Türkiyə 14 mayda keçiriləcək prezident və parlament seçkilərinə hazırlaşır. Müxalifətin əsas partiyaları “Millət İttifaqı”nda birləşərək, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb. Hakim “Cumhur İttifaqı” isə hazırkı Prezident, AKP lideri Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə seçkilərə qatılacaq. Hazırda hər iki düşərgə müttəfiqlərinin sayını artırmağa çalışır.
Yenixeber.org: Türkiyədəki seçki prosesi Azərbaycanda da maraqla izlənir, onun nəticələrinin qardaş ölkəyə və ölkənin Cənubi Qafqaz siyasətinə necə təsir göstərəcəyi də bu sıradadır.
AXCP sədrinin müavini Seymur Həzi Türkiyədaxili siyasi proseslərə yaxından bələddir, onunla bu mövzular ətrafında söhbət etmişik.
- Seymur bəy, Türkiyədə mayın 14-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinin hansı nəticələrlə bitəcəyi maraq doğurur. Hazırda seçki kampaniyası davam edir, mövcud şəraiti necə dəyərləndirisiniz?
-
- İlk olaraq onu deyim ki, Prezident Ərdoğan bu seçkini udmaq üçün canfəşanlıq etmir. Bu da seçkiqabağı mühitə təsir etməyə bilməz. Ya Ərdoğan düşünür ki, zəlzələnin və ondan əvvəl başlamış iqtisadi böhranın yaratdığı fəsadların aradan qaldırılması çətin olacaq və buna görə də hakimiyyətdə qalmağa maraqlı deyil, ya da hakimiyyətə gələcək qüvvənin bu problemlər kontekstində bütövlüyünü qoruya bilməyəcəyini düşünür. Buna görə də sanki geri çəkilir. Belə olan halda, daha çox müxalif namizədlər meydanda fəal görünür. Məsələn, Kılıcdaroğlu və İncənin adları daha çox səslənir. Demək olar ki, seçkiqabağı mühit bu mənada son dərəcə sərbəst və hələ ki, müdaxiləsiz təəssüratı yaradır.
- Müxtəlif şirkətlərin keçirdiyi sorğularda Klıçdaroğlunun Ərdoğanı üstələdiyi görünür. Bu mənzərə nəyə əsaslanır?
-
- Bu sorğularla mən də tanışam. Bundan əlavə, bir çox türkiyəli ekspertlə birbaşa müzakirələrdə olmuşam. Gəldiyim qənaət belədir ki, söhbət təkcə iqtisadi və geosiyasi kontekstdə hökumətin geriləməsindən getmir, həm də üzərində dayandığı dini təmayül kontekstində də hökumət elektorat itirib. Yəni dindar seçicinin mühüm hissəsində belə fikir yaranıb ki, hökumət dini bilməsə də olar, iqtisadiyyatı bilsə, bəsdir.
- Ərdoğanın usta siyasətçi olduğu məlumdur, tarixin bir çox çətin dönəmlərində vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb. Qarşıda onun belə imkanları varmı? Hansı addımlar atıla bilər?
-
- Hər kəs belə bir möcüzəni öz analizlərinə daxil edir. Bu, əslində ustalıqdan daha fərqli bir məziyyət olardı. Çünki ölünü diriltmək bundan daha az fərqli möcüzə sayıla bilər. Ərdoğan bu seçkidə 45 faizdən çox səs alsa, hakimiyyətə gəlməsə belə, ölünü diriltmiş sayılacaq.
- Müxalifətin müxtəlif ideologiyalara əsaslanan partiyaları bir araya gəlib. Seçkiyə qədər daxili ixtilaflar yenidən baş qaldıra bilərmi?
-
- Fikrimcə, müxalifət ən ciddi ixtilafını artıq geridə qoyub. Bundan sonra hətta Məhərrəm İncənin belə Kılıcdaroğluna dəstək verəcəyi gözlənilir. Əgər bu baş tutsa, Kılıcdaroğlu özünün kilid səsini qazanmış olacaq.
