Erməni hərbi tör-töküntüləri çıxarılır, növbə separatçılara çatdı: Rus sülhməramlıları terrorçuları qorumağa həvəsli deyil
Paşinyan hakimiyyəti Azərbaycanın "dəmir yumruğu", Kremldən gələn mesaj və kommunikasiya xətlərinin açılmasının vacibliyi qarşısında konkret addımlar atmağa məcbur qalıb; Rəsmi Bakı Ermənistana hər hansı məsələdə "siyasi bazarlıq" şansı tanımır və bütün şərtləri özü müəyyən edir...
Yenixeber.org: Ermənistanda siyasi böhran davam etsə də, rəsmi İrəvan Azərbaycan ilə münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atmağa meyl göstərir. İndi Ermənistan üçün Azərbaycan və Türkiyə ilə normal münasibətlər hava-su kimi vacibdir. Və böyük ehtimalla rəsmi İrəvan bu məsələdə intensiv cəhdlər etmək məcburiyyətində qalacaq.
Əslində, Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Bakı ilə anlaşmanın vacibliyini artıq qətiyyən gizlətmir. Onun son açıqlamasında iki qonşu ölkə arasında kommunikasiya xətlərinin açılmasının vaxtı çatdığı vurğulanır. Üstəlik, erməni baş nazir bunun hər iki ölkənin maraqlarına cavab verdiyini qabardıb: "Azərbaycan Naxçıvanla kommunikasiya xəttinə, Ermənistan isə Rusiya və İranla dəmiryolu əlaqəsinə malik olmalıdır".
Bu, o deməkdir ki, erməni baş nazir problemi və ondan ən ən optimal çıxış yollarını bilir. Üstəlik, daxili auditoriyaya hansı arqumentləri təqdim etsə də, kommunikasiya xətlərinin açılmasının indiki şəraitdə ən çox Ermənistanın maraqlarına cavab verdiyini anlayır. Və bu istiqamətdə açıq təbliğata başlayaraq, Ermənistan cəmiyyətini inandırmağa çalışır.
Paşinyan hakimiyyəti siyasi maraqları da kommunikasiya xətlərinin açılmasını tələb edir. Çünki erməni baş nazir seçkilərdə qalib gəlib, siyasi böhrandan xilas ola bilsə belə, onu yeni problemlər gözləyir. Çünki, hakimiyyət uğrunda mübarizə yekunlaşdıqdan sonra bu dəfə sosial-iqtisadi problemlərin ön plana keçəcəyi qətiyyən şübhə doğurmur. Deməli, buna da indidən effektiv bir çarə tapmaq lazımdır.
Təbii ki, ən effektiv çarə məhz Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, kommunikasiya xətlərinin açılması ola bilər. Hər halda, bu, mümkün olarsa, Ermənistan əlavə mövcudluq qaynağı qazanmış olar. Əks halda, indiki siyasi böhran bir neçə aydan sonra dərin sosial-iqtisadi böhranla əvəzlənə bilər.
Ancaq Paşinyan hakimiyyətinin kommunikasiya xətlərini açmaq cəhdləri elə də asan baş tutacaq məsələ deyil. Hər halda, rəsmi Bakı "münasibətləri normallaşdıraq, kommunikasiya xətlərini açaq" çağırışlarına dərhal müsbət cavab verəcək qədər sadəlövh deyil. Belə müsbət cavabların bir əvəzi olmalıdır. Və rəsmi İrəvan da Azərbaycanın maraqlarına uyğun bəzi addımları mütləq atmalıdır. Əks halda, rəsmi İrəvan Azərbaycan üzərindən "həyat pəncərəsi" qazana bilməz.
Əlbəttə ki, ilk addım Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması, indiyə qədər israr etdiyi digər bütün iddialarından birmənalı şəkildə imtina etməsi ola bilər. Rəsmi İrəvan əvvəlcə bu barədə düşünməlidir. Və Ermənistan cəmiyyətini buna hazırlamalıdır.
Təbii ki, hazırda rəsmi Bakının əsas hədəfi Azərbaycan ərazisində - Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgədə qalmış Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasına nail olmaqdır. Bu rəsmi Bakı üçün Azərbaycanın suveren hüquqlarını bərpa etmək baxımından, prinsipial əhəmiyyət daşıyır.
Bəzi məlumatlara görə, bu məsələnin həlli ilə bağlı 10 noyabr və 11 yanvar anlaşmalarında xüsusi müddəalar mövcuddur. Ancaq Paşinyan hakimiyyətinin siyasi mövqelərinin zəif olması ucbatından onların icrası ləngiyir. Və müşahidələrə dayanaraq, bu durumun rəsmi Bakının səbrini artıq daşıdığını da iddia etmək olar.
Əslində, Azərbaycan ordusunun bir neçə gün əvvəl yekunlaşan genişmiqyaslı hərbi təlimləri də bu problemin həllinə hədəflənmişdi. Çünki Azərbaycanın rəsmi dairələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə antiterror əməliyyatlarının ola biləcəyinə yönəlik dolayısı mesajlar verməyə başlamışdılar. Belə anlaşılırdı ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə qalan bütün erməni hərbçilər terrorçu elan ediləcəkdilər və onların təmizlənməsi üçün antiterror əməliyyatı başladılacaqdı.
