ABŞ-da yaşayan politoloq: “Nüvə silahından istifadə Moskva üçün intihar deməkdir”
Yenixeber.org: ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiyanın qış aylarında ağır məğlubiyyətə uğrayacağını deyib. Onun sözlərinə görə, Kremldə də bunu bilirlər və bu səbəbdən Rusiyanın hərbi əməliyyatlara fasilə verəcəyi gözlənilir.
“Rusiya ordusu qarşıdakı aylarda çox ciddi çətinliklər yaşayacaq. Onların hərbçilərinə ərzaq, yanacaq və silah əldə etmək daha çətin olacaq. Bir sözlə, onları çətin qış gözləyir”, - deyə Volker bildirib.
Qeyd edək ki, bəzi məlumatlara görə, Rusiyanın Ukraynaya qarşı fevralın 24-dən başlayan hərbi təcavüzü nəticəsində rus ordusu 45 min nəfərədək canlı itki verib. Demək olar ki, hər gün yüzlərlə rus hərbçisi döyüşlərdə məhv olur. ABŞ və Avropanın embarqoları, hərbi xərclərin əhəmiyyətli dərəcədə artması Rusiyanı dalana dirəyir. Putin administrasiyası qısa müddət ərzində Ukraynada uğur qazanacağını gözləsə də, görünən odur ki, hadisələrin gedişatı şimal qonşumuzun özünün məğlubiyyətinə aparır.
ABŞ-da yaşayan həmyerlimiz, politoloq Zaur Bayramlı bizimlə müsahibəsində baş verənləri dəyərləndirib.
- ABŞ rəsmiləri açıq şəkildə bildirirlər ki, Rusiyanı qarşıda ağır məğlubiyyət gözləyir. Bu, psixoloji təzyiq vasitəsidir, yoxsa doğrudan da, şimal qonşumuz uçurumun astanasındadır?
- Məlumdur ki, uzun müddət ABŞ və Qərb dairələri Rusiyanın işğalçılıq və təcavüzkar siyasətinə göz yumub. Münasibətlər kifayət qədər gərgin olsa da, Rusiya ilə körpüləri tam yandırmayıblar. Qərb Rusiyanın hərəkətlərinə göz yumduqca Kreml arxayınlaşır və dünyanı təhdid edirdi. Qonşu dövlətləri öz əsarətinə almağa çalışırdı. Nəhayət, ABŞ və Avropanın özündə də başa düşdülər ki, Rusiyanı dayandırmaq lazımdır. Təsəvvür edin ki, müharibədən qabaq Rusiya açıq şəkildə Qərbi təhdid edirdi. Tələb edirdi ki, ona təhlükəsizlik zəmanəti verilməlidir.
Müharibə başlayandan sonra İsveç və Finlandiyanı təhdid etməyə başladı. Açıq şəkildə bəyan edirdi ki, adıçəkilən bu Avropa ölkələri NATO-ya üzv olsa, onlara qarşı müharibə açacaq. Yanvarda Qazaxıstanda baş verənlər, ondan sonra Ukraynaya qarşı təcavüz göstərdi ki, Rusiya yenidən imperiya arzusundadır və bu ssenarini həyata keçirmək üçün hərəkətə keçib. Hətta, ABŞ Prezidenti Co Bayden də bunu açıq şəkildə ifadə edirdi.
Təbii ki, baş verənlərdən sonra Rusiyaya qarşı təzyiqlər artdı. Qərb illər öncə etdiyi səhvləri təkrarlamamaq kursunu yığışdırdı. Hansı ki, Kreml güman edirdi ki, Qazaxıstanda olduğu kimi, Ukraynada da Zelenskini hakimiyyətdən devirib, öz adamını iqtidara gətirib, burada da nəzarəti ələ alacaq. Lakin ABŞ və Qərbin dəstəyi Rusiyanın bu arzusunu gözündə qoydu. Müharibə beş aya yaxındır davam etsə də, Rusiya ciddi uğur qazana bilməyib. On minlərlə hərbçisini, xeyli sayda hərbi texnikasını itirib. Düzdür, təcavüzdən ən çox ziyan çəkən Ukraynadır. Lakin insan itkilərini nəzərə almasaq, Ukraynanın gələcəkdə Qərbin dəstəyilə yenidən toparlana biləcəyini ehtimal edə bilərik. Rusiya isə həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan itirir və bu itkilər getdikcə artır. Artıq regionda yeni reallıqlar yaranıb və əminliklə söyləmək olar ki, Rusiya bu müharibədə məğlub olacaq.
- Müharibə yeni başlayanda çoxları belə hesab edirdi ki, Rusiyada devalvasiya və bunun fonunda dərin iqtisadi böhran baş verəcək. Lakin bunlar baş vermədi. Rusiya bu təzyiqlərə davam gətirə biləcəkmi?
- Rusiya böyük ölkədir. Məhz böyük dövlət olduğuna görə də “əzələ oyunu” nümayiş etdirir. Təbii ki, Rusiyanın embarqoların qarşısında qısa müddət ərzində tənəzzülə uğrayacağını düşünmək sadəlövhlük olardı. Bunun üçün zamana ehtiyac var. Bunu Qərbdə də başa düşürlər. Rusiya vaxtilə SSRİ-nin yaşadığı taleyi yaşayır və çöküşü qaçılmaz olacaq. Ukraynada məğlub olandan sonra - hansı ki, mən buna inanıram - daxildə etiraz dalğası baş qaldıracaq. Nəticədə uzun müddətdir Rusiya cəmiyyətini avtoritar üsullarla idarə edən Putin və administrasiyası geri çəkiləcək. Avtoritar hakimiyyətlər üçün xarakterik olan “sona qədər repressiya” siyasəti təsirini itirəcək və bununla da daxili çöküş başlayacaq. Bu, Putinin taxtdan salınması, yoxsa Rusiya cəmiyyətinin parçalanması zəminində olacaq - bu barədə qəti proqnoz vermək mümkün deyil. Görünən odur ki, ABŞ və Qərb Rusiya məsələsində qətiyyət nümayiş etdirir və bu qətiyyət davam etdiyi təqdirdə Rusiyanın müqavimət gücü minimuma düşəcək.
- Rusiyanın nüvə silahına əl atacağı iddiaları da mövcuddur. Putinin ən sonda bu qərarı verəcəyi və məhz buna görə də Qərbin Moskva ilə ehtiyatla davrandığı söylənilir. Sizcə, Rusiya yekunda nüvə silahına əl ata bilərmi?
- Nüvə silahı aviasiya bombası olmaqdan daha çox təzyiq alətidir. Böyük dövlətlər də ona görə nüvə silahını əldə etməyə çalışır ki, təhlükəsizliyinə təminat ala bilsin. Düzdür, nüvə başlıqlarının sayına görə Rusiya dünyada birinci yerdədir. Lakin bir məqam da var ki, nüvə təkcə Rusiyanın əlində deyil. Onun rəqibləri də atom silahı ilə təchiz olunub. Hətta ABŞ rəsmiləri ölkəyə və müttəfiqlərinə həyati əhəmiyyətli təhlükə görəcəkləri təqdirdə nüvə silahından istifadə edilə biləcəklərinin mümkünlüyünü bəyan ediblər. Əlbəttə ki, nüvə silahı Rusiyanın əsas təsir alətidir. Məhz bu səbəbə görə də uzun müddət şimal qonşumuza münasibətdə təmkin nümayiş olunub. Ancaq bu da bir yerə qədər idi. Ukraynaya qarşı təcavüzün ilk dövrlərində Putin dünyanı “nüvə çemodanı” ilə hədələyirdi. Lakin bu, yalnız söz olaraq qaldı. Bundan sonra da belə olacaq. Nüvə silahından istifadə Rusiya üçün intihar deməkdir.
- ABŞ-ın Çinə qarşı təzyiqləri fonunda Moskva ilə Pekinin yaxınlaşması və Qərbə qarşı cəbhə açması gözlənilirmi?
- Bayden iqtidara gəldikdən sonra Amerika dost və düşmən ölkələrin adlarını açıqladı. Düşmən ölkələrin siyahısında Rusiya ilə yanaşı, Çin və İran da yer alır. Bu gün dünyada qütbləşmə gedir. Əsas iki qütb mövcuddur ki, bunlarını birini şərti olaraq “Amerikanın dostları”, digərini isə “Amerikanın düşmənləri” adlandırmaq olar. Bu qütblər arasında açıq savaş gedir. ABŞ və Qərbə qarşı dayanan dövlətlərin özlərinin arasında da münasibətlər normal deyil. Düzdür, onlar əmin olsalar ki, üstünlüyü ələ ala bilələr, heç nəyə baxmadan birləşə bilərlər. Ancaq anlayırlar ki, rəqibləri daha güclüdür. Çin Tayvan məsələsinə görə Amerika ilə ixtilafdadır. Hətta qarşılıqlı hədələr də səsləndirilir. Lakin Qərb bu gün əsas diqqətini Rusiyaya qarşı yönəldib. Rusiyanın yanında olmaq Çinin maraqlarına uyğun deyil. Çünki Çin iqtisadi inkişaf kursunu götürüb və Qərblə körpüləri yandırmayacaq. Pekinin belə bir həssas şəraitdə Moskva ilə dərin əməkdaşlığa gedəcəyi inandırıcı görünmür.(AYNA)