Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağdan Fərqanəyə uzanan döyüş:Mərkəzi Asiyanı kim və niyə qarışdırdı?

 

 Yenixeber.org: Sovetlərdən qalma su mübarizəsi Tacikistan və Qırğız Respublikası arasında silahlı toqquşma ilə bölgədə “su müharibəsi” gözləntisini aktuallaşdırdı. Və toqquşmaların miqyası artıq Mərkəzi Asiyanın stabil region olmaqdan uzaqlaşdığını göstərir. Əslində qarşıdurmaya bu kontekstdə baxa bilərik: Mərkəzi Asiyanı kim və niyə qarışdırdı?

– 30 ildir mövcud olan su və anklav problemi niyə yenidən silahlı toqquşmaya çevrildi?

– Niyə Tacikistan və Qırğız Respublikası?

– Niyə Qırğız Respublikasının prezident üsul-idarəsinə keçidi və Sadır Japarovun hakimiyyətə gəlişindən sonra?

Suallar çoxdur və baş verən toqquşmanın təkcə su uğrunda olmadığı aydındır.

İki məqam baş verənlərdə ip ucu hesab oluna bilər:

1. Sərhəddə silahlar işə düşəndə Düşənbədə KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katibləri, Kazanda AİB-in hökumət başçıları toplanmışdı;

2. Rusiya müdafiə naziri Sergey Şoyqu Tacikistanda idi.

Ruslar toqquşmaya sui-qəsd nəzəriyyəsindən yanaşır və bunu “rus ittifaq”larına qarşı hücum hesab edirlər, hərçənd, atəşin Tacikistan tərəfindən açıldığı, qarşıdurmada Rusiya mediasının qırğızları ittiham etməsi və Qarabağ müharibəsindən sonra Mərkəzi Asiyaya doğru uzanan geosiyasi dəyişikliklərin inkişafı “tətiyi çəkənin” rus barmağı olduğu ehtimalını önə çıxarır.

Birinci hədəf: Ankaranın güclənən təsiri.

Qarabağ müharibəsi və Zəngəzur dəhlizinin gündəmə gəlməsi türk coğrafiyasında Ankaranın təsirini gücləndirdi.

– Mərkəzi Asiyanın enerji resurslarının Rusiya qazına alternativ marşrut olan Bakı və Ankara üzərindən Avropaya çıxışı perspektivi artır;

– Türk Şurasının beynəlxalq təşkilat olması perspektivi yaranıb.

Qarabağda 10 Noyabr razılaşmasının ardınca 31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizi rəsmən tamamlandı. 21 gün sonra – 2021-ci ilin 21 yanvarında Azərbaycan və Türkmənistan arasında Xəzərdəki münaqişəli yataqla bağlı məsələ sülhlə həll olundu və Türkmən qazının CQD-yə qoşulması perspektivi açıldı. Fevralın 23-də Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan XİN rəhbərlərinin görüşü, bir gün sonra – 24 fevralda Türk Şurası ölkələrinin energetika nazirlərinin 1-ci toplantısının keçirilməsi bu prosesin tərkib hissəsi idi.

Fevralın 25-də Ermənistanda Onik Qasparyanın hərbi qiyam cəhdinə hədəflərindən birinin də məhz Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan əməkdaşlıq imkanlarının qarşısını almaq, Ankaradan Mərkəzi Asiyaya uzanan strateji xəttin önündə maneələr yaratmaq üçün Moskvanın (daha çox Rusiya hərbi-sənaye kompleksinin) “məsələni kökündən həll etmək” gedişi kimi də baxa bilərik. Qasparyan missiyanı yerinə yetirə bilmədi, rusların hücumu isə davam edir…

31 mart tarixində Türk Şurasının önünü açan ən ciddi zirvə toplantısı keçirildi:

– Şuraya üzv olmayan Türkmənistan toplantıya dövlət başçısı səviyyəsində qatıldı;

– Türk Şurasının adının Türk Dövlətləri Birliyi olaraq dəyişməsi qərarı verildi;

– “Türk Dünyası Vizyonu – 2040” və “Türk Şurası 2020-2025 Strategiyası” hazırlanır.

Noyabrın 12-də İstanbulda keçiriləcək zirvə görüşündən sonra Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi istiqamətində real addımların atılacağı gözləniləndir.

Türk coğrafiyasının heç olmadığı qədər yaxınlaşması fonunda Türkiyənin Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı genişləndirməsi də bu istiqamətdə atılan addımlardan biridir. Japarovun hakimiyyətə gəlişindən sonra eyni əməkdaşlığın Qırğız Respublikası ilə də qurulacağı gündəmdədir.

Və burada Japarov faktoru önə çıxır. Aprelin 11-də qırğızlar prezident üsul-idarəsini gücləndirən yeni konstitusiyaya səs verdi. Bunun 2005-ci ildən sonra Qırğız Respublikasında adi hala çevrilən hökumət böhranlarına son qoyacağı inamı var.

Japarov ruslara yaxın deyil: sərhəddə son toqquşma da bunu göstərir;

Japarov Qərbə də yaxın deyil: həbs olunmasının səbəblərindən biri (qırğız-özbək toqquşmasında günahlandırılsa da) Kanada şirkəti tərəfindən istismar olunan Kumtor qızıl yatağının milliləşdirilməsi üçün mübarizə aparması idi.

Japarov Ankaraya yaxındırmı? Onun qırğız millətçiləri ilə yaxınlığı və həbsdən çıxdıqdan sonra yüksək reytinqlə prezident seçilməsi diqqət çəkir.

Qırğızların yeni prezidentinin yaxın dövrdə Türkiyəyə səfər edəcəyi və Ankara ilə dərin inteqrasiyaya start veriləcəyi haqda xəbərlər var.

Bu proseslər fonunda tacik-qırğız toqquşması rusların türk təsirinə qarşı ikinci addımı hesab oluna bilər.

Birinci addım “əzələ nümayişi” idi: Türk Şurasının zirvə toplantısından sonra Moskvada keçirilən MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə Rusiya Xarici İşlər Nazirliyi “post-sovet məkanında MDB-nin alternativi yoxdur” bəyanatı verdi, ardınca Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin aprel ayında üç böyük hərbi təlim keçirəcəyi haqda rəsmi məlumat yayıldı. Təlimlərdə “qoşunların yüksək texnologiyaya malik rəqiblə mübarizə” aparacağı detalı diqqət çəkirdi. Qarabağ müharibəsində Rusiya istehsalı olan silahlar məhz Türkiyənin müasir texnologiyaya əsaslanan “Bayraktar”lar tərəfindən məhv edildi. Ruslar Mərkəzi Asiyada “yüksək texnologiyaya malik rəqib” dedikdə Türkiyəni nəzərdə tutur.

“Əzələ nümayişi” göstərən Rusiya ikinci addımda münaqişənin yaradılması və hakimlik etməsi üçün klassik üsluba əl ataraq, “tətiyi çəkdi”.

– Münaqişənin yaradılması və hakimlik etməsi ilə ölkələri özündən asılı vəziyyətə salır;

– Türkiyə ilə yaxınlaşmaq ehtimalına qarşı Japarova bölgənin hakimi olduğunu göstərir;

– Və bunun KTMT, AİB toplantıları zamanı baş verməsi diqqəti yayındırmaq və üzv ölkələrə “xarici təhlükələr” qarşısında qarant rolunu nümayiş etdirməkdir.
Taciklərlə qırğızlar silahı qınına qoydu, amma artıq münaqişə ocağı alovlanıb və qarşıdurmanın ən azı Moskvanın qurduğu masada diplomatik mübarizəyə çevriləcəyi qaçılmaz olacaq.

Rusların Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada toqquşmaları qızışdıracağı istisna deyil:

– Xankəndidə separatçılara dəstəklə Azərbaycana təzyiq davam etdiriləcək;

– Şərqi Qazaxıstanda etnik ruslar üzərindən Qazaxıstana hücum ediləcək (Almaniyada pro Amerika mövqeyi ilə seçilən SWP Fondu hələ 2016-cı ildə “2021-ci ildə Rusiyanın Qazaxıstanın şərqindəki etnik rusları qorumaq adı ilə bölgəyə girəcəyi” ssenarilərini irəli sürürdü);

– Fərqanə vadisində su və anklav bölgələr məsələsi üzərindən toqquşmalar böyüdüləcək;

– Türkmənistana qaz təzyiqi artacaq və Qazaxıstanla mövcud su problemi aktuallaşdırılacaq;

– Xəzər dənizində də təxribatların olması mümkündür.

Rusiyanın bu coğrafiyanı qarışdırmaqda yeganə hədəfi türk faktoru deyil, həm də Avrasiyadakı geosiyasi dəyişikliyin önünü kəsməkdir.

İkinci hədəf: Orta Dəhlizin baltalanması.

Pekindən Londona uzanan “Bir kəmər bir yol” layihəsində Rusiyanın həm “böyük pay” istəyi, həm də Qərblə zaman-zaman qarşıdurma yaşaması bu ölkənin yerləşdiyi Şimal dəhlizinin perspektivini zəiflədir, İranın yerləşdiyi Cənub dəhlizində də analoji vəziyyətdir. Bu situasiya Mərkəzi Asiya ölkələrinin, Azərbaycanın və Türkiyənin yerləşdiyi Orta dəhlizi aktuallaşdırdı.

– Azərbaycanın hazır infrastrukturu var (CQD, BTQ);

– Bu dəhliz üzərində yerləşən ölkələrin “payı” daha münasibdir;

– Bu coğrafiyada dəhlizə mane yaradacaq ciddi münaqişə yoxdur;

Qarabağ müharibəsinə məhz Orta dəhlizin aktuallaşmasının nəticəsi olaraq baxa bilərik. Zəngəzur dəhlizi də ABŞ-ın layihənin qarşısını almaq üçün Cənubi Qafqazda əsas təsir gücünün olduğu Gürcüstan marşrutunda yarada biləcəyi maneələrə alternativ yol olaraq gündəmdədir. Müharibədən sonra Bakının təklif etdiyi “altılıq platforması” Şimal və Cənub dəhlizlərinin Azərbaycan üzərindən Orta dəhlizdə birləşdirilməsinə hesablanıb.

Rusiya geosiyasi dəyişikliyi istəyən güclərə (xüsusilə ingilislər) görə Qarabağ müharibəsinə müdaxilə edə bilməsə də, yola “tramplinlər” düzməyə davam edir. Tacik-qırğız toqquşması və Fərqanə vadisində yeni münaqişə ocağının yaradılması planı məhz Orta dəhlizi stabil marşrut olmaqdan çıxarmaq, ən azı özünün yerləşdiyi Şimal dəhlizini aktuallaşdırmaqdır.

Və maraqlıdır ki, “Bir kəmər bir yol” layihəsinə qarşı olan ABŞ-ın bu prosesdə maraqları Rusiya ilə uzlaşır. Vaşinqton Zəngəzur dəhlizini, ümumiyyətlə, Ankaradan Mərkəzi Asiyaya uzanan marşrutu öz təsir dairəsində görmək istəyir. Vaşinqton və Moskvanın Ukraynada toqquşmadan “son anda” geri çəkilməsi, ardınca Türkiyə ilə gərginliyin yaradılması bu kontekstdə təsadüfi deyil.

O da təsadüfi deyil ki, tacik-qırğız toqquşması ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmaq qərarından sonra yaşandı. Şoyqu Düşənbəyə səfərində bildirdi ki, “ABŞ qoşunlarının çıxarılması Mərkəzi Asiyada ekstremizm təhlükəsini artırır”.

Proseslərin inkişafı respublikaçıların gəlişi ilə “yoxa çıxan” İŞİD-in (terror kartının) demokratların qayıdışından sonra Mərkəzi Asiyada peyda ola biləcəyi ehtimalını önə çıxarır: Çin sərhədində yeni münaqişələr yaradıla, Yaxın Şərqdə hazırlanan uyğur ekstremistləri hərəkətə keçə, o cümlədən, Özbəkistan İslam Hərəkatı aktivləşə bilər; Orta dəhlizin, ümumilikdə “bir kəmər bir yol” layihəsi aktuallığını itirə, Rusiya “yeni təhlükələrə” qarşı Mərkəzi Asiya regionunda hərbi varlığını artıra bilər; terror kartının Ankaranın təsirinin gücləndiyi Mərkəzi Asiyada peyda olması perspektivi vaxtilə ABŞ-dan Türkiyəyə qarşı “terrorçuları dəstəkləyən ölkə” kampaniyasının yenidən gündəmə gətiriləcəyi təhlükəsini yaradır.

Asif Nərimanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam