20 günlük fürer –Hitlerin varisi Denis admiral olduğu halda kapitan təqaüdü ilə yaşayıb
Onlar sonuncu dəfə 1945-ci ilin aprelin 20-də görüşüblər. Almaniya hərbi dəniz qüvvələrinin baş komandanı, qross-admiral Karl Denis həmin gün Adolf Hitlerin bunkerində fürerin 56-cı doğum günündə iştirak edib. Bu görüşdə Hitler gələcək planlarını açıqlamayıb. Doqquz gündən sonra isə, aprelin 29-da o, intiharından bir gün əvvəl vəsiyyətində aşağıdakıları da qeyd edib:
Yenixeber.org: “Ölümümdən əvvəl mən reyxs-marşal German Herinqi partiyadan xaric edirəm və bütün hüquqlarını əlindən alıram. Qross-admiral Karl Denisi reyxs-prezident və silahlı qüvvələrin ali baş komandanı təyin edirəm...”
Fürerin intiharından sonra vəsiyyət Denisə təqdim edilib. Qross-admiral radio vasitəsi ilə xalqa müraciət edərək Hitlerin ölümünü və özünün varisliyini rəsmi bəyan edib. Müraciətdə o, Hitlerin qəhrəmancasına öldüyünü qeyd edərək, fürerin ideyalarının davam etdirilməsi üçün xalqı mübarizəyə çağırıb...
Karl Denis 1891-ci ildə Berlin yaxınlığında yerləşən Qrunau şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Almaniya hərbi dəniz qüvvələrində sıravi kimi xidmətə başlayıb. Daha sonra xüsusi kurslar keçib və ali hərbi təhsil alıb, xidmətini zabit kimi davam etdirib.
Karl Denis çox qısa illər ərzində hərbi dəniz sahəsində peşəkar və bacarıqlı hərbçi kimi tanınıb. Xüsusilə sualtı donanmada onun səmərələşdirici təklif və layihələri müsbət nəticələr verib.
Hitler müharibə planlarını reallaşdırmağa hazırlaşanda 1935-ci ildə Karl Denisi Almaniyanın sualtı donanmasna komandan təyin edib. II dünya müharibəsinin ilk illərində Denis az sayda olan sualtı hərbi gəmilərlə böyük uğurlara imza atıb.
Bir çox hallarda Denisin tələbkarlığı 3-cü reyxin rəhbərləri ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Qross-admiral sualtı donanmanın təchizatı, yeni gəmilərin alınması üçün büdcədən vəsaitin ayrılmasında problemlərlə üzləşib. Son qərarlarda Hitler onun təkliflərini dəstəkləyib.
Denis təkcə Almaniyada deyil, dünyanın inkişaf etmiş ölkələrində də hərbi dəniz sahəsi üzrə peşəkar mütəxəssis kimi tanınıb. Müasirləri onu siyasətdən uzaq olan əsl hərbçi kimi xarakterizə ediblər. Həqiqətən də Denis heç vaxt siyasi proseslərlə müdaxilə etməyə can atmayıb. Qross-admiral həm də Hitlerə ifrat dərəcədə sədaqəti ilə seçilib.
1943-cü ildə Hitler Karl Denisi Almaniya hərbi dəniz qüvvələrinin baş komandanı vəzifəsinə təyin edib. Məhz bu ərəfədə Denisin sualtı gəmiləri Atlantik okeanı və Aralıq dənizi sularında SSRİ və müttəfiq qüvvələrə güclü müqavimət göstərməyi ilə yadda qalıb.
