TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Trampın Rusiya sevdası ABŞ-ni Avropadan birdəfəlik qopara bilər
Ukraynaya qarşı ədalətsiz planın reallaşması qaçılmaz görünür...
Yenixeber.org: ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaqla bağlı verdiyi bəyanatlardan bəlli olur ki, o, bu məsələdə elə lap əvvəldən Rusiyanın mövqeyini dəstəkləyirmiş. Lakin seçkini udmaq üçün “mən bu müharibəni 24 saat ərzində durduracağam” kimi absurd fikirlərlə baş qatırmış ki, əsl məqsədi faş olmasın...
Məsələn, Tramp onun istəklərinə qarşı müqavimət göstərən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qəzəb püskürərək deyib: ”Zelenski dəhşətli iş gördü, onun ölkəsi darmadağın oldu və milyonlarla insan səbəbsiz öldü, və bu, davam edir…"
Trampın sözlərindən belə anlaşılır ki, Zelenski ölkəsini müdafiə etdiyi üçün günahkardır. ABŞ Prezidenti və ona yaxın olanlar Ukraynaya qarşı isterika içərisində “qara PR kampaniyası”na start veriblər.
Məsələn, tanınmış telejurnalist Taker Karlson bildirib ki, Avropanın ən bahalı otellərində və dağ xizək kurortlarında ukraynalıların əlindən tərpənmək olmur və onlar sağa-sola pul səpirlər, kef edirlər. Ancaq Karlson konkret adlar çəkmir və ya əyanı sübut ortaya qoymur. O, yalnız ukraynalıları ABŞ ictimaiyyətinin gözündən salmağa çalışır. O, bununla demək istəyir ki, “görün ukraynalılar bizim pullarımızı necə havaya sovururlar”. Sanki trampistlərin hamısı Ukraynaya qarşı hər tərəfdən hücuma keçməyə fürsət gözləyirmişlər.
Trampın davranışları onun “Make Great Amerika Again” (Amerikanı yenidən böyük edək) şüarına qətiyyən uyğun gəlmir. ABŞ Prezidenti təcavüzə məruz qalmış və özünü qorumaq naminə çoxsaylı qurbanlar vermiş bir ölkənin prezidenti barəsində xoşagəlməz ifadələr işlədir, sonra isə deyir ki, “mən Ukraynanı sevirəm”. Məgər Zelenskini Trampın “sevdiyi” Ukrayna xalqı özünə prezident seçməyib?

Tramp Putinin Zelenski barəsində söylədiklərini eynən təkrar edir və deyir ki, Zelenski seçki keçirmədiyi üçün diktatordur. Amma “YouGov” saytının 4071 amerikalı arasında apardığı rəy sorğusundan çıxan nəticələrdən məlum olur ki, respondentlərin 41 faizi Trampın özünü diktator hesab edir və sorğuda iştirak edənlərin yalnız 22 faizi Trampla eyni fikri bölüşür.
İndi hamını bir sual maraqlandırır ki, Trampın Vladimir Putinə qarşı isti münasibət bəsləməsinin əsl səbəbi hardan qaynaqlanır? Bəlkə bu, arxa planda gizlənən böyük strateji məqsəd naminə Tramp tərəfindən həyata keçirilən aldadıcı manevrdir? Yoxsa, Tramp 1987-ci ildə Moskvada olarkən doğrudanmı “KQB” tərəfindən ələ alınıb? Təbii ki, bu versiya şou və sensasiya xarakteri daşıyır.

Tutalım, Tramp 38 il bundan öncə ruslar tərəfindən ələ alınıb. Yaxşı, bəs onu hakimiyyətə necə gətiriblər? ABŞ-nin CIA, FBI, NSA və digər kəşfiyyat orqanları nə işlə məşğul idilər? Bu illər ərzində Tramp xəstələnib ölsəydi, necə olacaqdı? İlon Mask, Cey Di Vens və digər trampçılar da Rusiyanın casuslarıdır? “KQB” elə güclüydüsə, onda SSRİ niyə dağıldı, niyə onu qoruyub saxlaya bilmədilər?
Suallar çoxdur və bu cür versiyalar Rusiya barəsində uydurulmuş əfsanənin təsiri altına düşənlərin təfəkkürünün məhsuludur. Ancaq iş ondadır ki, Ukrayna məsələsində Tramp özünü elə biabırcasına aparır ki, onun Rusiya casusu olması fikri ayaq tutub yeriməyə başlayır.
Görəsən, həqiqətənmi müasir tariximizin fövqəldövlətinin irəliyə hesablanmış proqramı Trampın bir-birini təkzib edən qarmaqarışıq və ziddiyyətli tezisləri əsasında həyata keçiriləcək? Əlbəttə, bu tərz siyasi gedişlərlə ABŞ Prezidenti nəinki Amerikanı yenidən böyük edə, əksinə, dərin tənəzzülə də sürükləyə bilər.
Şübhəsiz ki, Trampın bu cür siyasət yürütməsinin səbəbi yeni dünya nizamının formalaşmasıyla bağlıdır. Böyük ehtimalla ortada hansısa xüsusi əhəmiyyət daşıyan bir layihə var və Tramp onu yerinə yetirmək öhdəliyi götürüb. Ancaq o, təmiknlə davranmır, illərdir müttəfiq saydığı ölkələrin liderlərinə qarşı qabalıq edir və həm də hədsiz tələsir. Sanki Tramp qarşıya qoyulmuş tapşırıqları öncədən tərtib olunmuş qrafikə uyğun, vaxtında həll etməlidir.
Sözügedən layihənin arxasında ABŞ “Dərin dövləti”nin (ınvisible government) dura biləcəyi faktorunu hesabdan silməyək. Trampın qarşısında öhdəliyi “Vanguard”, ”BlackRock”, ”State Street” və digər maliyyə nəhəngləri qoya bilərlər və onların yanında İlon Mask cırtdan fiqurdur. Unutmayaq ki, real hakimiyyət, görünməyən hakimiyyətdir. Tramp ABŞ üçün lazım olan və əksəriyyətin dərk etmədiyi planı yerinə yetirməlidir. Çox təəsüf ki, bu qarmaqarışıq və dolaşıq vəziyyətdə Ukraynaya qarşı ədalətsiz davranılacağı istisna edilə bilməz...

