Redaktor seçimi
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
Günün xəbəri

Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və...

“Xərcləri lazımi həddə çatdırmaq üçün təkcə arzu yox, həm də imkan lazımdır”

Yenixeber.org: Dövlət büdcəsinə dəyişikliklər təsdiq edilib, yenilənmiş maliyyə sənədi qüvvəyə minib. Bununla belə, ekspertlərin diqqətini aşağıdakı suallar cəlb etməkdə davam edir: son düzəlişlərə konkret nə səbəb oldu, “xalq pul kisəsi”nin xərcləri niyə artıb və sosial proqramlara əlavə maliyyə vəsaiti gözlənilirmi? Yeri gəlmişkən, bu məqam daha çox iqtisadi mühitdə dövlət büdcəsinə dəyişikliklərə istinadla müzakirə olunurdu.

İqtisadçı ekspert Pərviz Heydərov məsələni şərhində deyib ki, büdcədə dəyişikliklərin edilməsi zərurəti prioritet vəzifələrin, o cümlədən “Böyük Qayıdış” dövlət proqramının maliyyələşdirilməsi, respublikanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, eləcə də infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır: “Bununla bağlı parlamentarilər məlumat veriblər ki, cari ilin son aylarında ölkəmizin işğaldan azad edilmiş hissəsində tikinti, bərpa və yenidənqurma işləri, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq fəaliyyətlə yanaşı, ölkədə keçirilən beynəlxalq tədbirlər və subsidiyalar 3 milyard 796 milyon səviyyəsində əlavə büdcə xərclərinə ehtiyac yaradır ki, xərcləri göstərilən məbləğə çatdırmaq üçün təkcə arzu yox, həm də müvafiq imkanlar lazımdır”.

“Əslində, şərait bundan yaxşı ola bilməzdi. Büdcə düzəlişləri, birincisi, neft və qazın dünya bazarında əlverişli qiymətlərini, ikincisi, iqtisadiyyatın qeyri-neft sektoru üzrə proqnozların yerinə yetirilməsini və dövlət büdcəsinin idarə olunmasını dəstəklədi. Nəticədə 3 milyard 796 milyon manat əlavə vəsaitin 1 milyard 160 milyon manatı işğaldan azad edilmiş rayonlarda aparılan quruculuq-bərpa işləri də daxil olmaqla prioritet sahələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bundan əlavə, bu məbləğin 807 milyon manatı ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılmasına yönəldiləcək. İnfrastruktur və digər layihələrin maliyyə təminatına 1 milyard 184 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Nəhayət, 499 milyon manat beynəlxalq fəaliyyətlərin maliyyələşdirilməsinə və digər xərclərin maliyyələşdirilməsinə dəstək olacaq. Daha 146 milyon manat əsaslı xərclər və s. yönələcək”, - deyə həmsöhbətimiz bildirib.

Yenilənmiş dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, gəlirləri isə 36 milyard 353 milyon manat proqnozlaşdırılır. Büdcə kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatacaq.

Yeri gəlmişkən, büdcəyə düzəlişlər ərəfəsində qızğın müzakirə olunan əlavə sosial xərclər məsələsinə qayıdaq. P.Heydərovun qeyd etdiyi kimi, dövlət büdcəsi xərclərinin bu sahəsi heç bir artım göstərməsə də, ölkənin icmal büdcəsində müəyyən irəliləyişlər nəzərə çarpır: “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə edilən dəyişikliklərdən sonra bu il üçün orta aylıq əməkhaqqının ilkin proqnozu 980 manatdan 990 manata yüksəldilib. Belə ki, büdcəyə büdcədənkənar sektorda məcburi sosial sığorta haqları üzrə daxilolmaların həcmi 190 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılıb”.

Eyni zamanda, əmək pensiyalarının ödənilməsi ilə bağlı xərclərin məbləğinin 25 milyon manat artırılaraq, 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılması təklif edilir. Bundan əlavə, Fondun aparatının və yerli strukturlarının saxlanması xərcləri 5 milyon manat (135,1 milyon manatadək), pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması xərcləri isə 30 min manat artıb. Bütövlükdə Fondun xərcləri 30 milyon manat və ya 0,4 faiz artaraq 6 milyard 949,9 milyon manata çatıb.

Gözlənilən gəlirlərin artması büdcədən bu Fonda transfertin 160 milyon manat azalaraq 1 milyard 232 milyon manata çatdırılmasına imkan verib. İqtisadçının sözlərinə görə, bu vəziyyət məcburi sosial sığorta haqları üzrə, xüsusilə də büdcədənkənar sektordan daxilolmaların daha da artırılmasına hesablanıb. Bütövlükdə bu tendensiya sosial müavinətlərin və pensiyaların artırılması üçün real zəmin formalaşması ilə bağlı nəticələrə gətirib çıxarır.

Dövlət xəzinəsinin sosial xərcləri, bəlkə də, ayın ən çox müzakirə olunan mövzusu oldu. Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov söyləyib ki, DSMF-in məqsədli xərclərini özündə əks etdirən icmal büdcədə sosial təminata ayrılan ümumi xərclər nəinki azalmayıb, hətta bir qədər də artıb. Ona görə də “sosial pul kisəsi”nin azaldılması ilə bağlı müzakirələr əsassızdır.

“Yada salaq ki, davam edən müzakirələrə səbəb dövlət büdcəsində təsdiq edilmiş sosial müdafiə xərclərinin 4 milyard 542 milyon manatdan 4 milyard 391 milyona endirilməsi olub. Lakin bu, qeyd olunan məqsədlər üçün daha az vəsaitin ayrılacağı anlamına gəlmir. Yeri gəlmişkən, DSMF-in maliyyə öhdəliklərini özündə əks etdirən ölkənin ümumi büdcəsində pensiyalar və digər sosial ödənişlər üzrə xərclər eyni səviyyədə qalır, hətta bir qədər də artıb”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar dövlət və icmal büdcə arasında vəsaitlərin yenidən bölüşdürülməsi ilə bağlı tənzimlənən prosedurların incəliklərindən başqa bir şey deyil.(AYNA)

Emma Rzayeva

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam