Rusiyanın “SSRİ 2.0” planı –Regionu ABŞ deyil, Türkiyə xilas edə bilər

Yenixeber.org: ABŞ və müttəfiqləri son üç ildə Rusiyanı haqlı olaraq beynəlxalq hüququ və liberal dünya nizamının əsaslarını pozmaqda ittiham edərək onu beynəlxalq təcrid vəziyyətinə salmağa çalışırdılar. Lakin Donald Tramp Moskva ilə münasibətləri bərpa edir və Rusiyanı təcavüzkar, Ukraynanı isə təcavüz qurbanı adlandırmaqdan imtina edir. Bu, 1990-cı illərdə formalaşan dünya düzəninin sona çatdığı deməkdirmi?
Rusiya təcavüzkardır və ABŞ Trampın prezidentliyi dövründə onunla münasibətləri bərpa etmək yoluna tutur. Putin və Tramp artıq açıq və birmənalı şəkildə bu siyasi iradəni ifadə ediblər. Bu, ən azından özünü tərəflərin Vaşinqtondakı Rusiya səfirliyinin tam fəaliyyətini bərpa etmək qərarında göstərir.
Bundan əlavə, 24 fevralda – Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümündə – ABŞ BMT Baş Assambleyasının Rusiya təcavüzünü və Ukrayna ərazilərinin işğalını pisləyən qətnaməsinin əleyhinə səs verib.
Əməkdaşlığın belə bir inkişafı postsovet ölkələri üçün nə dərəcədə təhlükəlidir? Donald Trampın bu qərarları ilə Putinə keçmiş sovet məkanında sərbəst fəaliyyət üçün “kart-blanş” verməsi mümkündürmü? Əgər belə olarsa, sonra nə baş verə bilər? Təcavüzkar Rusiyanın artıq bizim ölkələrimizin ərazisinə müdaxiləsi başlaya bilərmi? Trampın beynəlxalq aləmi bu cür səhv qavramasının qarşısını kim ala bilər? O, həqiqətənmi dünyanı üç oyunçu – ABŞ, Rusiya və Çin arasında bölmək vaxtının gəldiyini düşünür?
Suallarımızı tanınmış xarici analitiklər cavablandırıblar.
Ukraynanın “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko hesab edir ki, hələlik uzağa gedən nəticələr çıxarmağa ehtiyac yoxdur.
“Həm Tramp, həm də Putin bir araya gələrək bir çox məsələlərdə razılığa gəlmək istəyirlər. Lakin ABŞ və Rusiya arasında danışıqlar prosesində problemlərin mövcud olduğu da açıq-aşkardır. Hələlik Tramp və Putin arasında mümkün görüşün tarixi belə razılaşdırılmayıb. Eyni zamanda, ABŞ və Rusiya nümayəndə heyətlərinin yeni görüşü üçün də konkret tarix müəyyən edilməyib.
Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin və ABŞ-ın Moskvadakı səfirliyinin tam fəaliyyətinin bərpası ilə bağlı siyasi qərar hələ 18 fevralda Ər-Riyadda keçirilən danışıqlar zamanı qəbul edilib. Lakin bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında İstanbulda keçirilən son texniki danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Ən azı, bu barədə heç bir informasiya verilməyib. Bundan əlavə, ABŞ və Rusiya arasında Ukraynadakı müharibənin başa çatdırılması da daxil olmaqla, bir çox digər məsələlərdə də fikir ayrılıqları mövcuddur” – deyə tədqiqatçı bildirir.
O, qeyd edir ki, bu səbəbdən də, Tramp və Putin arasında hansısa ittifaqın formalaşdığını demək hələ tezdir.
“Ona görə də, Trampın dünyanı üç oyunçu – ABŞ, Rusiya və Çin arasında bölmək qərarına gəldiyini söyləmək üçün heç bir əsas yoxdur. Ciddi ekspertlərin əksəriyyəti tam əksini düşünür: Tramp Putinlə yaxınlaşmaq yolu ilə Rusiyanı Çindən ayırmaq istəyir. Çin Xalq Respublikası ABŞ üçün əsas rəqib və ən ciddi geosiyasi çağırış olaraq qalır. Lakin Rusiyanın Çindən imtina edəcəyi ehtimalı azdır və Çin də ABŞ-Rusiya yaxınlaşmasına birbaşa və ya dolayı şəkildə mane olacaq.
Postsovet məkanından danışsaq, Çin artıq Mərkəzi Asiyanı öz maraq dairəsi kimi görür və Rusiyanın, məsələn, Qazaxıstana qarşı hər hansı aqressiv addımlarına icazə verməyəcək.
Cənubi Qafqaz kontekstində isə Rusiya ekspansiyasını məhdudlaşdıran amil Türkiyənin təsiri olacaq. Türkiyənin təsiri yalnız Qafqaz regionu ilə məhdudlaşmayacaq. Ankara artıq Ukraynada sülhün bərqərar olunmasında vasitəçilik etməyə, hətta Ukrayna ərazisində sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bəyan edib. Türkiyənin Londonda Ukraynaya dəstək məqsədilə keçirilən sammitdə iştirakı bunun açıq göstəricisi idi.
Nəhayət, nəzərə almaq lazımdır ki, Ukrayna ABŞ-ın hərbi dəstəyi olmasa belə, Rusiyanın qarşısında geri çəkilmək niyyətində deyil. Ötən il Ukrayna yarım il ərzində ABŞ-dan hərbi yardım almamışdı, lakin müqavimətini davam etdirə bilmişdi. Hazırda isə Avropa ölkələri (yalnız Avropa İttifaqı deyil) Rusiyadan gələn hərbi təhdidlərdən ciddi narahatdırlar və Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya kömək edəcəklər.
Əgər Tramp Rusiyadan istədiyini ala bilməsə (Tramp isə çox şey istəyir, o cümlədən Çinlə əməkdaşlığın kəsilməsini), onun Putinlə razılığa gəlmək arzusu Moskva ilə bağlı məyusluq və narazılığa çevrilə bilər. Bu hal onun ilk prezidentliyi dövründə də baş vermişdi”, – deyə Fesenko bildirir.
Hazırda Tbilisidə yaşayan rusiyalı siyasi ekspert Yeqor Kuroptev isə bildirir ki, hələlik Trampın ictimai şəkildə səsləndirdiyi bəyanatların onun real strategiyasına nə dərəcədə uyğun gəldiyi aydın deyil.
“Strategiyanın özü aydındır – mümkün qədər tez sülh sazişi əldə etmək. Lakin Kiyevi Ukraynaya açıq şəkildə təhlükəsizlik zəmanətləri verməyən bir sazişi imzalamağa məcbur etmək imkanı olmayan Tramp, çox güman ki, danışıqlar masasına oturması üçün təcavüzkara təzyiq etməyə məcbur olacaq. Halbuki o, bundan əvvəl Putinə açıq şəkildə dostluq mesajları ötürürdü.
Variantlar müxtəlif ola bilər, lakin əgər ABŞ-da hələ də Kremllə, üçüncü ildir xəstəxanaları və uşaq bağçalarını partladan insanlarla hansısa formada əməkdaşlığa inanan insanlar varsa, onlar səhv edirlər. ABŞ-ın hazırkı prezidenti nə edirsə etsin, Kreml istənilən sazişdən Qərb və ABŞ əleyhinə koalisiyanın liderinə çevrilmək üçün istifadə edəcək. Bu, Kremlin strategiyasıdır və o, bundan imtina etməyəcək. Çünki demokratik ölkələrin “KQB”-nin qatilləri ilə əməkdaşlıq etməsinin mümkün olmadığını bilir və belə bir əməkdaşlığa inam ola bilməz”, – deyə politoloq qeyd edir.
O, vurğulayır ki, Cənubi Qafqaz və Rusiyanın qonşuluğunda yerləşən digər ölkələrə gəlincə, təəssüf ki, burada istənilən halda pozitiv proqnozlar ola bilməzdi.
“Azərbaycan və Türkiyənin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika İttifaqı) formal üzvlük müraciətləri artıq açıq siqnal idi. Eyni zamanda, Gürcüstan hökumətinin tam şəkildə Kremlin qanadı altına keçməsi, bunun üçün etiraz aksiyası iştirakçılarının döyülməsi və yüzlərlə insanın həbs edilməsi, vəziyyətin ciddiliyini göstərir.
Əlbəttə, Gürcüstan iqtidarı da hakimiyyətini itirmək istəmirdi, lakin onların bütün addımlarının əsasında Kreml qarşısında qorxuları dururdu.
Düşünürəm ki, Kremlin qonşu ölkələri SSRİ-2.0 modelinə uyğun ələ keçirə bilib-bilməyəcəyini ABŞ deyil, məhz Türkiyə müəyyən edəcək. Türkiyənin bölgədə hərbi qüvvələri, son dərəcə effektiv ordusu, resursları və ən əsası siyasi iradəsi var. O, Putinin kim olduğunu yaxşı bilir. Əgər Türkiyə regional güc və NATO üzvü kimi liderlik rolunu üzərinə götürsə, Kremlin Cənubi Qafqazda heç bir uğur əldə etmək şansı olmayacaq və əlləri bağlanacaq.
Əgər Türkiyə bu rolu götürməzsə, o zaman regiondakı bütün ölkələri olduqca çətin günlər gözləyir. ABŞ-a ümid bəsləmək yaxın gələcəkdə mümkün deyil. Təəssüf ki, hər kəs öz başının çarəsinə baxmalı olacaq”, – deyə Kuroptev yekunlaşdırıb.(pressklub)
Rauf Orucov