Deməli, Tramp ABŞ-nin dünyadakı mövqeyini gücləndirmək və onun maraqlarını qorumaq üçün yaxşı nəticələr verəcək çoxyönlü geostrateji tədbirlər həyata keçirməlidir. Bunun üçün ABŞ mütləq Avrasiya qitəsində hökmran mövqeyə sahib olmalıdır, əks halda, bir neçə ildən sonra Vaşinqton Amerika qitəsilə kifayətlənmək məcburiyyətində qalacaq. Ona görə də Avrasiyanın ərazi baxımından ən böyük dövləti olan Rusiya ABŞ-nin qarşıya qoyduğu məqsədlərin reallaşması üçün yaxşı vasitə ola bilər. Hazırda Rusiya bərbad vəziyyətdədir və əgər Tramp Ukraynaya hərbi yardım göstərərsə, Rusiya ordusu çökər və nəticədə zəifləyib taqətdən düşümüş Rusiyada fəlakət yaşanar.
Əlbəttə, ABŞ bunu qətiyyən istəmir. Çünki belə olan təqdirdə Çin yaxın perspektivdə Rusiyanın şərqdəki ərazilərini asanlıqla ilhaq edəcək.
Bir çox təhlilçinin fikrinə görə, Tramp Rusiyaya xoş məram göstərərək onu tələyə salır və buradakı başlıca məqsəd Moskvanın Çinlə yaxınlaşmasının qarşısını almaqdır. Yəni, hesab edilir ki, ABŞ öncə Rusiyanı özünə yaxınlaşdıracaq, sonra isə ona “sarılaraq boğacaq”. Bu, kifayət qədər məntiqli versiyadır, amma ABŞ özünün marionetkası kimi görmək istədiyi birisini niyə boğsun ki? Hazırda ABŞ bütün gücüylə Rusiyanı məhv olmadan xilas edir.

Çin birmənalı olaraq ABŞ-nin geostrateji rəqibidir və onunla mübarizədə amerikalıların Rusiyadan istifadə etməsi məntiqli qərardır. Yeri gəlmişkən, vaxtilə SSRİ-nin müttəfiqi olmuş Çin kommunistləri 1960-cı illərdə Moskva ilə yolları ayırıb ABŞ ilə dostluğa başlamışdı. İndi isə bunun əksi yaşana bilər...
ABŞ həmişə Avropa ilə Rusiyanın yaxınlaşmasına, daha doğrusu, Rusiyanın Avropanın vassalı olmasına imkan verməyib. Ona görə də Trampın öhdəliklərindən biri Çin ilə Avropa arasında yarana biləcək istənilən nəqliyyat əlaqəsini pozmaq ola bilər. Çin Avropaya maneəsiz, rahat və sürətli yük daşımaq üçün bütün parametrlərə cavab verən çoxşaxəli quru və dəmir yolları, eyni zamanda da loqistik məntəqələr qurmağı planlayıb. Çin Avropa qitəsi ilə yeni növ əlaqə xətləri yaratmaq üçün uzun müddətdir ki, “Bir yol, bir zolaq” layihəsi üzərində işləyir. Rusiya ilə Çin arasında münasibətlərin soyuması bu layihənin gerçəkləşməsini əngəlləyə bilər, çünki Rusiya çoğrafi baxımdan mühüm strateji mövqedə yerləşir. ABŞ həmçinin, Çinin Avropaya gedəcək dəniz yollarını da “keçilməz” hala salmağı planlayırmış kimi görünür.
Bəllidir ki, ABŞ dünyadakı texnoloji liderliyini davam etdirmək və eyni zamanda bunu daha irəliyə aparmaq üçün gələcək texnoloji inkişafın əsas sahəsi olan mikroelektronikada istifadə ediləcək kimyəvi elementlərin yerləşdiyi coğrafi əraziləri öz ixtiyarına keçirməyə cəhd göstərir. Bu baxımdan 17 kimyəvi elementdən ibarət olan və yüksək texnoloji məhsulların ərsəyə gətirilməsində vacib yer tutan nadir torpaq elementlərilə zəngin regionlar ABŞ-nin maraq dairəsinə düşüb. Elə bu səbəbdən də ABŞ-nin Ukraynadakı nadir torpaq elementlərindən faydalanmaq istəyində qəribə heç nə yoxdur. Amma Tramp Zelenskiyə güclü təzyiqlər göstərir və Ukraynanın indiki mürəkkəb vəziyyətindən yararlanıb, ona heç bir təhlükəsizlik zəmanəti vermədən qeyri-bərabər şərtlər daxilində müqavilə imzalamağa zorlayır. Qısa desək, reketlik edir. Biz yaxın gələcəkdə ABŞ-nin dünyanın faydalı qazıntılarla zəngin olan digır regionlarına da qarşı yürüdəcəyi anoloji ekspansionist siyasətə şahidlik edə bilərik.

