“Cavd Xan” Tarix və Mədəniyyət Fondunun, Kap.az Fərqli Turizm şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin, KOBİA, Gəncə və Göygöl rayon icra hakimiyyətləri və s. dövlət qurumları ilə yanaşı, Türk Hava Yolları, TİKA, UNDP-nin rəsmi dəstəyi ilə təşkil edilən II Milli Yaylaq Festivalının sonuncu günüdür.

Yenixeber.org: Tədbir 29, 30, 31 iyul 2022-ci il tarixlərində Göygöl rayonunun, Sarıyal nahiyəsində, Hacıkəndin yaxınlığında yerləşən Xan Yaylağında keçirilir və təşkilatçılar sosial şəbəkə və media üzərindən vətəndaşları orada iştirak etməyə çağırıblar. 

“Milli Yaylaq Festivalı zəngin tarixi irsimizin və milli-mənəvi dəyərlərimizin, yaylaq mədəniyyəti və elat ənənələrinin yaşadılması və beynəlxalq miqyasda təbliğ edilməsi məqsədi daşıyır”, – təşkilatçıların yayımladığı mesajlardan birində qeyd olunur. 

Festivalın ilk günündə tədbirə bir neçə ölkədən gələn nümayəndə heyətləri, mədəniyyət və incəsənət xadimləri, turistlər, eləcə də Azərbaycandan rəsmi şəxslər qatılıblar. Açılış mərasimində Türkiyəli müğənni Uğur Işılak konsert proqramı ilə çıxış edib. 

Bu reportajda Xan Yaylağında təşkilatçıların bir neçə ay ərzində çəkdiyi gərgin zəhmət hesabına ərsəyə gətirdikləri festivaldan daha çox, yaranmış arzuolunmaz problemlərə diqqət çəkmək zorundayıq. Çünki  hər şey tədbirin ikinci günü baş verənlərin kölgəsində qaldı. Səbəb, əvvəldən nəzərə alınası vacib təşkilatçılıq məsələlərinin “unudlması” idi…

Problemləri bir neçə hissəyə ayırmaq olar:

Birincisi, festival üçün seçilən Xan Yaylağı gözəl təbiətə malik olsa da yol problemi nəzərə alınmamışdı. Həmin əraziyə sərt döngələrlə dolu ikitərəfli üzüyoxuşa Göygöl-Toğana yolu ilə hərəkət etmək lazımdır. Bu yolda isə həm yay-istirahət mövsümü olduğuna görə daim sıxlıq yaşanır, habelə Kəlbəcərdə yerləşən ordu hissələrinin əsas təchizatı, müharibədən sonra bu rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri üçün lazım olan yüklər və avadanlıqlar daşınır. Məntiqlə, təşkilatçılar üçün sözügedən yolda 3 gün ərzində minlərlə festival iştirakçısının yaradacağı basırığı proqnozlaşdırmaq çətin olmamalıydı. Təsəvvür edin, üzü yuxarı sərt döngələr və tıxac… Bu səbəbdən xeyli sayda avtomobil xarab olub yollarda qalmışdı, onlar da bir tərəfdən hərəkəti çətinləşdirirdi.

İkinci əsas problem də yolla bağlı idi. Belə ki, festival Göygöl-Toğana yolunun Yeni Zod kəninin yaxınlığından bir neçə kilometr sağ tərəfdə keçirilirdi və həmin istiqamətə gedən yol bir qədər genişləndirilsə də çınqıl və ya asfalt döşənməmişdi. İki avtomobilin yan-yana güclə hərəkət etdiyi bu yolun girişində və daha bir neçə yerində polis postları qoyulmuşdu, onların işi avtomobilləri hissə-hissə buraxmaqla, tıxacın qarşısını almaq idi. Amma bu işi görmək mümkün olmadı, nəticədə basırıq yarandı, yaylaq istiqamətinə hərəkət edə bilməyən maşınların bir hissəsi geri qayıtmağa çalışdı və nəticədə hər iki yol fasilələrlə bağlı qaldı. Festivala getmək istəyənlərin bir çoxu maşından düşüb, piyada getməyə cəhd edirdi. Təsəvvür edin, kəskin isti, yoldan qalxan qalın toz, yollarda qalan maşınların arasından keçmək ziyarətçiləri yorub əldən salmışdı. Əksəriyyəti gənc ailələrdən ibarət olan festival həvəskarlarının əyləncəyə, istirahətə aparmağa çalışdıqları körpə uşaqların çəkdiyi əziyyəti təsəvvür etmək kifayətdir…

Doğrudur, təşkilatçılar vətəndaşların yaylağa getməsi üçün Dövlət Avtomobil Nəqliyyat Xidmətinin təşkilati dəstəyi ilə səhər saat 08:00-dan etibarən Gəncə şəhərinin mərkəzində yerləşən Mərkəzi Univermağın qarşısından və Göygöl rayon avtovağzalının qarşısından ictimai nəqliyyat ayırmışdılar. Bir sərnişini daşımaq üçün 1.5 manat ödəmək lazım gəlirdi. 

