Sabirabaddakı “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-TƏFƏRRÜAT
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
Əslən Sabirabad rayonundan olan və hal-hazırda Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olan Rəcəb Babaşovu hər kəs tanıyır. Tanımayanlar da googleda axtarış verib yaxından tanış ola bilər. “Maşallahı” var Rəcəb Babaşovun adı bir çox qalmaqallı məsələlərdə çəkilib. Rəcəb Babaşov özü Qazaxda “at oynadır”, qohumu Niyaz Hüseynov adlı şəxs də Sabirabadda “at oynadır”.
Niyaz Hüseynov kimdir?
Sabirabad rayonu Heydər Əliyev prospektində yerləşən “OMEQA” Klinikasının sahibidir. Bütün Sabirabad camaatı bilir ki, “OMEQA” Klinikasında çalışan həkimlər həm də Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimləridir. “OMEQA” Klinikasının sahibi Niyaz Hüseynov, qohumu Qazaxın icra başçısı Rəcəb Babaşova arxalanıb, Sabirabad rayon Mərkəzi Xəstəxanasında işləyən həkimləri gətirdib öz klinikasında işlədir. Sonra da deyirik ki, xəstəxanalarda həkim yoxdur, həkim istəyən də qaçır “OMEQA” Klinikasına. Hələ Bakı şəhərindən gələn həkimləri demirik. Bir sözlə “OMEQA” Klinikasında xəstə əlindən “iynə atsan yerə düşməz”, bütün Sabirabad camaatı oraya gəlir. Maraqlısı isə budur ki, aidiyyatı qurumlar gəlib yoxlama aparmır ki, bu həkimlərin adı Sabirabad rayon Mərkəzi Xəstəxanasında getdiyi halda necə olur ki, “OMEQA” Klinikasında işləyirlər? Ən dəhşətlisi isə odur ki, “OMEQA” Klinikasında qanunsuz olaraq abort halları baş alıb gedir və bir çox gizlin cərrahi əməliyyatlar həyata keçirirlər…
Dövlət Vergi Xidməti gəlib ciddi yoxlama apararsa “OMEQA” Klinikasında bəlkə yüz min manatlarla miqdarda vergidən yayınma halları ortaya çıxar. Hətta bu klinikada yanğın təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar olduğu halda aidiyyatı qurumlar buna göz yumur. Külli miqdarda vergidən yayınma halları olduğu halda aidiyyatı qurumlar buna göz yumur. Sertifikasiyasının vaxtı bitdiyi halda işləyən həkimlərə görə aidiyyatı qurumlar göz yumur. Bir sözlə “OMEQA” Klinikasının sahibi Niyaz Hüseynov qohumu Qazaxın icra başçısı Rəcəb Babaşova güvənərək Sabirabadda “at oynadır” və bir qurum da gəlib ona “gözün üstə qaşın var” deyə bilmir.
Media qurumlarından xahiş edirik ki, müraciətimizi saytlarda işıqlandırsınlar ki, bəlkə aidiyyatı qurumlar vergi sahəsində, fövqəladə hallar sahəsində və səhiyyə sahəsində “OMEQA” klinikada ciddi yoxlamalar aparar. Bəlkə bu müraciətdən sonra “OMEQA” Klinikasının sahibi Niyaz Hüseynov, qohumu Qazaxın icra başçısı Rəcəb Babaşova arxalanıb etdiyi qanunsuz əməllərindən imtina edərək qanun çərçivəsində çalışar və Qazaxın icra başçısı da başa düşər ki, cənab Prezident İlham Əliyev onu o vəzifəyə “at oynatmaq” üçün yox, xalqa xidmət etmək üçün təyin edib.
Etdiyimiz müraciətdə yazılanlara görə məsuliyyət bizə aiddir.
Yenixeber.org olaraq qarşı tərəfin də cavab haqqını tanıyırıq.