Rövnəq Abdullayevi niyə qızı ilə vurdular? –ŞOK SƏBƏB
SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev yenidən gündəmə gəlib. Baxmayaraq ki, o, artıq hədəf taxtasında deyil. Ordan çoxdan düşürülüb. SOCAR-ın başında olanda R.Abdullayevə sağdan da döşəyirdilər, soldan da. İqtisadiyyat nazirinin müavini təyin edildikdən sonra “əfsanə” unudulmağa başladı.
Yenixeber.org: Bu vəziyyət yəqin ona da sərf edib. Söhbət medianın gündəmində olmamaqdan gedir. SOCAR kimi yağlı tikənin əlindən çıxması isə Rövnəq müəllimə əsla sərf edə bilməz. Bu vəzifə ilə sağollaşmaq ictimai əhəmiyyətin də yox olması deməkdir. O baxımdan hər nə qədər hədəfdə olsa idi, yenə də vəzifə ayrı şeydir. Həm maddi baxımdan, həm də əhəmiyyətlilik nöqteyi-nəzərindən.
Bu dəfə R.Abdullayevi “dostları” ən zəif nöqtəsindən vurmağa başlayıblar. Onu övladı ilə “yad ediblər”. Qızının əmlakını ictimailəşdirib, yenidən qınaq obyekti etməyə çalışıblar.
Xəbər budur ki, Rövnəq Abdullayevin qızı Sevinc Əliyevanın Bakı şəhərində milyonluq obyekti var. Bildirilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbəli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir. Xəbərdə o vurğulanıb ki, Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.
R.Abdullayevin qızının adına belə bahalı əmlakın olması Azərbaycan reallığında təəccüblü sayıla bilməz. 20 ilə yaxın SOCAR kimi bir təşkilatın rəhbəri olmuş şəxsin qızının milyonluq əmlakının olması hardasa təbii qarşılanır. Bəzi azərbaycanlılar bu məsələyə “Bal tutan barmağını yalayar”, ya da “Bacarana can qurban” prinsipi ilə yanaşır. Ona görə də R.Abdullayevin övladının 10 milyonlarla dollarlıq əmlakı ola bilər. Uzaqbaşı saytlarda yazılar, sosial şəbəkələrdə deyinilər, 3 gün sonra unudular.
Bəs az qalsın unudulmaqda olan R.Abdullayev nədən birdən-birə xatırlandı? Qızının əmlakı hardan gündəmə gəldi? Bu sualların cavabı barədə bəzi iddialar var. Redaksiyamıza daxil olan məlumata görə, Rövnəq Abdullayev Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır. O, yenidən deputat kimi fəaliyyət göstərmək qərarına gəlib. Onun bu qərarının yalnız özünə məxsus olmadığı deyilir. Məsləhət edilib, o da yox deməyib.
R.Abdullayev kimi insanların yenidən parlamentə qaytarılması nə ilə bağlı ola bilər?
Deyilənə görə, 1 sentyabr seçkilərində “köhnələr”dən yalnız R.Abdullayev iştirak etməyəcək. Bu sırada digər tanınmış və “vurulmuş” sabiqlərin də olacağı xəbəri dolaşır.
Mənbəmizin bildirdiyinə görə, Rövnəq Abdullayev bir neçə çağırış deputat seçildiyi 24 saylı Nizami birinci seçki dairəsində nüfuza malikdir. Uzun illər o rayonun sakini olub, Nizami rayonu ərazisində fəaliyyət göstərən idarədə rəis, neftayırma zavodunda isə direktor vəzifələrində işləyib. Ordakı vətəndaşların sosial problemlərinin həllinə yaxından dəstək olub. Pul xərcləyib, yol çəkdirib, mərasim obyektləri inşa etdirib, abadlıq işləri gördürüb. Xəstə seçicilərinin müalicəsinə dəstək verib. Tələbələrin təhsil haqqının ödənməsinə yardımçı olub və s. Görünür, belə bir şəxsin nazir müavini olub, yığdığını rahat yeməyindənsə, deputat olub, dövlətdən əldə etdiyi vəsaitin bir qisminin xalqa xərcləməsinə şərait yaradılması daha məqbul sayılıb.
Mənbəmizin iddiasına görə, bunu eşidən rəqibləri R.Abdullayevi ictimai rəydə və dövlətin nəzdində hörmətdən salmaq üçün hərəkətə keçib. Rövnəq Abdullayev seçki kampaniyasına start verməmiş, rəqibləri ona qarşı kampaniyaya başlayıb.
Xatırladaq ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir neçə il öncə 1.2 milyon avroluq saatı ilə yerli və beynəlxalq mediada gündəmə gəlmişdi.
Görünən budur ki, budəfəki seçkidə siyasi mübarizə iqtidarla müxalifət arasında yox, klanlar, qruplar arasında gedəcək.
Bu yay sözün hər mənasında qaynar və isti keçəcək.(Globalinfo.az)