasiyası da Vüqar abininki kimi çox bərbad vəziyyətdədir. “Görkəmli alim”in hər fəsildən sonra yazılmalı olan müvafiq fəslin nəticələri yoxdur. Birinci fəslin sonunda dissertasiyada həlli vacib olan məsələlər öz əksini tapmayıb.
“Müəllif” S.Yusifov “dissertasiya işini dissertasiyaların tərtib qaydaları” nın tələblərinə uyğun yazmayıb. İllustrasiyaların altında məsələn, şək.1.1., şək.1.2.... və onların müvafiq adı yazılmalı olduğu halda dissertasiyada və avtoreferatda bu tələb gözlənilməyib. Dissertasiyada illusrtasiyalar qrafik 2.1 (səh.85), qrafik 2.2 (səh.87), qrafik 2.3 (səh.101), qrafik 2.4 (səh.102) kimi qeyd olunub, adları isə ondan aşağıda, şəkillərin üstündə yazılıb. Şəkillərin altında da “Mənbə və bəzi hallarda onun müəllif tərəfindən hazırlandığı” qeyd olunmuşdur. Eyni yanaşma şəkilə aid edilməli olan sxemlərdə də təkrarlanır. Sxemlərdə yer alan düzbucaqlı şəbəkələrin bir-biri ilə əlaqəsizliyi də “müəllif” in dissertasiya yazma imkanlarını ifşa edir (səh.29).
Maraqlıdır ki, avtorefaratda II fəsildə yer alan qrafik 1,2 (səh.11,12) və III fəsildəki qrafik 3,4 (səh.14,15) dissertasiyada II fəsildə verilib və III fəsillə heç bir əlaqəsi yoxdur. Özü də avtoreferatda verilən qrafiklərin ardıçıllığı dissertasiyada onların yer aldığı ardıçıllıqlada uyğun deyil. Eyni zamanda dissertasiya və avtoreferatdakı müvafiq şəkillər müqayisə olunsa aydın görünər ki, şəkillərin altında verilən “Mənbə və s. yazıları” da bir-birini tutmur. Bu səhvlər həm də müvafiq fəsillərdə yer alan sərhlərə aiddir.
Göstərilən faktlar kifayətdir ki, Azərbaycan Texnologiya Universitetinin elmi işlər üzrə prorektoru S.Yusifovun adına olan dissertasiya və avtoreferatı özü yazmadığı qənaətinə gəlinsin.
Dissertasiyanın II fəslinə aid 86-cı səhifəsində yer alan cədvəl 2.2-də 2002-ci ilə aid göstərici olmadığı halda həmin cədvəldə verilən göstəricilər əsasında “qurulan qrafik 2.2” və avtoreferatda III fəsilə aid edilmiş “qrafik 4” adlandırılan şəkil həqiqəti əks etdirmir. Dissertasiyanın sözügedən cədvəli və qrafikindəki mənbə dəyişdirilərək avtoreferatın III fəslinə aid edilməsi yuxarıda gəlinən qənaəti daha da gücləndirir. Ümumiyyətlə dissertasiyanın “Urbanizasiya şəraitində yerli idarəetmə mexanizminin təkmilləşdirilməsinin iqtisadi məsələlərinin həlli istiqamətləri” adlı III fəslində heç bir şəkil yoxdur və səh.120-də cədvəl 3.1 və səh.129-da cədvəl 3.2 olmaqla cəmi 2 cədvəl var.
Dissertasiya yazan və dilçilikdən məlumatı olan hər bir kəs yaxşı bilir ki, “avtoreferat-dissertasiya müəllifinin özü tərəfindən yazılmış xülasəsidir”. Lakin S.Yusifovun adına olan avtoreferatı oxuyanda başqa ifşaediçi faktlar da ortaya çıxır. Məsələn, səh.7-də yazılıb ki, “müəllif bu sahədə dövlətin regional siyasətinin tərkib hissəsi olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının urbanizasiya proseslərinə təsir imkanlarını araşdırır”... Səh.8-də isə - “Belə proqramların həyata keçirilməsində əsas məqsəd yerli əhalinin yaşayış səviyyəsini yüksəltmək və bu sahədə mövcud problemləri həll etməkdir. Məhz buna görə müəllif hazırda ölkəmizdə yerli icra hakimiyyəti orqanları ilə özünüidarə qurumları - bələdiyyələr arasında səlahiyyət bölgüsünün vəziyyətini təhlil etmiş və hər bir yeni sahədə olduğu kimi, bu sahədə bir sıra institusional və iqtisadi problemlərin mövcud olduğunu vurğulayır”. II fəsilə aid səh.9-da isə qeyd olunur ki, “Yeri idarəetmənin mövcud səviyyəsini, iqtisadi xarakteristikasını təhlil edən müəllif bu sahədə aşağıdakı problemlərin mövcud olduğu qənaətinə gəlmişdir:” ... III fəsilə aid səh.16-da isə - “İşdə müəllifşəhərin strateji inkişaf planı, onun reallaşdırılması üsullarını, yerli idarəetmənin bu sahədəki imkanlarını araşdırır.” və ya “İşdə müəllif...Böyük Bakının Regional inkişaf planı haqqında ətraflı məlumat vermiş və bu baş plan haqqında ümumiləşdirmələr aparmışdır.”
