Azərbaycan Qarabağ ermənilərini Bakıya görüşə dəvət edib, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib, Prezident İlham Əliyev Almaniyaya əvvəlcədən elan olunmamış işgüzar səfərə yola düşüb.
Yenixeber.org: Hər üç hadisə Qarabağ ətrafında cərəyan edən proseslərin tərkib hissəsidir. Bölgədə gərginlik artdıqca siyasi, diplomatik müstəvidə də intensivlik müşahidə olunur. Qərb münaqişə tərəflərini sülh müqaviləsini imzalamağa tələsdirir, İrəvan müxtəlif bəhanələrlə mümkün qədər onu yubatmağa, Rusiya Ermənistanın bu mövqeyindən öz xeyrinə yararlanmağa çalışır. Azərbaycana gəldikdə, rəsmi Bakı həm Moskvanın, həm də Qərbin təzyiqi altındadır, əlindəki alətləri hərəkətə gətirərək, bölgədə vəziyyəti dəyişməyə çalışır.
Birincisi, Bakı Xankəndidəki separatçı rejimin manevr imkanlarını məhdudlaşdırmaq üçün onun “əl-ayağını” yığmağa qərar verıb. Rusiya hərbçilərinin müşayiəti ilə erməni silahlı qruplaşmalarına Xankəndi-Xəlfəli-Turşusu marşrutu ilə daşınan hərbi yükləri nəzarət altına almaq cəhdi bununla bağlıdır. Martın 5-də baş verən hərbi toqquşma, ardınca Müdafiə Nazirliyinin yoldan silah-sursat daşınması kadrlarını yaymasına Avropa İttifaqından da reaksıya gəldi. Qurumun Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar bəyan etdi ki, Laçın yolu ilə daşınan yüklərin şəffaflığı üçün buraya nəzarət vacibdir.
İkincisi, sülhməramlı adlandırılan Rusiya hərbçilərinin vasitəçiliyi ilə Qarabağdakı erməni icmasının nümayəndələri ilə keçirilən görüşdən sonra, növbəti müzakirələrin Bakıda keçirilməsi barədə təşəbbüs irəli sürüldü. Bu, müzakirələrin vasitəçi olmadan davam etdirilməsində Azərbaycan rəhbərliyinin qərarlı olduğunu göstərir. Vaşinqton və Brüssel də vasitəçi olmadan müzakirələrin aparılması ideyasını dəstəkləyirlər.
Amma Xankəndidəki rejim, dolayısı ilə Rusiya bu təşəbbüsə qarşı çıxdı. Bu gün separatçıların rəhbəri Arayik Arutyunyanın müşaviri, “artsax”ın keçmiş “xarici işlər naziri” David Babayan bildirib ki, Xankəndi ilə Bakı arasında danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.
“Bakı media vasitəsilə yaydığı “təklif”lə danışıqlara getməyəcəyini bir daha nümayiş etdirir. “Artsax” həmişə danışıqların və sülh yolu ilə nizamlanmanın tərəfdarı olub. Amma danışıqlar yalnız bərabərhüquqlu tərəflər arasında, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsil etdiyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparıla bilər. Format – “Artsax”, Azərbaycan, Ermənistan – hələ 1994-cü ildə müəyyən edilib”,- Babayan bildirib.
Bu gün həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparılıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmaların icrasını, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsinə dair addımları müzakirə ediblər. Putin Ermənistanın Baş naziri ilə söhbətdə “Qarabağ üzrə bütün məsələlərin konstruktiv şəkildə, tərəflər və Rusiya sülhməramlıları arasında sıx təmasda həllinin vacibliyini” də qeyd edib. Ermənistandan yayılan açıqlamada bildirilir ki, Baş nazir Vladimir Putini “Azərbaycanın Laçın dəhlizini blokadada saxlamasına aydın, ünvanlı reaksiya verməyə” çağırıb.
