Abonentlərin hər hansı hüququ yoxdur, hər şey kimlərinsə keyfindən asılıdır
Yenixeber.org: Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu gün planetimizin hətta ən ucqar nöqtələrində şəbəkəyə qoşulmaq problem yaratmır və bu, heç kimi təəcübləndirmir. Baxmayaraq ki, cəmi 20-25 il əvvəl hazırda yaşadıqlarımızı yalnız fantastika janrında yazılmış kitablarda oxuya və ya lentə alınan filmlərdə seyr edə bilirdik.
Bir sözlə: artıq internetin müasir insan üçün kommunal xidmətlərlə eyni sırada yer aldığını söyləsək, qətiyyən yanılmarıq. Amma bunun konstatasiyası heç də o anlama gəlmir ki, internetimiz də Azərbaycanda su, elektrik, qaz təchizatının səviyyəsində - yerlərdə sürünməlidir.
Başımıza haranın... suyunu tökək?
“Speedtest Global Index”in son reytinq açıqlamalarına inansaq, hazırda Azərbaycan internetin sürətinə görə dünyada 49-cu pillədə qərarlaşıb - 53,98 Mbit/s. Əslində, pis göstərici deyil. Amma...
İstər evlərimizə verilən internet, istərsə də mobil internetdə kifayət qədər problemlər mövcuddur. Yəqin ki, məmləkətimizdə sorğu aparılsa və respondentlərə “ölkədəki internet xidmətlərindən razısınızmı” sualı verilsə, böyük əksəriyyət dərdini bölüşəcək, narazılıqlarını dilə gətirəcək.
Sentyabrın 1-dən Azərbaycan ərazisində internetin bahalaşması ilə bu narazılıqlar yeni vüsət aldı. Əslində, ölkədə hər kəs kommunal xidmətlərin əsiridir, hətta köləsidir də demək olar. Və bu, heç də şişirtmə deyil.
Məsələn, qışın oğlan çağında “Azəriqaz” qəfildən hardasa borunu əvəzləmək qərarına gəlsə və mavi yanacağın verilməsini dayandırsa, biz binəvalar nə deyə bilərik ki? Sadəcə elektrik qızdırıcılarını şəbəkəyə qoşub ətrafına yığışacaq, səbəbkarlara ailəlikcə “dua” edəcəyik.
Və ya yayın cırhacırında həftələrlə su üzünə həsrət qalanda neynirik? Sadəcə, başımıza sərin su tökmək əvəzinə haranın daşını tökəcəyimizi götür-qoy edirik.
Bir dəfə artan qiymət bir daha enməz
Və çox təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də bizə interneti təqdim etməsi eyni sxem üzrə həyata keçirilir. İstəyəndə verirlər, istəməyəndə vermirlər. Kefləri istəsə, kəsintilərlə verərlər, kefləri buyurmasa, əksini edərlər. İstəsələr, xidmət haqqını artırarlar, istəsələr... Yox, bunun əksini çətin istəsinlər. Bir dəfə artan qiymət nə zaman aşağı düşüb ki?
Bir sözlə: sözügedən məsələdə abonentlərin hər hansı hüququ yoxdur. Və sabah qərara alınsa ki, xidmət haqqı 10 dəfə artırılsın (əlbəttə ki, xidmətin keyfiyyətinin artırılması barəsində söhbət getmir, yenə yalanın biri 1 qəpiyə), biz binəvalar 2 seçim qarşısında qalacağıq: ya “ölü” internetə kosmik pul ödəmək, ya da daş dövrünə qayıtmaq.
Bəs vicdan?
Yaxşı, tutaq ki müxtəlif “əsaslandırmalara” inandıq. İnandıq ki, internetinn qiyməti artırılmasaydı, ölkə iqtisadiyyatı çökərdi, hətta Günəş də Şərqdən deyil, Qərbdən doğardı. Olsun. Amma insaf da yaxşı şeydir axı! Olanda, əlbəttə. Heç olmasa, vəd edilən xidməti tam olmasa da, 70-80 faiz göstərin ki, növbəti qiymət artımına da mənəvi olaraq hazırlaşaq.
Axı necə olur ki, tariflərin yüksəldilməsindən öncə 1 ay kifayət edən mobil internet paketi artıq 10-12 günə tükənir? Bəli, biz heç kimə heç nə sübut edə bilmirik. Bilmərik də! Hələ abonentin “xərclədiyi” meqabaytları hesablayan spidometr icad edilməyib. Hər şey buraxılır provayderlərin vicdanına...
Düzü, yazını başqa məcrada davam etdirmək planlaşdırılmışdı. Amma “vicdan” sözü tarazlığı pozdu. Özü də necə bu cümlələrə yol tapdığını heç özümüz də anlamadıq. Nə isə, yəqin İlahi bir işarədir. İşarədir ki, çox da dərinə getməyək. Onsuz da dəyirman öz işini görəcək. Çıxış yoluna gəldikdə isə...
Heç nə, bayaq xatırladığımız sakral xüsusiyyətin – VİCDANIN bir gün oyanmasını gözləməkdən savayı bir çarə gəlmir ağlımıza.(AYNA)