Nəsrullahın öldürülməsi ABŞ-a nə üçün lazım idi? -TƏHLİL
İsrailin regionda apardığı savaş əslində Vaşinqtonun maraqlarına xidmət edir...
Yenixeber.org: Artıq həftənin istirahət günlərində dünyanı çalxalayan hadisələrin baş verməsi bir ənənəyə çevrilib. HƏMAS-ın lideri İsmayıl Haniyənin sui-qəsdlə öldürülməsindən sonra, bu dəfə aradan götürülmə növbəsi “Hizbullah” lideri Həsən Nəsrullaha gəlib çatdı. Sentyabrın 27-də zərərsizləşdirilən Nəsrullah barədə rəsmi açıqlama sentyabrın 28-də verildi. Beləliklə, İranın növbəti qurbanı İsrailin ayaqları altına qoyuldu.
Uzun müddətdir ki, özünü İslam dünyasının öndəri sayan İranın əslində nə İsraillə, nə də ABŞ-la düşmən və rəqib olmadığını yazırıq. Yaxın Şərqdəki hazırkı münaqişələrin mərkəzində İsrailin baş naziri ilə İranın ali lideri arasında uzun müddətdir davam edən oyun dayanır. Netanyahu hesablayıb ki, hətta İsrail Xameneyinin qondarma Müqavimət Oxuna – “İsrail və Qərbin maraqlarına zidd” olan regional silahlı şəbəkəsinə şiddətlə qarşı çıxsa belə, molla rejimi buna cavab olaraq çox da irəli gedən addım atmayacaq.
Beləliklə, “Hizbullah”ın 1992-ci ildən lideri olan Həsən Nəsrullah Beyrutun cənub hissəsinə İsrailin hücumları nəticəsində öldürüldü. Bu, Livan yaraqlılarının yüksək səviyyəli komandirlərini öldürən, “partlayan peycer əməliyyatı” da daxil olmaqla, ötən ay baş verən bir sıra dramatik hücumların sonuncusu idi. “Hizbullah” İsrail üçün ən əhəmiyyətli qeyri-dövlət təhdid kimi qəbul edilir. Yəni “Hizbullah” rəsmi dövlət ordusu olmasa da, İranın Livandakı silahlı qüvvəsi kimi çıxış edirdi. Nəsrullah isə şübhəsiz ki, İran oxunun ən güclü hərbi siması idi.
HƏMAS da bu İran oxuna daxildir. İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürüləndən bəri Yaxın Şərqdə bir çox insan İranın İsrailə hücum tamaşasına hazırlaşır və hamı gözləyirdi ki, bu, regionu genişmiqyaslı müharibəyə sürükləyə bilər. Amma cavab gəlmədi. Nəhayət, Tehran İsraillə ciddi eskalasiya riskinə getməmək qərarına gəldi. Hərçənd, dünya İranın İsrailə silahlı cavabına heç vəchlə şahidlik edə bilmədi. Xameneyi birbaşa qarşıdurmaya getməyərək, “strateji səbr” siyasətini davam etdirdi.
Nəsrullahın ölümünün Xameneyinin ehtiyatlı yanaşmasını dəyişib-dəyişdirməyəcəyi şübhəlidir. İranın Beyrutdakı səfirliyindən verilən açıqlamada "oyun qaydaları"nın indi dəyişdiyi iddia edilib və İsrail "uyğun cəza" ilə hədələnib. Görəsən, bu “uyğun cəza” nəyi təmsil edir? Əlsində, Tehran rəsmiləri nəzərəçarpacaq dərəcədə təmkinlidirlər. Bilirlər ki, “Hizbullah” komandirləri öldürüləndə onları başqa kadrlar əvəzləyəcək. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin qurucusu və rəhbəri Əhməd Vahidinin tutduğu mövqe idi və onun “Hizbullah”ın bugünkü vəziyyətə gəlməsində çox rolu olub.
Konkret olaraq rəsmi Tehrana gəldikdə, əlbəttə, son həftələrdə təmkin nümayiş etdirməsinin köklü səbəbləri var. Yəni Nəsrullahın öldürülməsini nə qədər dəhşətli hesab etsələr də, hələ də “strateji səbr” siyasətinə sadiq qalmağa məcburdurlar.
