Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Ermənistan Suriya yolu gedir -İran və Rusiya daxili qüvvələri hərəkətə gətirir

news content

Hazırkı geosiyasi turbulentlik dövründə Ermənistan hakimiyyəti həm xaricdən, həm də daxildən özünə ciddi təhlükə hiss edir.

Yenixeber.org: Əslində hər iki təhlükə bir-biri ilə əlaqəlidir, çünki ölkənin milli təhlükəsizliyi öz potensialına deyil, xarici qüvvələrin regiondakı maraqlarının nə qədər uğurla balanslaşdırılmasına bağlıdır. Balans pozulanda xarici təsirlər daxildəki bəzi qüvvələri hərəkətə gətirir və nəticədə hakimiyyətə yeni problemlər vəd edən proseslər başlayır.

Bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin siyasi müxalifətin liderləri - keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirib. Səfirlə müxalif liderlərinin nələri müzakirə etdiyi məlum deyil, amma sonrakı günlərdə Koçaryanın və Sarkisyanın tərəfdarları arasında “hakimiyyəti Paşinyana kim verdi” mövzusunda dartışmalar başlayıb. Daha dəqiq desək, Koçaryan komandasının üzvləri 2018-ci ildə ölkədə baş verən inqilabı, nəticədə Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsini həmin dövrdə ölkəyə rəhbərlik etmiş Serj Sarkisyanın zəifliyi kimi qələmə verirlər. Eks-baş nazirin də öz arqumentləri var. Onların ardınca isə Baş nazir Nikol Paşinyan 3 dəfə bu dartışmaya münasibət bildirib.    

O, Gümrüdə qarşıdan gələn bələdiyyə seçkilərində partiyasına meydan oxuyan müxalifət fiqurlarını tənqid edərək, onları zirzəmidən çıxan siçovullarla müqayisə edib. “Biz onları siçovulların basdığı ​​zirzəmilərinə geri göndərməliyik, orada onlar Ermənistan xalqının ədalətini gözləyəcəklər”, - Baş nazir seçicilərə müraciətində deyib.

Paşinyan “Facebook”-da yazıb ki, hakimiyyəti ona heç kim verməyib, erməni xalqı korrupsioner, oğru rejimin əməllərindən bezərək inqilab edib və onun rəhbərlik etdiyi qüvvələri hakimiyyətə gətirib.

Ermənistanda hakimiyyətə yaxın media Rusiya səfiri Kopırkinin müxalif liderləri ilə görüşünə və ondan sonrakı hərəkətlənmələrə xüsusi diqqət yetirir. Qeyd olunur ki, geosiyasi hadisələr fonunda xalqdan heç bir dəstəyi olmayan qüvvələr ruhlanaraq, qarşıdakı dövrdə Rusiyadan hakimiyyət çevrilişi üçün həlledici dəstək almağa ümid edə bilərlər. Ekspertlər 44 günlük müharibədən sonra Ermənistanda cərəyan edən hadisələri, baş verənlərə Moskvanın xüsusi münasibətini xatırladaraq, ölkədə sabitliyin pozulmasını, siyasi qarşıdurma cəhdlərinin yenidən baş qaldıracağını proqnozlaşdırılar.  

Ermənistan hakimiyyətinin Birləşmiş Ştatların kəskin dəyişən xarici siyasətindən, Avropa İttifaqının Ukrayna və təhlükəsizlik qayğılarından dolayı öz problemlərinə isitqamətləniməsindən qaynaqlanan başqa narahatlıqları da var. Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycanla sülhün əldə olunmadığı dövrdə Ermənistanın ərazi bütövlüyü, suverenliyi təhlükə altındadır. Çünki ölkənin “kupçası” yoxdur, onu alıb təsdiqləmək üçün Azərbaycanla razılığa gəlmək lazımdır. 

Amma daxili və xarici qüvvələr Paşinyanın Bakını qane edəcək addımlar atmasına mane olur. Xüsusilə Rusiya, İran və Fransa İrəvana açıq təzyiq göstərir. Ötən ay İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzur dəhlizinin açılmasına qarşı bəyanatını yeniləyərək, bunu Tehranın “qırımızı cizgilərinə” daxil olan məsələ olduğunu bildirmişdi. 

Görünür, İran Paşinyanın “quru” bəyanatları, vədləri ilə qane olmur və Ermənistan daxilindəki alətlər vasitəsi ilə hökumətə təzyiq etməyə qərar verib. Daşnaksütyun partiyasının lideri Armen Rustamyan bildirib ki, Ermənistan Azərbaycanın öz ərazisinə genişmiqyaslı hücumunun qarşısını almaq üçün qonşu İranla müdafiə ittifaqına girməlidir.

