Redaktor seçimi
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Günün xəbəri

Gürcüstan-Çin münasibətləri: əsas istiqamətlər və müxtəlif yanaşmalar

 

Xülasə  

Yenixeber.org: Təhlildə Gürcüstanın baş nazirinin Pekin səfərinin gedişatı öz əksini tapıb. Münasibətlərin ümumi məcrasına daha geniş aspektdən baxmaq məqsədilə iki ölkə arasında mövcud rəsmi sazişlər və münasibətlərin formalaşdığı əsas iqtisadi sahələrdən bəhs edilib. Bununla yanaşı son görüşlərə dair fikir müxtəlifliyi olduğundan gürcü ictimaiyyətindəki rəylərə nəzər salınıb. Ən sonda hazırkı siyasi vəziyyətin gərginliyini açıqlamaq məqsədilə mətbuatda aparılan monitorinqin nəticələri əsasında bir neçə həssas məsələyə şərh verilib. 

              Gürcüstan baş nazirinin Çinə səfəri 

Çin prezidentinin dəvəti ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-dan avqustun 1-dək Çenduda Beynəlxalq Universitet İdmanları Federasiyasının 31-ci Ümumdünya Yay Oyunlarında iştirak edib. O, Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə görüşündə ikitərəfli münasibətləri və dostluğu gücləndirmək üçün konkret bir mesajla gəldiyini bəyan edib. Tərəflər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə qərar qəbul ediblər. Beynəlxalq və regional vəziyyətin intensiv və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, ikitərəfli münasibətləri dərinləşdirmək, regional və qlobal sülhü, sabitliyi birgə təmin etmək öhdəliyini bölüşüblər. 

Səfər çərçivəsində baş nazir nümayəndə heyəti ilə birgə Pekində “Huawei” şirkətinin direktorlar şurasının sədri Lianq Hua ilə görüşüb. 1987-ci ildən əsası qoyulan bu şirkət hazırda 170-dən çox ölkədə, o cümlədən 15 ildir ki, Gürcüstanda fəaliyyət göstərir. Şirkətin Gürcüstandakı fəaliyyətinin ümumi istiqamətləri haqqında məlumatlandırma aparıldıqdan sonra tərəflər arasında əməkdaşlığın yeni imkanları müzakirə edilib. 

Lianq Hua Gürcüstanın 2020-2025-ci illər üçün “Genişzolaqlı Şəbəkələrin İnkişafı üzrə Milli Strategiya”sını təqdir edib, həmçinin bu yaxınlarda dərc olunan Gürcüstanın “Rəqəmsal İqtisadiyyatın və İnformasiya Cəmiyyətinin İnkişafı Üzrə Uzunmüddətli Milli Strategiya və Onun İcra Planı”na şirkət tərəfindən öz kommunikasiya və informasiya təcrübələrinin tətbiqində maraqlı olduğunu da bildirib.

 

Pekin Dil və Mədəniyyət Universitetində gürcü şairi Şota Rustavelinin heykəlinin açılışı baş tutub. ÇXR-in təhsil nazirinin müavini Vu Yen bu tədbiri çin və gürcü dillərinin, mədəniyyətlərinin qarşılıqlı öyrənilməsində mühüm hadisə kimi qiymətləndirib. Tədbirdə həmçinin iki ölkə arasında 2001-ci ildə təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasından sonra planlaşdırılmış çoxşaxəli mübadilə proqramlarının həyata keçirildiyi nəzərə çatdırılıb. Tədbirdən sonra baş nazirlər Li Qianq və İrakli Qaribaşvili, ÇXR təhsil naziri Huai Jinpeng və Gürcüstanın təhsil naziri Giorgi Amilaxvarinin iştirakı ilə çin dili sahəsində əməkdaşlıq haqqında birgə memorandum imzalanıb. Bu sənəd iki ölkə arasında linqvistika sahəsində əməkdaşlığı dərinləşdirməyi, həmçinin Çin universitetlərində gürcü dilinin tədrisinə, tədqiqatına peşəkar kadrların hazırlanmasına dəstəyi nəzərdə tutub. Təhsil sahəsində geniş imkanları və potensialı ilə seçilən Hunan əyalətinin Gürcüstanla təhsil sahəsində əməkdaşlığı planlaşdırılıb. 

İrakli Qaribaşvili Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Dzin Likun ilə də görüş keçirilib. Gürcüstan və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Tərəflər yeni sahələri, o cümlədən enerji təhlükəsizliyi, yaşıl və bərpa olunan enerji məsələlərini nəzərdən keçiriblər. Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə ÇXR-in Sıçuan əyaləti arasında dostluq əlaqələrinin yaradılması haqqında saziş imzalanıb. Sənədi Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və Sıçuan qubernatoru Huan Qian imzalayıblar. İmzalanma mərasimindən sonra tərəflər arasında görüş keçirilib, burada Acarıstan Muxtar Respublikası ilə Sıçuan regionu arasında əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Konkret və nəticə yönümlü əməkdaşlığın qurulması məqsədilə qubernator Sıçuanda Gürcüstanın yüksək səviyyəli nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu bildirib. 

Gürcüstan hökuməti və Çin hökumətinin birgə kommünikesi dərc olunub. Ümumilikdə kommünikedə qeyd olunur ki, Gürcüstanın Çin Xalq Respublikası ilə münasibətləri əməkdaşlığın yeni mərhələsinə keçir və ölkə Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq münasibətləri qurulur. Burada investisiyalar istiqamətində əməkdaşlıqdan söhbət gedir. Gürcüstan regionda həm Avropa, həm də ÇXR ilə azad ticarət sazişinə malik olan yeganə ölkədir. 

 

Səfərin yekunu kimi Çin və Gürcüstan arasında strateji tərəfdaşlığa dair xüsusi bəyanat dərc olunub. Sənəddə sahələr və sektorlar üzrə ikitərəfli əlaqələr çərçivəsində hansı məsələlərə üstünlük veriləcəyi və əməkdaşlığın hansı istiqamətlərdə dərinləşdiriləcəyi ətraflı təsvir olunub. Səfərdən sonra irəli sürülən fikirlər bir-birindən kəskin şəkildə fərqləndiyi üçün onları ayrı-ayrılıqda gözdən keçirməkdə fayda var. 

      İqtidar düşərgəsinin səfər haqqında fikirləri 

Baş nazirin Çinə səfəri rəhbər heyət tərəfindən yüksək qiymətləndirilib. Əksəriyyət Gürcüstan-Çin münasibətlərinin strateji tərəfdaşlığa yüksəldilməsi qərarının Gürcüstan üçün əhəmiyyətli nəticələr verəcəyini deyib. Gürcüstanın ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia diplomatik münasibətlərin qurulduğu gündən etibarən 31 il ərzində belə genişmiqyaslı səfərin həyata keçirilmədiyini vurğulayıb. Parlamentin Təhsil və Elm Komitəsinin sədri Givi Mikanadze baş nazirin Çin səfərini siyasi, tarixi və iqtisadi baxımdan vacib hesab edib. O, həmçinin əlavə edib ki, Çindən gələn mesajlar Gürcüstanın siyasi gündəminə çevrildiyindən rəhbər heyət Pekinlə strateji tərəfdaşlığa başlamaqla iki ölkə arasında münasibətlərdə əhəmiyyətli dəyişikliklər gözləyir. 

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze dünyada geosiyasi şəraitin və iqtisadi münasibətlər arxitekturasının yeni konturlar aldığı bir vaxtda Gürcüstanın potensialının Çinlə əməkdaşlığa imkan verdiyinə inandığını diqqətə çatdırıb. Sədr onu da əlavə edib ki, iqtisadi münasibətlərdə Çin kimi aktorla əməkdaşlıq ölkənin qarşısında yeni imkanların açılmasına gətirib çıxaracaqdır. 

Parlamentin birinci vitse-spikeri Gia Volskinin fikrincə, Gürcüstanla Çin arasında olan strateji tərəfdaşlıq Gürcüstana zərər verməyəcək, əksinə, Qərb tərəfdaşlarının Çinlə münasibətlər istiqamətində irəliləməsinə kömək edəcək. G.Volskinin sözlərinə görə, Çinlə əlaqələr Gürcüstan kimi kiçik bir ölkə üçün sabitlik və müxtəlif siyasi məsələlərin həlli üçün çox vacibdir.

