Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Yollar ayırdı bizi?... -Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında

news content

Azərbaycanın ən böyük və ən yaxın strateji müttəfiqi ilə münasibətlərində gərginlik yaranıb.

Yenixeber.org:  Rəsmi Bakı ilə Ankaranın münasibətlərindəki bu soyuqluq İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana səfəri zamanı Türkiyə hava məkanından keçid verilməməsi ilə kulminasiyaya çatdı. Bu barədə məlumat əvvəl hər iki ölkənin mediasında anonim rəsmi mənbələrə istinadla yayılsa da, iki gün əvvəl Türtkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğan şəxsən açıqlama verərək, Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini təsdiqləyib.

Qeyd edək ki, son dönəmlərdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əvvəlki kimi "səmimi" olmaması ilə bağlı məlumatlar yayılırdı. Səbəb kimi Azərbaycanın Türkiyə və Ermənistan arasındakı "gizli" danışıqlardan narazı olması, Türkiyənin isə Bakının Tel-Əvivlə münasibətlərinin getdikcə istiləşməsindən xoşhal olmaması göstərilirdi.  

Maraqlıdır, Türkiyənin Azərbaycanla münasibətləri hansı həddə qədər gərginləşə bilər? Təbii müttəfiq olan bu iki ölkənin arasında həlli mümkün olmayan hansı problemlər ola bilər? 

Mövzu ilə bağlı bizimlə həmsöhbət olan REAL partiyasının sədri Natiq Cəfərli Türkiyə ilə Azərbaycan arasında həlli mümkün olmayan məsələlərin olduğuna inanmır: “Müəyyən fikir ayrılıqları, təbii ki, var. Məsələn, Yaxın Şərq məsələsində. Amma bu fikir ayrılıqları dostluq-qardaşlıq strateji əlaqələrinə kölgə salacaq səviyyədə deyil. Hətta burada başqa məqamlar da ola bilər”.

N.Cəfərlinin fikrincə, Türkiyə ilə Azərbaycan bəzi məsələlərə müxtəlif münasibətlər göstərməklə, fərqli tərəflərlə eyni məsafənin saxlanmasında da maraqlı ola bilərlər. Məsələn, Yaxın Şərqdə İsrail ilə Azərbaycanın yaxın münasibətdə olduğunu hamı bilir. Amma Türkiyə daha çox Qəzzada Fələstin dövlətini dəstəkləyir: “Burada bir problem görmürəm, əksinə, düşünürəm ki, strateji müttəfiqlik varsa, bu cür ikili yanaşma problemlərin içində olmağa və problemlərə müxtəlif istiqamətdə müdaxilə edilməsinə yardımçı ola bilər. Ona görə də, Türkiyə ilə Azərbaycan arasındakı fikir ayrılıqlarının çox dərində olduğunu düşünmürəm”

Müsahibimizin sözlərinə görə, zamanla hansısa məsələyə müxtəlif yanaşmalar ola bilər, amma Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı bu günün məsələsi deyil. Bu proses çoxdan başlayıb, hətta orduların inteqrasiya məsələsi gedir, ortada Şuşa Bəyannaməsi var, liderlər arasında normal görüşlər də olur. Son həftələrə nəzər salsaq, həm Kazanda, həm də Bakıda belə görüşlər olub: “Hansısa köklü və ciddi dəyişikliklərin olması fikri ilə razı deyiləm. Azərbaycan Ermənistanla Türkiyə arasında gedən danışıqlardan da xəbərdardır. Ermənistan-Türkiyə sərhədlərinin açılmasında Azərbaycanın hansısa maneə yaradacağını da düşünmürəm. Çünki bu, Qarabağ müharibəsi ilə bağlı idi. Bu məsələ də tam həll olundu. Türkiyə-Ermənistan sərhədlərinin açılmasından Azərbaycan zərər yox, əksinə, xeyir görər. Çünki Türkiyənin Ermənistana təsirinin artması bizim də xeyrimizə olacaq”.

