Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rüstəmin barmaqları-Rusiyalı general erməni diversantların qaytarılmasında niyə israr edir?

“Hazırda Ermənistanda azərbaycanlı hərbi əsir yoxdur, onların hamısı qaytarılıb. Erməni hərbi əsirlərinin qaytarılması işi də tam bağlanmalıdır və hesab edirəm ki, Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”.

Yenixeber.org: Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş başçısı general Rüstəm Muradov Rusiya mətbuatına açıqlamasında deyib. Ötən bir illik fəaliyyəti ilə daha çox ermənilərin mənafeyinə xidmət edən rus generalının bu açıqlaması onun Azərbaycana qarşı ədalətsiz davranışının növbəti təzahürüdür. O, bu açıqlaması ilə həm də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları növbəti dəfə heçə sayıb. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, 44 günlük müharibə dövründə əsir götürdüyü ermənilərin hamısını geri qaytarıb. Müharibədən sonra Qarabağda diversiya əməliyyatları həyata keçirən, eləcə də sərhədlərimizi bilərəkdən pozaraq təxribat törədən erməni quldur dəstələri isə hərbi əsir hesab edilmir.

Bununla belə, Rüstəm Muradov ötən il Rusiyanın təşəbbüsü ilə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsinə dair əldə olunmuş razılığı xatırladaraq, hazırda Azərbaycanda saxlanılan erməni terrorçuların da azad olunmasına çalışacaqlarını söyləyib. Halbuki Azərbaycan tərəfi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirib. Belə ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə İrəvana təhvil verilib. Hətta cəmi bir ay əvvəl Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı ələ keçirilmiş 10 erməni hərbçi də bu yaxınlarda Avropa İttifaqının vasitəçiliyi ilə geri qaytarılıb. Bundan bir ay əvvəl Azərbaycan hökuməti 5 erməni diversantı da təhvil vermişdi. General Rüstəm Muradov bununla əlaqədar xüsusi missiya ilə Bakıya gələrək, diversantların geri qaytarılması işində şəxsən iştirak etmişdi.

               Diversantlar da “hamının-hamıya”…

Bəs, Rusiya, konkret olaraq sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov Azərbaycanda saxlanılan erməni terrorçularının azad olunmasında niyə bu qədər maraqlıdır?

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründə də hərbi əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təşəbbüsü Rusiyadan gəlmişdi. Belə ki, Rusiya prezidenti Boris Yeltsin xarici işlər naziri Yevgeni Primakova Qarabağ məsələsi ilə ciddi məşğul olmağı tapşırmışdı. Moskva, Yerevan və Bakı arasında üçtərəfli danışıqlar aparan Primakov münaqişənin siyasi yolla həlli üçün tərəfləri barışığa hazırlayır, “hamının-hamıya” prinsipi ilə əsir və girovların mübadiləsinə çalışırdı. Uzun danışıqlardan sonra o, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin razılığını alaraq, əsirlərin mübadiləsini həyata keçirmək üçün 1996-cı il mayın 8-də xüsusi təyyarə ilə Bakıya gəlir. Azərbaycan tərəfi razılaşmaya uyğun olaraq hərbi əsir, girov və məhkumlardan ibarət 39 ermənini Ermənistana qaytarır. Onlardan 1 nəfəri terrorizmə – dinc vətəndaşların qətlinə və Bakı metrosunda partlayışa, 3 nəfər isə Dağlıq Qarabağda jurnalisti Salatın Əsgərova və üç rus hərbiçisini qətlə yetirdiyinə görə mühakimə olunanlar idi. Görünür, məlum və məşhur “Rusiya barmağı” amili ilə yanaşı, ermənilərə simpatiyasını gizlədə bilməyən Rüstəm Muradov öz barmaqlarını da dinc saxlaya bilmir, Primakovun yolunu davam etdirmək istəyir. Ancaq Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri statusunun tələb etdiyi neytrallıq prinsipini nədənsə “unudur”.

Politoloq Elxan Şahinoğlu da general Rüstəm Muradovun sülhməramlıların rəhbəri vəzifəsindən azad ediləndən sonra da Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsini normal saymır. O, deyib ki, Rusiya generalının Azərbaycanda həbsdə saxlanılan erməni diversantların azad olunmasına çalışması onun Ermənistan cəmiyyəti və Qarabağ separatçıları ilə yaxın münasibətindən qaynaqlanır: “Müharibə başa çatandan sonra hərbi əsir və girovların dəyişdirilməsi məhz Rüstəm Muradovun vasitəçiliyi ilə reallaşıb. Görünür, Ermənistan tərəfi Bakıda saxlanılan diversantları geri almaq üçün onun da imkanlarından maksimum yararlanmağa çalışır”.

              “Hərbi əsir” kimi qələmə verilən terrorçularla neçə davranılmalı?

Hazırda Azərbaycanda saxlanılan, Ermənistanın və hətta Rusiyanın “hərbi əsir” adlandırdığı ermənilər isə 44 günlük müharibədən sonra Qarabağa göndərilmiş terrorçu və təxribatçı dəstənin üzvləridir. Bununla belə, rəsmi İrəvan Azərbaycanda saxlanılan və haqqında cinayət işi qaldırılmış terrorçuları da “hərbi əsir” adlandırır və bu yolla onların azad olunmasına səy göstərir. Əslində isə onlar terrorçu qruplardır və həm Azərbaycan qanunvericiliyinə, beynəlxalq qaydalara uyğun olaraq, cinayət məsuliyyətinə cəlb ediliblər. Elə beynəlxalq humanitar hüquq normalarına, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməz.

Azərbaycan tərəfinin dekabrın 4-də Ermənistana qaytardığı 10 nəfər hərbçinin İrəvanda cinayət məsuliyyətinə cəlb edilməsi, onlardan 4-nün həbs olunması, 6-na isə ittiham irəli sürülməsi də həmin şəxslərin cinayətkar dəstə olduğuna dəlalət edir.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirib ki, 2020-ci il 10 noyabr tarixindən sonra Qarabağda diversiya, terror törədərkən ələ keçirilən erməni yaraqlıları heç bir halda hərbi əsir sayıla bilməz. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun olaraq döyüş əməliyyatları zamanı əsir götürülən bütün şəxsləri geri qaytarıb, meyitləri təhvil verib: “Yəni, Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və məsələ bununla bitib. Ancaq 10 noyabr razılaşmasından sonra Ermənistandan Azərbaycana diversiya, terror törətmək məqsədilə xüsusi qruplar göndərilib və təhlükəsizlik xidməti orqanlarının həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində həmin qrup zərərsizləşdirilərək həbs edilib. Belə olan halda onlar hərbi əsir sayıla bilməz. Çünki həmin ermənilər müharibə başa çatandan sonra törətdikləri qanunsuzluğa görə həbs ediliblər. Onlar cinayət edib. Qanunsuz olaraq Azərbaycan ərazisinə gələrək hərbi qulluqçularımızı və mülki şəxsləri qətlə yetiriblər”.

Əliməmməd Nuriyev hesab edir ki, bu şəxslər Azərbaycan qanunlarına uyğun olaraq müharibə əleyhinə cinayətlərə, terror və diversiya fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi görüşlərdə bu məsələyə münasibət bildirilərkən 44 günlük müharibədən sonra təxribat törətmiş erməni hərbçilərinin terrorçu olduğu qeyd edilib və onlar hərbi əsir sayıla bilməz. 

Yeri gəlmişkən, ermənilərin “hərbi əsir” kimi qələmə verdiyi terrorçuların hamısı Ermənistan vətəndaşıdır və beynəlxalq hüquq normalarına görə onlar diversant hesab olunur. Bu isə o deməkdir ki, həmin şəxslərin törətdiyi cinayətə görə cəzası yalnız məhkəmə qaydasında müəyyənləşdirilməlidir.(pressklub)

Elxan SALAHOV 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam