Yenixeber.org: “Ukraynanın hərbi ehtiyaclarını təmin etmək üçün yeri-göyü hərəkətə gətirəcəyik…” ABŞ müdafiə naziri, general Lloyd Ostinin bu sözləri aprelin 26-da Almaniyadakı Ramşteyn aviabazasında keçirilmiş tarixi görüşün məqsədini həm yaxşı izah edir, həm də ümumilikdə Rusiya-Ukrayna savaşının yekununu Vaşinqtonun necə görmək istədiyini ortaya qoyur.
ABŞ və onun müttəfiqləri artıq Ukraynanın qələbəsinə “stavka” etməyə başlayıb. Ukrayna ordusunun və siyasi rəhbərliyinin 2 aylıq performansı və buna paralel, Rusiya ordusunun heç də “məğlubedilməz armada” olmadığı gerçəyini hər kəsin müşahidə etməsi müharibənin ilk günlərində bəlkə də kimsənin düşünmədiyi sonluğu – Rusiyanın savaş meydanında məğlubiyyətini mümkün ehtimal olaraq ciddi şəkildə gündəmə gətirib. General Ostinin aşağıdakı sözləri Ukraynanın mübarizəsindən Pentaqonda duyulan ruh yüksəkliyi və heyranlığı anlamağa imkan verir:
“İvodzima döyüşü 36 gün çəkdi. Arden döyüşü 40 gün sürdü. Ukrayna isə 62 gündür Rusiya hücumlarını dəf edir. Ukrayna ordusunun rəşadəti və ustalığı hərb tarixinə keçəcək”.
“ABŞ Rusiyanın o dərəcədə zəifləməsini istəyir ki, bir daha onun bu cür hücumlar etməyə gücü və potensialı qalmasın” (sitat nazir Ostinə aiddir) və “Ukraynaya hərbi müdaxilə Moskva üçün stratej iflasla nəticələnsin” (sitat dövlət katibi Blinkenə aiddir.) Hətta son həftələrə qədər Qərbdə Putin Rusiyasının ən yaxın tərəfdaşı olan və pasifist mövqedən çıxış edən Almaniya dövlətinin federal kansleri Olaf Şolz bildirir ki, Putinin şərtləri əsasında sülhə getmək və Rusiyanın qələbəsinə yol vermək olmaz. Bu, çox mühüm paradiqma dəyişikliyi və strateji dönüşdür. Rusiyanın qələbəsinə mane olmaq və Ukraynanı NATO standartlarındakı ağır hərbi texnika ilə silahlandırmaq barədə prinsipial qərar Qərb (həmçinin, Yaponiya) liderləri tərəfindən martın 19-da Cozef Baydenin təşəbbüsü ilə videokonfrans formatında keçirilən görüşdə verilib, Ramşteyn toplantısı da bu qərarın icrası məqsədi daşıyır. Savaş meydanında Ukrayna gücü yetən qədər Rusiya hərb maşınına zərbələr vurarkən Qərb və onun müttəfiqləri də sanksiyalarla Rusiyanı qlobal iqtisadi münasibətlər sistemindən təcrid edərək onun müharibədən əvvəlki hərbi-iqtisadi gücünün bərpasını qısa və ortamüddətli perspektiv üçün imkansız hala gətirməyə çalışırlar. Yeri gəlmişkən, “S&P Global Market Intelligence” ekspertləri hesablayıb ki, Rusiya iqtisadiyyatının 2021-ci il səviyyəsinə qayıtması üçün 10 il vaxt lazım olacaq. Təsəvvür edin, 2021-ci ilin heç də parlaq olmayan göstəricilərini Rusiya nə az, nə çox – düz 10 ilə bərpa edə bilər. Əslində bu da nikbin proqnoz kimi görünür, çünki Putin rejiminin ömrü uzanarsa, Rusiya dövlətinin bütün sahələr üzrə deqradasiyasının davam edəcəyi şəksizdir, bunu anlamaq üçün ekspert olmaq lazım deyil. Nə qədər ki, Putin hakimiyyətdə qalır, hətta Ukraynada tezliklə sülh əldə olunsa belə, Qərb-Rusiya siyasi-iqtisadi kooperasiyasının əvvəlki səviyyədə bərpası mümkün görünmür. (Moskva ilə dialoq təbii ki, davam edəcək.)
