Sabirabadda qazimiz belə təhqir olunub:PREZİDENTƏ MÜRACİƏT
Yenixeber.org: Redaksiyamıza Sabirabad rayon Kürkəndi kənd sakini II Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlunun dövlət başçısına ünvanlanmış müraciətinin surəti daxil olub. Hörmətli qazimiz müraciətində mühafizəçi kimi çalışdığı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Mikayılov Bayram Təvəkkül oğlu tərəfindən dəfələrlə təhqir və təhdid olunmasından bəhs edir. Hətta bu təhqirlər sırasında təltif olunduğu beş medalların da yer aldığını bildirir. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla təqdim edirik:
"Yazıb Sizi məlum edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli sərəncamı ilə ölkə üzrə elan olunmuş Səfərbərliklə bağlı 052 YAŞMA Hərbi hissəsinin tərkibində hərbi döyüşlərə qatılaraq II-ci Qarabağ savaşında iştirak etmişəm. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni hərbi birləşmələrinə qarşı qəhrəmancasına vuruşaraq ZƏFƏR qələbəsi əldə etmişik. Gedən şiddətli döyüşlər arasında ağır yaralanmışam və qazilik zirvəsinə yüksəlmişəm. Dövlət başçısının sərəncamı ilə torpaqlarımızın azad olunmasında göstərdiyim igidliyə görə 4 medalla təltif olunmuşam və II-ci Qarabağ müharibəsi qazisiyəm.
2021-ci ilin sentyabr ayında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Lümənov tərəfindən təmənnasız olaraq Mərkəzi Xəstəxanada mühafizəçi işi ilə təmin olunmuşam. Son üç aya yaxındır ki, xəstəxananın maliyyə işləri üzrə yenicə təyin olunmuş direktor müavini, saysız-hesabsız sərvətləri olan, korrupsioner və məhkumluq həyatı yaşamış Mikayılov Bayram Təvəkkül oğlu məni gözümçıxdıya salıb, şərəf və ləyaqətimi həmçinin Prezidentin mənə verdiyi, üzərində Azərbaycanın üçrəngli bayrağı olan medallarımı küçə söyüşləri ilə təhqir və özümü də təhdid etdi. Səbəb isə onu göstərir ki, “Sən qazisən deyə işlə pulsuz təmin olunmusan və mənə də bir qəpik də pul verməmisən. Gətir mənim haqqımı ver”.
Mən isə cavabımda: “Mən qaziyəm, Cənab Prezident məni medallarla təltif edib, sənə nə üçün pul verməliyəm?!"-dedim. O, isə cavabında mənə Prezidentin mənə verdiyi medalları və məni küçə söyüşləri ilə təhqir etdi.
Demək olar ki, bu epizod bir ay ara vermədən dəfələrlə təkrarlandı. Mənə deyir ki, bu günə kimi mənə qanun güc gələ bilməyib, mən qanuna güc gəlmişəm. İşin faktiki hallarından biri də budur ki, Bayram Mikayılov cinayətə meyilli insandır, saysız-hesabsız cinayətləri var.
2012-ci ildə Bayram Mikayılov Bakı şəhərində Nobel prospektində köhnə "Lenkombinat" ərazisindən keçən hissəsində idarə etdiyi metallik rəngli Mersedes markalı avtomobil ilə qəza törədərək 4 yeniyetmə qızı idarə etdiyi maşınla vurmuşdur. Onlardan 3 nəfəri aylarla xəstəxanada stasionar müalicələr almışlar.
Bundan sonra o, Bakı şəhəri Xətai rayonunda DSMF-də işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə, korrupsiya halları aşkar edildiyi üçün vəzifəsindən kənarlaşdırılmışdır.
Sonra o, Saatlı rayon Məşğulluq Mərkəzinə müdür vəzifəsinə təyin olunmuşdur. Orada da yaşlı bir ağsaqqal vətəndaşa qarşı hörmətsizlik etdiyinə və onu təhqir edərək məsxərəyə qoyduğu üçün vəzifəsindən kənarlaşdırılmışdır.
Daha sonra Sabirabad rayon DSMF-yə müdür vəzifəsinə təyin olunur. Orada işləyərkən korrupsiya hallarına yol verdiyi üçün təkrar vəzifəsindən kənarlaşdırılıb və Azərbaycan Respublikasının Baş Prokurorluğunda korrupsiya halları ilə barəsində cinayət işi başlanmışdır.
Bu işdən az keçmədən bu cinayətləri azmış kimi Bakı şəhər Nizami metrosu yaxınlığında, şəhərin mərkəzində öz həyat yoldaşı Gülnarə Cəbrayılovaya bir neçə bıçaq zərbəsi vuraraq qəsdən sağlamlığına ağır zərbə vurmuşdur.
Törətdiyi bu qədər bilinən cinayətlərə və yaşadığı məhkumluq həyatına baxmayaraq o, Sabirabad rayon Mərkəzi Xəstəxanasında vəzifə sahibidir.
Qeyd edim ki, 01 avqust 2022-ci ildə "Təbib"in sədri Vüqar Qurbanovun qəbulunda olmuşam və onu bu məsələlərdən agah etmişəm. Bunun da bir nəticəsi yoxdur. Bayram Mikayılov deyir ki, Vüqar Qurbanov mənim ən yaxın dostumdur və ona 30 min manat verib bu vəzifəyə gəlmişəm. O, məni heç vaxt işdən çıxartmaz.
Dəfələrlə Sabirabad rayon İcra Hakimiyyətinin başçısının, Rayon Polis Şöbəsinin və 3 dəfə də Prezident Administrasiyasında məsul şəxslərin qəbulunda olmuşam. Bu görüşlərdən heç bir lazımı nəticə yoxdur.
Yazaraq Sizdən xahiş edirəm ki, bu məsələni işıqlandıraraq bir qazinin haqq işində mənə yaxından köməklik edəsiniz".
Redaksiyadan: yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.