Yenixeber.org: Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən cəmi iki gün əvvəl Moskvada Rusiya və Azərbaycan liderlərinin imzaladıqları “Qarşılıqlı Fəaliyyət və Müttəfiqlik Haqqında Bəyannamə”də yer alan bəndlərdən biri Qarabağda fəaliyyət göstərən rus sülhməramlılarına həsr olunmuşdu. Sənədin 8-ci maddəsində yazılıb:
“Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir”.
Bəyannamənin 9-cu maddəsində isə qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.
Ukraynaya qarşı misli görünməmiş təcavüz 24 fevral tarixinə qədər mövcud olan beynəlxalq münasibətlər sistemini kökündən dəyişib. İndi dünyanın qaranlıq küncündə dayanmış işğalçı Rusiya, ona dəstək verməyə məcbur olan avtoritar rejimlərin idarə etdiyi Belarus, Venesuela, Suriya kimi böhran içində olan ölkələr, digər tərəfdə isə Ukraynanı müdafiə edən kollektiv Qərb və onun tərəfdaşları yer alıb. Azərbaycan bu gün nə Rusiyanın, nə də tam olaraq Qərbin müstəvisində görünür, amma cəmiyyət birmənalı olaraq Ukrayna dövlətinin və xalqının işğalçılara qarşı apardığı mübarizəni dəstəkləyir. Hakimiyyət də mövcud reallıqların imkan verdiyi şəraitdə Ukraynaya maddi və mənəvi dəstək verir, humanitar yardımlar göndərir.
Rusiyanın Avropada yaratdığı misli görünməmiş böhran Azərbaycan üçün də yeni çağırışlar yaradır. Əlbəttə, bu gün təklənmiş, dünya iqtisadiyyatından təcrid edilməkdə olan Rusiyanın aqressiyasını üzərinə çəkəcək addımlar atılmır. Cəmiyyət də bunu anlayışla qarşılayır ki, hazırki mərhələdə aqressorun hikkəsindən yayınmaq ən doğru yoldur.
Əsas çağırışlara gəlincə, onların başında dünyanın nifrət obyektinə çevrilmiş Rusiyanın Qarabağda sülhməramlı qiyafəsində saxladığı ordu hissələri və onların həyata keçirdiyi missiya dayanır. İşğalçı, aqressor bundan sonra necə sülhməramlı olacaq? Onun öz təşəbbüsü ilə üzərinə götürdüyü bu missiya Qərbdə necə qarşılanacaq?
24 fevrala qədər mövcud olan münasibətlər sistemində Qarabağdakı sülhməramlılar Qərb üçün də münasib idi. Dünyanın bir çox bölgələrində kəskin rəqabət aparan qüvvələr, paradoksal görünsə də, Qarabağ məsələsində çox rahat anlaşırdılar. Rusiyanın regiondakı hərbi-siyasi üstünlüyü qəbul edilib, bu qüvvə isə Fransa, ABŞ kimi Qarabağ ermənilərinə status tələb edən ölkələrin istədiyi status-kvodan məmnun görünürdü.
Azərbaycan cəmiyyəti və Qərb üçün indi yeni dilemma yaranıb: Ukraynaya hücum edib dinc əhalini qıran Rusiyanın Qarabağdakı “sülhməramlı” missiyasının aqibəti necə olacaq? Bu fəaliyyətin siyasi, hüquqi, mənəvi əsasları varmı?
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda bir gecənin içində yerləşməsinin özü Moskvanın hərbi cinayətidir və təəssüf ki, müasir dünya bunun qarşısını almaqda çətinlik çəkir. Onun sözlərinə görə, Rusiya Azərbaycan ərazisinə sülhməramlı kimi deyil, Azərbaycanın torpaqlarını erməni işğalçılardan sonadək təmizləməsinin qarşısını alan və bununla da erməni işğalının Rusiya silahlı qüvvələrinin himayəsi ilə davam etməsinə şərait yaradan bir ölkə kimi daxil olub: “Rusiya SSRİ dağılandan bəri Moldova, Ukrayna, Gürcüstan və Azərbaycan ərazilərində separatçı rejimlər yaratmaqla, 30 ildən çoxdur ki, beynəlxalq hüququn tanıdığı əraziləri işğal edib. Dünya ölkələri bu təcavüzün qarşısını zamanında almaqda acizlik və qətiyyətsizlik göstərdiyi səbəbdən bu gün Ukraynada Rusiya hərbi cinayətləri baş alıb gedir. Ona görə də Azərbaycanın indiki vaxtda Qarabağda Rusiya sülhməramlıların məsələsini qaldırması, gözü ayağının altını görməyən bir qorxunc gücə əlavə bəhanə verməsi olardı. Rusiya ilə bu mərhələdə ehtiyatlı siyasi münasibətləri davam etdirmək daha məqsədəuyğundur”.
Hüquqşünas Ələsgər Məmmədli isə deyib ki, əslində, Rusiya ordusunun Ukraynada törətdiyi hərbi cinayətlər nə ilk, nə də sondur. Ekspert xatırladır ki, sovetlərin dağıldığı ilk illərdə Rusiyaya məxsus 366-cı alay Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda ciddi rol oynamışdı. Onun sözlərinə görə, Moskva 92-94-cü illərdə Azərbaycana qarşı aparılan müharibədə dolayı yolla işğalçı Ermənistanı dəstəkləmişdi. “44 günlük müharibə zamanı isə həm Ermənistan ordusunun təchizatında, həm də Gəncəyə, Bərdəyə, Tərtərə, Bakıya ballistik raketlərin atılmasında Rusiyanın iştirakını bilirik”, – hüquqşünas əlavə edib.
Ə.Məmmədlinin sözlərinə görə, Azərbaycan cəmiyyəti Rusiyanın bu fəaliyyətini yaxşı bilir, amma buna rəğmən, “sülhməramlıların” Qarabağa gətirilməsinə qarşı çıxa bilmədi:
“Bunun əsas səbəblərindən bir də elə bu günlərdə Ukraynada baş verənlərdir. Rusiya, əslində, Azərbaycanın icazəsini almadan hərbi qüvvələr göndərmişdi. Biz də bunu işğal kimi yox, bir az güzəştə gedərək, bəyanat şəkilində təqdim etdik. Çünki Azərbaycan istəməsəydi belə Rusiya ordusu bura gələcəkdi. Cəmiyyət bilir ki, rus ordusu bura necə gəlib və hansı fəaliyyətlə məşğuldur. Əlbəttə, Ukraynada baş verənlər bu məsələni yenidən gündəmə gətirir. Düşünürəm ki, hazırkı şəraitdə belə müzakirələr konkret nəticələrə aparıb çıxarmaz”.
Ekspert vurğulayır ki, Rusiyanın beynəlxalq birlikdən təcrid olunması göstərir ki, Ukraynada müharibənin nəticəsindən asılı olmayaraq, Kreml uduzan tərəfdir. “Bu da istər-istəməz Rusiyanın geopolitik durumuna, bundan sonra qonşularla münasibətlərinə ciddi təsir edəcək. Hesab edirəm ki, Ukraynaya təcavüzdən sonra Rusiya heç bir halda bölgədə əvvəlki rolunu oynaya bilməyəcək. Bu da ona imkan verəcək ki, önümüzdəki 3 ildə doğru qərar verək və Qarabağdakı rus ordusunun çıxarılması ilə bağlı ortaya yekdil mövqe qoyaq”, – Ələsgər Məmmədli qeyd edib.(pressklub)
Turqut