Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:nə hesab var, nə hesab soran...
MSK maliyyə şəffaflığını təmin etməkdə borcludur: başqa yol yoxdur və olmamalıdır da!
Yenixeber.org: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) adlı qurumun fəaliyyəti bəllidir: mənalı-mənasız, faydalı-faydasız, zərərli-zərərsiz... 34 ildır ki, Azərbaycan insanı MSK-nın “seçki”, “referendum” adlı məzhəkələrinin tamaşaçısı olmaq məcburiyyətindədir. Olsun, zatən öyrəncəliyik, həm də başqa yol yox...
Bəs məzhəkə dediyimiz MSK-nın bu kompaniyaları hansı mənbələrdən və necə maliyyələşir? MSK dövlətin milyonlarını hansı adlarla və hansı priyomlarla xərcləyir? Və s.
Bu istiqamətdə cavabını gözləyən bir yığın suallar var... Aktuallığını nəzərə alıb Yenixeber.org olaraq bu suallara aydınlıq gətirmək istəyirik. Məlumdur ki, MSK dövlət büdcəsindən maliyyələşən qurumdur... O büdcədən ki, Azərbaycan xalqına məxsus təbii sərvətlər və Azərbaycan vətəndaşlarının ödədiyi vergilər hesabına formalaşır. Elə bu səbəblərdən də, hər bir Azərbaycan insanının haqqıdır bilsin ki, MSK necə maliyyələşir? Seçkilərə nə qədər pul ayrılır? Bu vəsait necə xərclənir? Və s. MSK maliyyə şəffaflığını təmin etməkdə borcludur: başqa yol yoxdur və olmamalıdır da!
Nə hesab var, nə hesab soran...
MSK daha çox seçkilər zamanı “yada düşən” qurum kimi də tanınır. Baxmayaraq ki, MSK-nın bütün tərkibi, Dairə Seçki Komissiyalarının (DSK) sədr və katibləri aybaay maaş alır, həm də az olmayan məbləğdə... Seçkilər zamanı isə təbii olaraq bu quruma büdcədən sayı bilinməyən milyonlar axır. Müxtəlif tədbirlər, tirajı bilinməyən kitablar, kitabçalar, broşuralar, seçki plakatları, seçki bülletenləri, xarici müşahidəçilərin xərcləri və s.
Dövlət büdcəsindən maliyyələşən qurum olaraq MSK bütün bu sadaladığımız və sadalamadığımız xərclərlə bağlı Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının Qaununa uyğun olaraq, müvafiq tender və kotirovka sorğuları elan etməli və bu yolla xərclərini tənzimləməlidir.
Amma Yenixeber.org olaraq apardığımız araşdırmalarla MSK ilə bağlı Dövlət Satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az/) bir dəfə də olsun ki, tender, yaxud kotirovka sorğusuna rast gəlmədik(?) Həm də rast gəlmədiyimiz Hesablama Palatasının, yaxud Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin nə vaxtsa MSK-nın “qapısını döyməsi” oldu...
Belə məlum olur ki, hörmətli Məzahir Pənahovun öz qanunları var və dövlətin pulunu da öz istəyinə uyğun xərcləyir. Baxmayaraq ki, cənab Pənahov MSK-nın maliyyə xərclərinin şəffaflığını təmin etməkdə borcludur! Bu onun vəzifə borclarından biridir!
Biz Yenixeber.org olaraq bu istiqamətdə cavab gözləyən suallarla bağlı bu ayın 2-sində Məzahir Pənahova rəsmi sorğu da ünvanlamışıq. Hələ ki, nə sorğumuza, nə də telefon zənglərimizə cavab yoxdur(?)
Aktuallığı səbəbindən mövzunun davamı mütləqdir.