Təbii ki, rəsmi Bakının bu niyyəti Rusiya sülhməramlı qüvvələrinə sərfəli deyildi. Çünki beynəlxalq qaydalara görə, sülhməramlı missiyanın icra edildiyi zonalarda kənar silahlı qüvvələr ola bilməz. Azərbaycanın antiterror əməliyyatlarına başlaması isə bu baxımdan, rus sülhməramlıların öz missiyalarının öhdəsindən gələ bilmədiyini də təsdiqləmiş olacaqdı. Üstəlik, son vaxtlar rəsmi Bakının Rusiya sülhməramlı qüvvələrinə yönəlik iradları da ciddi şəkildə artmaqdaydı.
Bəzi məlumatlara görə, Rusiya siyasi dairələri də rəsmi Bakının antiterror əməliyyatlarına başlayacağı təqdirdə, bunun qarşısını almaq üçün heç bir hüquqi arqumentin olmayacağı qənaətinə gəliblər. Ona görə də, rəsmi Bakının israrı Kremli də artıq hərəkətə keçmək məcburiyyətində qoyub. Belə ki, Kremldən Ermənistana Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidəki hərbçilərini ən qısa zamanda çıxartmağın vacibliyi barədə mesaj verilib.
Digər tərəfdən, rəsmi Bakının genişmiqyaslı hərbi təlimlərlə güc nümayişi Ermənistanda da təsirsiz ötüşməyib. Ermənistan siyasi dairələri Azərbaycan ordusunun real təhlükə mənbəyi olduğunu nəzərdən qaçırılmasını yolverilməzliyi qənaətinə gəliblər. Çünki ötən ilin avqustunda hərbi təlimlərdən qısa müddət sonra Azərbaycan ordusu 30 illik problemi cəmisi 44 gün ərzində həll etməyə nail oldu. Sonuncu hərbi təlimlərsə, bu ordunun Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidəki Ermənistan hərbi birləşmələrini artıq günlər deyil, sadəcə, saatlar ərzində məhv edə biləcəyinin sərt xəbərdarlığı kimi qəbul edilir.
Şübhəsiz ki, Ermənistan ordusunun tör-töküntülərinin də məhv edilməsi rəsmi İrəvan üçün böyük siyasi faciə effekti verə bilər. Rusiyanın rəsmi Bakını əngəlləmək imkanında olmadığını anlayan Ermənistan siyasi dairələri situasiya ilə barışmaq məcburiyyətində qalıblar. Və rəsmi İrəvan həm Rusiyadan alınan mesaj, həm də Azərbaycanın "dəmir yumruğu"nun yenidən havaya qalxması səbəbindən Ermənistan ordusunun tör-töküntülərini həmin bölgədən çıxarmağa başlayıb.
Maraqlıdır ki, bu barədə hələlik qeyri-rəsmi olan məlumatlar Ermənistan mətbuatı tərəfindən də təsdiqlənir. Paşinyan hakimiyyətinə yaxın mətbuat orqanları Ermənistan ordusunun hərbi hissələrinin Dağlıq Qarabağdan çıxarılması prosesinin başladığını vurğulayırlar.
Eyni zamanda, bölgədəki separatçıların terrorçu silahlı dəstələrinin rəhbəri Vitaliy Balasanyan da bu məlumatın doğruluğunu dolayısı ilə etiraf etmək məcburiyyətində qalıb: "Ermənistan vətəndaşları Qarabağda hərbi xidmətə göndərilməyəcəklər. Onlar yalnız könüllülük və müqavilə əsasında bizim özünümüdafiə qüvvələrimizdə xidmət edə bilərlər".
Göründüyü kimi, ilk addımlar artıq atılmağa başlayıb. Ermənistan ordusunun tör-töküntüləri ərazilərimizdən çıxarılır. Eyni zamanda, V.Balasanyanın Ermənistan vətəndaşlarının könüllü xidmətə gələcəkləri ilə bağlı ümidləri də tezliklə dəyərləndiriləcək. Və bu baxımdan, prosesin davamlı olacağı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistan ordusunun tör-töküntülərinin ölkədən çıxarılması ilə antiterror əməliyyatlarını arxa plana keçirmək niyyətində deyil. Bundan sonra növbə erməni separatçılarına və V.Balasanyanın rəhbərlik etdiyi terrorçu silahlı dəstələrə çatmış olacaq. Yəni tezliklə Xankəndi və ətraf bölgədə separatçı-terrorçular qalmayacaq, ermənilərdə olan bütün növ silahlar yığılacaq.
Təbii ki, Paşinyan hakimiyyəti Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasını rəsmi Bakı ilə kommunikasiya xətlərinin açılması məsələsində "bazarlıq mövzusu"na çevirməyə çalışacaq. Ancaq rəsmi Bakı baş verənlərin səbəbini və nəticələrini tam dəqiqliyi ilə bilir. Və bu baxımdan, rəsmi İrəvan Azərbaycanın bütün şərtlərini yerinə yetirməli olacaq.
Elçin XALİDBƏYLİ:
Siyasi ekspert