İran bir neçə aydır ki, gərginliyi azaltmağa, regionun digər ölkələri və Qərblə danışıqlar aparmağa çalışır. Keçən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində prezident Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyəti “Hizbullah” və HƏMAS-ı müdafiə etsə də, dinc əhval-ruhiyyənin hökm sürməsinə daha çox diqqət ayırdılar. Hətta Pezeşkian bir qrup amerikalı jurnalistə deyib ki, əgər İsrail belə etsə, İran da silahlarını yerə qoyacaq. Daha sonra xarici işlər naziri Abbas Əraqçi prezidentin belə bir bəyanatla çıxış etdiyini təkzib etsə də, İranın sərt tərəfdarları bunu təsdiqləyən səs yazısını mediaya sızdırdılar.
Əlbəttə, İranın bundan sonra nə edəcəyi Xameneyidən asılıdır. Dini lider başa düşür ki, barışmazlıq onun rejimi üçün intihara səbəb ola bilər. Buna görə də Qərbin sanksiyalarının ləğvinə çalışmaqla yanaı, ölkədə sabitliyə kömək edə biləcək danışıqlar üçün “suların durulmasını” sınaqdan keçirir. Onun Pezeşkiana açıq dəstəyi İran əhalisinin çoxunun və hətta bir çox qurumun nifrət etdiyi sərt xətt tərəfdarlarının oyununun qarşısına sədd çəkir.
İndi İran hökuməti daxilində Şeyx Nəsrullahın öldürülməsinə necə cavab veriləcəyi ilə bağlı fikirayrılıqları yaranıb. Mühafizəkarlar sərt cavab tələb edir, İranın yeni prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi mötədillər isə təmkinli olmağa çağırır. Bütün bunlar İranı və onun ali liderini “şpaqat” vəziyyətində qoyub.
Şeyx Nəsrullahı şəxsən tanıyan və hadisələrlə bağlı məlumatlandırılan dörd İran rəsmisi bildiriblər ki, Xamenei dostunun ölümündən çox sarsılıb və yas içindədir. Bununla belə, sakit və praqmatik mövqe tutmağa üstünlük verib. Xamenei ictimaiyyət qarşısında da təxminən eyni tonu vurdu. O, İsraili qınamaq əvəzinə, təmkinli bəyanatla çıxış edərək, Nəsrullahı müsəlman dünyasının aparıcı şəxsiyyəti və sözdə müqavimət oxu kimi tərifləyib və İranın “Hizbullah”ın yanında olacağını söyləyib.
Əsas nüans odur ki, Xameneyi İsrailə istənilən cavabı İranın deyil, “Hizbullah”ın verəcəyinə, İranın isə dəstəkləyici rol oynayacağına işarə edir. SEPAH-ın baş komandanı general Hüseyn Səlami də deyib ki, İsrailə zərbələri “Hizbullah”, HƏMAS və Fələstin yaraqlıları verəcək. İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtahi şənbə günü Tehrandan verdiyi müsahibədə deyib: "Bu, inanılmaz dərəcədə ağır bir zərbə idi və real desək, bu itkidən qurtulmaq üçün yolumuz yoxdur. Biz müharibəyə getməyəcəyik, bu, masada deyil. Lakin İran regiondakı silahlı qruplaşmaları dəstəkləməkdə və Qərblə gərginliyi azaltmaqda da kursdan dönməyəcək. Bütün bunlar eyni vaxtda həyata keçirilə bilər”.
Nəsrullahın ölüm xəbəri yayılanda, Xamenei öz evində Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Görüş zamanı insanlar İsrailə necə cavab veriləcəyi ilə bağlı fikir ayrılığına düşüb. Keçmiş prezidentliyə namizəd Səid Cəlili də daxil olmaqla mühafizəkar üzvlər Netanyahu Tehranı müharibənin içinə salmazdan əvvəl, İranın İsrailə zərbə endirməklə tez bir zamanda məsələnin qarşısının almasının lazım olduğunu müdafiə edib.
Keçən həftə BMT-nin Baş Assambleyasında dünya liderlərinə hökumətinin gərginliyi azaltmaq və Qərblə barışmaq istədiyini deyən İranın yeni prezidenti Pezeşkian isə belə bir cavabın əleyhinə çıxış edərək deyib ki, İran tələyə düşməməlidir. İran rəsmiləri bildiriblər ki, Netanyahu daha geniş müharibəyə hazırlaşır.
Şuradakı digər mötədil şəxslər İsrailin “qırmızı xətti” keçdiyini desə də, İranın özünün hərbi infrastrukturuna ağır hücumlarla üzləşə biləcəyini, ölkənin buna tab gətirə bilməyəcəyini iddia edib. Digərləri isə Netanyahunun yalnız silah dilini anladığını və onun cavabının verilməli olduğunu bildirib.