Ramşteyn görüşünə qayıdaq. ABŞ-ın təşəbbüsü ilə çağırılan və bütün qitələrdən 40 dövlətin müdafiə nazirləri və digər təmsilçilərinin qatıldığı toplantının əsas nəticəsi Ukraynaya hərbi yardım üzrə təmas qrupunun yaradılması barədə qərardır. Bu qrup ayda bir dəfə Ukraynanın hərbi ehtiyaclarının qiymətləndirilməsi və onun lazımi silah-sursatla təminatı prosesinin əlaqələndirilməsi üçün bir araya gələcək. Amerikalıların açıqlamalarına əsasən bu istiqamətdə işlər müharibə bitdikdən sonra da davam etdiriləcək və Ukraynanın müdafiəsi gücləndiriləcək. General Ostin çox operativ hərəkət etməyin və qələbəyə səfərbər olmağın önəmini xüsusi vurğulayıb: “Ukrayna inanır ki, qalib gələ bilər, elə burada iştirak edənlər də…”
Ramşteyn görüşü və orada qəbul olunan qərarlar yəqin ki, Rusiya-Ukrayna savaşının gedişatında önəmli siyasi hadisələrdən biri kimi tarixdə qalacaq. Bunu “antiputin koalisiyası”nın formalaşması kimi də qiymətləndirmək olar. Toplantının məşhur Tehran-43 görüşü ilə qismən bənzərliyi var, o baxımdan ki, müzakirə olunan əsas məsələ düşmənin məğlub edilməsidir. Tehran görüşündə ABŞ və Britaniya ikinci cəbhənin açılması barədə öhdəlik götürdülər, indi Ramşteyn toplantısını və ümumən Ukraynanın sürətlə, davamlı silahlandırılması qərarını, eləcə də işğalçıya qarşı ağır iqtisadi sanksiyaların tətbiqini də bir növ, ikinci cəbhə kimi qiymətləndirmək mümkündür. Apardığımız tarixi analogiyada əsas fərq bundan ibarətdir ki, 1943-cü ildə Tehranda Avropanın müharibədən sonrakı xəritəsinin cızılması da müzakirə edilmişdi, hazırda isə “soyuq savaş”ın nəticələrinin, o cümlədən SSRİ-nin dağılmasının travmatik təsirindən əziyyət çəkən revizionist-avantürist rus çarının Avropanın xəritəsini yenidən cızmasına imkan verməmək hədəflənir.
Rusiya müasir Ukraynanı nə qədər nasist dövlət adlandırırsa adlandırsın, bu gün Moskvanın özünün siyasəti və addımları Hitler nasizminin siyasəti və bəd əməllərinə daha çox uyğun gəlir, dünya tərəfindən də bu cür qəbul olunur. Bu çərçivədə başqa bir tarixi analogiya isə ABŞ-da “Lend-Liz” qanununun qəbuludur. 1941-сi ildə ABŞ dövləti Böyük Britaniya və SSRİ-yə hər hansı ödəniş almadan hərbi texnika, döyüş sursatı, strateji xammal, ərzaq, dərman və tibbi ləvazimatlar və sair məhsullar göndərmək üçün “Lend-Liz Aktı” (Amerika Birləşmiş Ştatlarının müdafiəsinin təmin olunması haqqında qanun – Lend Lease Act) qəbul etdi. Bu qanun faşizm üzərində qələbədə mühüm rol oynadı. İndi isə Rusiya işğalına qarşı Ukraynanın müdafiə qabiliyyyətinin gücləndirilməsi üçün tarixdə ikinci dəfə “Lend-Liz”in qəbulu gündəmdədir. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” (The Ukraine Democracy Defense Lend-Lease Act of 2022) adlanan qanun layihəsi iki həftə öncə Senatda yekdilliklə təsdiqlənib və bu günlərdə Nümayəndələr Palatasından da keçdikdən sonra prezidentin imzasına təqdim olunacaq. Sənəd prezidentə səlahiyyət tanıyır ki, hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya operativ şəkildə silah-sursat, hərbi texnika və digər lazımi yardımlar göndərsin. Əslində qanun qəbul olunmadan da bu proses başlayıb. Ukraynada yay fəsli çox qaynar keçəcək…
Putin hücum əmrini verərkən hərbi əməliyyatın siyasi vəzifələrini 2 mühüm sözlə ifadə etmişdi: Ukraynanın denasifikasiyası və demilitarizasiyası. Denasifikasiya çox qısa zamanda Ukraynada hakimiyyət dəyişikliyini və ya ən minimal hədəf olaraq Zelenski hökumətinə kapitulyasiya aktı imzalatdıraraq suveren, milli Ukrayna dövlətini demontaj edib, onun belaruslaşdırılmasını və sonrakı mərhələdə ittifaq dövlətinə daxil edilməsini nəzərdə tuturdu. Müharibənin birinci mərhələsindən sonra bunun baş tutmayacağı aydın oldu. İndi isə məlum olur ki, demilitarizasiya da baş tutmayacaq, çünki tam əksinə, Ukraynanın sürətlə militarizasiyasını müşahidə edirik. Ukraynanın hərbi itkilərini ABŞ liderliyindəki “antiputin koalisiyası” kompensasiya etməyə başlayıb. Hətta keyfiyyətcə tamamilə yeni bir mərhələyə – Ukrayna ordusunun NATO silah sistemlərinə keçidinə start verilib və bu, çox çətin savaş şərtlərində baş verir.
Qərb gec də olsa, anladı ki, Putinin “nazı ilə oynamaq” olmaz və onunla güc dili ilə danışmaq lazımdır. Çörçill demişkən, amerikalılar hər zaman düzgün qərarlar verirlər – bütün yanlış variantları yoxladıqdan sonra…
Şahin Cəfərli: siyasi şərhçi