Yenixeber.org: Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə davamlı hücumları dünyada yanacaq və ərzaq qiymətlərinə təsir edib. Husilərin hücumlarından ən çox əziyyət çəkən ölkələrdən biri də Çindir. “Reuters” agentliyinin məlumatına görə, Çin şirkətlərinə məxsus malların daşınma risqləri artıb. Çindən yük daşıyan gəmilərin Süveyş kanalından istifadəsi minimuma endirilib.
Çinin nəhəng daşıma şirkətlərindən olan “COSCO” gəmilərinin İsrail limanlarına yaxınlaşmamaq barədə təlimat da verib. Bu Çinin “bir kəmər, bir yol” layihəsinin Yaxın Şərq qolunu təhlükə altına alır. Pekin layihənin reallaşması məqsədilə İranla Səudiyyə Ərəbistanını barışdırmışdı. Ancaq Yaxın Şərqdəki hazırkı gərginlik və müharibələr Pekinin planlarına zərbə vurub.
Çinin xarici işlər naziri Van Yi mövcud durumu dəyişmək məqsədilə Afrika ölkələrinə səfər edib. Van Yi Misirdə deyib ki, Çin dünyadakı münaqişə ocaqlarının söndürülməsində konstruktiv rol oynamaq istəyir. Ancaq bu hələ ki, alınmır. Misal üçün husilərin ticarət gəmilərinə hücumları Çinə mənfi təsir etsə də, Pekin İranın siyasi və hərbi dairələrinin husilərin gəmilərə hücumlardan çəkindirməsi üçün heç nə etmir. Əksinə İranın ali dini lideri husilərin mübarizəsinə dəstək verdiyini açıq ifadə edib. Digər tərəfdən Pekin Vaşinqtonun Qırmız Dənizdə azad ticarəti təmin etmək məqsədilə formalaşdırdığı ittifaqa qoşulmayıb. Pekin ABŞ və Böyük Britaniyanın Yəməndə mərkəzləşən husilərə zərbə endirilməsini tənqid edib.
Bu arada, Çin lideri Tsi Cinpinin Afrika qitəsinə diqqətinin artdığı gələn xəbərlər arasındadır. Çin-Afrika forumuna hazırlıq gedir. Çinin Afrika ölkələrinə yatırımları artıb. Misal üçün Çinin təkcə Süveyş kanalı iqtsadi zonasına yatırımlarının həcmi 8 milyard dolları keçib. Çin Misirlər yanaşı Tunislə də əlaqələri genişləndirməyə çalışır. Tunis Beynəlxalq Valyuta Fonundan kredit almaq əvəzinə ümidlərini Çinin yatırımlarına dikib. Çin kasıb Afrika ölkələrinin çarəsizliyindən istifadə etməyə çalışır. Çinin Afrika ölkələrinə yatırımları artdıqca bu ölkələrin Pekindən asılılıqları artıb. Pekin növbəti mərhələdə Afrikadakı yatırımlarını qorumaq məqsədilə qitədə hərbi bazalar formalaşdırmağı planlaşdırıb.
“Atlas” Araşdırmalar Mərkəzi