Bir daha xatırladaq, Pezeşkian Nyu-Yorkda jurnalistlərə deyib ki, “İsrail silahlarını yerə qoysa, İran da silahlarını yerə qoymağa hazırdır” və o, Yaxın Şərqdə sülhün bərqərar olması üçün beynəlxalq gücləri müdaxilə etməyə çağırıb.
Məlumdur ki, “beynəlxalq güc”ün başında ABŞ durur. O halda Pezeşkian nəyə vurğu edib?
Yeri gəlmişkən, sülh çağırışına cavabın Nəsrullahın ölümü ilə verilməsindən sonra Pezeşkian özünü xilas etməkdən ötrü açıqladı ki, Tehran Qərblə razılaşmanın bir hissəsini yerinə yetirib və İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Haniyəni öldürməsinə hərbi cavab verməyib. Lakin o, qeyd edib ki, ABŞ və Avropa ölkələrinin rəhbərləri Tehranın İsrailə zərbə endirməyəcəyi təqdirdə Livan və Qəzzada atəşkəs vəd edərkən yalan danışıblar, verdikləri sözü tutmayıblar.
Pezeşkianın çiçəyi burnunda hakimiyyəti dövründə İsmayıl Haniyənin və Nəsrullahın öldürülməsi onu İrandakı mühafizəkarlar qarşısında hədəfə çevirib. Bu səbəbdən də onlar Nyu-Yorkda prezidentin verdiyi barış mesajını tənqid edərək, bunu zəiflik nümayişi kimi dəyərləndiriblər. Hətta iddia olunub ki, məhz bundan sonra İsraili Nəsrullahı öldürməyə cəsarətlənib.
Mühafizəkarlar onu da təklif edib ki, İsraillə hərtərəfli müharibə vəziyyətində “Hizbullah”a kömək etmək üçün Livana da döyüşçülər göndərməlidir.
SEPAH-ın İranın İsrailə necə cavab verməsi ilə bağlı mövqe planlaşdıran strateqi müsahibələrində deyib ki, Tehranın təcili prioriteti “Hizbullah”ın ayağa qalxmasına kömək etmək və varisinin adını çəkməkdir. Təcili yeni komanda strukturu hazırlamaq və təhlükəsiz rabitə şəbəkəsi yenidən qurulmalıdır. Onlar bildiriblər ki, bu zaman “Hizbullah” İsrailə qarşı intiqamını planlaşdıra bilər. Görünür, elə SEPAH-ı oyundan kənar vəziyyətdə qoymaq üçün sentybarın 29-da İranda yüksək rütbəli SEPAH və Husi liderlərini daşıyan helikopterin də qəzaya uğradığı açıqlandı. Əks halda, içində SEPAH və Husi liderlərini daşıyan İran helikopteri nə üçün məhz indiki vaxtada qəzaya uğrasın ki?!
SEPAH-ın iki üzvü bildirib ki, İran “Hizbullah”ın “özünə gəlməsinə kömək etmək” üçün Suriya yolu ilə Beyruta Qüds Qüvvələrinin yüksək rütbəli komandirini göndərməyi planlaşdırırdı. Bax, buna görə SEPAH öz başının dərdinə qalmalı oldu.
Maraqlıdır ki, ABŞ və İsrailin müdafiə nazirləri Ostin və Qalant Nəsrullahın öldürüldüyü gün, sentyabrın 27-də iki dəfə telefonla danışıblar. Söhbət zamanı Pentaqon rəhbəri bildirib ki, ABŞ İran və onun silahlı ünsürlərinin Yaxın Şərqdə münaqişəni genişləndirməsinə imkan verməyəcək. Həmçinin, ABŞ-ın müdafiə naziri Amerika və Avropada əlavə hərbi birləşmələrin maksimum səviyyəyə çatdırılmasını əmr edib və onlara Yaxın Şərqə yerləşdirilməyə hazırlaşmağı tapşırıb.
Bir daha bəzi nüansların altını cızaraq qeyd edək ki, İsrailin Livanda əməliyyatının başlamasına İranın ləng reaksiyası Tehranın Qərblə ehtimal olunan “anlaşmasıdır”. Əkl halda nə üçün Beyrutun ortasında İsrail təyyarələrinin törətdiyi qırğından sonra iranlılar Təhlükəsizlik Şurasını çağırmağa belə, cəhd etməsinlər ki?! Əvəzində İran prezidenti Məsud Pezeşkian, “yaxşı, axı İran sizə nə pislik edir, mən indi sizin tərəfinizdəyəm və Kremli qınayıram, yeri gəlsə Rusiyaya silah tədarükünü də dayandıraram” üslubunda dünya güclərini sülhə çağırmaq üçün yeni çağırışlar etdi.