O, iddia edib ki, Ermənistan hökumətinin təhlükəsizlik siyasəti Türkiyə və Azərbaycan tərəfindən diktə edilir. “Biz dostlarımızın sayını artırmaq əvəzinə, onları düşmənə çeviririk. Hesab edirik ki, ilk növbədə Rusiya ilə strateji müttəfiqlik münasibətlərimizi möhkəmləndirməliyik, bunun üçün hüquqi baza mövcuddur. İranla hərbi-siyasi ittifaq dərhal belə bir məntiqlə bağlanmalıdır ki, bu ölkələrdən birinə hücum digərinə də hücum deməkdir”, - o vurğulayıb.

Rustamyan onu nəzərdə tutur ki, Azərbaycanın İslam Respublikası ilə həmsərhəd olan yeganə Ermənistan bölgəsindən keçəcək quru dəhlizinin yaradılması tələblərinə İran kəskin etiraz edib.

“Heç kimə sirr deyil ki, İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə hakimiyyətimizdən daha çox bizim milli maraqlarımızı əks etdirən aydın mövqedən çıxış edir. Beləliklə, biz İrana imkan verməliyik ki, həyati vacib milli maraqlarımızı müdafiə etmək üçün öz öhdəliklərini tam yerinə yetirməyə hüquqi-siyasi əsaslar qazansın”, - Daşnaksütyun lideri bildirib.

Bununla belə, Paşinyan hökuməti İranla yaxın hərbi əlaqələri davam etdirməkdən çəkinir. Əvəzində o, Ermənistanı Qərblə, Hindistanla əlaqələri sıxlaşdırmağa yönəltməyə çalışır. Paşinyan ötən həftə etiraf edib ki, İranın Qərblə uzun müddətdir davam edən gərginliyi onun Ermənistanla əməkdaşlığına mənfi təsir göstərir.

Rustamyanın tələb etdiyi dəyişiklik Ermənistanın aparıcı müxalifət qrupu, “Ermənistan” bloku tərəfindən hələ də rəsmi şəkildə dəstəklənməyib. Blokun lideri, keçmiş prezident Robert Koçaryan daha əvvəl İranla daha sıx hərbi əlaqələrə çağırmışdı. Ötən ay keçirdiyi mətbuat konfransında Koçaryan iddia edib ki, Tehranın mövqeyi Azərbaycanı Naxçıvana dəhliz açmaq üçün Ermənistanı işğal etməkdən indiyə qədər çəkindirən yeganə amildir.

Paşinyanın bu günlərdə xarici işlər naziri Ararat Mirzoyanı Hindistana göndərməsi də qeyd olunan proseslərin tərkib hissəsidir. Nazir, hindistanlı həmkarı ilə yanaşı, bu ölkənin hərbi və müdafiə strukturlarının rəhbərləri, silah sənayesinin nümayəndələri ilə də görüşlər keçirib. O, yerli mətbuatın “Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz” sualını belə cavablandırıb: “Aydındır ki, müdafiə Hindistanla çox sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. İnanıram ki, bu əməkdaşlıq daha da dərinləşəcək. Amma qeyd edim ki, bu əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Biz müdafiə sektorumuzun islahatları, ordumuzu modernləşdirmə prosesinin ortasındayıq və burada Hindistanın bəzi spesifik sahələrdə təcrübəsi, eləcə də Hindistan istehsalı olan avadanlıqlar bizim üçün maraqlıdır. Amma yenə də bu, Ermənistanın müdafiə sistemində islahatlara aiddir və bu sistemlərdən heç bir üçüncü tərəfə qarşı istifadə etmək niyyəti yoxdur”.

Göründüyü kimi, Mirzoyan bir neçə dəfə “Hindistanla əməkdaşlığımız üçünü tərəfə yönəlməyib” cümləsini təkrarlayıb. Bu, Azərbaycana ünvanlanan, Bakının sərt reaksiyasını yumşaltmağa hesablanmış gedişdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın Qərb ölkələrindən, eləcə də Hindistandan müasir silahlar alması Azərbaycanın və regionun təhlükəsizliyini təhdid edir.

Beləliklə, Ermənistanda xarici qüvvələrin və onların daxili uzantılarının fəallaşması ölkədə yeni situasiya yaradır. Baş nazir Paşinyanın seçki və referendum hazırlığına start verməsinin də daxildə siyasi fəallığı, ondan dolayı qarşıdurmaları artıracağı gözlənilir. Ötən 3 ildəki hadisələrdən fərqli olaraq, bu dəfə biz xarici aktorları Ermənistanda daha aydın görə biləcəyik. İstisna deyil ki, Paşinyanı dəstəkləyən qüvvələrin ciddi müqaviməti olarsa, kənar qüvvələr özlərini Suriyada olduğu qədər Ermənistanda da “rahat” hiss etsinlər.(pressklub)     



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam