Ölümü ilə həbsdən qurtulan Skiryatov –Stalinin sadiq və yaltaq kadrının ləqəbi “Kremlin cəlladı” olub
Yenixeber.org: Onun siyasi fəaliyyəti bu günə qədər də tam açılmamış qalır. Uzun illər SSRİ-nin yüksək vəzifəli kommunistlərinin üzərində partiya nəzarəti funksiyasının həyata keçirən Matvey Şkiryatov özünü maksimum kölgədə saxlamağa çalışıb. Stalin hakimiyyəti dövründə böyük səlahiyyətlərə sahib olan Şkiryatov “NKVD” rəhbərləri olan Nikolay Yejov, Lavrenti Beriya səviyyəsində “cəlladlıq” imkanına malik olub. Elə bu səbəbdən də onu “Kremlin cəlladı” adlandırıblar.
Matvey Şkiryatov 1883-cü ildə Tulada, Vişnyakovo kəndində yoxsul kəndli ailəsində anadan olub. İbtidai təhsil aldıqdan sonra fermer təssərüfatlarında işləyən atasına köməklik edib. Kənd həyatı ürəyincə olmadığından Şkiryatov şəhərə üz tutub. Tulada dərzi köməkçisi işləyib. Amma o, bu işdə də özünü tapa bilməyib. Daha sonra Moskvaya iş axtarmağa gedən Şkiryatov bolşevik hərəkatına qoşulub. Siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub. 1917-ci il fevral və oktyabr inqilablarının fəal iştirakçısı olub.
1921-ci ildə Matvey Şkiryatov kompartiyanın mərkəzi komitəsinin aparatına işə qəbul olunub. 1923-1934-cü illərdə mərkəzi komitənin rəyasət heyətinin üzvü olub. 1934-cü ildə ona daha bir məsul vəzifə həvalə edilib. O, mərkəzi komitədə partiya kollegiyasının katibi vəzifəsinə seçilib. 1939-cu ildə mərkəzi komitə yanında partiya nəzarəti komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. 1952-ci ildə isə 3 illik ibtidai təhsili olan Şkityatov həmin komitənin sədri olub.
Şkityatov Stalinin ən yaxın adamlarından biri sayılıb. “Böyük təmizlik” və repressiya illərində Şkityatov “NKVD” ilə bərabər səviyyədə işləyib. Repressiya siyahıları Stalinə təqdim olunmazdan əvvəl onun nəzarətindən keçib. Bununla yanaşı, Şkiryatov özü də repressiya siyahıları hazırlayıb və bu siyahılardakı say “NKVD” siyahılarındakı saylardan heç də az olmayıb.
Matvey Şkiryatov şəhərin ətrafında mərkəzi komitənin balansında olan tikililərin birini şəxsi türməyə çevrib. O, məhz bu “türmə”də partiyaya qarşı çıxanları sorğu-suala tutub, onlara şəxsən özü işgəncə verib. Bu “şəxsi türmə” haqqında Stalinin də məlumatı olub. Ancaq o, bunu Şkiryatova yasaq etməyib.
Müasirlərinin söylədiklərinə görə, Şkiryatov Stalin üçün çox “sərfəli” kadr sayılıb. Çünki o, Stalinin şəxsi və ümumi tapşırıqlarını düşünmədən, müzakirə etmədən, sonrakı aqibətinin necə olacağının fərqinə varmadan icra edib.
Bu cür tapşırıqlardan biri də Kremldə böyük nüfuza sahib olan, Stalinin ən yaxın silahdaşlarından biri sayılan Vyaçeslav Molotovun həyat yoldaşının həbs edilməsi olub. Stalin məhz SSRİ balıq sənayəsi komissarı (naziri) Polina Jemçujinanı Şkiryatovun təqdiması əsasında həbs etdirib.
Vəzifəli komunistlərin üzərində partiya nəzarəti funksiyasını yerinə yetirən Şkiryatov ölkənin istənilən bölgəsində söz sahiblərindən birinə çevrilib. Müttəfiq respublikalarda onun fikirləri Stalinin fikirləri kimi qəbul olunub. Şkiryatov bğlgələrə ezamiyyətlərində bütün çıxışlarında Stalindən sitat gətirək qarşıya qoyduğu tapşırıqların Stalin tərəfindən verilməsi təəssüratını yaradıb.
Şkiryatov 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə mətbuatda çıxışı ilə də yadda qalıb. Yaltaqcasına yazılmış həmin məqalədə bu sətirlər də yer alıb:
“...İosif Vissarionoviç Stalin olduqca humanist və mərhəmətli bir dövlət başçısıdır. O, hətta əks-inqilabçıları, sovet hökumətinə qarşı çıxanları da bağışlayaraq onlara yol göstərməyi özünün ən ümdə vəzifəsi sayır...”
Bu məqalədən sonra Kreml dəhlizlərində Şkiryatov haqqında lətifələr də qoşulub. Amma lətifələr öz yerində, Şkiryatov bu məqaləyə görə “Lenin” ordeni ilə təltif olunub.
Matvey Şkiryatov Kreml qruplaşmalarında Georgi Malenkovun ətrafında olub. Stalinin vəfatından sonra Nikita Xruşovun hakimiyyəti zəbt etməsi, həmçinin Malenkovu da sıxışdırması Şkiryatovda narahatlıq doğurub. Digər tərəfdən, Beriyanın həbs edilməsi, Stalinin komandasının dağıdılması Şkiryatov üçün yaxşı heç nə vəd etməyib.
Real həbs təhlükəsindən yayınmaq üçün Matvey Şkiryatov 1954-cü ildə könüllü ərizə yazaraq bütün vəzifələrindən azad olunmasını xahiş edib. O, cümlədən Siyasi Büro üzvlüyündən də xaric olunması ilə bağlı büro üzvlərinə müraciət edib. Onun ərizəsi və müraciətinə müsbət cavab verilməyib. Xruşov mərkəzi komitə yanında partiya nəzarəti komitəsinin fəaliyyətini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Araşdırma zamanı kifayət qədər qanun pozuntuları, vəzifədən sui-istifadə, yeyinti, ən başlıcası isə vəzifə səlahiyyətlərini aşma faktları aşkar olunub.
Komissiyanın yekun rəyi ilə tanış olmaq Matvey Şkiryatova qismət olmayıb. O, 18 yanvar 1954-cü ildə, 70 yaşında axşam saatlarında ürəktutmadan vəfat edib. Bununla da Matvey Şkiryatov ölümü ilə özünü həbsdən xilas edib.
Qatı stalinçi olmasına baxmayaraq Nikita Xruşov onun Qırmızı meydanda dəfn olunmasına etiraz etməyib. Şkiryatovun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub.
İlham Cəmiloğlu