Politoloq Xaqani Cəfərli isə hesab edir ki, İsrail prezidenti İsaak Hersoqun Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə verilməməsi ciddi diplomatik qalmaqaldır: “Rəsmi Ankaranın bu addımı İsraillə yanaşı, Azərbaycana da qarşı yönəlib. Çünki Hersoq məhz Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammitində iştirak etmək üçün Türkiyənin hava məkanından istifadə etmək istəyib. Türkiyə ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğu bir müddətdir hiss olunurdu. İndi isə bunu gizlətmək mümkün deyil. Fikrimcə, bu, Azərbaycan rəhbərliyinin Türkiyənin Ermənistanla hansısa təmaslardan narazı və narahat olması ilə bağlı deyil”. 

Politoloqun sözlərinə görə, bu narazılıq Türkiyə hakimiyyətinin İsrailə qarşı siyasətindən qaynaqlanır. Ərdoğan İsrailə qarşı ittifaq yaratmağa çalışır və belə təşəbbüslə çıxış edib. İsraillə strateji tərəfdaş olan Azərbaycan isə belə ittifaqlarda yer ala bilməz: “İsraillə yaxşı münasibətləri Azərbaycanın maraqları tələb edir. Bu maraqları isə təhlükəyə atmaq olmaz. Ona görə də Azərbaycan rəhbərliyi çox doğru davranaraq, Türkiyənin İsrailə qarşı siyasətinə qoşulmur. Rəsmi Ankaranın Azərbaycanın Türkiyədən fərqli maraqlarının ola biləcəyini anlamaması yanlışdır. Azərbaycan Ukrayna ilə münasibətlərini Rusiyadan asılı olmadan müəyyən etdiyi kimi, İsraillə münasibətlərini də Türkiyədən asılı olmadan, müstəqil müəyyən edir. Dövlət siyasətində doğru olan da budur”. 

“Türkiyə ilə Azərbaycan arasında hər məsələdə eyni fikir yoxdur. Bəzi məqamlarda eyni problemə fərqli baxırıq”.

Bu sözləri isə saytımıza açıqlamasında siyasi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın beynəlxalq siyasətə baxışındakı böyük fərq İsraillə bağlıdır. Azərbaycan İsraillə münasibətini saxlayır, paralel olaraq da Fələstini dövlət kimi tanımağa hazırdır. İsrail-Fələstin münaqişəsində ikitərəfli bərabərlik və sülh məsələlərini təsdiqləyir: “İsrail Prezidentinin Azərbaycana səfəri üçün alternativ yollar, əlbəttə, tapılardı. Amma bunu Azərbaycana qarşı hansısa addım kimi qiymətləndirmirəm”.

A.İsazdə deyir ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlərlə bağlı danışıqlar 10 ildən çoxdur, gedir. Ümumiyyətlə, Türkiyə bu məsələni həmişə nəzarət altında saxlayıb: “Bununla bağlı müzakirələr daim gedib, amma Türkiyə həmişə bəyan edirdi ki, Qarabağ məsələsi həll olunmayana qədər biz sərhədləri açmayacağıq. Bu gün isə Azərbaycan öz ərazisini işğaldan azad edib, sülh sazişi imzalamağa hazırlaşır, sadəcə, hansısa texniki məsələlər qalıb. Bu proses gedə-gedə Türkiyə sərhədləri açma məsələsini hansısa formada intensivləşdirə bilər”.

İsazadə deyir ki, Azərbaycan ilə Türkiyə arasında hansısa problemlər yarana bilər, vaxtaşırı olaraq yaranır da. Bəzi məsələlər müzakirə olunur. Amma yaxın gələcəkdə Azərbaycan-Türkiyə arasında bu problemlərin şiddətli olacağı və Türkiyə-Azərbaycan ittifaqının problemlə üzləşəcəyi gözlənilmir.(pressklub)

Burla


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam