Yenixeber.org: “Bizim mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bakıda, “Gülüstan” sarayında “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumundakı çıxışında deyib.
“Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti”, - deyən ölkə başçısı qeyd edib ki, “onların dediyi bizim üçün sıfır məna kəsb edir”.
Prezident sülh məsələsindən danışarkən qeyd edib ki, Azərbaycana sözlər yox, sənədlər, yazılı kağızlar lazımdır: “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar”.
Prezidentin bu mesajlarından əvvəl isə hər iki ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, sülh sazişi mətni ilə bağlı danışıqlar yekunlaşıb. Belə görünür ki, Ermənistan layihədəki 17 maddənin hamısını qəbul edib. Amma bir məqam var ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməyib, hansı ki, Azərbaycan bu dəyişmədən sülh sazişinin imzalanmayacağını açıq şəkildə bəyan edib.
Sülh prosesi ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov əvvəlcə Azərbaycan Prezidentinin mesajlarına toxunub:
- Azərbaycan Prezidenti cənab İlham Əliyev əvvəldən ortaya qoyduğu mövqeyindən bir addım da geri çəkilməyib. Prezidentin sülhlə bağlı mövqeyinə baxsaq görərik ki, əldə olunacaq sülh Azərbaycanın qazandığı qələbəyə layiq olmalıdır. Kommunikasiyaların açılması, Azərbaycana qarşı hərbi cinayətlər, terror törətmiş hər bir cinayətkar ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar. Bu şəxslər nə vaxtsa prezident olmuş olsalar da. Eyni zamanda, vaxtilə Azərbaycanın tarixi torpaqlarında yaşamış azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Söhbət Qərbi Azərbaycana qayıdışdan gedir. Bu məsələ də öz aktuallığını qoruyur. Üçüncüsü, Ermənistan İkinci Qarabağ müharibəsindən keçən 5 il müddətində regiona qeyri-regional və qeyri-ənənəvi aktorları dəvət etdi, gətirdi. Bunlardan biri Avropa İttifaqının Monitorinq Missiyasıdır ki, tamamilə sülhün əleyhinə olan fəaliyyətlə məşğuldurlar. Həmçinin bir neçə anti-Azərbaycan mövqeli dövlətlər var ki, Ermənistanı hücum silahları ilə silahlandırırlar. Daha bir məsələ isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Belə halda sülh sazişinin imzalanması nə dərəcədə mümkün ola bilər?
- Amma həm rəsmi Bakı, həm də İrəvan sülh sazişi mətni üzrə danmışıqların yekunlaşdığını elan etdilər...
- Bəli, tərəflər bəyan etdilər ki, sülh sazişi layihəsindəki 17 bəndin hamısı razılaşdırılıb, sənəd üzrə danışıqlar yekunlaşıb. Amma bu, məsələnin həlli demək deyil. Dediyim kimi, həll olunmamış məsələlər var ki, onlar yerinə yetirilməlidir. Əməli addım atılmalıdır. Prezidentin dediyi kimi, bizə sənəd lazımdır. Ermənistan indi deyir ki, Konstitusiya dəyişikliyi 2026-cı ildə olacaq. İrəvan çalışır ki, Konstitusiya dəyişikliyindən əvvəl sülh sazişi imzalansın. Amma cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim Ermənistana etibarımız yoxdur.
Başqa bir məsələ odur ki, Ermənistan ərazisində avropalı agentlər qalırlar. Bakı onların çıxarılmasını tələb edir, şərt kimi irəli sürürü. Maraqlıdır, avropalı agentlər Ermənistanın iradəsinə tabe olacaqlarmı, bölgədən çıxacaqlarmı? Nəhayət, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş canilərin Azərbaycana təhvil verilməsinə Ermənistan hazırdırmı? Bu mövqeyə Ermənistanın nə qədər yaxın olduğu aydın deyil.
- Ermənistan tərəfindən, Baş nazir Nikol Paşinyan tərəfindən sülh sazişi imzalamağa hazır olduqları bəyan edilir...
- Bəli, bəyan edilir. Amma Azərbaycanın ali rəhbərliyində səhih məlumatlar mövcuddur. Prezident İlham Əliyevin Ermənistana etimadın sıfır olması ilə bağlı dedikləri təsadüf deyil. Məncə, sülh sazişi haqqında danışmaq hələ tezdir. Məsələ ondadır ki, sülh sazişini razılaşdırmaq məsələnin bir, onu həyata keçirmək başqa tərəfidir. Paşinyandan sülhün əldə olunması ilə bağlı vaxt soruşdular, cavabında dedi ki, üç ay, altı ay, yaxud bir il sonra. Əgər Paşinyan sülh istəyirsə, 2025-ci ildə Konstitusiyaya dəyişiklik etməlidir. Axı mətn razılaşdırılıb. Bu il Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliyi etməyəcəksə, 2026-cı ildə heç edə bilməyəcək, çünki həmin il Ermənistanda seçki keçiriləcək. Ondan sonra 2027-ci ildə dünyada nələrin baş verəcəyi bəlli deyil. Hesab edirəm ki, bütün tələblər əməli şəkildə Ermənistan tərəfindən yerinə yetirilmədiyi müddətdə sülh məsələsindən şərti danışmalıyıq.(AYNA)