Yenixeber.org: Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Qarabağdakı vəziyyətlə bağlı müəyyən aydınlıq yaratdı. Moskvanın mövqeyinin dəyişməz qaldığı, Bakı ilə münasibətlərdə maksimum kompromislərin nədən ibarət olduğu aydınlaşdı. Habelə Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarından kənarda qaldığını və Kremlin mövcud reallıqlarla barışdığını təsdiqlədi.
Əvvəlcə Rusiyanın Azərbaycana güzəştləri barədə.
Ermənistanın Qərblə münasibətlərini sıxlaşdırması, KTMT, Avropa İttifaqı seçimində ikinciyə üstünlük verməsi, habelə sülh danışıqlarında Moskvanın arbitr rolundan imtina etməsi Kremli Azərbaycandan ikiəlli yapışmağa vadar edir. Ona görə Lavrov yalnız Bakıda oldu, ənənəvi qaydada buradan Ermənistan paytaxtına getmədi. Rusiyalı nazirin gəlişindən bir neçə gün əvvəl Xankəndidəki erməni milyarder Ruben Vardanyan “dövlət naziri” postundan istefaya göndərildi. Bu, Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə səsləndirdiyi tələb idi və Moskva bu tələbi qismən yerinə yetirdi. Bu, Moskvanın indiki mərhələdə Azərbaycana ən böyük güzəşti idi.
Lavrovun səsləndirdiyi ikinci konstruktiv təklif Laçın yolundan daşınan yüklərə texniki nəzarətin mümkünlüyü barədə idi. Amma o bildirdi ki, bu fəaliyyət Rusiya sülhməramlılarının hazırki roluna xələl gətirmədən aparılmalıdır. Yəni Azərbaycana texniki avadanlıqlarının yanında nəzarətçi vəzifəsi verə bilərlər. Bakının tələbi Laçın rayonun ilə Ermənistan arasındakı sərhədə nəzarəti bərpa etməkdir, amma Rusiya rəsmisi bunu təmin edilməyəcəyini bildirdi.
Lavrovun səfərindən sonra Qarabağda Rusiya sülhməramlılarının moderatoruluğu ilə Azərbaycanın rəsmi nümayəndələri ilə Xankəndidəki erməni icmasının təmsilçiləri arasında görüş keçirildi. Bu, ilk görüş olmaqla, qarşılıqlı etimad yaratmağı hədəfləmişdi və orada bölgənin infrastruktur, həmçinin bu qəbildən olan sair problemləri müzakirə olunmuşdu. Görüşdən sonra separatçıların rəhbərliyi bəyan etdi ki, “müstəqillik” tələbindən geri çəkilməyiblər və bu, müzakirə oluna bilməz.
Beləliklə, Moskvanın müəyyən etdiyi şərtlər daxilində və onun moderatorluğu ilə erməni icması ilə Azərbaycan hakimiyyəti arasında danışıqlara start verildi. Bu məsələ Azərbaycanla ABŞ və Avropa İttifaqı arasında danışıqlar zamanı əldə olunan razılaşmanın tərkib hissəsi idi. Qərb, eləcə də Ermənistan Qarabağ mövzusunun sülh danışıqlarından çıxarılmasının qarşılığında Bakı-Xankəndi müzakirələrinə başlanmasını tələb edirdi. Aİ-nin Cənubi Qafqaz təmsilçisi Toivo Klaarın dərhal bu müzakirələri alqışlaması təşkilatın məmnunluğundan xəbər verir.
Sergey Lavrov Bakıda dedi ki, Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilər, habelə baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun fəaliyyətini də canlandırmaq mümkündür. Amma bu məsələdə israr etməyəcək.
Xatırladaq ki, Rusiyanın iştirakı ilə sonuncu dəfə üçtərəfli müzakirələr ötən ilin noyabrında Soçidə liderlərin iştirakı ilə baş tutmuşdu. Bu görüş kəskin ziddiyyətlərlə yadda qalmışdı və liderlər Putinlə müzakirələrdən gərgin əhval-ruhiyyə ilə ayrılmışdılar. Azərbaycan və Ermənistan liderləri daha sonra Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə bir araya gəldilər və prosesdə yenidən müsbət dinamika yarandı. Verilən bəyanatlara görə, hazırda Brüsseldə növbəti görüşə hazırlıq gedir. Rusiya artıq bu prosesi əngəlləmək iqtidarında deyil, Lavrovun “israr etməyəcəyik” açıqlaması da Moskvanın çarəsizliyini göstərir.
Beləliklə biz hansı mənzərəni görürük:
Azərbaycan-Ermənistan danışıqları artıq Rusiyasız, ancaq Qərbin vasitəçiliyi ilə aparılır. Sülh razılaşması, kompromislərin əldə olunması ancaq bu formatda mümkün olacaq.
Bakı-Xankəndi danışıqları isə Qərbin iştirakı olmadan, Rusiyanın vasitəçiliyi ilə baş tutub. Bir-bir ilə müharibə vəziyyətində olan Qərb və Rusiya Azərbaycan-Ermənistan problemində rollarını bölüşdürüblər və öz imkanlarına uyğun sərhədlər müəyyənləşdiriblər: Azərbaycan-Ermənistan sülhü, Bakı-Xankəndi dialoqu.
Bəs bu vəziyyət Azərbaycana nə vəd edir?
Ermənistanın Qarabağ mövzusunun sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə də yaxından iştirak edəcək.
Amma sülh razılaşması Qarabağ problemini çözməyəcək. Rusiya hələ ki, regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, prosesi tam inhisara aldı. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları azdır, eləcə də Ermənistan hakimiyyəti də kifayət qədər məhdud resurslara malikdir. Bu məsələ Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər. Amma Lavrov Bakıda möhkəm səslə bəyan etdi ki, Moskva müharibədən sonrakı status-kvonu dəyişməkdə maraqlı deyil. Ona görə Rusiya nə qədər bölgədə güclüdür, Qarabağın erməni əahlisinin Azərbaycanın suverenliyinə qayıtması o qədər problematikdir.(pressklub)
Turqut