Uzun müddətdir saatlarını Qərblə tutuşduran Paşinyan bu ərəfədə Putinlə danışmağa nədən ehtiyac duyub? Onu arzulamadığı kontakta vadar edən nədir?
İki əsas ehtimal irəli sürmək mümkündür.
Birincisi, Azərbaycan Qarabağın delmitarzasiyasında qərarlıdır. Əgər Xankəndidəki erməni icması ilə danışıqlar iflasa uğrasa, hərçənd bu baş verdi, daha sonra Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi ilə bağlı danışıqlarda konkret nəticələr olmasa, habelə erməni silahlı dəstələrinin bölgədən çıxarılması başlamasa, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirə bilər. Artıq XİN, Müdafiə Nazirliyi bunun anonsunu verib, nazir Zakir Həsənov generallarla müşavirələr keçirir, ərazidə hərəkətlənmələr var. Şübhəsiz, Paşinyanla Putin arasında müzakirələrin əsas hissəsini bu gözləntilər təşkil edib. Baş nazir Rusiyadan öhdəliklərinə uyğun olaraq vəziyyəti sabitləşdirməyə, Azərbaycana təzyiq etməyə çağırıb.
İkincisi, Paşinyan Bakının antiterror əməliyyatında qərarlı olduğunu, Rusiyanın ona mane olmaq imkanlarını itirdiyini bilir və özünü erməni ictimai rəyi qarşısında sığortalamağa cəhd edir.
Bu arada, İran hərbi təyyarəsinin Azərbaycan sərhədlərində təhrikedici uçuşları da Bakını çəkindirmək məqsədi daşıyır. Çox güman, bu barədə İrəvan və Moskva ilə əvvəldən müzakirələr aparılıb.
Beləliklə, vəziyyət kifayət qədər gərgindir. Hazırda Azərbaycan prezidenti Almaniyada işgüzar səfərdədir. Xatırladaq ki, ötən həftə Nikol Paşinyan Berlinə dəvət edilmişdi və kansler Olaf Şolts da daxil olmaqla, Almaniya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etmişdi. Gözləyək, Almaniya hansı təkliflə çıxış edəcək, bu mövqe Avropa İttifaqının yanaşmasında hansısa yeniliklərə gətirib çıxaracaqmı? Eyni zamanda, bölgədə ehtimal olunan hərbi toqquşmaları əngəlləyə biləcəkmi?
Bu gün Baş nazir Nikol Paşinyan mətbuat konfransı keçirəcək. Onun əsas diqqəti Azərbaycan-Ermənistan sülh danışıqlarına və Qarabağ mövzusuna cəlb edəcəyi gözlənilir. Əgər Paşinyan rəsmi Bakını Xankəndidəki hərbi xuntaya qarşı təcavüzə hazırlaşmaqda ittiham edərsə, bu məzmunda beynəlxalq aləmə çağırışlar ünvanlayarsa, yaxın zamanlarda Azərbaycanın antiterror əməliyyatı qaçılmaz olacaq. Nə Rusiya, nə İranın təzyiqləri Bakını dayandıra bilməz. Müharibədən artıq 2 il yarım vaxt keçib ortalıqda heç bir nəticə yoxdur. Vəziyyət isə getdikcə qeyri-müəyyənliyə yuvarlanır.
O da mümkündür ki, Paşinyan separatçıları Azərbaycana inteqrasiya etməyə çağırsın və sülh müqaviləsini imzalamağa hazır olduğunu elan etsin. Baş nazir bir dəfə belə cəhddə bulunub və erməni cəmiyyətinə bildirib ki, sivil dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, reallığı qəbul etməkdən başqa yol yoxdur. Əlbəttə, Paşinyanın belə bir çağırışı “Qordi düyünü”nün kəsilməsi demək deyil, amma növbəti hərbi gərginlikdən qaçmaq üçün fürsət pəncərəsi açır.(pressklub)
Turqut