Habelə, Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə gələnlərin nəzərinə çatdırılmışdı: “Xan Yaylağına çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda, həmin dayanacaqdan da kiçik avtobuslarla Xan Yaylağına reyslər təşkil olunacaq. Bunun üçün 1 nəfər üçün 50 qəpik gediş haqqı nəzərdə tutulub”. Amma nəticə etibarı həm fərdi avtomobillər, həm də ictimai nəqliyyatın bir çoxu festivala gedib çıxa bilmədi…

Bir məqamı da qeyd edək ki, təşkilatçıların yayımladığı elanda avtodayanacaqdan əraziyə piyada yolun 700 metr olduğu göstərilsə də bu məsafə azı iki kilometr təşkil edirdi.

Bununla belə, dövlət məmurları və “seçilmiş” qonaqlar üçün hər hansı problem yaranmadı. Çünki onlar YPX avtomobillərinin müşayiəti ilə həmin əraziyə yaxın, “Alma bağı”ndan istiqamətlənən rahat və qısa yoldan istifadə etməklə özlərini festivala çatdıra bilirdilər. Bu yola isə sıravi vətəndaşlar buraxılmırdı, polis heç kimə güzəşt etmirdi, ziyarətçilərə bildirilirdi ki, yol festivaldan qayıdış üçün nəzərdə tutulub. Amma reallıqda imtiyazlı təbəqələrin nümayəndələri üçün əvvəldən çəkilib hamarlanmışdı. 

Üçüncüsü, ən dramatik hadisələr axşam saatlarında başlayan güclü yağışdan sonra başladı. Festival iştirakçıları kütləvi şəkildə ərazini tərk etməyə çalışırdı, dizə çıxan palçıqda hərəkət, demək olar, qeyri-mümkün idi. Yaranmış mənzərəni müharibədən qaçan insanların haray-qışqırığına bənzətsək, yəqin ki, şişirtməyə yol vermərik. Uşaqlarını axtaran valideynlər, palçığa batıb qalan, qəza edən maşınlar, vətəndaşlarla mübahisə edən polis əməkdaşlarının bağırtıları, sirenaların aramsız səsi ərazini sanki savaş meydanına döndərmişdi. Festivaldan qayıdış mücadiləsi azı 4-5 saat sürdü və böyük həvəslə Xan Yaylağına gedənlərin bir çoxu palçığın, zığın içində əsəbi və gözüyaşlı geri qayıtdılar…

Baş verənlər sosial şəbəkələrdə də günün əsas müzakirə mövzusuna çevrildi. Tənqidi rəylərin bir çoxu “Facebook”da Milli Yaylaq Festivalı” səhifəsindəki elanların altına yazılmışdı. Onların bir neçəsini təqdim edib, reportajı yekunlaşdırırıq.

Video Oynadıcı
00:00
00:08

Vefa Nazirli-Shikhli:

“Təşkilatçılıq çox bərbad. Kimlərəsə görə yollar bağlı, piyada gəlmişik dağa dırmaşaraq. Dəhşət!”

Mila Page:

“Həyatından və əsəblərinin sakitliyindən bezməyənlər gərək ora getməyə. Biz də dünən getməyə çalışdıq… Məkan seçimi sadəcə biabırçılıq idi”.

Aynur Axundova-Qarayeva: 

Mənfi rəy yazmaq istəmirəm, çünki festival həqiqətən möhtəşəmdi. Amma yol…Ümid edirəm gələn il burada keçirilməz bir daha. Yox, məkan olaraq çox gözəl yerdir. Amma belə böyük festivala çox insanın gələcəyini nəzərə alaraq Gədəbəydəki kimi yolu rahat bir yer seçmək yaxşı olardı. Sıxlıq olmasa rahatlıqla gedilə biləcək bir yoldur əslində, amma tıxacda üzüyuxarı getmək həqiqətən çətindir.

Narmina Guliyeva:

“Polisləri nə üçün düzmüşdülər, bilinmir, onsuz da bizdə maşın sürmək mədəniyyəti yoxdur. Sağ yolla “protiv” getmək, hansısa məmur gələcək deyə onsuz da sıxlıq olan yolu bağlamaq filan. Bir sözlə, həmişəki kimi hər kəs öz işini bilmədiyi üçün təşkilatçılıq sıfır  idi…”(pressklub)