Arif Qaraşovun biznesi kütləvi etiraz doğurur -PREZİDENTƏ MÜRACİƏT
Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri N.Narimanov pr. 201, 203 evlərdə və İnşaatçılar pr. 28-də yaşayan sakinlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları məktubun surəti daxil olub. Sakinlər sabiq Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəisi Arif Qaraşovun biznes maraqları səbəbindən binaların qəzalı vəziyyətə düşməsindən, qarşılaşdıqları digər problemlərdən bəhs edir və bu istiqamətdə müxtəlif dövlət strukturlarına etdikləri müracətin cavabsız qaldığını bildirirlər.
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Yazıb bildirmək istəyirik ki, bu artıq Prezident Administrasiyasına və digər dövlət qurumlarına, deputatlara və digər şəxslərə ünvanladığımız 3-cü məktubdur. 2022-ci ilin noyabr ayında N.Narimanov pr. 201, 203 evlərdə və İnşaatçılar pr. 28-də yaşayan sakinlərin kollektiv məktubunu 30 müxtəlif quruma göndərmişdik . Prezident Administrasiyasında cənab Z.Nəğdəliyevin müavini ilə danışılıb. Deyildi ki, həyətin işi tapşırılacaq Yasamal İH başçısı E. Həsənova. Xahiş edildi ki, Elşad müəllimə tapşırılmasın, çünki, iki dəfə sakinlər özləri müraciət ediblər və bir dəfə də 2021 ildə Arif Qaraşovun göstərişi ilə həyətin şlaqbaumu qırılanda Prezidentə məktubla müraciət edəndən sonra Bakı ş. İH işin icrasını Elşad Həsənova tapşırmışdı. Bu müraciətlərin hamısı icrasız qalmışdır. Elə bu axırıncı müraciətimiz kimi.
Bu müraciətlərdən sonra bir müsbət dəyişiklik olmayıb. Əksinə, binanın zirzəmisi satılıb. İki aydan çox idi ki binanın zirzəmisini 2-ci blokdan 5-ci bloka kimi qazırdılar. Qonşular qorxurdular ki, bina köhnə olduğundan çökər. Bizə heç nə demədən işləri aparırdılar, demirdilərdə nə edirlər. Qonşuların şıkayətindən sonra orada işlər dayandırıldı. Təzədən qayıdıb gəlməsələr yaxşıdır. Zirzəmi əvvəldən bomba sığınağı kimi nəzərdə tutulub. Qaz, su və başqa mühəndis boruları oradan keçir, onun üçün zirzəmi daima açıq qalmalıdır. Oranı obyekt kimi satmaq olmaz! Hal hazırda zirzəmi 1 metrəyə kimi qazılıb, elə də qalıb.
Həyətin ərazisindən isə “XXІ əsr” özəl məktəbin maşınları necə prospekt əvəzi istifadə edirdilərsə elə də istifadə edirlər. AFB bankın işçilərinin maşınları da həmişəki kimi bütün gün ərzində həyətin ərazisindədir, yanlarında 3 dayanacaq yeri ola-ola.
Bizim həyətə şlaqbaum qoyulmasa, vəziyyət düzəlməyəcək. Məktəbin 24 saat mühafizəçisi var. Pultun biri verilsin onlara bir tərəfdən də onlar qoysunlar şlaqbaumu, özləri də nəzərət etsinlər. Ancaq həyətin ərazisinə kənar maşınları buraxmasınlar. A. Qaraşov bəyəm birinci dəfədən sakinlər ilə onun yanına gedəndə şlaqbaumu qoya bilməzdi? Niyə sındırdı sakinlərin şlaqbaumunu? Öz hökmranlığını burada göstərməkdən ötrü. Çünki belələri üçün insan adam deyil, ölkə isə vətən!
Dövlət orqanlarından gəlib baxıb gedirlər. Ancaq heç bir iş icra olunmur. Məktəbin lisenziyasını İqtisadiyyat Nazirliyi verib, nəzarəti isə Elm və Təhsil Nazirliyi etməlidir. İndi atırlar bir-birinin boynuna.
Elm və Təhsil Nazirliyi tərəfindən heç qəbula da yazmırlar ki, özəl məktəblər bizim tabeliyimizdə fəaliyyət göstərmir. Bu lisenziya sizin rəyiniz əsasında verilib, nəzarət olmayacaqdısa niyə verirdiniz?
Əmlak komitəsindən nümayəndə gəldi və əraziyə baxmadan getdi. Dedi məktəbin orada 30 sot ərazisi var. 30 sot ancaq məktəbin fundamenti, ya ümumi sahəsi olar. Ancaq 2022 ilin yayında məktəb sakinlərə aid olan bağ sahəsini təmir edib, qatıb məktəbin ərazisinə. Sonradan zəng olunub onlara, deyilib ”gəlin dəqiq ölçün”. Dedilər, ”Aparatları gətirib dəqiq ölçəcəyik”. Lakin hələ də , gəlməyiblər. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət xidmətindən aldığımız məktubda deyilir: “ Sözügedən torpaq ərazisi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1998 –cı ildə “Fərhad-92” şirkətinin daimi istifadəsinə ayrılmışdır”. Sənəddə deyilmir hansı sahədən söz gedir? 1998-ci ildən 2022-ci ilə qədər orada neçə dəfə genişlənmə olub.
Həyət sahəsindən demək olar heç nə qalmayıb. Ən əsası, nə ixtiyarla 6 binanın sakinlərinin istifadəsinə verilən bağ sahəsi bir insanın biznes maraqlarına qurban verilməlidir? Məktəbin isə balaca, insanların sıx yaşaığı ərazidə, yolun kənarında və yaşıllığı məhv edərək tikilməsi birinci gündən məntiqsiz idi. Məktəbin binası tikilən zaman sakinlərə deyilmişdi ki, orada uşaqlar üçün rəssamlıq qalereyası tikiləcək, məktəb yox! Buna baxmayaraq insanlar bacardığı müqaviməti göstəriblər, ancaq o zaman A.Qaraşov vəzifə başında idi. Nə edə bilərdilər?Qonşular DİN-nin qaynar xəttinə maşınların həyətin ərazisindən keçməsi ilə bağlı neçə dəfə zəng ediblər. DİN tapşırır Bakı DYPİ-sinə, onlar Yasamal DYP bölməsinə, iş belə də qalır. Sakinlərdən Yasamal DYP gediblər, onların heç nə etmək belə fikirləri yoxdur. Heç bir dövlət qurumu işləmir. Axı bu torpaq sahəsi dövlətin, xalqın sərvətidir. Niyə belə yarıtmaz fəaliyyət göstərirlər? Ətraf insanlar isə deyirlər A.Qaraşov qoymur.
Niyə pula görə insanları verirsiniz bu məmurların ayağına?
80 nəfərin imzası ilə Sizə məktub ünvanlanıb. Bu 80 nəfərin ümüdləridir... Qaldı ki, bu məsələnin qanuni tərəfinə bundan əvvəl ki məktublarımızda ətraflı yazmışıq. Qanunları siz bizdən də yaxşı bilirsiniz, ancaq kimin üçünsə qanunlar işləyir kimin üçünsə yox.
***
Biz Yenixeber.org olaraq müraciətdə adı hallanan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə də əlaqə saxladıq. Mərkəz müraciətdə yer alan iddiaları qərəzli hesab edir:
Məlumat üçün bildiririk ki, Nərimanov prospekti istiqamətində yol infrastrukturunda 2017-ci ildə aparılmış yenidənqurma işləri nəticəsində əsas yoldan köməkçi yola keçidin yerinin dəyişdirilməsi həmin əraziyə və qonşuluqdakı binalara giriş-çıxışı bir qədər çətinləşdirmiş və valideynlərin Nərimanov prospekti 205 ünvanında yerləşən binanın həyətindən keçid kimi istifadə etməsinə səbəb olmuşdur.
Bunu nəzərə alaraq, tərəfimizdən 2018-ci ilin avqust ayında Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlanmış, müsbət cavab alınaraq? müvafiq təkliflərin aidiyyəti dövlət qurumlarına göndərilməsi təmin edilmişdir.
Qeyd etmək istəyirik ki, müvafiq dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində, 2022-ci ilin yanvar ayında BNA-nın təklifinə uyğun olaraq Nəriman Nərimanov prospektindən köməkçi yola yeni giriş açılmış, ərazidə yeni nişanlar quraşdırılmış və xəttləmə işləri həyata keçirilmişdir. Bunun nəticəsində həm məktəbə, həm də qonşuluqda yerləşən binalarda yaşayan sakinlərin əraziyə giriş-çıxışı asanlaşmış və eyni zamanda məktəbə şagird gətirən avtomobillərin yaşayış binasının həyətindən keçmə zərurəti ortadan qalxmışdır.
Hazırda sakinlərin iddia etdiyi kimi, valideynlər və əməkdaşlarımız tərəfindən binanın həyətində avtomobillərin kütləvi daxil olması və orada parkanması müşahidə edilmir.
Binaların həyətinə daxil olan və parklanan avtomobillərin bizim müəssisə ilə əlaqəsinin olmadığını bildirir və məsələnin sakinlər tərəfindən dəfələrlə qaldırılmasını, Mərkəzlə əlaqələndirilməsini qərəzli hesab edirik.