 

Xalqın Gücü” hərəkatının liderlərindən Sozar Subariyə görə, Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında imzalanan saziş çox vacibdir və ölkə üçün açılmış fürsət pəncərəsidir. Həmçinin əlavə edib ki, Çinin dünyada artan təsiri gözlə görünəndir və Gürcüstanın bu fonda təsirinin artması xüsusilə əhəmiyyət kəsb edir. Həmçinin Rusiya ərazisindən yükdaşımaların məhdud səviyyəsini nəzərə alaraq tarixi məqamdan istifadə olunmalıdır. O, Gürcüstan müxalifətinin ABŞ və Çinlə imzalanan strateji tərəfdaşlıq sənədinin bir-birinə zidd olduğu bildirmələrinə işarə edərək göstərib ki, Aİ üzvlüyünə namizəd olan Ukraynanın da Çinlə münasibətləri mövcuddur və onlara mane olunmur. Müxalifət tərəfindən irəli sürülən bu fikirlərin ölkəyə qarşı düşmənçilik olduğunu deyən S.Subari bu düşmən münasibətin arxasında ABŞ səfirliyinin durduğunu deyib. 

S.Subarinin bu iddiası səlahiyyət müddətini bu yaxınlarda başa vuran səfir Kelli Deqnanın Gürcüstan və Çinin əməkdaşlıq formatına keçidi haqqında təəssüratlarını bölüşdüyü açıqlamasına əsaslanır. Səfir bildirib ki, imzalanmış birgə bəyanatla Gürcüstan kifayət qədər siyasi öhdəliklərlə yüklənib. Xanım səfir Gürcüstanın həmin bəyanatda Çinin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini açıq ifadə etdiyini, ÇXR-in isə qarşılıqlı olaraq belə bir vəd etmədiyinə diqqəti çəkib. Bu səbəbdən də Gürcüstanı diqqətli olmağa çağırıb.

            Müxalifətin səfərə dair rəyi 

Ağmaşenebeli Strategiyası” liderlərindən biri Paata Mancqaladzeyə görə, baş nazirin hər iki “ağa” ilə dost olmağa təşəbbüs göstərməsi aydın deyil. Onun sözlərinə görə, baş nazir ABŞ ilə strateji tərəfdaşlıq haqqında razılaşma imzalamalı olarkən Asiyaya üz tutur, bu məqamda o ya ABŞ ilə dost olmalıdır, ya da Çinlə. Hər ikisi ilə eyni vaxtda dost olmaq mümkün deyil.

 Ümumiyyətlə, partiya nümayəndələri hesab edir ki, strateji tərəfdaşlıqdan danışmaq hələ tezdir. Çinlə münasibətlərə dair razılığın qanunla müəyyən edildiyi kimi, parlament tərəfindən veriləcəyini göstərən partiya üzvləri parlament rəyinin alınmasını mühüm hesab edib.

 

 Müxalifət Çinlə strateji tərəfdaşlığın nə demək olduğuna dair konkret izahat tələb edib. Onların qiymətləndirməsinə görə, Çinlə strateji tərəfdaşlığın başlaması köhnə strateji tərəfdaş olan ABŞ və Avropa ilə münasibətlərə xələl gətirə bilər. Parlamentin “Avrooptimistlər” siyasi qrupunun sədri Roman Qotsiridzenin fikrincə, Çinlə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi yaxşıdır, lakin bu cür investisiyalar yatırılarkən ehtiyatlı olmaq lazımdır. Bunun nəticə etibarilə Qərbin strateji tərəfdaş ölkələri ilə ümumi maraqlara uyğun olması nəzərə alınmalıdır.

         Çinin Gürcüstanla əlaqələrinə qısa bir baxış 

Gürcüstan-Çin əlaqələri öz başlanğıcını SSRİ-nin dağılmasından sonrakı dövrdən götürür. İki ölkə arasında diplomatik münasibətlərin əsası 9 iyun 1992-ci ildə imzalanmış razılaşma ilə qoyulub. Əməkdaşlığın inkişafı çərçivəsində tərəflər iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. kimi sahələrə diqqət ayırırlar. Gürcüstan və Çin əməkdaşlığının kənd təsərrüfatı, energetika, logistika, tikinti, ticarət, informasiya texnologiyaları, dərman istehsalı, tekstil və mebel istehsalı, taxta emalı sənayesində potensialı vardır. 