Yeri gəlmişkən, ötən həftə Moskva ilə Tehran arasında yaşanan gərginliyə da şahid olduq. Pezeşkiana dedilər ki, nüvə ambisiyalarından əl çək, onda razılığa gələ bilərik, yoxsa Qəddafi və Səddamın aqibətini yaşayarsan...
Bəs, İran nüvə silahından imtina edəcəkmi? Belə görünür ki, Tehran əvvəlki ritorikasını dəyişib, hərçənd əvvəllər də İran ikili oynayıb. Lakin Qəzza zolağında qətliam başlanandan sonra İsrailə qarşı daha təmkinli davranır. Əlbəttə, indiki vəziyyətdə ABŞ-ın açıq-aşkar cavab addımları olmadığı halda Tehran Qərbə doğru çox riskli addımlar atır. Üstəlik, yeni “islahatçı komanda” daha bir köhnə pilləkana qədəm qoyur - yenidən Avropa İttifaqı vasitəsilə Qərblə danışıqlara başlayır. Təsadüfi deyil ki, Pezeşkian bu yaxınlarda Borel və Makronla sevinclə görüşdü.
Digər yandan “Avropa üçlüyü” ilə danışıqlar və ilk növbədə Aİ vasitəsilə nüvə sazişinin hazırlanması da gündəmdədir. Amma bu cür sövdələşmələrin taleyi Avropanın deyil, Vaşinqton və Təl-Əvivin əlindədir.
Netanyahunun hər hansı bir hərəkətə tam kart-blanş verdiyini anlayan İran açıq şəkildə tələsir. Və bu, təkcə İsrail ordusunun özünün əməliyyatları üçün deyil, həm də ABŞ və NATO-nun dəstəyi üçün kart-blanşdır. Hansı ki, bu, hətta Vaşinqtonun sözlə etiraz etdiyi Qəzza əməliyyatlarında da özünü büruzə verirdi, amma reallıqda İsrailə külli miqdarda vəsait göndərildi.
İranın “danışıqlı razılaşma” axtarışında hələ də anlaşılmaz olan yeganə şey prezidentlərinin may ayında vəfat etməsidir. Lakin vertolyotlar düşürsə, deməli, bu kiməsə lazımdır və bunu da hadisələrin ümumi axını ilə izah etmək lazımdır.
Son xəbərlərə görə, İsrailin hücumundan sonra Livanda bir milyona yaxın insan evlərini tərk edib. Livan İsrailin bombardmanları nəticəsində tarixində ən böyük vətəndaş köçünü yaşayır. Baş nazir Nəcib Mikati ölkənin müvəqqəti hökumətinin iclasından sonra bildirib ki, insanlar yaşayış yerlərini tərk etməyə məcbur olublar.
Livanlılar Suriya sərhədinə Bekaa vadisindən və Livanın şərqindəki digər bölgələrdən gəlirlər.
Yeri gəlmişkən, bu arada Bəşər Əsədin öldürülməsi haqda xəbərlər peyda olub. Yəni İsrail Hərbi Hava Qüvvələrinin Bəşər Əsədin kiçik qardaşı, general və elit 4-cü zirehli diviziyanın rəhbəri olan, İranla yaxın əlaqələri olan Maher Əsədin villasına hava zərbələri endirdiyi bildirilir. O, böyük qardaşından sonra rejimin iyerarxiyasında ikinci komandirdir.
Onu da qeyd etmək yerinə düşər ki, Bəşər Əsəd bu villaya tez-tez baş çəkir.
Baş verənlərin daha bir maraq doğuran tərəfi budur ki, son günlərin hadisələri fonunda İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” platformasında, “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms”ın Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah”la Strateji Anlaşma Memorandumu imzaladığını açıqlayıb. Həmçinin, İran prezidenti Pezşkian Nyu-yorkda çıxışında maraqlı nüansa vurğu edib. O, “Allah eləməsin, bizdə bir hadisə baş versə, İran dövlət kimi qalmayacaq. Kürdüstan, Azərbaycan, Bəlucistan və Xuzistan öz dövlətlərini yaradacaqlar”, deyə xaos qarışıq narahatçılığını ifadə edib. Ardınca isə, Yaxın Şərqdə baş verən çalxalanmalar fonunda Hudson İnstitutunun baş elmi işçisi Luke Coffey öz “X” səhifəsində yazıb: “Azərbaycan hazır olmalıdır”. Amma nəyə hazır olmasına eyham vurmayıb.
