Tarixi “Ərdoğan turnesi” niyə sui-qəsdlə bitdi-"Şuşa bəyannaməsi”nə İzmir basqını?
Türkiyə üçün çox önəmli həftə oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammitində iştirak etdi, ölkəsinin üzləşdiyi terror təhdidlərdən danışdı, ABŞ prezidenti Co Baydenlə üz-üzə görüşdü, münasibətlərin ilımlaşması mesajları verildi.
Yenixeber.org: Ərdoğan Brüsseldən Bakıya səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyevlə Füzulidən birgə Şuşaya gəldilər, yolboyu diqqətçəkən söhbətlər oldu, işğaldan azad şəhərimizdə tarixi bəyannamə imzalandı.
Bu gün isə Ərdoğan bizim xarici işlər nazirinin də iştirak etdiyi Antalya Diplomatik Forumunun açılışında idi. Türkiyənin dünyadakı rolunu çox ilginc bir terminlə dəyərləndirdi. Dedi ki, Türkiyə Afroavrasiya məkanında önəmli bir ölkədir.
Üç qitənin yəni-Afrika, Avropa və Asiya! Təsəvvür edirsiz də, bu nə deməkdir? Yer kürəsinin az qala yarısına təsir edə biləcək Türkiyə demək...
İki xırda abzasa sığışdırdğımız bu görüşlər, çıxışlar Brüsseldən min kilometrlərlə uzaqda- Şuşadakı tarixi imzalar da daxil, Türkiyənin dünyadakı yerini və önəmini təsdiqləyən bir həftə oldu.
Ermənilərin çığırtısından hələ də qulaq tutulur ki, bu gözlənilən idi. Rusiyanın tarixə “Şuşa bəyannaməsi” kimi düşmüş sənədə təmkinli mövqeyi də anlaşılandır. Lavrov kimi təcrübəli diplomatı “Türkiyə hərbi bazasını Azərbaycanda yerləşdirəcəkmi” kimi sualla Ankaranın üzərinə çəkmək mümkün deyil. Türkiyənin indi bölgədə möhkəmlənməsi Rusiyanın faydasınadır.
Moskva regionda yenilənmiş siyasəti, iqtisadi projeləri, gərginlikləri təkbaşına önləmək iqtidarında deyil. Rusiya regionda Türkiyənin siyasi və hərbi varlığını çoxdan qəbullanıb və bu hərəkətliliyin onun ziyanına olmadığını da bilir. Çünki Putinin, Ərdoğana da, İlham Əliyevə də güvəni var və iki ölkə arasında yeni mərhələyə keçən əməkdaşlığının Rusiyaya qarşı çevrilməyəcəyinə əmindir. Bu baxımdan, Rusiya-Türkiyə, Bakı-Moskva gərginliyini yaratmaq istəyən dış qüvvələr bu istəklərinə nail olmayacaqlarını anladılar.
İyunun 17-də isə İzmirdə Xalqların Demokratik Partiyasının (HDP) il başqanlığına (rayon təşkilatına) siahlı basqın oldu, bir nəfər gənc qadın öldürüldü. Yəni Türkiyənin uğurlarına qarşı yenə “kürd kartı”nı ortaya atdılar. Bu hadisəyə məhz adi kriminal hadisə kimi baxmamaq üçün səbəblər çoxdur. Birinci səbəbi dedik- keçirilən görüşlər, Türkiyə haqda ən yüksək səviyyədə verilmiş qiymət “Ərdoğanın siyasi turnesini” uğurlu etdi. İkinci səbəb, İzmir qərargahında həlak olan Dəniz Poylaz əslində, təsadüfi bir qurbandır. Məqsəd partiyanın qərargahında 40 nəfərin iştirak etdiyi toplantıda qətliam törətmək olub. Polisin sayıqlığı nəticəsində avtomatla silahlanmış, Suriyada da təlim keçmiş Onur Gencər məqsədinə çata bilmədi.
O, silahlı basqını “PKK-ya nifrət etdiyi üçün” hazırladığını desə də, aydındır ki, bu sui-qəsdin arxasında daha ciddi qüvvələr və məqsədlər dayanır. Türkçü gələnəyə bağlı bir bölgədə HDP binasına, həm də “boz qurd” işarəsi ilə basqın edilirsə, demək, bunu planlayan qüvvələrin məqsədi bölgədə, sonra isə ölkənin daha böyük şəhərlərində küçələri qarışdırmaq olub.
Məlumdur ki, Türkiyə Baş Prokurorluğu bir müddətdir ki, HDP-nin qapadılması ilə bağlı iddianamə hazırlayırdı və bu gün artıq həmin iddia Anayasa Məhkəməsinə (Konstitusiya Məhkəməsinə) göndərilib, iyunun 21-də isə bu barədə yekun qərarın veriləcəyi gözlənilir. Bu basqının kürd kəsimində ən azı psixoloji gərginliyin olduğu bu günlərdə baş verməsi təsadüfü deyil; əksinə, birbaşa Türkiyəni qarışdırmağa yönəlmiş provokasiyaya hesablandığını göstərir. Həmin qüvvələrin məkrli niyyətlərini silahlı basqınçının “boz qurd” işarəsi göstərməsi də sübut edir. Bu, Ərdoğan iqtidarının portfelsiz (nazirsiz) ortağı olan Milliyyətçi Hərəkat Partiyasına bağlılığın işarəsidir. Üstəlik, yada salmaq lazımdır ki, MHP lideri israrla HDP-nin qapadılmasının tələb edir, bundan əvvəl iddianaməni qəbul etməyən Anayasa Məhkəməsini hətta bağlamaq lazım olduğunu da demişdi. Bu isə planlaşdırılan cinayətin təkcə iqtidarın ayağına deyil, həm də sərt kürd siyasətinə tərəfdar olan iqtidar ortağının-MHP-nin də üzərinə atmaq niyyətindən xəbər verir.
Partiyalar dərhal basqını pisləyən bəyanatlar veriblər, bu cinayətin arxasında Türkiyənin imicinə zərbə vurmaq, “kürd məsələsinin” fitilini yandırmaq olduğunu deyiblər. Amma kimdir bu qüvvələr, qarşısı alınmış qətliam planı ölkənin içində, yoxsa xaricdə hazırlanıb, bu barədə hələ ki, rəsmi bilgi yoxdur. Həmin qüvvələrin məqsədinə çatmadığı aydındır: əgər basqında bir nəfər deyil, 30-40 nəfər həlak olsaydı, hadisələrin sonrakı gedişini proqnozlaşdırmaq mümkün deyildi. Türkiyə çalxalanacaqdı və uğurlu bir Türkiyə həftəsinə, “Ərdoğan turnesi”nə bir çox gunahsız insanın qanı bulaşacaqdı.
Aydındır ki, Türkiyənin uğuru həm daxildə, xüsusilə də xaricdəki qara qüvvələri ciddi narahat edir və bir yerlərdən “düyməyə basılıb”. Türkiyə gücləndikcə və böyüdükcə düşmənləri də artacaq.
Türkiyəyə uzanan xain əllər isə həm də bizə uzanmış sayılır. “Şuşa bəyannəməsi”nin əsas bəndlərindən biri də budur axı...Azərbaycan da ayıq-sayıq olmalıdır.
Nazim SABİROĞLU