Beləliklə, Tramp və komandası öz üzərlərinə həll olunması müşkül olan yeni dünya nizamının qurulması kimi çətin tarixi missiya götürüblər. Tramp bunun öhdəsindən çox asanlıqla gələ biləcəyinə əmindir və o, hələ ki, eyforiya mərhələsindədir. Hazırda onun əndazəni aşan siyasi demarşlarına qarşı istər ABŞ-də və istərsə də Avropada kəskin etirazlar baş qaldırır. Bəzən elə təsəvvür yaranır ki, o, üzərinə qoyulmuş ağır missiyanın məsuluiyyətini dərk etmir və “MAGA” şüarını “mən hamıdan güclüyəm” devizi ilə səhv salır.
Trampın “buldozeri”nin qabağını alacaq yeganə güc Avropa ola bilər. Çin yəqin ki, hələ bir müddət sakit dayancaq və ABŞ ilə Avropa arasındakı çəkişməni seyr edəcək. Avropa isə hələlik ABŞ ilə müqyisədə zəifdir, lakin Avropanın iqtisadi, texnoloji və demoqrafik potensialı onun gücə çevrilməsinə imkan verir. İkinci Dünya Müharibəsindən indiyədək ABŞ və Avropa arasında bu cür ekzistensional gərginlik yaşanmamışdı. Çünki “qoca qitə” ABŞ-ni özünün etibarlı təhlükəsizlik çətiri sayırdı, amma artıq bu inam itmək üzrədir.
ABŞ-yə tam arxayın olan Avropa son otuz ildə həyati vacib məsələləri bir kənara ataraq, ifrat sol radikalizmin gündəmə gətrdiyi ideyaların gerçəkləşməsi, kütləvi miqrant axınına qapıların açılması, bürokratik aparatın şışırdilməsi, özünü iqtisadi cəhətdən əsla doğurultmayan alternativ enerjiyə böyük həcmdə investisya yatırılması, cinsi azlıqlara əlahiddə hüquqların verilməsi və sair bu kimi sərsəm işlərlə məşğul olub. Almaniya Bundestaqına keçirilən seçkilər göstərdi ki, ictimai düşüncə zamanın ruhuna uyğun gələn yeni liderlər tələb edir. Bu da o deməkdir ki, Avropa qitəsində vəziyyət radikal dəyişikliyə doğru gedir.

Dünyanın mövcud siyasi modelində inqilabi dəyişikliklərə gedilirsə, onda Avropanın təhlükəsizlik doktrinasına fundamental düzəlişlər edilməlidir. Trampın Rusiya sevdası ABŞ-ni Avropadan birdəfəlik qopara bilər. Nəticədə NATO tarixə qovuşa, Avropa isə özünü qorumaq üçün müvafiq tədbirlər görmək məcburiyyətinbdə qala bilər. Səksən illik dünya düzənində ABŞ-nin özünəməxsus yeri və funksiyası olub, o, sadəcə, digər ölkələr üzərində dominantlıq edib. Ancaq hadisələrin inkişaf dinamikası göstərir ki, Tramp ABŞ-ni dünyaya hökmranlıq edən imperiya mərkəzi kimi görmək istəyir. Bu istəyi reallaşdırmaq üçün ABŞ Rusiyadan istifdə etməklə Avropanı təhlükə qarşısında qoymaq, sonra isə onu psevdo-millətçi qüvvələrin köməyi ilə içəridən parçalamaq fikrində ola bilər.
Belə görünür ki, ABŞ Avropanı zəiflədəndən sonra növbəti geostrateji rəqibi Çinlə məşğul olmaq və onu özünə tabe etdirmək niyyətindədir. Maraqlıdır, görəsən, indiyədək mövcudluğunu saxlamış dünyanın Avropa və Çin kimi güc mərkəzləri ABŞ-nin yeni dünya planlarını elə Ukraynadaca pozmaq barədə düşünürlərmi?(Azpolitika)
Vaqif Nəsibov