Denis bütün gücünü Almaniyanın qələbəsi üçün sərf etsə də, artıq 1944-cü ilin sonlarında məğlubiyyətin çox da uzaqda olmadığını yaxşı dərk edib. Vermaxt qoşunlarının gücünün tükənməsinin səbəbini komandanlıqda görən qross-admiral Hitlerə kadr islahatları aparılmasının vacibliyini bildirəndə ali rütbəli hərbçilərlə Denisin arasında ciddi konfliktlər yaranıb. O, bu konfliktləri belə qiymətləndirib:
“Fürerin qarşısında baş əymək, təzim etmək heç də ona sədaqət nümayiş etdirmək deyil. Əsl sədaqət nümunəsi hərbi əməliyyatlarda uğur qazanmaqdır. Təəssüf ki, Vermaxt rəhbərliyi son əməliyyatlarda bu uğuru qazana bilmirlər. Bu isə o deməkdir ki, onlar öz yerlərində deyillər...”
Karl Denis üçün Hitlerin varisi olmaq gözlənilməz hadisə olub. 20 günlük hakimiyyəti dövründə Denis heç bir hərbi irəliləyiş haqqında düşünməyib. O, yalnız sülh müqaviləsinin imzalanmasına ümid edib. SSRİ və müttəfiqlərinin şərti isə konkret olub: kapitulyasiya.
21 may 1945-ci ildə Denis amerikalılar tərəfindən həbs edilib.
Nürnberq məhkəməsində Denis iki maddə, sülhə qarşı cinayət və hərbi cinayət maddələri ilə ittiham edilib. SSRİ tərəfi ona ən ağır cəza, edam olunmasını istəsə də, Denis özünü müdafiə edə bilib. O, prosesdə digər nasist rəhbərlərdən fərqli olaraq özünü əsl zabit kimi aparıb. O, ifadələrində Hitleri tənqid etməyib, onu lənətləməyib, müharibə qanunlarına uyğun hərəkət etdiyini bildirib. Ayrı-ayrı ölkələrin, o cümlədən ABŞ-ın da hərbi dəniz sahəsi üzrə tanınmış mütəxəssisləri Denisin müdafiəsi üçün Nürnberq məhkəməsinə müraciət ediblər. Bütün bu müraciətlər, o cümlədən Denisin nasist Almaniyasında siyasi proseslərə müdaxilə etməməsi, yalnız hərbçi kimi əmrləri icra etməsi nəzərə alınaraq məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bununla da Denis edam hökmündən xilas olub.
Qross-admiral Berlindəki Şpandau türməsində 10 illik cəzasının günə-gün çəkib. O, həbsxanada meyvə-tərəvəz yetişdirməklə məşğul olub. 20 günlük fürer həbsxananın ən nümunəvi məhbuslarından biri sayılıb.
1956-cı ildə azadlığa çıxdıqdan sonra sabiq fürer Aymyule kəndində məskunlaşıb və ömrünün sonuna qədər bu kiçik kənddə yaşayıb. Almaniya (AFR) hökuməti ona pensiya təyin edib. Amma bu pensiya təyinatı onu qane etməyib. Belə ki, Denisə qross-admiral pensiyası deyil, kapitan pensiyası təyin edilib. O, məsələ ilə bağlı dəfələrlə Almaniya kansleri Konrad Adenauerə müraciət edib. Kansler bu müraciətləri cavabsız qoyub.
Denisin hökumətdən daha bir xahişi isə dəfni ilə bağlı olub. Ölümünü gözləyən sabiq fürer dəfninin qross-admiral səviyyəsində, hərbi şərəflə keçirilməsini xahiş edib. Onun bu xahişi də yerinə yetirilməyib. 1980-ci ildə 89 yaşında vəfat edən Denis adi vətəndaşlar kimi kənd qəbirstanlığında dəfn edilib.
Ömrünün son illərinə Denisin 3 kitabı işıq üzü görüb. Bu kitabların arasında “10 il və 20 gün” kitabı daha çox populyarlıq qazanıb. Denis bu kitabda 10 il donanmaya komandanlıq etdiyi dövrə və 20 günlük fürerliyinə dair maraqlı açıqlamalar verib.
İlham Cəmiloğlu