Avropa İttifaqı Çinə qarşı yeni həmlə həyata keçirməyə çalışır. Çinin Avropa ölkələrinə yatırımları artıb. Bu sırada Çinin Avropanın müxtəlif dəniz limanlarının nəzarəti ələ keçirməsi də dayanıb. Bu da Brüsseldəki müxtəlif dairələri ciddi narahat etməyə başlayıb.
Yenixeber.org: Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılması vacibliyi göstərilib. Aydındır ki, “xarici dövlətlər” dedikdə Çin nəzərdə tutulub. Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyub. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur.
Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də vurğulayırlar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir.
Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var. Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddətdən sonra Avropaya siyasi istəklərini də diqtə etməyə başlayacaq.
Bu arada, “Politico” nəşri Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq göndərdiyini yazıb: Texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin! Çünki Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmaların və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır.
“Atlas” Araşdırmalar Mərkəzi