Bu gün Çin Gürcüstanın ərazi bütövlüyünü tanıyır, onun daxili sabitliyi qoruyub saxlama cəhdlərini yüksək qiymətləndirərək, Abxaziya və Cənubi Osetiya məsələlərini Gürcüstanın daxili məsələsi sayır və hesab edir ki, dövlət suverenliyini qorumaq naminə bu problemlər sülh və danışıqlar yolu ilə həll edilməlidir. Hal-hazırda Çinin Gürcüstanın Tbilisi şəhərində, Gürcüstanın da Çinin Pekin şəhərində səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr inkişaf edir. 

     Tranzit layihələri  

Gürcüstan Statistika Komitəsinin hesabatına əsasən, Çin Gürcüstanın əsas investor ölkələri sırasındadır. 2016-2022-ci illər arasında Çinin Gürcüstana qoyduğu sərmayələrin dəyərini aşağıdakı şəkildə illər üzrə sıralamaq mümkündür: (Şəkil Çin)

 

 Bu ölkədə Çini ən çox tranzit potensialı maraqlandırdığından investisiya qoyulan sahələr məhz nəqliyyat sahəsini əhatə edir. Nəqliyyat sahəsində Çinin diqqətini həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi cəlb edir. Gürcüstan dəmiryolunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdə Çin fəallıq göstərir. 

Çinin “Sino Hidro” şirkəti Şərqi Gürcüstanı Qərb hissəsi ilə birləşdirən Rikot tunelinin yenidən bərpasına, nəqliyyat təhlükəsizliyi baxımından vacib hesab olunan Tbilisi yollarının inşasına xüsusi diqqət ayırır. Sonuncu layihənin ümumi dəyəri $353,5 mln-dur. 

Tbilisi Çinə Poti limanının müasirləşdirilməsi və genişləndirilməsini, Çin İnkişaf Bankının filialının təsisini, Çinə birbaşa reysin açılmasını, bununla yanaşı Tbilisi, Çin və Avropanı birləşdirən beynəlxalq hava limanının yaradılmasını təklif edib. Qeyd edək ki, “İpək Yolu” layihəsinin bir qolu da məhz hava nəqliyyatının inkişaf etdirilməsini nəzərdə tutub. 

2015-ci ildə Dalyanda keçirilən Ümumdünya İqtisadi Forumunda tərəflər arasında asinxronlu mühərriki olan lokomotivlərin istehsalı üçün zavodun tikintisini nəzərdə tutan sənəd imzalanıb. Zavodun tikintisi ilə yanaşı dizel mühərriki olan lokomotivlərin, yeraltı qatarların, dizel generatorlarının istehsalı planlaşdırılıb. 

           Enerji layihələri 

Çin həmçinin bir sıra enerji layihələrində də iştirak edir, onlar arasında tikintisinə 2001-ci ildə başlanılan “Sichuan Electic Power İmport and Export Company” şirkətinin Xodor SES-i əsas rol oynayır. Bu SES Pankisi çayının üzərində yerləşir və ümumi gücü 24 MVt-dır. Qardabanidə ikinci İES 2020-ci ildə istifadəyə verilib. Bu layihənin gerçəkləşdirilməsi üçün razılıq Gürcüstanın Neft və Qaz Korporasiyası (GOGC), Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatoru ASC, Qardabani İES-2 şirkəti və Çinin “China Tianchen Engineering Corporation (TCC)” arasında imzalanıb. Layihəyə qoyulmuş sərmayənin həcmi 160 mln. dollardır. 

 

            Ticarət layihələri 

Azad ticarət haqqında “İpək Yolu” layihəsinin imzalanması iki dövlət arasında əməkdaşlığı yeni mərhələyə çatdırdı. Çin Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk dördlükdədir. Təsadüfi deyil ki, 2016-cı il Davosda baş tutan Ümumdünya iqtisadi forumunda baş nazir Giorgi Kvirikaşvili “Yeni İpək Yolu” layihəsinin önəmindən bəhs edib.

Xatırladaq ki, Gürcüstan 2013-cü ildən Çin rəhbərliyinin icra etdiyi “Bir Kəmər-Bir Yol” layihəsində iştirak edir. Layihə infrastruktur və qarşılıqlı əlaqələri əsas istiqamət kimi nəzərdə tutub. Adı çəkilən layihə iki əsas xətt üzrə inkişaf edir: İpək yolunun iqtisadi istiqaməti və XXI əsrin dəniz İpək yolu. 

