Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

İkinci 44 günlük “savaş” -Azərbaycanın yeni hədəfləri nədən ibarət olacaq?

Azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiyadan 44 gün keçdi.

Yenixeber.org: Bu rəqəm 2020-ci ildə Azərbaycan Ordusunun zəfər çaldığı 44 günlük müharibənin tarixini özündə simvolizə edir. Müharibə 2 il 2 aydan çoxdur dayanıb, amma mübarizə davam edir, cəbhə səngərləri dəyişməyib, diplomatiya səngərləri isə genişlənərək, Qarabağın, Cənubi Qafqazın hüdudlarından xeyli kənara çıxıb. 44 günlük mübarizənin nəticələri nəticələri var, onların bəzilərini görmək mümkündür, bəziləri isə yaxın zamanlarda üzə çıxacaq. 

Müsbət nəticələr: 

Azərbaycan müharibədən sonra Xankəndidə suverenliyini təmin etmək üçün dinc yolla, yumşaq güc tətbiqinə start verdi. Bundan əvvəl Laçın şəhəri və 4 kəndi boşalmışdı, Fərrux dağında və Ermənistanla şərti sərhəddə strateji mövqelər isə ordunun gücü ilə nəzarətə alınmışdı, habelə, qarşı tərəfin cəmləşdirdiyi yeni hərbi qüvvələr, formalaşdırdığı infrastruktur məhv edilmişdi. 

44 günlük aksiyanın tələbi Qarabağın sərvətlərinin talan edilməsinin dayandırılması, Azərbaycanın dövlət qurumlarının həmin mədənlərdə maneəsiz monitorinq imkanının yaradılmasıdır. Dövlətin tələbi isə Laçın yolundan silah-sursat daşınmasına son qoyulması, Moskvadan göndərilmiş erməni milyarder Ruben Vardanyanın Xankəndini tərk etməsindən ibarət idi. 

Ötən ilin sonunda məlum oldu ki, mədənləri qanunsuz istismar edən xarici şirkətlər fəaliyyətlərini dayandırıblar. Bundan sonra onların Azərbaycandan icazəsiz təkrar işə başlaması mümkün deyil. Bu, ilk nəticədir.

İkincisi, Qarabağ ermənilərinə, onların havadarlarına, beynəlxalq təşkilatlara, böyük dövlətlərə əyani şəkildə məlum oldu ki, ermənilərin Azərbaycanla hesablaşmadan, indiki şərtlərlə bölgədə yaşaması qeyri-mümkündür. Onların əsas təminat yolu, qaz, su, internet, elektrik xətlərini daşıyan kommunikasiyalar Azərbaycanın nəzarətindədir. Bu reallığı dəyişmək mümkün deyil.

Üçüncüsü, Rusiyanın Qarabağa göndərdiyi emissar Vardanyan qarşısına qoyduğu minimum hədəflərə nail ola bilmədi. O, Azərbaycanla qarşıdurma xəttini gücləndirməyə çalışdı, nəticədə həm yerli ermənilərin, həm də onların əsas sponsoru Ermənistan hakimiyyətinin qəzəbinə səbəb oldu. Baş nazir Nikol Paşinyanın Vardanyana ünvanladığı bəyanatı burada xatırlamaq yerinə düşür. Paşinyan onu reallıqla, imkanlarla uzlaşmayan təxribatçı bəyanatlar səsləndirib, vəziyyəti gərginləşdirərək, ermənilərin durumunu daha da pisləşdirməməyə çağırmışdı.

Dördüncüsü, ilk dəfə İrəvanla Xankəndi arasında çat yarandı və dərinləşməyə başladı. Əlbəttə, burada Vardanyanın Ermənistanda hakimiyyətə gəlmək iddiaları da rol oynayıb, amma əsas motiv Ermənistanın Rusiyadan qopmaq siyasətini gücləndirməsidir. Paşinyan hökuməti açıq şəkildə Moskvanın Vardanyan layihəsinə dəstək vermədi, əksinə, Azərbaycanla sülh müqaviləsi imzalamaq perspektivini aydınlaşdırmağa cəhd edir.      

Beşincisi, Rusiya hərbi kontingentinin Azərbaycanlı ekofəalların aksiyasına müdaxilə edə bilməməsi Moskvanın nüfuzuna ciddi zərbə vurdu. Xankəndidəki erməni əhali sülhməramlıları yolu aça bilməməkdə, Azərbaycanla əlbir fəaliyyətdə günahlandırırlar. Bu vəziyyət Kremli ciddi narahat edir və xarici işlər naziri Sergey Lavrovun bir neçə dəfə Azərbaycanı Laçın yolunu açmağa çağırması bu əndişədən qaynaqlanır.

Ötən 44 günün Azərbaycan mənfi fəsadları da yox deyil. Əlbəttə, bu, rəsmi Bakının yalnız öz gücünə reallaşdırdığı yumşaq güc tətbiqidir, Türkiyə istisna olmaqla, heç bir ölkə, beynəlxalq təşkilat Azərbaycanın qanuni tələblərinə məhəl qoymayıb. Əksinə, Ermənistanın, Xankəndindəki separatçı rejimin və onların himayəçisi Fransanın, erməni lobbisinin apardığı güclü təbliğat beynəlxalq aləmdə Azərbaycana qarşı mənfi imic yaradıb. Ay yarımdır, nüfuzlu KİV-lər, beynəlxalq təşkilatlar, senatorlar, konqresmenlər Qarabağda erməni əhalinin blokadada olması barədə rəy yaradırlar. Məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə edildi, Avropa Parlamenti Azərbaycanın əleyhinə kifayət qədər qərəzli qətnamə qəbul etdi, habelə Avropa İttifaqı, ABŞ rəhbərliyi, Rusiya rəsmiləri Bakıdan Laçın yolunu açmağı tələb etdilər. Bu kontekstdə ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə sonuncu telefon danışığında yer alan tələbləri qeyd etmək vacibdir. ABŞ-ın Bakıdakı Səfirliyinin “Feysbuk” səhifəsində telefon danışığından ancaq bu hissə yerləşdirilib:     

“Prezident İlham Əliyevlə danışdım və Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasına çağırdım. Dəhlizin bağlı qaldığı hər gün humanitar böhran riskini artırır və Ermənistan və Azərbaycanın sülh istiqamətində atdıqları addımları sarsıdır. ABŞ bu səyləri dəstəkləməyə sadiqdir”.

Beləliklə, Azərbaycan ciddi beynəlxalq təzyiqlə üz-üzə qalıb. Amma hələlik bu təzyiqlər bəyanatlar, çağırışlar səviyyəsindədir, daha sərt mərhələyə keçməyib. Amma proseslər indiki səviyyədə davam edərsə, yəqin ki, Azərbaycana qarşı hansısa təzyiq xarakterli addımların şahidi ola bilərik. Bu nəyi dəyişəcək, Qarabağ problemini həll edəcəkmi? Bakının Xankəndidəki qondarma rejimin, onun əsas himayəçisi Rusiyanın oyunlarına seyr etməyə səbri çatacamı? 

Şərait elədir ki, Azərbaycan formal əsaslar yaradıb geriyə addım ata bilməz. Bu, Rusiyanın Vardanyan planına nəfəs verməyə bərabər olar. Azərbaycan mütləq şəkildə Laçın yoluna nəzarəti təmin etməlidir, bu, qarşıda duran strateji hədəfdir. Əks halda, Xankəndidəki separatı rejimi sındırmaq, Vardanyanın Qarabağdan çıxmasına nail olmaq, bölgəni silahsızlaşdırmaq, dövlət suverenliyini təmin etmək çətin olacaq. 

İkinci vacib problemin həlli Azərbaycan diplomatiyasının üzərinə düşür. Əlbəttə, beynəlxalq aləmdə yaranmış anti-Azərbaycan ovqatında diplomatiyamızın zəif işinin də kifayət qədər payı var. Stereotipləri dağıtmaq üçün nüfuzlu xarici KİV-ləri, diplomatları Laçın yolunda keçirilən aksiya yerinə dəvət etmək vacibdir. Bu addımı yolda gömrük nəzarətini təmin etdikdən sonra da atmaq olar. Azərbaycan əyani şəkildə göstərməlidir ki, Xankəndi ilə Ermənistan arasında gediş-gəlişi əngəlləmir, amma bölgədə 10 mindən artıq silahlı erməni hərbçisinin olduğunu nəzərə alaraq, yüklərin elektron yoxlanışını həyata keçirir. Bu, Azərbaycanın beynəlxalq hüquqla öz ərazisində gerçəkləşdirdiyi suveren hüququdur. Bu hüququ sorğulamaq əvəzinə qanunsuz silahlı birləşmələr ləğv edilməsi bölgədə əmin-amanlıq istəyən qüvvələrin tələbi olmalıdır. 

Üçüncü vacib məsələ Ermənistanla birgə Qərbin təşkil etdiyi müzakirə masasında əyləşərək, qaneedici sülh sazişinin imzalanmasını sürətləndirməkdir. Bu, Ermənistanın prosesdən tamamilə təcrid olunmasına, Rusiyanın manevr imkanlarının daralmasına, Xankəndidəki erməni əhalinin separatı rejimin girovluğundan xilas olmasına şərait yaradacaq. Qərbin prosesdə aktiv iştirakı Azərbaycanın xeyrinədir, indi ona qarşı cəbhə açmaq yox, mövcud resurslardan faydalanmaq lazımdır…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam