Başa çatmaqda olan 2022-ci il yüksək inflyasiya və bahalaşma ilə yanaşı, hökumətin əhalinin maddi itkilərini qismən kompensasiya etmək niyyəti ilə yadda qaldı. Amma pensiyaçılar üçün əsas artım hər rübdə verilən 50 manat, üstəlik 3 faizlik indeksasiya, muzdla çalışanlar üçün isə 15-20 manat maaş artımından o tərəfə keçmədi. Müstəqil ekspertlər isə il boyu bahalaşmanın 45-50 faiz civarında olduğunu, inflyasiyanın 20 faizi keçdiyini bildirirlər.
Yenixeber.org: Tendensiya davam edir, büdcədə 3.8 milyard manat profsitin elan olunmasına baxmayaraq, ilin sonuna qədər hökumət hər hansı addım atmaq niyyətində deyil, bütün ümidlər 2023-cü ilə bağlıdır.
Hazırda Milli Məclis komitələrində müzakirə olunan layihəyə görə, 2023-cü ildə büdcə 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulub. Onun 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bu, cari illə müqayisədə 496 milyon manat və yaxud 6,6 faiz çoxdur.
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2023-cü ilin dövlət büdcəsində 5 milyard 993 milyon vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 606 milyon manat və yaxud 11,3 faiz çoxdur.
Ümumilikdə sosial yönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat, yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, 2023-cü ildə büdcənin ümumi maaş fondu 8.479 mlrd. manat proqnozlaşdırılır. Bu rəqəmlərdən büdcə sektoru üzrə maaş artımına 674,6 mln. manat yönəldiləcək. Maaş fondunun dövlət idarəetməsi bölməsi üzrə 98,2 mln. manat, təhsil bölməsi üzrə 477 mln. manat, səhiyyə bölməsi üzrə 37,3 mln. manat artımı gözlənilir.
Hesablama Palatasının rəyində bildirilib ki, 2023-cü ildə orta inflyasiya dərəcəsi 6,9 % proqnozlaşdırılır.
Dünya Bankı isə Azərbaycanda inflyasiyanın bu il 12,5 %, 2023-cü ildə isə 9,5 %-ə yüksələcəyini proqnozlaşdırır. Bu, bankın aprel proqnozu ilə müqayisədə müvafiq olaraq 3,5 faiz bəndi və 2,9 faiz bəndi çoxdur.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Tahir Kazımov isə daha nikbindir. “Xarici bazarlarda əlverişli şərait halında 2023-cü ildə inflyasiya birrəqmli səviyyədə ola bilər”, – o qeyd edib.
Hökumətin nikbin proqnozlarını parlamentin bəzi üzvləri bölüşmür. İqtisadçı Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib ki, hökumət əhalinin sosial vəziyyətini yüngülləşdirmək üçün ciddi tədbirlər görməlidir. “Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minimum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, – deyə V.Əhmədov vurğulayıb.
Millət vəkili daha sonra şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb: “Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həll olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur. Nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə diqqət daha da artırılmalıdır”.
İqtisadçı, Azərbaycanda özəl pensiya fondunun yaradılmasının vacibliyini də qeyd edib. “Ölkə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil?”, – deputat bildirib.
Millət vəkili Əli Məsimli isə çıxışında regionlarda kütləvi yoxsullaşma baş verməsinə diqqət çəkib, hökuməti təxirəsalınmaz tədbirlər görməyə çağırıb: “Bu gün kim 400 manatdan yuxarı maaş alır? Şəhərdə yaşayanlar. Rayonlarda sakinlər 400 manatdan aşağı maaş alır. Bu isə kütləvi yoxsulluq deməkdir”.
Deputat çıxışı zamanı pensiya yaşının aşağı salınmasına da diqqət yetirib: “Pensiya yaşı 65 yaşdan aşağı salınmalıdır. Niyə bu yaş təyin edilib? Həmin yaşa çatanların statistikası müəyyənləşməlidir. İctimai müzakirə təşkil edilməli və pensiya yaşı aşağı salınmalıdır. İşsiz statusu da dəqiq müəyyənləşməlidir. Qanunla müəyyən olunmalıdır ki, kim işsiz hesab olunur. Necə olur ki, pandemiya zamanı 600 min insana işsizlik müavinəti verildi, amma rəsmi işsizlərin sayı 300 min civarındadır. Bu məsələləri nazirlik aydınlaşdırmalıdır. İşsizlik kütləvi hal almasın deyə rayonlara investisiyalar qoyulmaldır, yoxsa rayonlarda olacaq faciələrdən qaça bilməyəcəyik”.
Beynəlxalq maliyyə qurumları da gələn il dünyada inflyasiya risklərinin yüksək olacağını proqnozlaşdırılar. Şübhəsiz ki, idxaldan asılı olan Azərbaycanda qiymətlərdə növbəti bahalaşma tendensiyasını müşahidə edəcəyik. Üstəlik monopoliya, gömrük xidmətlərinin yaratdığı qiymət artımını da nəzərə alsaq, gələn sosial vəziyyət kifayət qədər ağır olacaq. Büdcə rəqəmlərindən görünür ki, hökumət əhalinin gəlirlərini kompensasiya edəcək səviyyədə maaş və pensiya artımlarına getməyəcək. Müstəqil ekspertlər hesab edirlər ki, ötən il ərzində təqaüdçülərə rüblər üzrə bölünüb verilən 200 manat bu dəfə aylar üzrə bölünərək təqaüdlərə əlavə ediləcək və hökumət bununla 13 faizlik artıma getdiyini bəyan edəcək.
Muzdla çalışanların gəlirləri də orta illik inflyasiya həcminə görə indeksasiya olunacağı gözlənilir. Əgər bu istiqamətdə proqnozda göstərilən rəqəmlərdən artıq vəsaitlər yönəldilməsə, ciddi maaş artımları da olmayacaq.
Gələn ilin əsas problemlərindən biri Rusiyada baş verəcəyi qaçılmaz olan iqtisadi çöküşdür. Məlumdur ki, Azərbaycanın qeyri-neft ixracı, kənd təsərrüfatı məhsullarının əsas satış bazarı bu ölkədədir. Bu ilin ikinci yarısında artıq fermerlər məhsul ixracında ciddi problemlərlə üzləşdiklərini bildirilər. Qeyd olunur ki, Rusiyada əhalinin varlı təbəqəsi ölkəni tərk edib, gəlirlər aşağı düşüb, ona görə idxal məhsullarını alıcılıq qabiliyyəti kəskin azalıb. Beləliklə, Azərbaycanda maya dəyəri yüksək olan kənd təsərrüfatı məhsullarının satış bazarı sürətlə itirilir, bu da ölkəyə neftdən sonra ən çox valyuta gətirən aqrar sektorun ciddi tənəzzülü ilə nəticələnə bilər.
Daha sonra Rusiyada yaşayıb işləyən əməkqabiliyyətli azərbaycanlıların ölkəyə dönüşü başlayıb. Onlar bildirirlər ki, məlum səbəblərdən bu ölkədə qalıb pul qazanmaq getdikcə mümkünsüz hala gəlir. Azərbaycanda isə onları nələr gözlədiyi haqqında az təsəvvürə malikdirlər.
Bəs hökumət gələn il onun üçün ciddi başağrısına çevriləcək bu problemlər haqqında nə düşünür? Aqrar sektoru dirçəltmək, ölkəyə qayıdacaq vətəndaşların məşğuluq, dolanışıq məsələlərini necə həll edəcək? Hər halda 2023-cü ilin büdcəsində və onu təqdim edən hökumət rəsmilərinin dilində bu barədə heç nə yoxdur…(pressklub)