Tərəflər arasında ticari münasibətləri asanlaşdıran digər bir amil Gürcüstan məhsullarının 95%-nin Çin bazarına gömrük rüsumları olmadan daxil olmasıdır. Gürcüstan Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi keçən ilin həmin dövrü ilə müqayisədə 17% artaraq 14 milyard dollar təşkil edib. Gürcüstandan geniş çeşiddə mallar ixrac olunur: mis filizləri və konsentratları, ferroərintilər, təbii üzüm şərabları, spirtli içkilər, mineral sular, avtomobillər, qızıl, fındıq və s. ixrac olunur. 

Gürcüstana neft və neft məhsulları, minik avtomobilləri, neft qazı və qaz halında olan karbohidrogenlər, mis filizləri və konsentratları, dərman vasitələri, buğda, elektrik enerjisi, mobil və ya digər rabitə üçün telefon aparatları və s. idxal edilir. Türkiyə ticarət tərəfdaşları arasında birinci yeri tutur. Belə ki, bu dövr ərzində ticarət dövriyyəsi 1,9 milyard dollar, yəni 13,9% təşkil edib. Sonrakı yerlərdə Rusiya, ABŞ, Çin və Azərbaycan dayanır. Çinlə ticarət dövriyyəsinin həcmi 1,09 milyard dollar təşkil edir.

         Tikinti  

Gürcüstanda ən böyük investor şirkətlərindən biri “Hualing Group”dur. “Hualing” 1988-ci ildə Çinin Urumçi şəhərində yaradılıb. Şirkət əsasən inşaat, mehmanxanaların idarəsi, kirayəsi ilə məşğul olur. Şirkətin ümumi kapitalı 3 milyard dollardan artıqdır. “Hualing Group” ilk dəfə Gürcüstan bazarına 2007-ci ildə daxil olub və 8 layihə həyata keçirib: Olimpiya Şəhərciyi, Hualing Azad Sənaye Zonası, Fund mehmanxanası, Hualing Kutaisi mehmanxanası, Meşə Emalına İnvestisiyalar, Tbilisi Şəhər Plaza, Tbilisi Dənizinin Yeni Şəhəri, Hotels and Preference Hualing mehmanxanası. 

 

Bu şirkət 2500-dən artıq iş yeri açıb. 2016-cı ilin sentyabrın əvvəlində Hualing Group Olimpiya şəhərində ilk obyektini – “Tbilisi Dəniz Plaza”nı istifadəyə verib. Hal-hazırda bu obyekt təkcə Gürcüstanda deyil, həm də Cənubi Qafqazda ən böyük obyektlərdən biridir. Kompaniyanın baş direktoru Vanq Şenqsinin sözlərinə görə, hazırda Gürcüstana qoyulan sərmayənin 150 mln dolları həcmində layihə icra edilib. 

Hualing Group 2006-cı ildən Gürcüstanda ağac emalı ilə məşğul olur. Şirkətin meşə emalına alınmış lisenziyası 20 il müddətinədir və il ərzində 88000 m3 ağacın emalı nəzərdə tutulur. Bu şirkət həmçinin daş emalı, faydalı qazıntıların çıxarılması, 56 ha sahəni əhatə edən Kutaisi azad sənaye zonasının yaradılmasına nail olmuşdur. Gürcüstanın Qaçqınların İşi üzrə Nazirliyi “Hualing Group”-la gəldiyi razılaşmaya əsasən, ölkənin münaqişə zonasından gələn 200 qaçqın ailəsi üçün üç yaşayış evi alıb. 

Xinjiang Huashun Industry&Trade and Boda Enterprise Group” şirkəti də ağac emalı, faydalı qazıntıların aşkar edilməsi, qiymətli daşların emalı ilə məşğuldur. Şirkət bu sahə üzrə $100 mln investisiya qoyub. Gürcüstan-Çin əlaqələri rayonlar səviyyəsində də təşəkkül tapıb. Əməkdaşlıq haqqında saziş Rustavi-Harbin (2007- ci ildə), Poti-Tsindao, Kaxetiya-Sintizyan Uyğur muxtar rayonu arasında imzalanıb. Çinin “JV of China Railway 23rd Bureau Group Co. Ltd” şirkəti “Tbilisiyə dəmiryolu keçidi” layihəsi ilə inşaat işləri aparır. Adı çəkilən layihənin ümumi dəyəri 350 mln dollar təşkil edir. 

