O, otuz ilə yaxın bir müddətdə xüsusi xidmət orqanlarında çalışıb. Amma bu illər ərzində Aleksandr Timaşkovun harada xidmət etməsindən yaxın ətrafı, ailə üzvləri xəbərsiz olublar. Hətta Timaşkov orden və medallarla təltif olunanda, dövlət mükafatları alanda bununla bağlı qəzetlərdə dərc olunan fərman və sərəncamlardakı siyahılarda onun adı əks olunmayıb.
Yenixeber.org: Xidməti fəaliyyəti tam məxfi saxlanılan Timaşkov xüsusi xidmət orqanlarının texniki təminat şöbəsində xidmət edib, 1943-cü ildə isə o, “NKVD”-nin bu şöbəsinə rəis təyin edilib. Onun əsas vəzifəsi əməliyyatlar zamanı istifadə edilən texniki qurğuların, partlayıcı maddələrin hazırlanması olub.
Bu günə qədər də Aleksandr Timaşkovun tərcümeyi-halı, xidməti fəaliyyəti haqqında məlumatlarını bir çoxu tam açılmayıb. Məlum olan odur ki, Timaşkov 1903-cü ildə Belarusiyada, Mstislavl şəhərində anadan olub, 1923-cü ildən Fövqəladə Komissiyada (FK – rusça ÇK) xidmətə başlayıb.
1970-ci illərdən sonra Timaşkov haqqında mətbuatda bir neçə araşdırma yazıları dərc edilib, onun xidməti fəaliyyəti haqqında jurnalistlərin maraqlı məqalələri ictimaiyyətə təqdim edilib.
Bəzi mənbələrə görə, Timaşkov şöbə rəisi vəzifəsini daşımasına baxmayaraq, o, birbaşa İosif Stalinin tapşırıqlarını icra edib. Araşdırmaçıların qənaətinə görə, bu tapşırıqların nədən ibarət olması və icrası tam məxfi saxlanılıb.
Maraqlıdır, marşal rütbəsi daşıyan sovet lideri polkovnik rütbəsində olan “NKVD” əməkdaşına hansı məsələləri etibar edib?
Timaşkov Stalinlə ilk dəfə 1938-ci ildə görüşüb. Bu görüşdə Vyaçeslav Molotov, Nikolay Yejov və Lazar Kaqanoviç iştirak edib. Stalinin Kremldəki mənzilində baş tutan bu görüşdə Timaşkova bir sual ünvanlanıb: “Ukrayna millərçilərinin təşkilatının həmtəsisçisi və rəhbəri Yevgeni Konovaletsi hansı vasitə ilə fiziki cəhətdən məhv etmək olar?”
Müzakirələrdən sonra Timaşkov konkret təklifini irəli sürüb. O bildirib ki, bunun üçün mühafizəçilərin əhatəsində gəzən Konovaletsə heç də silahdan atəş açmağa, səs-küy yaratmağa ehtiyac yoxdur. Sadəcə, ona bir qutu konfet vermək də kifayətdir.
Beləliklə, Timaşkov bir neçə gün ərzində əməliyyat üzərində işləyib. O, konfet qutusunun alt hissəsinə partlayıcı qurğu yerləşdirib. Timaşkov mexanizmi elə qurub ki, qutu şaquli xətt üzərindən üfiqi xətt üzərinə keçəndən bir neçə dəqiqə sonra partlayış baş versin. 23 may 1938-ci ildə Niderlandın Rotterdam şəhərində “Atlanta” mehmanxanasının restoranında həmin qutu qonağa xüsusi hörmət əlaməti olaraq verilib. Dəqiqqələr sonra qurğu işə düşüb və partlayış nəticəsində Konovaletsin həyatına son qoyulub.
Timaşkova verilən növbəti tapşırıqlarından biri işğal olunmuş Belarusiyaya Hitler tərəfindən təyin olunmuş baş komissar, 50 min yəhudinin məhv edilməsində ittiham edilən, nasistlərin əsir düşərgələrinin yaradılmasında xüsusi rolu olan Vilhelm Kube ilə bağlı olub. Kubenin məhv edilməsi üçün sovet kəşfiyyatçıları əvvəlcə onun hərəkət marşrutlarını müəyyənləşdiriblər. Məlum olub ki, baş komissar 22 iyul 1943-cü ildə Minsk şəhərindəki kinoteatrların birində filmin nümayişində iştirak edəcək.
Əldə edilən kəşfiyyat məlumatlarından sonra Timaşkov öz işinə başlayıb. O, partizanların köməyi ilə həmin kinoteatrın zirzəmisində partlayıcı qurğuları elə quraşdırıb ki, zaldan kiminsə sağ çıxması mümkünsüz olub. Əməliyyat uğurla keçsə də, Vilhelm Kube sağ qalıb. Belə ki, film başlandıqdan bir neçə dəqiqə sonra Kubeyə təcili Berlinlə əlaqə yaratmasını bildiriblər və o, kinoteatrı tərk edib. Partlayış zamanı 70 alman zabiti məhv edilib, 110 nəfərdən artıq nasist döyüşçüsü isə ağır bədən xəsarətləri alıblar. Qeyd edək ki, Kube bu partlayışdan sağ şıxsa da, o, həmin il sentyabrın 22-də, iki aydan sonra Minskdə yaşadığı malikanədə partizanlar tərəfindən məhv edilib.
Timaşkovun texniki kəşfləri, hazırladığı partlayıcı qurğular və s. cihazlar həmişə öz nəticəsini verib. Beriya Timaşkovu “yeriyən bomba” adlandırırmış.
Müharibədən sonra Timaşkov xidmətini Yunanstanda SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi kimi davam etdirib.
Digər həmkarları kimi, Timaşkov da xidməti illərindən sonra öz xatirələrəni qələmə almayıb, jurnalistlərlə ünsiyyətdən yayınıb.
Polkovnikin ailəsi onun hərbçi olduğunu bilsələr də, hansı qurumda xidmət etdiyindən yalnız 1954-cü ildə xəbər tutublar. Timaşkov isə bu məxfiliyə aşağıdakı kimi münasibət bildirib: “Əsas məsələ vətənə xidmət etməkdir. Əgər əynində hərbi libas varsa, demək, vətənin keçikçisisən. Biz yalnız komandirlərimizə məruzə edirik və onlara hesabat veririk. Ailə üzvləri təfərrüatları bilməsələr də olar...”
Aleksandr Timaşkov 1975-ci ildə, 74 yaşında vəfat edib. O, ömrünün son illərini Odessa şəhərində yaşayıb və elə bu şəhərdə də dəfn edilib.
İlham Cəmiloğlu