Səh.18-də “İşdə bəhs edilən bu təhlilə Əli Bayramlı bələdiyyəsinin hazırladığı stateji plan nümunə olaraq göstərilmişdir.” Halbuki “dissertasiyanı yazan” S.Yusifov onun 128-129-cu səhfələrində “Şirvan bələdiyyəsinin hazırladığı strateji plandan” söz açır.
Avtoreferatın səh.19-da qeyd edilən “Dissertasiyanın əsas məzmunu və müddəaları müəllifin aşağıdakı əsərlərində öz əksini tapmışdır:” ifadə tərzi də əsl “müəllifi” ifşa etməkdədir. Bunlarla da “avtoreferat”ın kənar şəxs tərəfindən hazırlandığı rəy əsasında formalaşdırıldığı müəyyənləşir.
Nəhayət dissertasiya işində (səh.138,139) və avtoreferatda (səh.18,19) yer alan nəticə və təkliflərin bir-birinə uyğun gəlməməsi, S.Yusifovun onun adına olan “dissertasiya” və “avtoreferat”ın əsl müəllifi olmadığı qənaətini təsdiqləyir.
S.Yusifovun əsərlərinin dissertasiya işində “istifadə edilmiş ədəbiyyat siyahısı”nda (səh.140-148) olmaması, onlara işdə istinad edilməməsi əlavə şübhələr doğurmaya bilməz. Halbuki dissertasiya müəllifi bunu hökmən etmək məcburiyyətində idi.
Disertasiya işində (səh.8) və avtoreferatda (səh.6) qeyd edilir ki, “... tətqiqat işinin nəticələri Yasamal bələdiyəsi... tərəfindən istifadə üçün qəbul edilmişdir. (arayış № 568. 24 noyabr 2011-ci il).” Amma bu “önəmli sənədin ” dissertasiya işinə əlavə olunması tələbi də ödənməyib. Bu fakt da bir çox əlavə suallar doğurur.
Doğurdanmı dissertasiya və avtoreferatdakı çoxsaylı qüsurları “müəllif”, rəhbər, rəsmi opponentlər, dissertasiya müdafiə şurasının üzvləri, AAK-da ekspert şurasının üzvləri görmədilər?
Elmi baxımdan S.Yusifovun“yazdığı dissertasiya”necə gəldi, heç kim oxumayacaq yanaşması ilə əlaqəsiz söz yığmından ibarətdir. Yuxarıda yerinə yetirilən araşdırmalar nəticəsində məlum oldu ki, S.Yusifov dissertasiya işini özü yazmayıb. (Onun dissertasiya işinin ləğv edilməsi ilə bağlı yaxınlarda AAK-sına rəsmi rəylə müraciət olunacaqdır.)
Yuxarıda qeyd olunanları nəzərə alaraq, özü yazmadığı dissertasiya ilə “alim” olan və müzakirə olunmamış sənədlərlə, əqidəsi və bir çox əməlləri yanlış olan Səbuhi Cəbrayıl oğlu Yusifova dosent elmi adı verilməsi barədə Azərbaycan Texnologiya Universitetinin AAK-sı qarşısında qaldırdığı vəsatətə baxılmasının qarşısının alınması barədə əlaqədar təşkilatlara müraciət olunmuşdur.
ATU-da tədris və elmi işlər üzrə prorektor işlədilən Vüqar və Səbuhi abilərin, o cümlədən dekan vəzifəsinə oturdulan Azər abinin dissertasiya işi yazmadıqları dəqiqdir. Onların yüksək vəzifə tutaraq, tədrisi, elmi yönətmələri universitetə qara ləkədir. Ona-buna “məqalə yazanda mənim də adımı yazın” deyə boğazını çəkən, özünü 4 ildir ki, yalandan professor adlandıran rektor A.Süleymanov bu qondarma alimlərə ayda 2-4 min manat maaş verməsini universitetdə təhsili və elmi ələ saldıqları üçün mükafat kimi qiymətləndirmək olar. Rektor bununla universitet kollektivini necə təhqir etdiyini və nurçulara böyük pullar peşkaş etməklə, ölkə başçısının maliyyə israfçılığına yol vermək olmaz göstərişini qulaq ardına vurduğunu yəqin ki, bilir. Bilmirsə biləcək, inşallah.
Başındakı biliyi orta bakalavr və ya magistr səviyyəsində, əlindəki “silahı taxta qılınc və qalxanı ələkdən olan” universitetin nurçu rəhbərləri, yanlarında boynubükük göründükləri, özü və sözü olan alim-pedaqoqları işdən çıxarmaqla, hələ universitetdə “at adına mindikləri eşşəklərini çapmaqdadırlar”. İnanırıq ki, elmdən, təhsildən kasad, əliəyri, əqidəsiz insanların universitetdə törətdikləri yaramaz əməllərinə göz yumub, gələcəyimiz olan gənclərrimizə savadsızlıq, yaltaqlıq, yalandan üzə durmaq kimi mənfi keyfiyyətləri aşıladanlara dur deyən tapılacaq. Və bu gün uzaqda deyil...
P.S. Növbəti yazıda dekan işlədilən bələdiyyəçi Azər Hüseynin “kənd təsərrüfatının mexanikləşdirilməsinin texnologiya və vasitələri“ ixtisasından Gəncədə yazdırdığı dissertasiya işi və onun imzasız, möhürsüz “tətbiq aktı”ndan söz açılacaqdır.
Sabiq kafedra müdiri, t.e.d., professor Cahangir Hacıyev
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.