         Qeyri-neft sektorunun inkişafı 

Gürcüstanla Çinin ikitərəfli əlaqələrinin intensiv şəkildə tərəqqisinin başlanğıcı “Yeni İpək Yolu” layihəsinin fondunun yaradılması ilə qoyulub. Adı çəkilən bu fond 2014-cü ilin noyabrında Si Cinpinin təşəbbüsü ilə yaradılıb və növbəti ilin fevralından fəaliyyətə başlayıb. İlkin plana görə, fondun kapitalı 40 mln dollar təşkil etməli və Pakistanda SES-in inşasına investisiya qoymaqla başlamalı idi. Bundan sonra çox keçmədən gürcü heyətinin Çinə səfəri və fondla əldə olunan razılaşmalar, ardınca kənd təsərrüfatı nazirləri çərçivəsində keçirilən görüşlərdə yeni sahələrə sərmayələrin qoyulması haqqında müzakirələrin aparılması Gürcüstanın fürsəti dəyərləndirmə mərhələsi kimi qiymətləndirilə bilər. 

 

Gürcüstanın bu əməkdaşlıqdan gözləntilərinə gəlincə isə, onu maraqlandıran əsas məsələ Çin bazarıdır. Əməkdaşlıq bəzi Çin zavodlarının Gürcüstanda və ya gürcü zavodlarının Çində açılmasını da nəzərdə tutur. Buna bariz nümunə kimi “Dalian Locomotive and Rolling Stock” şirkəti ilə Gürcüstanın ən böyük vaqon istehsalçısı “CBC” arasında bağlanan əməkdaşlıq müqaviləsini misal gətirə bilərik. 

Bu təşəbbüs özündə beynəlxalq nəqliyyat əlaqələrini gücləndirməyi, “Bir Kəmər-Bir Yol” strategiyasının həyata keçirilməsini təkmilləşdirməyi və İpək Yolunun dəmir yolu hissəsinə yaxın ərazilərinə iqtisadi rifah gətirməyi hədəfləyib

Beijing Jinfeng Hengye Agricultural Development Co. and China Agricultural Science” və “Technology Entrepreneurship and İnnovation League” kompaniyaları Gürcüstanda çayçılığın inkişaf etdirilməsi haqqında da danışıqlar aparıblar. Çin mütəxəssislərinin fikrincə, Gürcüstanın yerləşdiyi iqlim zonası çayçılığın səmərəli inkişafına təkan verəcəkdir

Həmçinin “Yunnan Dianhong Group” şirkəti də Gürcüstanda yeni çay zavodunun inşasının vacibliyini vurğulayaraq, ixrac üçün keyfiyyətli məhsul istehsalının əhəmiyyətini qeyd edib. 

Beynəlxalq şirkət olan “İDS Borjomi İnternational” Gürcüstan-Çin əlaqələri çərçivəsində Çinə mineral suların ixracına başlayıb. İlk göndəriş 250 min şüşə olub. 

 Tszyansi vilayətinin “Silk Road İnvestment Co. LTD” şirkəti ilə Gürcüstanın Əməkdaşlıq Fondu arasında Gürcüstanda tekstil sahəsinin inkişaf etdirilməsi haqqında memorandum imzalanıb. 2017-ci ildə Gürcüstanın Dayanıqlı İnkişaf və İqtisadiyyat naziri Giorgi Qaxaria ilə Çinin “CEFC China Energy Company Limited” şirkətinin direktoru Jiyanjun Janq arasında memorandum imzalanıb. Həmin memoranduma əsasən, “Poti Sənaye Zonasının” 75% payı Çinə verilib. 

Qərbi Gürcüstanda 120 milyon dollar dəyərində Gürcüstan-Çin investisiya layihəsinin reallaşdırılması üçün sement zavodu tikilib. İqtisadiyyat və dayanıqlı inkişaf nazirliyi “Gürcüstanda İstehsal Et” proqramı çərçivəsində həmin layihənin həyata keçirilməsi üçün 20 hektar sahə ayrılıb. Zavod inşaatı yekunlaşdıqdan sonra il ərzində 900 min ton sement klinkeri (sement istehsalında aralıq məhsul) və 1,5 mln ton yüksək keyfiyyətli sement istehsal olunub. Adı çəkilən proqram çərçivəsində Çin şirkətlərinin 665,6 min lari investisiyası ilə 3 min m2 ərazidə plastik istehsalı üçün zavodun tikilməsi də nəzərdə tutulub. 

Elmi, sosial, humanitar proqramların həyata keçirilməsinə də ciddi diqqət ayrılır. Çin hökuməti Gürcüstanda əhalinin sağlamlığının mühafizəsinin təşkil edilməsi üçün 60 milyon yuan (təxminən 9,1 mln dollar) ayırıb. Layihə çərçivəsində Gürcüstanın iki regionunda tibbi infrastrukturun inkişafı üçün layihələr müzakirə edilib. Bundan başqa, Çin Gürcüstanla dünya standartlarına cavab verən iki xəstəxananın inşası üçün bütün öhdəliyi öz üzərinə götürmək şərti ilə memorandum imzalayıb. Bu məqsədlə Çin tərəfdaşları 9 mln dollar həcmində qrant ayırıblar. 

 

China National Machinery&Equipment İmport & Export Corporation (CMEC)” şirkəti Gürcüstanda kömürün pulverizasiyası texnologiyası tətbiq edir. 

Qeyri-neft sektorların inkişafından başqa Çin şirkətlərini bu ərazidə neft və qazın axtarılıb çıxarılmasına dair layihələr də planlaşdırılıb. Energy Technical” və “Vm Energy LTD” şirkətləri 150 mln dollar həcmində kapitalın neftin və qazın axtarılmasına sərf olunacağını bildirib. Bank sektoru 2017-ci ildən “CEFC China Energy Company Limited” və “Eurasian İnvest LLC” şirkətləri ilə Gürcüstan İnkişaf Bankının yaradılması haqqında bəyannamə imzalanıb. Bəyannaməyə əsasən, şirkətlər yeni kommersiya bankının yaradılmasını öz öhdələrinə götürüblər. Başlanğıc üçün bankın kapitalı 1 mlrd dollar təşkil edib. 

Bank sektorundan bəhs edərkən “Hualing Group”un bu sahədəki fəaliyyətini də nəzərdən qaçırmaq olmaz. Belə ki, 2012-ci ildə Çin Gürcüstanın 10 ən yaxşı bankından biri olan Bazisbankın 90%-dən artıq səhmlərinə sahib olub. Hal-hazırda bu göstərici 92,98% təşkil edir. 

           Turizm  

Çin vətəndaşlarının Gürcüstana səfərləri stabil olaraq artmaqda davam edir. 2005- ci ildə bu rəqəm 747 nəfər təşkil edirdisə, 2012-ci ildə 10 min nəfərə çatmışdı (1238% artımla). İkitərəfli əlaqələr çərçivəsində turizm sahəsinin tərəqqisinə xüsusi diqqət ayrılıb. “China Southern Airlines” şirkəti Pekin-Urumçi-Tbilisi istiqamətlərində davamlı uçuşlar təşkil edir. 2016-cı ildə Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Giorgi Çoqovadze Pekində çinli həmkarı Li Tszin Tao ilə görüşü zamanı Gürcüstana səfər edən çinli turistlər üçün səyahət imkanlarını asanlaşdırmaq məqsədilə vizasız rejimə keçid haqqında qərar qəbul edib. 

Cari ilin sentyabrın 11-də Gürcüstan tərəfindən Çin vətəndaşlarına vizasız gedişgəliş imkanı tanınıb. Gürcüstan hökuməti günlük ən azı bir uçuş həyata keçirmək üçün Çinin “China Southern Airlines” şirkəti ilə işlədiyini açıqlayıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili tezliklə bu uçuşların 10-a çatdırılmasının hədəfləndiyini bildirib. Qeyd edək ki, sentyabrın 27-dən etibarən “China Southern Airlines” şirkəti Tbilisi-Urumçi uçuşlarına başlayacaq. 

 

      Şərab ixracı 

Çində gürcü şərabına tələbat yüksəkdir. Çin Gürcüstandan 2008-ci ildə 27.214, 2011-ci ildə 582 min, 2021-ci ildə 5.934.937 litr şərab idxal edib. 2012-ci ildə 9 gürcü şərab zavodu ilk dəfə olaraq Çinin Urumçi şəhərində ikinci EKSPO “ÇinAvrasiya” yarmarkasında iştirak edərək yüksək mükafata layiq görülüb. Çin Gürcüstan şərabının ixracına görə Rusiya, Ukrayna, Qazaxıstan, Polşadan sonra beşinci yeri tutur. 

