Redaktor seçimi
İstiqlal bəyannaməsini kim yazıb?-
Azərbaycan gömrüyündə “Səfər dəhlizi”-
Aqrar Universitetində kolxoz qaydaları-
Əsgərlikdə ola-ola Bakıda “avtoşluq“ etdi - İş adamının oğlu tutuldu +
Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR? -
Baydenin Bakıdan nə istəyib? –
Deputat Ülvi Quliyevlə bağlı ŞOK İDDİALAR... -
Şuşa palçığına xor baxan Polad Bülbüloğlu-
Günün xəbəri

Rusiya özünü Qarabağın sahibi kimi aparır-ŞƏRH

   

  Mariya Zaxarovanın bəhs etdiyi qaydalar və bir daha 10 noyabr Bəyanatının əcaiblikləri haqqında...

Yenixeber.org: 2020-ci ildə Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə son qoyan 10 noyabr tarixli üçtərəfli Bəyanat haqqında çox deyilib və yazılıb. Sosial mediadakı paylaşımlarımın birində qeyd etmişdim ki, cəmi 9 maddəlik yığcam bir sənəd olsa da, orada yazılanlara hər dəfə nəzər salanda sətir aralarında gizlədilmiş yeni məqamlar kəşf etmək olur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın 20 yanvar tarixli brifinqdə söylədikləri bizi bir daha bu mövzuya qayıtmağa vadar etdi.   

Zaxarova Ermənistan jurnalistinin qabaqcadan razılaşdırıldığı şübhə doğurmayan, cavabları da öncədən hazırlanmış bir neçə sualını da cavablandırdı. Onların arasında Fransa prezidentliyinə namizəd Valerie Pekressin Qarabağa qanunsuz səfərinə Azərbaycanın sərt reaksiyası ilə bağlı sual da var idi. (Yeri gəlmişkən, Rusiya diplomatiyası əsas diqqətinin Ukrayna məsələsinə və ABŞ-la dialoqa yönəldiyi bir məqamda postsovet məkanının başqa regionlarını, o cümlədən Qarabağı da unutmur.) Zaxarova 10 noyabr Bəyanatına istinadən bildirdi ki, həmin sənədin 6-cı maddəsinə əsasən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycan isə dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfindən sülhməramlı əməlyyatın keçirildiyi rayonların ziyarət edilməsi (o cümlədən xarici vətəndaşlar, beynəlxalq təşkilatlar, missiyalar tərəfindən) qaydaları müəyyənləşdirilib: Qaydalar həm Azərbaycan, həm də erməni tərəfinə yaxşı məlumdur. Bu cür səfərlər barədə Rusiya sülhməramlılarının öncədən lazımi şəkildə məlumatlandırılması nəzərdə tutulub. Bu, bizim baza yanaşmamızdır”.   

Xatlrladaq ki, prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Rusiya sülhməramlılarının fəaliyyətində qıcıq doğuran məqamların az olmadığını söyləyib: 

“…Dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var, elə də deməliyəm, müsbəti də, mənfini də… Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə, bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir…” 

Mariya Zaxarova isə iddia edir ki, sülhməramlı kontingentin komandanlığı tərəfindən sülhməramlı əməliyyatın keçirildiyi rayonların ziyarət edilməsi qaydaları müəyyənləşdirilib və bu, Azərbaycan tərəfinə də yaxşı məlumdur. Söhbət hansı qaydalardan gedir? Belə bir qaydaların mövcudluğu ilk dəfədir, Rusiya tərəfindən açıqlanır, daha əvvəl məlum deyildi. 

Bir dövlətin ərazisinə giriş-çıxış qaydalarının başqa bir dövlət (onun ordusu) tərəfindən müəyyən olunması absurd deyilmi? Aydındır ki, bu, Azərbaycan Konstitusiyasının, ölkənin suverenliyinin kobud pozuntusudur. Zaxarovanın sözlərindən belə məlum olur ki, Moskva özbaşına hansısa qaydalar müəyyən edib və bu barədə Bakını sadəcə olaraq, məlumatlandırıb. Diplomat xanım Azərbaycan tərəfinin həmin qaydalara rəsmi razılıq verib-vermədiyi barədə heç nə deməyib. Böyük ehtimalla belə bir razılıq yoxdur. Hətta Azərbaycan hökuməti buna rəsmi razılıq veribsə belə, bu da qeyri-konstitusiondur. Ümumilikdə 10 noyabr Bəyanatı əsasında Rusiya ordusunun sülhməramlı əməliyyat adı altında Azərbaycan ərazisinə daxil olmasının özünün qanuniliyi, legitimliyi böyük sual altındadır, bu barədə dəfələrlə yazmışıq. (Bəyanatın əcaibliyi barədə pressklub.az-da daha əvvəl dərc olunmuş yazımıza buradan baxa bilərsiniz.)  

Mariya Zaxarovanın xatırlatdığı 6-cı maddədə qeyd olunmuş “Azərbaycan dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir” cümləsi də əcaibdir və şərhə açıqdır: 

1) Azərbaycan hansı vətəndaşların dəhliz üzrə hərəkətinə zəmanət verir? Bu kateqoriyaya təkcə Qarabağ erməniləri daxildir, yoxsa Ermənistanın və istənilən digər ölkənin vətəndaşlarını da əhatə edir? Əhatə edirsə, nəyə əsasən və bunun hüquqi təməli nədir?   

2) Azərbaycan hansı növ və hansı dövlət(lər)ə məxsus nəqliyyat vasitələrinin dəhliz üzrə hərəkətinə zəmanət verir? Qarabağ ermənilərinin nəqliyyat vasitələri nəzərdə tutulur, yoxsa Ermənistanın və digər ölkələrin nəqliyyat vasitələri də bura aiddir? Aiddirsə, nəyə və hansı razılaşmaya əsasən? 

3) Azərbaycan hansı yüklərin dəhliz üzrə hərəkətinə zəmanət verir? Hərbi təyinatlı yüklər də bura aid edilirmi? Hesab edək ki, Qarabağdakı sülhməramlı kontingentin təminatı və təchizatında Laçın dəhlizindən istifadə edilə bilər. Bəs, Ermənistandan Qarabağa gətirilən, yaxud oradan aparılan hərbi yüklər, o cümlədən silahlı qüvvələrin şəxsi heyəti? Yaxud Laçın dəhlizi vasitəsilə Qarabağa daşınan başqa yüklər? Bu məqam da digərləri kimi aydın deyil və qeyri-müəyyəndir. 

Ümumiyyətlə, Azərbaycan dövləti Ermənistanla dövlət sərhədinin Laçın dəhlizinə düşən hissəsinə nəzarət etmirsə, oradan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanətini necə verə bilər? Bu cümlədə anormallıq yoxdurmu? Doğrudur, 9-cu maddəyə əsasən Ermənistan da öz növbəsində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Amma burada söhbət Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında nəqliyyat əlaqəsindən gedir. İkisi arasında prinsipial fərq var.  

Göründüyü kimi, 10 noyabr Bəyanatının mətnini tərtib edən rus dövlət ağlı ora şüurlu şəkildə elə cümlələr yerləşdirib ki, sonradan bunu istədiyi kimi şərh edə bilsin. Bəyanatın ildönümünə həsr olunmuş, yuxarıda istinad verdiyimiz yazımızda qeyd etmişdik ki, beynəlxalq münasibətlərdə Kissincerə adi edilən “konstruktiv ikimənalılıq” (contructive ambiguity) deyilən bir anlayış var. Bəzi razılaşmalarda şüurlu şəkildə çoxmənalı formullardan istifadə olunur, sənədlərə aydın və konkret olmayan elə ifadələr, cümlələr daxil edilir ki, tərəflərdən hər biri sonradan onu öz maraqlarına uyğun şərh edə bilir. 10 noyabr Bəyanatı da bu tip sənədlərdən biridir. 

Şahin Cəfərli

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam