2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. 

Yenixeber.org: Sadəcə, hökumət belə müəyyən edib. Hansı meyarlar əsas götürülüb, alternativ qiymətləndirmələr nəzərə alınıbmı, vətəndaş cəmiyyətinə, sadə vətəndaşlara, müxalifətə qulaq verilibmi? Birmənalı olaraq, yox!

Azərbaycanda dövlət büdcəsi dövlət qurumlarının təqdim etdiyi maliyyə ehtiyacları əsasında Maliyyə Nazirliyi tərəfindən tərtib olunur. Hesablama Palatası ona rəy yazır, riskləri qiymətləndirir, Milli Məclis qəbul edir, prezident də imzalayır.  

Bu mərhələlərin heç birində cəmiyyətin digər üzvlərinin iştirakı yoxdur. Hələ indiyə qədər görünməyib ki, müstəqil iqtisadçıların, müxalifətin, vətəndaş cəmiyyəti institutları ilə birgə müzakirə, dinləmə keçirilsin.

Vətəndaş ən yaxşı halda Milli Məclisdə bir neçə iclasın büdcəyə həsr olunduğunu görür. Komitələrin birgə toplantılarında və plenar iclasda bir neçə deputat danışır, gileylənir, təklif verir, amma heç nə dəyişmir. Maliyyə Nazirli tərəfindən çox kiçik istisnalarla kosmetik dəyişikliklər edilir və proses bitir. Verilən təkliflər, səsləndirilən narazılıqlar da havada qalır.

Qayıdaq yaşayış minimumu ilə bağlı artım rəqəmlərinə. Xatırladaq ki, cari 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat olub. Ehtiyac meyarı isə 200 manatdır. Hökumət gələn il cəmi 20-40 manat civarında artım etməyə özündə güc tapıb. Ehtiyac meyarı isə ilk dəfə yaşayış minimumu ilə bərabərləşdirilərək, 246 manata çatdırılacaq. Amma pensiyaçılar, uşaqlar üçün təsdiq edilən rəqəmlər ehtiyac meyarından aşağıdır. Azərbaycanda yaşa görə verilən sosial müavinət də (180 manat) nə az, nə çox minimum istehlak zənbilini dolduracaq qədər deyil – 66 manat azdır. Nəzərə alaq ki, Azərbaycanda 65 yaşa çatan vətəndaşların böyük bir hissəsi arzusunda olduqları pensiya yox, yaşa görə 180 manat müavinət alırlar. Hökumətin qanunvericiliyə 2017-ci ildə etdiyi dəyişikliklər on minlərlə vətəndaşı pensiya hüququndan məhrum edib. Pensiya yaşı artırılıb, habelə, onu əldə etmək üçün təyin olunan pensiya kapitalı əlçatmaz həddə yüksəldib. 

Statistik məlumatlara görə, kişilərin yalnız 47 faizi 65 il yaşayıb pensiyaya, yaxud, 180 manatlıq müavinətə iddia edə bilər. Qalan 53 faiz qocalıq yaşına çatmadan dünyadan köçür… Sosial qurumların proqnozuna görə, gələn il pensiya alanların sayında daha 16 faiz azalma gözlənilir. ƏƏSM bu yaxınlarda təmtəraqla elan etmişdi ki, qanunsuz (?) müavinətlərin, pensiyaların kəsilməsi nəticəsində büdcəyə 850 milyon manat qənaət ediblər!…  

Hazırda ölkədə gündəlik istehlak, ərzaq mallarının, xidmətlərin dəyəri ehtiyac meyarından azı 2 dəfə yüksəkdir. Deputatlardan biri Milli Məclisdə bunu belə ifadə etmişdi: “Pensiyaları 50-100 manat artırsaq da azdır, insanların ehtiyacına yetməz…” Aşağıda təqdim olunan cədvəldə yaşayış minimumun əsasında duran istehlak səbətinin Dövlət Statistika Komitəsi tərəfindən tərtib olunan minimal rasional toplu ilə müqayisədə çatışmazlığın miqyasını görmək mümkündür. Göründüyü kimi, marqarin və çörəkdən başqa digər məhsullar üzrə istehlak səbəti lazım olan minimumdan geridə qalır.

Bura qədər aydındır, bəs minimum maaş, pensiyalar artırılacaqmı? Hazırda ölkədə minimum təqaüd 240, maaş isə 300 manatdır, vergi çıxıldıqda vətəndaşın əlində 270 manat qalır. Hökumət nə düşünür, yüz minlərlə insan minimum ehtiyac meyarı həddində gəlirə məhkum ediləcək, yoxsa, əhəmiyyətli artımlar olacaq?

Gələn ilin büdcə layihəsinə nəzər yetirdikdə ciddi artımların olacağı gözə dəymir. Ümumilikdə sosial yönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat, yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da ötən ilki rəqəmlərdən təxminən 550 milyon manat çoxdur. Yəni ən yaxşı halda pensiyaçıların, minimum əmək haqqı alanların gəlirlərində 10-12 faiz artım gözləyə bilərik. Bu da illik bahalığın, inflyasıyanın üçdə biri qədər deyil. Qarşıdan isə böhranlı 2023-cü il gəlir…(pressklub)