Ermənistan tikan üstündə:“Vətənimizin yarısını itirməyə hazırıq!”
Ermənistan Nikol Paşinyanın yaxın günlərdə Moskvaya gedib növbəti “xəyanətkar” razılaşma sənədinə imza atacağı barədə məlumatlarla çalxalanır.
Yenixeber.org: Düşmən ölkənin müxalif qüvvələri hakimiyyəti həmin sənədi imzalamamağa və lazım gələrsə Azərbaycanla yenidən müharibəyə girməyə çağırır.
Demək olar ki, sosial şəbəkələrin erməni seqmentinin bütün səhifələrində eyni mətnlər paylaşılır və ən populyar çağırışlardan birində deyilir: “Paşinyanın bu sənədi imzalamağa və Ermənistan xalqı adından danışmağa haqqı yoxdur! Alternativimiz müharibədirsə, buna hazırıq, hətta bu müharibə nəticəsində hamımız ölsək və Vətənimizin yarısını itirsək belə.
Bu biabırçılığa dözüb unutmağa getməkdənsə silahla ölmək və tarixdə iz qoymaq yaxşıdır!”
Görünən budur ki, artıq erməni xalqı da Zəngəzurun Azərbaycan ordusu tərəfindən əvvəl-axır alınacağı qənaətinə gəliblər. Zira bəyanatdakı “Vətənimizin yarısını itirsək belə" fikirlərini başqa arqumentlə əsaslandırmaq mümkün deyil.
Maraqlıdır ki, erməni “patriotizmi”nə qan və atəş püskürdən həmin sənədin layihəsi də yayımlanıb Layihədə hər hansı qeyri-adi və bir qaşıq suda fırtına qoparmağa yarayacaq müddəa yoxdur. Səhihliyi şübhə doğuran “sənəd”də qeyd olunur ki, Azərbaycan və Ermənistan liderləri 9 Noyabr 2020-ci ildə imzalanmış Bəyanatın tələblərinə sadiq qalaraq bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərin inkişaf etdirilməsində maraqlıdırlar və 11 yanvar 2021-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan demarkasiyası ilə əlaqədar birgə Komissiya yaradılacaq.
7 Maddədən ibarət olacağı gözlənilən yeni “sənəd layihəsi”nin tam mətni:
“AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN, ERMƏNİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİNİN VƏ RUSİYA FEDERASİYASININ PREZİDENTİNİN BƏYANATI
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş Naziri N.P. Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bayan edirik:
1. Üç ölkə liderlərinin 9 Noyabr 2020-ci il tarixli Bəyanatlarına uyğun olaraq bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərin inkişaf etdirilməsi və 11 yanvar 2021-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan demarkasiyası ilə əlaqədar birgə Komissiya yaradılır.
2.31 may 2021-ci il tarixinədək Azərbaycan Respublikası və Ermənistan Respublikası hökumətləri Komissiya çərçivəsində milli nümayəndə heyətləri təşkil edirlər.
3. Rusiya Federasiyası Hökuməti, 31 May 2021-ci il tarixinədək Komissiya daxilində məsləhətçi yardımı göstərmək üçün milli nümayəndə heyəti təşkil edir.
4. Nümayəndə heyətlərinə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının milli qanunvericiliyinə uyğun olaraq təyin olunmuş xüsusi səlahiyyətli nümayəndələr rəhbərlik edirlər.
5. Komissiya ilk iclasını 2021-ci il iyunun 30-dək keçirəcək, nəticələrə əsasən asas istiqamətlərin və iş prosedurlarının siyahısını hazırlayacaq, həmçinin səlahiyyətli orqanların və təşkilatların vəzifəli şəxsləri arasından ekspert qruplarının tərkibini təsdiq edəcəkdir.
6. Ekspert qrupları Komissiyanın iclasından sonra bir ay müddətində öz səlahiyyətləri daxilində fəaliyyət siyahısını təqdim edəcəklər.
7. Mövcud Bəyanatın lazımi dərəcədə icra edilməsi ilə və Komisssiyanın işinin hədəflərinə nail olmaqla bağlı bütün məsələlər üçtərəfli razılaşma ilə yalnız siyasi-diplomatik yollarla həll ediləcək”.
Layihədə Ermənistan tərəfinin hər hansı güzəştindən söhbət getməsə də, İrəvanda daha iki saziş mahiyyətində sənəd imzalanacağından narahatdırlar. Erməni müxaliflərinin iddialarına görə, gizli tutulan həmin sənədlərdə sərhədlərin delimitasiyasi çərçivəsində Tovuzun 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müddəaları yer alacaq.
Yayılan söz-söhbətə təkcə müxaliflər yox, Ermənistan hakimiyyətinin yüksək səlahiyyətlo nümayəndələri də sərt reaksiya veriblər. Ermənistan Xarici İşlər nazirinin əvəzi Ara Ayvazyanın bu “biabırçı” sənədə dözə bilməyib artıq istefa ərizəsi yazdığı iddia olunur. Ölkə prezidenti Armen Sarkisyan isə belə bir sənəddən xəbəri olmadığını bildirib və hökuməti imzalayacağı razılıq aktını xalqa açıqlamağa çağırıb. Baş nazir əvəzi Paşinyan isə Moskvada həqiqətən də hansısa sənəd hazırlandığını, amma İrəvanın bəzi ön şərtlərinin Bakı tərəfindən qəbul edilməyəcəyi təqdirdə buna imza atmayacağını bildirib. Onun sözlərinə görə, Ermənistanın sənədə əlavələri və dəyişiklik təklifləri də var. Erməni müxalifləri isə məntiqlərini işə salıb Paşinyandan soruşurlar: “Əgər bu sənəd Ermənistanın maraqlarına uyğundursa, Azərbaycan tərəfi sənin ön şərtlərini niyə qəbul etməlidir? Əgər uyğun deyilsə, onda niyə həmin sənədə imza atırsan? Bu ipsiz təlxək deyəsən yenə xalqı aldadır”. Görünür, Paşinyan hələ də erməni xalqını məğlub olduqlarına və bütün məğlublar kimi, kaputilyasiya aktına imza atmaq məcburiyyətində qaldıqlarına inandıra bilməyib.(ovqat.com)