Sabiq nazir: “Azərbaycanın hərbi-siyasi müttəfiqi regionun ən mühüm oyunçularından birinə çevrilir”
Yenixeber.org: ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra yeni dünya nizamının qurulması istiqamətində addımlar atılır. Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə baxışının fərqli olması, münaqişə ilə bağlı Ağ Evin siyasətinin dəyişməsi müşahidə edilir. Ukraynanı Rusiyaya təslimçiliyə, demək olar ki, məcbur edən Tramp iqtidarı ABŞ-Rusiya müttəfiqliyinin yaranmasında maraqlı görünür. Buna qarşı çıxan Avropa İttifaqı (Aİ) isə çıxış yolu axtarışındadır.
Ekspertlər bildirirlər ki, Ağ Evin Ukrayna ilə bağlı siyasəti dünyadakı geopolitik vəziyyəti kökündən dəyişməkdədir. Bununla, həmçinin, digər regionlarda, o cümlədən Cənubi Qafqazda da yeni siyasi konfiqurasiyanın yaranacağı istisna deyil.
Mövzu ilə bağlı suallarımızı cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib ki, Cənubi Qafqazla bağlı Türkiyənin mövqeyi indi daha önəmlidir və məsələyə Türkiyə kontekstində baxmaq lazımdır:
- Qeyd etmək lazımdır ki, Trampın Türkiyəyə baxışları da fərqlidir. Suriyadakı hadisələr, PKK-nın buraxılması ilə bağlı məsələlər onu göstərir ki, bəzi məsələlərdə ümidlər var ki, Türkiyə bögədə - istər Yaxın Şərq olsun, istərsə də Cənubi Qafqaz - əsas oyunçulardan biri olacaq. Türkiyə deyəndə qəbul etmək lazımdır ki, bu ölkə Azərbaycanın siyasi və hərbi müttəfiqidir. Bizim bu əlaqələrimiz artıq Rusiya tərəfindən də qəbul olunub. Xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi onların geopolitik seçimidir, çünki onlar müstəqil dövlətlərdir. Bu, çox maraqlı, hətta deyərdim ki, unikal bir bəyanat idi. Rusiya liderinin digər postsovet ölkələri barəsində bu cür fikirlərinə rast gəlinməyib. Yəni demək istəyirəm ki, Kreml də artıq Ankara-Bakı müttəfiqliyini qəbul edib. Türkiyə və Azərbaycanın siyasəti nəticəsində artıq belə bir reallıq hökm sürür.
Bu prosesin davamını digər məsələdə - Türk Dövlətləri Təşkilatının vahid gücə çevrilməsində görməliyik. Hesab edirəm ki, bu da perspektiv vəd edən məsələdir. Tramp administrasiyası istər-istəməz bu təşkilata da dəstək verməlidir. Çünki onun əsas rəqibi Çindir. Nəzərə almaq lazımdır ki, ABŞ Əfqanıstanda “Taliban”a yox, Çinə uduzdu. Tramp bu günlərdə bildirdi ki, indi Baqram aviabazasında Vaşinqton olmalı idi, amma ondan Pekin istifadə edir. Bu, bir növ işarədir. Ona görə də hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı yaxın perspektivdə vacib oyunçulardan birinə çevriləcək ki, bu da bizim üçün, region üçün önəmlidir. Belə anlaşılmasın ki, biz kiməsə tabe olacağıq. Sadəcə bizim əhəmiyyətimiz daha yüksək olacaq. Əlbəttə, bu vəziyyətdə Türk Dövlətləri Təşkilatı ölkələrinin liderləri bizim ortaq maraqlarımızın təmini istiqamətində siyasət həyata keçirəcəklər.
- Amma əks fikirdə olanlar bildirirlər ki, Rusiyanın güclənməsi onun yenidən Cənubi Qafqazda təsirlərini artıra bilər. Bu fikirlə razısınızmı?
- Əlbəttə, təhlükələri izləməliyik. Potensial təhlükə daşıyan proseslər yaxından izlənilməlidir. Bunun iki növü var: ya açıq konfrantasiyaya gedirsən, ya da siyasi dialoqu davam etdirərkən öz maraqlarının müdafiəsini təmin edirsən. Əslində qalsa, Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanan strateji əməkdaşlıq haqqında sənəd var. Bu əməkdaşlıq o deməkdir ki, siyasi üslublar istifadə olunarkən hansısa şəkildə maraqların balansı tapılır. Əminəm ki, bu istiqamətdə Bakının siyasəti davam edəcək. Azərbaycan unikal bir dövlətdir. Dünyada Azərbaycan yeganə dövlətdir ki, şimaldan Rusiya ilə, cənubdan isə İranla sərhəddir. Bəzi faktorları yaddan çıxarmamalıyıq. Çünki regionda dominantlıq etmək üçün bir çox qüvvələr bir-biri ilə əsrlər boyu rəqabət aparıblar. Bu rəqabətin hansısa növlərini gələcəkdə görəcəyik. Amma indiki vəziyyətdə çox yaxşı haldır ki, Azərbaycan artıq formalaşmış dövlətdir. Azərbaycanın ordusu, siyasəti var, ərazi bütövlüyü bərpa olunub, öz məqsədlərinə nail olmaqdadır. Ona görə də gələcək proseslərdə üstünlüyə nail olmağımız üçün imkanlar mövcuddur.
- Dünyadakı yeni geosiyasi şəraitdə Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları nə qədərdir?
- Tarixi ədaləti bərpa etmək üçün gücdən, yoxsa siyasi danışıqlardan istifadə olunacaq, dəqiq demək mümkün deyil. Amma əminəm ki, Azərbaycan hansı vasitə lazımdırsa, ondan istifadə edəcək. Çünki vaxtilə bizə qarşı çox ciddi tarixi ədalətsizlik edilib. Bir ölkəni iki yerə bölmək anormallıqdır. Söhbət Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsindən gedir. Hesab edirəm ki, bu geopolitik səhv öz həllini tapacaq.
Sülh sazişinin imzalanmasına gəlincə, bu barədə dəfələrlə bildirmişəm – ermənilər ağıllı olsalar, Bakının istəklərinə müsbət cavab verməlidirlər. Amma görünən odur ki, Ermənistan müsbət cavab verməyə meyilli deyil. Ümumiyyətlə, Ermənistan təzyiq dilindən daha yaxşı anlayır. İstisna etmirəm ki, Zəngəzur dəhlizi ilə bağlı, sülh sazişi barədə Azərbaycan öz siyasətini davam etdirəcək.(AYNA)