Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -TƏFƏRRÜAT
Yenixeber.org: “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması üzrə 18.03.2024-cü ildə başladığı açıq tenderin qalibini elan edib. Bu “Azərelektrik Tikinti Quraşdırma” MMC olub və tərəflər arasında 5.714.633,86 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Səhmdar Cəmiyyətin qalib seçdiyi və altı milyon manata yaxın dəyəri olan dövlət sifarişi verdiyi “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” (VÖEN 1404754281) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var?
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2019-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 25, m. 28, qanuni təmsilçisinin isə Əşrəfzadə Ziya Mustafa oğlunun olduğu göstərilir.
Hüquqi şəxslərin reyestrinə daxil edilən məlumatlarda olunan dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisinin və ya təsisçisinin Babayev Baxış Abutalıb oğlu olduğu qeyd olunub.
Kimdir Baxış Babayev?
Hələ 1990-cı illərdə “Azərenerji” İstehsal Birliyi “Azərelektrikşəbəkətikinti” trestinin müdiri olmuş bir şəxs. Rəsmi mənbələrdə Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti Ayaz Mütəllibovun 29 yanvar 1991-ci il tarixli fərmanı ilə Babayev Baxış Abutalıb oğluna “Azərbaycan SSR əməkdar energetiki” adı verilib.
Rəsmi məlumatlarda, 13 yanvar 2013-cü ildə yayılan xəbərlərdə Prezident İlham Əliyevin “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etdiyi bildirilir.
Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşüb. Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıranlar arasında Baxış Babayev də olub.
Məlum olduğu kimi hazırda “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri olan Balababa Rzayev həmin dövrdə, daha dəqiqi 2006 – 2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri olub. Bu isə o deməkdir ki, Baxış Babayev vaxtı ilə Baba Rzayevin işçisi olub. Qeyd edək ki, Baba Rzayev “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri təyin olunan qədər, 10 fevral 2015 ildən – 4 sentyabr 2018-ci ilə qədər də “Azərişıq” ASC-nin sədri olub.
Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “Azərelektrik Tikinti Quraşdırma” MMC 15.07.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda isə MMC 04.03.2020-ci ildə, yəni cəmi 7 ay sonra “Azərişıq” ASC-nin Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə isə tərəflər arasında 2.239.536,08 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Azərelektrik Tikinti Quraşdırma” MMC -nin 30.12.2023-cü ildə 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi-1 YS” EVX-nin giriş-çıxış sxemi ilə “Xankəndi-2” YS-na qoşulması işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərininsatın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş 3 müsabiqənin, 22.12.2023-cü ildə 330 kV-luq “Cənub Elektrik Stansiyası – Ələt Azad İqtisadi Zona Yarımstansiyası” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması müsabiqəsi üzrə, 15.09.2023-cü ildə 110 kV-luq ikidövrəli “110/35/10 kV Qorçu YS – 110/35/10 kV-luq Laçın Şəhər YS” arası EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 19.11.2022-ci ildə 220 kV-luq “Qobu” Elektrik Stansiyası- “Pirəkəşkül” Külək Elektrik Stansiyası Elektrik Veriliş Xəttinin tikintisi və elektrik quraşdırma işlərinin satın alınması üzrə,08.04.2022-ci ildə 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarımstansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə keçirilmiş 4 müsabiqənin qalibi olduğu göstərilir.
Göründüyü kimi “Azərenerji” ASC ” “Azərelektrik Tikinti Quraşdırma” MMC 08.04.2022-ci ildən 30.12.2023-cü ilə qədər ayrı ayrı bölgələrdə elektrikquraşdırma işlərinin satın alınması üzrə 10 satınalma müqaviləsi bağlayıb. Bunlardan yalnız 20.02.2024-cü il tarixində 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsi üzrə bağlanmış müqavilənin məbləği açıqlanıb. Amma qalib gəlmiş təşkilatla bağlanan digər 10 satınalma müqaviləsinin məbləği açıqlanmayıb.
İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinin sakinlərin ölkə başçısına ünvnladığı müraciətdən də bəlli olur ki, rayonda “İmişli-Cəbrayıl 300 kv-lıq yüksək gərginlikli elektrik xəttinin çəkilişini də “Azərelektrik Tikinti Quraşdırma” MMC-həyata keçirib. Şikayətçilərin məlumatına görə “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin əməkdaşlarının zor gücünə onlara məxsus olan xüsusi mülkiyyətə, torpaq sahəsinə daxil olmaqla 250 mindən artıq Eldar şamı, Tuya, Arizonica (amerikan şamı), Pinius Pinea (italyan şamı), Libanni (Livan sidri), dekorativ şam ağaclarını məhv ediblər. Bu məlumatlar isə “Azərenerji” ASC “-nin daha bir satınalma proseduruna ayrılan vəsaitlərin məbləğini gizlətməsi deməkdir.
Şirkət haqqında məlumatlar bunlarla bitmir. Elektron medianın 23.12.2023-cü ildə yaydığı məlumatda şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Açıq internet axtarış sistemləri üzərindən bu şirkətlə bağlı heç bir məlumata rast gələ bilmədik. “Azərenerji” ASC-nin 5.714.634 manat məbləğində dövlət vəsaitini etbiar etdiyi, böyük bir layihənin icrasını gerçəkləşdirəcək bir şirkətin nəinki əlaqə telefonu, ünvanı, hətta heç Veb-səhifəsi belə yoxdu.
Bəlli olan odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC son bir il ərzində külli miqdarda büdcə vəsaitlərinin ayrıldığı dövlət sifarişləri alıb.Bizim şirkətin təsisçisi Baxış Babayevin bir energetik kimi təcrübəsinə şübhəmiz yoxdu. Amma sözügedən sifarişləri “Azərenerji” ASC-dən başqa şirkətlər ala bilərdimi? Təbii ki, yox. Bəlli olan həm də odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin təsisçisi Baxış Babayevi “Azərenerji” ASC-nin sədri Baba Rzayevlə sıx dostluq telləri bağlayır. Onların bu dostluqlarından yaranan işbirliyinin arxasında isə təbii ki, böyük pullar durur.(aktualinfo.org)