- HDP ilə Kamal Klçdaroğlunun görüşü ertələndi, bu nə ilə bağlıdır? Ümumiyyətlə, kürdlərin müxalifətin vahid namizədinə dəstək verməsi mümkündürmü, bu razılaşma hansı şərtlər əsasında baş tuta bilər?
-
- Türkiyə qanunları çərçivəsində fəaliyyət göstərən, Türkiyə seçki orqanları tərəfindən seçkiyə buraxılan, büdcədən maliyyələşən və ən əsası ölkədə sabit elektorata sahib olan 3-cü partiya ilə əməkdaşlıq etmək, əlbəttəi, təbiidir. Bu gün hökumət cinahı da istərdi ki, HDP onlarla birlikdə hərəkət etsin. Məsələn, Hürr Dava Partiyası (HüDaPar) həm hizbullahçıdır, həm də radikal kürd müsəlmanların birləşdiyi təşkilatdır, amma “Cumhur İttifaqı” ilə birlikdədir. Demək istədiyim budur ki, Türkiyədə bu mövzu sadəcə, rəqiblərin bir-birinə qarşı propaqanda alətidir. HDP deyib ki, heç bir şərti yoxdur, sadəcə demokratikləşməyə dəstək vermək istəyirlər. Böyük ehtimalla, onlar Kılıçdaroğlunu dəstəkləyəcəklər.
- Seçkilərinn qalibinin birinci turda, yoxsa ikinci turda müəyyən olunması daha çox ehtimaldır? İkinci tur olsa, müxalifət və iqtidar düşərgəsi necə şəkillənəcək?
-
- Birinci turda Kılıçdarğlunun 55 faizdən daha çox səs alacağını deyən ekspertlər və sorğular üstünlük təşkil edir. Amma ikinci tur olsa belə müxalifətin qalib gəlmək şansı daha çox olacaq. Hökumət ən azından yarım addım geriləmiş olacaq, bu isə həm psixoloji, həm də elektoral baxımdan müxalifətə üstünlük verəcək. Birinci turda Məhərrəm İncə Kılıcdaroğluna dəstək verməsə, ikinci turda bu, mütləq olacaq.
- Seçkilərin saxtalaşdırılacağına dair rəylər, gözləntilər var. Bu təhlükə varmı, mövcud şəraiti qiymətləndirsək, manipulyasiyalar seçkilərin nəticələrinə əhəmiyyətli təsir edə bilərmi?
-
- Mən bu məsələyə elə də böyük ehtimal kimi baxmıram. Olsa belə bu hökumətin ziyanına nəticələnər.
- 15 mayda biz necə bir Türkiyə görəcəyik? Müxalifətin qələbəsi Türkiyənin xarici siyasətinə, o cümlədən Cənubi Qafqaz siyasətinə necə təsir edə bilər?
- İstər bu hökumətlə, istərsə də yeni hökumətlə Türkiyənin Qafqaz siyasəti fərqli olacaq. Çünki bir müddət sonra artıq Qafqazda Rusiya balansı aradan qalxacaq və demək olar ki, Osmanlı Türkiyəsi balansı da aradan qalxacaq. Bütün region təbii şəkildə Avropa, ya da Avro-Atlantik məkana inteqrasiya edəcək. Türkiyə daha çox NATO-nun bölgə hakimi kimi davam edəcək.
- Türkiyə 2002-ci ilə qədər koalision hökumətlərlə idarə olunub və ən uzunömürlü ittifaq 3 il çəkməyib. “Millət İttifaqı”nın perspektivini necə görürüsüz? Partiya sədrlərinin vitse-prezident təyin edilməsi seçilmiş Prezidentin iradəsinə, siyasətinə necə təsir edə bilər?
- Bunu zaman göstərəcək, amma bir məsələ var ki, hökumətlərin ziyanına olan sistem, xalqın xeyrinə olub. Bütün hallarda, iddia etmək düz olmazdı ki, bir adam 7 adamdan yaxşı idarə edər. 21-ci əsr kollegiallığın əsridir. Hər halda, 7 köməkçi olsa da prezident təkdir.(pressklub)
Turqut