Gürcüstanın Kənd təsərrüfatı naziri Levan Davitaşvili 2017-ci ilin sentyabr ayında Çinin Çjetzyan vilayətinin İu şəhərində “Gürcüstana Pəncərə” adlı gürcü şərabı muzeyi açıb. 

                    Nəticə 

Gürcüstanla Çin arasında münasibətlərin hansı istiqamətlər üzrə irəlilədiyini aydın görmək üçün əlaqələrin ümumi gedişatına nəzər saldıqdan sonra belə bir sual meydana çıxır: nəyə görə illərdir münasibətlərin bu tempdə davam etdiyi bir vaxtda bu sazişin imzalanmasına qarşı çıxanlar da az deyil? Bu məsələni aydınlaşdırmaq məqsədilə mətbuatda yayımlanan bəzi mübahisəli məqamlara və müxtəlif yanaşmalara nəzər salaq: 

Birinci məsələ. İmzalanan bu sənədin, xüsusən də Çinin Qara dənizə girməsinin Qərbin maraqlarına uyğun olmayacağını dilə gətirən müəyyən qrup ekspertlər var. Bu məqamda ikitərəfli münasibətlərə Qərbi reaksiyası gündəmə gəlmiş olur. Xatuna Laqazidzenin sözlərinə görə, Anaklia limanı Çin sərmayəsi ilə tikilərsə, Çin Qara dənizdə öz maraqları ilə təmsil olunacaq

 

Qərb və Amerika bu prosesə şübhə ilə baxır və ola biləcək təhlükələri dilə gətirir. Xatırladaq ki, sentyabrın 6-da Çinin Gürcüstandakı səfiri Zhou Qian Anakliya limanına xüsusi maraq göstərdiklərini, Gürcüstan tərəfi onlara əlverişli təkliflə çıxış edərsə, bu layihədə Çinin fəal olacağını bildirib. 

Qeyd edək ki, hazırda Çini təkcə Anakliya layihəsi deyil, həm də Orta Dəhliz maraqlandırır. Səfir bu ideyanın inkişafını da dəstəkləyib. 

İkinci məsələ. Ərazi bütövlüyünün tanınması ictimaiyyəti narahat edən əsas məsələlərdən olub. Rusiya Federasiyası şurasının üzvü Qriqori Karasinin: “Rusiya digər ölkələrin, o cümlədən Çin və Hindistanın Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanıması üçün hər şey edir” – deməsi Çinlə Gürcüstanın yaxınlaşdığı bir vaxtda həyəcan siqnalına səbəb olan açıqlamaya çevrilib. Üstəlik, Q.Karasinin bunu əminliklə ifadə etməsi gürcü siyasətçiləri arasında bir daha Çinin Gürcüstanın suverenliyini tanıması məsələsində şübhə doğurub. “Avrooptimistlər”in üzvü Xatia Dekanoidze dövlətin tanınma siyasətini zəiflətdiyi, illərdir bu məsələnin ətalətdə qaldığı qənaətindədir. 

 

Qeyd edək ki, Çinlə imzalanan rəsmi sənəddə Gürcüstanın suverenlik məsələsinin qeyd olunmaması məsələsinə Çin səfirinin cavabı birmənalı olub. Zhou Qian bildirib ki, bundan əvvəl imzalanan diplomatik sənədlərin hamısında bu məsələyə toxunulub və indiki halda məlum olan bir məsələnin yenidən qeyd edilməsinə ehtiyac duyulmayıb

Bir daha xatırladaq ki, səlahiyyət müddəti yenicə başa çatan Kelli Deqnan da bu məsələyə toxunub. Güman ki, vəziyyətin yetərincə mürəkkəb olduğu belə bir şəraitdə “Gürcüstan Avropa İttifaqından uzaqlaşacaq?”, “Rusiya Çinin vasitəsilə Gürcüstanı asılı halda saxlamağa davam edəcək?” kimi suallar ətrafında mübahisələr hələ davam edəcək. 

 Nəsibə Mirzəyeva,  

Beynəlxalq Münasibətlətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam