Gömrükdə saxta sənədlərlə yığılan milyonlar kimin cibinə gedir?-FOTOFAKT
Sahibkarlar deyir ki, Şahin Bağırov ümidləri doğrultmadı, DTX-nın Dövlət Gömrük Komitəsində yenə əməliyyatına ehtiyac var…
Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlardan və ikisi general olmaqla bir qrup vəzifəli şəxsin həbs olunmasından sonra, 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyev 16 iyulda vəzifəsindən azad edildi. İki gün sonra, yəni 2022-ci il iyul ayının 18-də Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci müavin Şahin Bağırova həvalə edildi.
Qeyd edək ki, Şahin Bağırov gömrük orqanlarında 1992-ci ildən xidmət göstərir və inspektor vəzifəsindən DGK sədrinin birinci müavini vəzifəsinədək yüksəlib. Səfər Mehdiyev DGK-nın sədri təyin ediləndən qısa zaman sonra Ş.Bağırov sədr müavini vəzifəsindən azad edilərək, istefaya göndərilmişdi.
Səfər Mehdiyev tərəfindən gömrük sistemindən çıxarılan Şahin Bağırov daha sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, S.Mehdiyev DGK-nın sədr vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov yenidən Gömrük Komitəsinə, üsttəlik bu dəfə sədrin birinci müavini vəzifəsinə təyin edildi.
Bütün bu məqamları ona görə qeyd edirik ki, Şahin Bağırov bu vəzifəyə təyin edilərkən, istər hökumət rəhbərliyində, istər də vətəndaşlarda peşəkar bir gömrükçü kimi ona böyük ümid yaranmışdı. Belə ki, hər kəs Şahin Bağırovun gəlişi ilə sələfi Səfər Mehdiyevin rüşvət və korrupsiya bataqlığına saldığı Dövlət Gömrük Komitəsində bir çox problemlərin həll ediləcəyini gözləyirdi. Lakin qarşılaşdığımız problemlər və apardığımız araşdırmalar onu deməyə əsas verir ki, Ş.Bağırov ona bəslənən ümidləri heç də doğrultmaq iqtidarında deyil. Üstəlik, gömrükdə çoxsaylı qanunsuzluqlarla üzləşən sahibkarlar, eləcə də əksər vətəndaşlar Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni bir əməliyyat keçirməsinə ehtiyac olduğu qənaətindədir…
Məlumat üçün dəyərli oxucularımıza bildirək ki, “Yeni Sözçü” qəzetinin Baş redaktoru Arzuman Nəbiyev müvəqqəti istifadəsində olan və KK-903-EE dövlət nömrə nişanlı (Gürcüstan) Mercedes-Benz markalı avtomobilin koronavirus pandemiyası ilə əlaqədar, əksər soydaşlarımız kimi, 2020-ci ilin martından bu ölkəyə göndərə bilməyib və avtomobil Azərbaycanda qalıb. Avtomobilin məxsus olduğu Gürcüstan vətəndaşının təxrəsalınmaz ehtiyacları yarandığı üçün, Baş redaktoru bu günlərdə həmin maşını Gürcüstana göndərmək zərurəti ilə qarşılaşıb. O, avtomobili Gürcüstana göndərmək üçün Azərbaycanda qaldığı hər günə görə “torpaq basdı” və s. rüsumlar adı altında nə qədər pul ödəməli olduğu ilə bağlı məlumatlara aydınlıq gətirmək istəyib. Bu məqsədlə 05.10.2022-ci il tarixdə və 11. 10.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinə və şəxsən sədrin səlahiyyətlərini icra edən birinci müavin Şahin Bağırova müraciət edib. Bir neçə gün sonra Arzuman Nəbiyevin müraciətinə DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi müavini Mübariz Mustafayevin imzası ilə cavab verilib. Həmin cavabda idarə rəisinin müavini yazır ki, sərhədkeçmə ilə bağlı tətbiq olunan məhdudiyyətlər 01 noyabr 2022-ci ilə kimi uzadıldığı üçün, bu məhdudiyyətlər aradan qaldırılandan sonra xarici dövlətlərdə qeydiyyatda olan və müvəqqəti istifadə məqsədilə gətirilmiş avtomobillər ölkədən çxarıla bilər.
Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəis müavini Mübariz Mustafayevin imzası ilə verilən cavabda daha sonra qeyd edilir ki, bu zaman koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyət nəzərə alınacaq. Fors-major vəziyyətin nəzərə alınması bütün dünyada hüquqi əsaslardan biridir. Azərbaycanda da koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyətin nəzərə alınacağı çox təbii hal olardı. Ancaq belə görünür ki, Dövlət Gömrük Komitəsi koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyəti nəzərə almaq niyyətində deyil.
Belə ki, Arzuman Nəbiyev istifadəsində olan avtomobili Gürcüstana göndərən zaman 60 ABŞ dolları məbləğində “yol vergisi”ndən əlavə, avtomobilin Azərbaycanda qaldığı hər günə görə 0.60 cent cərimə hesablayıblar. Nəticədə Baş redaktordan 828 manat pul alqdıqadan sonra, avtomobilin Gürcüstana keçirilməsinə izn veriblər.
Çox maraqlıdır ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin rəsmi şəxsləri Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini Mübariz Mustafayevin imzası olan cavabı nəzərə almaqdan imtina ediblər. Belə çıxır ki, Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin uzadılması və quru sərhədlərini bağlanılması ilə bağlı rəsmi qərarlara görə vətəndaşlar cəzalandırılır. Gömrük orqanlarında baş verən hadsə məhz bu cür qiymətləndirməyə imkan verir.
Çox maraqlıdır ki, Mercedes-Benz markalı avtomobilin Gürcüstana keçidinə icazə verilməsi üçün alınan 828 manatla bağlı verilən “sənəd”in rəsmiliyini təsdiq edən heç bir möhür və imza da yoxdur. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində isə, məhz bu möhürsüz, imzasız “sənəd”lər əsasında insanlardan hər ay milyonlarla manat həcmində pul toplanılır.
Xatırladaq ki, Şahin Bağırovun Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini və sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının ona həvalə edilməsindən 4 aydan artıq vaxt keçir. Amma bu müddət ərzində Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi irəlilyiş hiss edilmir. Hətta gömrük orqanlarında xidmətin səviyyəsinin pisləşməsi, korrupsiyanın artması ilə bağlı söz-söhbətlər də artıb. Belə görünür ki, sahibkarların və vətəndaşların istəyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni, ancaq daha geniş əməliyyat keçirməsi qaçılmaz olacaq.
Adının çəkilməsini istəməyən gömrük eksperti isə hesab edir ki, Şahin Bağırov savadlı kadrlardan biri olmasına baxmayaraq, DGK-dakı vəziyyəti nəzarət altına ala bilməyib. Ekspert bunun səbəbini DGK-da Kəmaləddin Heydərov və Səfər Mehdiyevə yaxınlığı ilə tanınan kadrların Şahin Bağırovun uğur qazanmasını əngəl olmalarıdır. Hətta Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinin fəaliyyətinin “sabotaj” olunduğu ilə bağlı da iddialar var.
Bütün bu məlumatlara aydınlıq gətirilməsi üçün yaxın günlərda daha geniş araşdırma aparacağıq. DGK-da qanunsuzluqla üzləşən sahibkarların və vətəndaşların, eləcə də komitə rəhəbrliyinin mövqeyini dərc etməyə hazırıq.(“Yeni Sözçü”)