Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçılarını “14-lər” əvəzləyəcək?-ŞƏRH

                  Ekspertlər yerli idarəetmə sistemində ehtimal olunan dəyişikləri şərh edirlər

Yenixeber.org: Prezident İlham Əliyev birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) özünün xüsusi nümayəndəsi təyin edib. E.Hüseynov bundan əvvəl Ağdam üzrə ölkə başçısının xüsusi nümayəndəsi idi.

E.Hüseynovun idarəçiliyində olacaq Qarabağ iqtisadi rayonu prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayondan biridir. Həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeni təyinatı şərh edərkən bildirib ki, prezidentin bir rayon üzrə deyil, bütöv bir region üzrə xüsusi nümayəndə təyin etməsi yerli icra hakimiyyətlərinin ləğvini, yeni regional idarəçiliyə keçidi şərtləndirə bilər: “Yaxın zamanlarda bütün icra başçılarının azad olunmasını, əvəzində prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional başçıların təyin ediləcəyini proqnozlaşdırmaq olar”.

O.Gündüz xatırladır ki, ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı dövlət qurumlarının hamısı ləğv edilib. Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Ekspert qeyd edib ki, hazırda rayonlarda ənənəvi idarəetmə strukturlarından yalnız hüquq-mühafizə orqanları və icra hakimiyyətləri qalıb.

İqtisadçı Nemət Əliyev xatırlatdı ki, yeni xüsusi nümayəndə prezidenti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə təmsil edəcək:

“Rayon icra hakimiyyətlərinin ləğv edilməsi və icra hakimiyyətinin iqtisadi rayonlar üzrə təşkil olunması fikri də, zənnimcə, buradan qaynaqlanır. Yeri gəlmişkən, xatırladım ki, iqtisadi rayonların yeni bölgüsü aparılarkən də bu mövzu aktuallaşmışdı. Lakin sonradan bu məsələ sanki unuduldu”.

Əliyev qeyd etdi ki, prezidentin xüsusi nümayəndəsinin səlahiyyətləri bütün Qarabağ iqtisadi rayonunu əhatə etməyəcək:

“Sonuncu bölgüyə görə, Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından ibarət tərkibdə təşkil edilib. Xankəndi, Xocalı və Xocavənd inzibati ərazilərinə hələ ki yaxın düşə bilmirik. O ərazilər rus-erməni hərbi birləşmələrinin nəzarətindədir. Şuşa şəhərini isə prezidentin başqa nümayəndəsi təmsil edir. Bərdə, Ağcabədi və Tərtər rayonlarının icra başçıları öz vəzifələrinin başındadır. Deməli, 9 inzibati vahiddən ibarət tərkibdə olan Qarabağ iqtisadi rayonunda işğldan azad olunmuş Füzuli və Ağdam rayonları qalır. Belə aydın olur ki, Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə prezidenti bu iki rayon üzrə təmsil edəcək. Hər iki rayonun bütün ərazilərində də deyil, yalnız işğaldan azad olunmuş ərazilərində! Çünki xüsusi nümayəndənin təyin olunması haqqında verilən sərəncamda məhz belə nəzərdə tutulub. Yəni xüsusi nümayəndənin səlahiyyətinin əhatə dairəsi faktiki olaraq, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri ilə məhdudlaşır”.

İqtisadçı dediyi fikirlərə əsaslanaraq bu təyinatdan çox uzağa gedən nəticələr çıxarmağın tərəfdarı deyil. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda idarəçiliyin necə təşkil olunması məsələsi prezidentin idarəetməyə baxışlarından asılıdır:

“Dövlət başçısı uyğun sayarsa, hazırkı formatı dəyişib, icra hakimiyyətini iqtisadi rayonlar üzrə də təşkil edə bilər. Müəyyən riskləri olsa da, iri maliyyə vəsaitlərinə qənaət edilməsi, kifayət qədər şişmiş idarəetmə aparatının unifikasiya edilməsi baxımından cəlbedici addım sayıla bilər. Nəzəri cəhətdən diqqətçəkən olsa da, indiki zamanda bu qərarın verilə biləcəyini düşünmürəm. Fikrimcə, hazırkı idarəetmə forması hələ bir müddət saxlanacaq. Yeni idarəetmə sisteminin tətbiq olunmasının ciddi əlamətləri hələ görünmür”.

İqtisadçı Rövşən Ağayev bildirdi ki, bu məsələ Konstitusiyaya dəyişikliklər yolu ilə həllini tapmalıdır. Onun sözlərinə görə, Konstitusiyada prezidentin səlahiyyətləri arasında belə bir strukturların yaradılması yoxdur:

“Doğrudur, orada yazılır ki, dövlət büdcəsindən yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması üçün xərclərin ayrılmasına qərar verir. Amma Konstitusiyanın 124-cü maddəsində yerli icra hakimiyyətləri haqqında danışılır, bildirilir ki, prezidentin nümayəndələri yerli icra hakimiyyətləridir. Buna uyğun olaraq yerli icra hakimiyyətləri haqqında Əsasnamə hazırlanıb. Hazırki icra hakimiyyəti bəlli bir sistemdir, yəni hazırda rayon və şəhərlərdə idarəetməni həyata keçirən qurumlardır”.

Ağayev deyir ki, regional idarəetmənin yaradılması mütləq Konstitusiyaya əsaslanmalıdır. Onun sözlərinə görə, əgər deyilən şəkildə olarsa, bu, hüquqi baxımdan doğru deyil:

“Gələcəkdə 14 iqtisadi rayona nümayəndələr təyin olunacaqsa, yerli icra hakimiyyətləri ilə onların arasında səlahiyyət bölgüsü necə olacaq? Əgər Konstitusiya dəyişikliyi aparıb, yerli idarəetmə səlahiyyətli nümayəndələrə verilsə belə, bu, yerli idarəetmənin təkmilləşdirilməsi istiqamətində ciddi addım olmayacaq. Azərbaycanda seçkili yerli özünüidarənin formalaşdırılması yolu ilə yerli idarəetmənin gücləndirilməsinə ehtiyac var. Biz ən azı Türkiyə və Gürcüstanın təcrübəsinə baxa bilərik. Hər iki ölkədə yerli idarəetmədə seçkili orqanların payı daha çoxdur. Hesab edirəm ki, Azərbaycanda da Konstitusiya islahatları aparılacaqsa, əsas güc yerli seçkili orqanlara verilməlidir. Biz hansı yolla gedəcəyik – prezidentin təyin etdiyi xüsusi nümayəndələr vasitəsilə yerli idarəetməni gücləndirmək, yoxsa seçkili orqanların səlahiyyətlərini artırıb, onlara önəm vermək? Bunlar müzakirə olunası məsələlərdir”.

R.Ağayev xatırladır ki, Gürcüstan 2013-cü ilə qədər regional səviyyədə seçkili özünüidarəyə üstünlük vermişdi. Həmin ildə aparılan islahatlardan sonra region səviyyəsində prezidentin nümayəndəsi təyin olundu və ancaq rayon səviyyəsində seçkili yerli idarəetməni saxladılar.

“Əsas məsələ odur ki, Azərbaycanda konstitusion hüquqi əsasları olmayan qurumlar yaratmaqdansa, islahatlara gedib, Konstitusiyada regional idarəetmənin necə olacağına aydınlıq gətirib, daha sonra qanunları ona uyğunlaşdırmaq lazımdır”, – deyə R.Ağayev vurğuladı.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam