Yenixeber.org: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı intensiv danışıqlar gedir. Müharibədən sonra həm tərəflərin, həm də prosesdə iştirak edən beynəlxalq güclərin bu səviyyədə diplomatik aktivliyi müşahidə olunmamışdı. Görünür, sentyabrın 12-14-də şərti sərhəddə baş verən irimiqyaslı hərbi toqquşmaların hər an regionda növbəti müharibəyə gətirib çıxaracağı reallığı qəbul edilib.  

Beynəlxalq Böhran Qrupunun (BBQ) toqquşmalarla bağlı bu gün açıqlanan hesabatından görünür ki, Qərb dairələri tezliklə nəticə əldə etməyə çalışırlar. Hesabatda deyilir:

“…Azərbaycan son döyüşlərlə mövqeyini möhkəmləndirdi, döyüş zonasında üstünlüyünü göstərdi. O, həm də geosiyasi baxımdan güclü mövqedədir, Avropa ölkələri Rusiyadan qaz təchizatının kəsildiyi bir dönəmdə Bakıdan enerji ixracına nail olmağa çalışır. Ermənistanın əsas qoruyucusu olan Rusiya isə Ukraynada başlatdığı münaqişədə mövqeyini qorumaq üçün mübarizə aparır”.

“…Nə sənəd imzalamağımızdan asılı olmayaraq, bir saniyədə tualet kağızına dönür və yenə də müharibə aparırıq. Çox pis vəziyyətdəyik, çünki heç bir müharibə bizim üçün yaxşı deyil. Müqavimət göstərə bilmirik”, – Ermənistanın aparıcı rəsmisi BBQ-yə deyib.

Beləliklə, indi hamıya sülh lazımdır, amma onun hansı şərtlərlə və necə əldə ediləcəyi ilə bağlı aydın təsəvvür yoxdur.

Toqquşmalardan sonra Minsk qrupu həmsədrləri ABŞ, Fransa və Rusiya ayrı-ayrılıqda hərəkətə keçib. Vaşinqton və Parisin təşəbbüskarlığında birbaşa koordinasiya hiss olunsa da Moskva ilə onların dialoqu yoxdur. Rusiya rəhbərliyi isə Azərbaycan və Ermənistan hakimiyyətləri ilə birbaşa ünsiyyətdədir. 

İlk təşəbbüs ABŞ Dövlət katibi Entoni Blinkendən gəldi, onun təşəbbüsü ilə sentyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşdülər. Blinken görüşdən sonra tərəfləri bir ay ərzində yenidən görüşməyə çağırdı. Amma cəmi 1 həftə sonra – sentyabrın 27-də Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Vaşinqtona dəvət edib, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşdülər. 

Müzakirələrdən sonra C.Sallivan bildirib: “Bu gün birbaşa, konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq, irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Fransaya rəsmi səfərə dəvət edildi və Prezident Emmanuel Makronla görüşdü. Görüş bilavasitə 12-14 sentyabr döyüşlərinin nəticələrinə həsr olunmuşdu. Paşinyan Fransalı həmkarına sərhəd zonasına beynəlxalq müşahidə missiyası göndərməyin vacibliyini dedi. Bəyanatını belə əsaslandırdı ki, bu halda beynəlxalq ictimaiyyət birbaşa, vasitəçisiz informasiya ala bilərdi.  

Baş nazirin açıqlamasına Moskvadan qəzəbli reaksiya özünü çox gözlətmədi. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, Moskva bir sıra qeyri-regional oyunçuların Ukraynadakı qeyri-sabitliyin Cənubi Qafqaz regionuna gətirilməsinə cəhdlər etdiyini görür.

“Bütün postsovet məkanında vəziyyəti destabilləşdirmək üçün hansı cəhdlərin edildiyini görürsünüz. Bu, əlbəttə, olduqca destruktiv və olduqca təhlükəli xətdir. …Əlbəttə, dayanıqlı atəşkəs rejiminin təmin olunması və bütün qüvvələrin əvvəlki mövqelərə çəkilməsi vacibdir. Hazırda biz başqa tendensiya görürük. Onlar bu razılaşmaların reallaşması təkərinə çomaq soxmağa cəhd edirlər. Bu isə artıq ciddi məsələdir. Əvvəlki kimi, hesab edirik ki, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli razılaşmaların bütün bəndlərinin tam şəkildə icra edilməsindədir. Hazırkı vəziyyətdə regionda iqtisadi, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin razılaşdırılması daxil olmaqla, bütün treklərdə işin aktivləşdirilməsini vacib hesab edirik. Biz əldə olunan razılaşmaların reallaşmasına diqqəti cəmləmişik”.

Rusiya Xarici işlər naziri Sergey Lavrov isə MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı sazişlərin həyata keçirilməsi, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaradılmasına kömək etmək üçün KTMT müşahidəçilərindən istifadə imkanlarını müzakirə edirlər. Bununla Lavrov Paşinyanın xarici müşahidəçilərin sərhədə gətirilməsi təklifinə qarşı KTMT müşahidəçilərin bölgəyə yerləşdirilməsi ideyasını irəli sürüb. Bakının hər iki təklifə münasibəti bəlli deyil.  

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə daha cəlbedici təkliflə çıxış edib. O, “Rossiyskaya qazeta”ya müsahibəsində deyib:

“…Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında aparılan danışıqlarda tərəflərdən hər hansı birinin suverenliyinə hər hansı şəkildə xələl gətirəcək hər hansı “ərazidənkənar dəhliz”dən söhbət gedə bilməz və ola da bilməz. …Prinsip belədir: Yol üzərində suverenliyi o ölkə həyata keçirir ki, yol onun ərazisindən keçir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, Əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur… Rusiya hər zaman tərəflərin suverenliyi prinsipini dəstəkləyir. Bu, üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının mövqelərində açıq şəkildə dayanır. Bu, o deməkdir ki, Üçtərəfli İşçi Qrupun danışıqlarında hər hansı bir şəkildə tərəflərin suverenliyini pozan heç bir “ərazidənkənar dəhliz”dən söhbət getmir və gedə də bilməz. Praktikada bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokdan çıxarılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri olacaq. Məsələn, İrandan Ermənistana daxil olarkən aparılan qayda ilə eyni olacaq. Eynilə, Ermənistandan Azərbaycana girişdə pasport nəzarəti olacaq…”

Bir qədər əvvələ qayıdaraq xatırladaq ki, Makron-Paşinyan görüşündə Fransa Prezidenti Azərbaycan lideri ilə əlaqə saxlayacağını vəd etmişdi. Vəd gerçəkləşdirilib və Əliyevlə Makron arasında telefon danışığı aparılıb. İki lider sərhəddə baş verən toqquşmaları və tezliklə sülh sazişinin imzalanmasının vacibliyini müzakirə ediblər. 

Qeyd olunan intensiv diplomatik fəallığın hələlik görünən nəticəsi budur ki, oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə ikitərəfli görüşü keçirəcəklər. Diqqətçəkən məqam odur ki, nazirlər bu dəfə nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiyanın vasitəçiliyi ilə bir araya gəlir. Ona görə də Cenevrədə sülh razılaşması üçün ilkin addımın atılacağı ehtimalı yüksəkdir. 

Amma risklər də əvvəlkindən heç də az deyil. 

İlk növbədə, Rusiya 10 noyabr bəyanatından kənarda hər hansı razılaşmanı qəbul etmək istəmir və Paşinyanın bu istiqamətdə səyləri Moskvada qıcıq doğurur. Baş nazirin müavini Overçukun dediyi – qarşılıqlı olaraq yollarda (Laçın və Zəngəzur yolu-red.) pasport rejiminin tətbiq olunması barədə bəyanatı İrəvana ciddi xəbərdarlıq sayıla bilər. 

İkinci mühüm məqam – Ermənistanın daxilində sülh razılaşmasına münasibət birmənalı deyil. Bu günlərdə eks-prezident Ter-Petrosyan cəmiyyəti Qarabağın itirilməsi, Ermənistanın kapitulyasiyası ilə barışmağa, Azərbaycanla sülh razılaşmasının imzalamağa səslədi. Bu bəyanata Moskvanın İrəvandakı əsas adamı, ölkənin ikinci prezidenti Robert Koçaryan birmənalı şəkildə “yox” dedi. 

Üçüncü məqam – 12-14 sentyabr döyüşlərində Ermənistan ağır itkilər verdi və bu faktor erməni cəmiyyətində Paşinyan hakimiyyətinin, eyni zamanda sülh tərəfdarların mövqeyini zəiflətdi. Nəzəri baxımdan, Rusiyapərəst müxalifət Moskvanın dəstəyi ilə daxili şəraitə revanş imkanı kimi baxa bilər. 

Dördüncü məqam – Qərb Qarabağ ermənilərinə imtiyazların verilməsi istiqamətində Bakıya təzyiq edir. Vaşinqton və Paris Azərbaycandan güzəştlər tələb etməkdə davam edirlər.  

Nəticə olaraq onu qeyd etmək mümkündür ki, ABŞ, Avropa İttifaqı və Rusiya arasında böhran tərəflərin mövqelərinə ciddi təsir edir və bu şəraitdə sülh niyyətləri elan olunsa da onun reallaşması kifayət qədər problematikdir. Davamlı sülh üçün ilk növbədə geosiyasi toqquşmada qarşı duran tərəflərdən birinin kapituliyasiyası mütləq şərtdir…(pressklub)