Sonda isə deyək ki, siyasi fonda baş verirmiş kimi görünən hadisələrin altında iqtisadi maraqlar yatır. Belə ki, İsrailin Livanı neytrallaşdırmaq hərəkatının kökündə əvvəl Qəzzanı neytrallaşdırmaq niyyəti yatır. Daha doğrusu, Türkiyəni oyundan kənar vəziyyətdə qoymaq, dolayısı ilə ABŞ-ın Çinin tranzit dəhlizlərinin qarşısını alternative dəhlizlərlə kəsmək. Məlum olduğu kimi, ABŞ Çinin İpək Yolu layihəsinin qarşısını kəsmək üçün İMEC tranzit layihəsini ortalığa atıb. İsrail bu planın önəmli halqasında yerləşir. Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi və ya IMEC müasir dövrün ədviyyat marşrutu və Çinin Bir Kəmər və Yol Təşəbbüsünə alternativ kimi qiymətləndirilir.
Bu, ABŞ, Avropa İttifaqı və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Dəhliz BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyanı İsrailin Aralıq dənizindəki Hayfa limanına birləşdirən dəmir yolu və gəmiçilik şəbəkəsinin yaradılması məqsədi daşıyır. Daha sonra mallar Süveyş kanalından yan keçməklə Avropaya göndərilə bilər. Bu dəhlizə qarşı Ankara Türkiyə, İraq, Qətər və BƏƏ arasında imzalanan “Qalxınma Yolu” layihəsini irəli sürdü. Layihə 1200 kilometrlik bir yol üzərindən sürətli qatar və quru yollarıyla Bəsrə Körfəzindəki Faw limanından Divaniyə, Nəcəf, Kərbəla, Bağdad, Mosul kimi Iraqın mühüm şəhərlərindən Türkiyəyə, buradan da Avropaya çatdırılmasını planlayır. Çinin İpək Yolu layihəsinin cənub istiqaməti Şian şəhərindən başlayaraq Urumçi-Şərqi Türküstandan keçərək Pakistanda Karaçi və Qvadar limanlarından Oman dənizinə uzanır. Oman körfəzindən BƏƏ və Qətər ətrafından keçərək Fars körfəzi ilə Bəsrə körfəzinə gələn, oradan da İraqdan Türkiyəyə və ta Londona qədər Avropaya çatan Qalxınma Yolu xüsusən də Çin üçün asanlıq deməkdir. Qətərin maye qazının Fao limanı vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli daha az xərc deməkdir. Bu kontekstdə nəzərə alınmalıdır ki, layihə Körfəz bölgəsindəki limanlardan yan keçməyəcək.
Fao Limanı Layihəsi Çin üçün yeni seçimdir. Çünki Çin İpək Yolu Layihəsini İran marşrutu ilə işlətməyə çalışır. Lakin Qərb dünyası ilə İran arasındakı gərginlik və inamsızlıq bu marşrutu risk altına qoyur. Daha doğrusu, İranın ikili oyunu Çini ofsayt duruma salır. Bağdad hökumətinin də Türkiyəni seçməsi Çini daha təhlükəsiz və daha real seçim kimi bu nöqtəyə gətirə bilər. Çünki ABŞ-ın Hindistandan başlayaraq Yunanıstana, oradan da Avropaya uzanan İMEC layihəsində əsas nöqtələr BƏƏ-nin Jabel Ali, Al Ghuvaifat, Səudiyyənin Haradh, Riyadh, Al Haditha, İsrailin Hayfa, Yunansıtanın Piraeus nöqtələridir. İsrailin isə Hayfa limanını Qəzza tərəfini fələstinlilərdən təmizləməsi məntiqli idi. Livanı iflic hala salması, ardınca Suriyaya eyni aqibəti yaşatmasının məqsədi Türkiyənin yolunu kəsməkdir.
Beləliklə, məlum olur ki, İsrailin, arxa planda isə ABŞ-ın Livanı viranəyə çevirməsi siyasi yox, iqtisadi əsaslıdır. ABŞ Çinin qarşısını kəsməyə çalışır, yəni İsrail Livanı işğal edərək və işğalı da Suriyaya qədər uzadaraq Türkiyənin qarşısını kəsməyə çalışır. Təsadüfi deyil ki, İsrailin Livana hücumu fonunda Yaponiya ABŞ-ın nüvə silahlarının Asiyada yerləşdirilməsi məsələsini müzakirə etməyə çağırıb. Belə ki, Yaponiyanın yeni təyin olunmuş baş naziri Şiqeru İşiba regionda ABŞ nüvə silahlarının yerləşdirilməsi perspektivini müzakirə etməyi təklif edib və ölkədə özünün nüvə arsenalının yaradılmasını müdafiə edib.(hurriyyet)
Ülviyyə ŞÜKÜROVA