UKRAYNA DRONLARININ HƏDƏFİ: “RUBLYOVKA” –Rusiyalılar Moskvaya hücuma niyə sevinirlər?
Ötən gün Moskvaya edilən dron hücumu Rusiyanın “haralardan haraya gəldiyi” barədə təsəvvürü daha da aydınlaşdırdı.
Yenixeber.org: Ötən ilin fevralında “3 günə Kiyevi alan” Rusiya ordusu bu gün Moskvanın hava məkanını qorumaqda acizdir, PUA-lar Kremlin üzərində uçuşur, Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərini diversiya qrupları “karvansara qapısına” döndəriblər, 10 aya Baxmut adlı rayon mərkəzini ala bilməyən “dünyanın ikinci ordusu” isə böyük təlaş içərisində Ukraynanın əks-hücumunu gözləyir və s.
Kreml və onun təbliğat maşını sözügedən dron hücumunun siyasi, psixoloji, hərbi və s. təsirini azaltmaq üçün müxtəlif variantlara əl atsa da, öz çaşqınlığını gizlədə bilmir. Belə ki, əvvəlcə Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin Moskvaya dron hücumunu şərh etməyəcəyini və onun daha vacib işlərinin, məsələn, iş adamları ilə görüşünün olduğunu bəyan etdi. Lakin hadisənin yaratdığı təlaş və əks-səda Putini şəxsən baş verən hücumu şərh etməyə vadar etdi. Rusiya başçısı ənənəvi olaraq “Kiyev rejimini” ittiham etdi və Hava Hücumundan Müdafiə(HHM) sistemlərinin guya öz vəzifəsinin öhdəsindən gəldiyini, eləcə də bu hücuma hansısa formada cavab veriləcəyini dedi. Ancaq bu dronların Ukraynadan Moskvaya qədər yüzlərlə kilometr məsafəni necə uçub gəldiyinə təbii ki, aydınlıq gətirə bilmədi...
Bu hadisəyə Kremldən verilən reaksiyanın ən əsas tərəfi isə dronların gerçək hədəflərini və hücumun nəticələrini gizlətmək cəhdidir. Ukrayna mətbuatı və Rusiyadakı müstəqil mənbələr dron hücumunun Moskva ətrafındakı ən bahalı və elit yaşayış zonası sayılan “Rublyovka” adlı ərazi olduğunu, hətta burada bir neçə tikilinin xəsarət aldığını yazır və bunun ciddi cəhdlə gizlədildiyini bildirir. Belə ki, rəsmi mənbələr Moskvaya cəmi 8 PUA-nın hücum etdiyini bəyan etsə də, müstəqil mənbələr və videogörüntülər bu hücumda 25-30 dronun iştirak etdiyini ortaya qoyur. İddia edilir ki, onların bir qismi vurulsa, yaxud hədəfindən yayınsa da, öz hədəfinə çatanlar da olub.
Məsələ ondadır ki, “Rublyovka” adlanan yaşayış zonasında Rusiyanın ən yüksək elitası, o cümlədən Putinin ən yaxın ətrafı, iri ranqlı məmurlar, nazirlər, generallar, xüsusi xidmət başçıları, şirkət və bank rəhbərləri, milyarderlər və s. yaşayır. İndi belə çıxır ki, bu adamların müharibə nəticəsində təkcə biznes və maliyyə imkanları, dəbdəbəli həyat tərzi, xarici səfərlərə getmək imkanı, xaricdəki var-dövləti və s. yox, həm də həyatları təhlükə altına düşüb. Bu isə onların Putinə qarşı narazılıq və nifrətini daha da artırır.
Ancaq ən maraqlısı odur ki, Rusiya əhalisinin əhəmiyətli bir hissəsi bu dron hücumuna görə Zelenskini yox, müharibəni başlayan və onu “üz gözünə yaxan” yarıtmaz Putini qınayır, bu da azmış kimi, PUA hücumunun məhz “Rublyovka”nı hədəf almasına hətta sevinir. Bunu sosial şəbəkələrin Rusiya seqmentində açıq görmək olar. İnsanlar uzun illərdir Rusiyanın sərvətlərini sümürən hakim zümrənin hədəf alınmasını sözün əsl mənasında alqışlayır. Bu proses o qədər kütləvi hal alıb ki, hətta Kremlin ən populyar və qəti təbliğatçısı olan Vladimir Solovyov “Rublyovka”-nın bombalanmasına sevinən, bunu təqdir edən rusiyalıları canlı efirdə təhqir və təhdid etmək məcburiyyətində qalıb.
Bir sözlə, Moskvaya PUA hücumu Kremlin zatən ayaqlar altına atılan nüfuzuna daha bir ağır zərbə oldu. Rusiya rəhbərliyi üçün vəziyyəti acınacaqlı edən isə həm də odur ki, getdikcə bu hücumların daha intensiv və kütləvi xarakter alacağı gözlənilir. Çünki bir çox mütəxəssislərin bildirdiyinə görə, Ukrayna özü dron istehsalında heç də İrandan fərasətsiz olmadığını ortaya qoymaqdadır və belə görünür ki, artıq Moskvanın Kiyevə göndərdiyi “Şahed”-lərin analoqları qayıdıb öz başına tökülməyə başlayır. Görünən həm də odur ki, Rusiya Dumasının komitə sədri Aleksandr Xinşteynin dediyi kimi, Moskva sakinləri artıq bundan sonra belə hadisələrə öyrəşməyə məcburdurlar: “Bu, dərk etməli olduğumuz yeni reallıqdır...”(azpolitika)
C.Məmmədov